Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-287/2023 23.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkəti və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması vəzifəsi qoyularaq, əlilliyin dərəcəsinin TSEK tərəfindən ilk imtina məktubu gələn gündən hesablanaraq, əlilliyinin verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının ünvanı Ağcabədi rayonu olduğundan və Ağcabədi rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-12747/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyə əlavə ərizələr təqdim etmiş və iş üzrə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin hazırki inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilməsini, iddia tələbinin dəyişdirilərək “ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkətinin hazırki inzibati məhkəmə icraatında cavabdeh kimi prosessual iştiraklarına xitam verilməsi, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 12 aprel 2022-ci il tarixli qərardadı ilə “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Ağcabədi X1 İdarəsinin Yuxarı Qiyaməddinli sahəsində çilingər işləmişdir. 2019-cu ilin avqust ayının əvvəllərində Yuxarı Qiyaməddinli kəndində yerləşən X1 İdarəsinin balansında olan subartezian quyusunun nasosu yandığı üçün nasosu quyudan çıxarıb, təmir üçün Şotlanlı kəndindəki sexə aparmışdır. Nasos təmir olunduqdan sonra xx.xx.2019-cu il tarixdə saat 08 radələrində nasosu götürüb, subartezian quyusunun yanına gəlmişdir. Həmin vaxt istismar sahəsində usta işləyən Surxay və sürücü Naib ilə birlikdəydilər. Nasosu və 3 borunu quyuya sallayab, bağladıqdan sonra təxminən 18 metr uzunluğunda olan su borusunu sallayanda boru ortadan, yəni qaynaq olunmuş hissədən qırılmışdır. Həmin vaxt borunu qaldıran kranın yuxarı hissəsinə çıxıb dayanmışdır ki, borunu yuxarı hissədən tutub nizamlasın. Boru qırıldıqdan sonra aşağı hissəsi yerə doğru düşmüş, yuxarı hissəsi, yəni trosa bağlı olan hissəsi isə yellənib kranı da tərpətməyə başlamışdır. Borunun quyunun yanındakı transformatora doğru getdiyini görüb, onun üstündən özünü yerə atmış və kranın sol tərəfində üzü üstə yerə düşmüşdür. Düşən zaman sol qolunun sındığını hiss etmişdir. Daha sonra iş yoldaşları onu yerdən qaldırıb həmin yerdə olan “VAZ-21015” markalı avtomobilə qoyub, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmiş, 2 ay xəstəxanada stasionar müalicədə olduqdan sonra evə ambulator müalicəyə buraxılmışdır. Onu da qeyd etmək istəyir ki, krandan üzü üstə yerə yıxıldığı zaman sol qolunun sınmasından əlavə çənə sümüyü və burun sümüyü də sınmışdır. Bu səbəbdən də bu vaxta kimi burundan nəfəs almaqda çox çətinlik çəkir və dərmansız nəfəs almaq mümkünsüzdür. İstehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar Ağcabədi rayon prokurorluğunda fakt üzrə cinayət işi başlanmış və araşdırma aparılaraq bütün təqsirlər idarədə onunla birlikdə usta vəzifəsində işləyən X3 üzərinə qoyularaq o, Azərbaycan Respublikası CM-nin 162.1 və 314.2-ci maddəsi ilə təqsirli bilinərək iş məhkəməyə göndərilmiş və müvafiq olaraq məhkəmə hökmü çıxarılmışdır. Onu da qeyd etmək istəyir ki, hadisə vaxtı onların idarəsində işləməyən kənd sakini X5 da təsadüfən hadisə yerində olmuş və o da ağır dərəcəli bədən xəsarəti almışdır. O, bütün bunları yazmaqla hadisə nəticəsində baş vermiş bədbəxt hadisə faktının kimin üzərinə qoyulması onun üçün maraqlı deyildir. Onun üçün maraqlı odur ki, hadisə nəticəsində 2 ay xəstəxanada müalicə olunaraq bir neçə dəfə əməliyyat olunmuşdur. Xəstəxanadan çıxdıqdan sonra da uzun müddət müalicə olunsa da, sağlamlığı bərpa edilməmiş və aldığı xəsarət nəticəsində onun sol qolu tamamilə işləmir və əlil olmuşdur. Lakin onun müalicə xərcləri 5 min manatdan çox çıxsa da sağlamlığı bərpa edilməmişdir. O, xəsarəti işlədiyi zaman öz təqsiri olmadan almağına baxmayaraq idarənin rəhbərliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona heç bir yardım edilməmişdir. Belə ki, xəstəxanadan çıxdıqdan sonra 8 ay müddətində də bülletendə olmuş və cəmi 10 ay müddətində ona 6 ay müddətində işləmədiy müddətə görə maaş verilmişdir. Bundan başqa xəsarət alıb xəstəxanaya çatdırılan vaxt X1 idarəsinin rəisi Atamoğlan Babayev ona cəmi 300 manat pul vermiş və xahiş etmişdir ki, ondan şikayətçi olmasın, bunun müqabilində bütün müalicə və digər xərclərini tam ödəyəcəkdir. X6 bir daha ona heç bir sahədə yardım etməmiş və hətta qanunsuz olaraq onu işdən azad etmişdir. O, istehsalatda xəsarət almağı ilə bağlı qanuna müvafiq olaraq ona maddi yardım edilməsi və ona əlillik verilməməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etmiş və müraciəti Dövlət Sığorta Şirkətinə yönəldilmişdir. Lakin şirkətin ona ünvanladığı 24 iyul 2020-ci il tarixli, 08/S-293 saylı məktubda qanunsuz olaraq qeyd edilir ki, “Fərdi qəza”dan sığorta üzrə müqavilə bağlamadığı üçün sığorta ödənişi verməkdən imtina etmələrini əsas kimi göstərmişlər. Bundan əlavə istehsalatda aldığı xəsarətlə bağlı əlillik dərəcəsinin verilməsi üçün bir neçə dəfə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına müraciətlər etmişdir. Onun sol qolu aldığı xəsarət nəticəsində uzun müddət işləmədiyi halda xx.xx.2021-ci il tarixdə TSEK ona imtina cavabı vermiş və qeyd etmişdir: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Mütəxəssis həkimlərin rəyi və köməkçi-diaqnostik müayinələr yetərli deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli cavabı birinci dəfə olduğu kimi heç bir sübuta əsaslanmır. Belə ki, həmin cavabda qeyd edilir: Diaqnoz əlillik əlaməti təyin etməməsi, Diaqnoz və müayinələr əlillik təyininə əsas vermir. Ona aydın deyil, əlillik dərəcəsi almaq üçün TSEK hansı meyarı əsas götürməlidir. Belə ki, o, qeyd etdiyi kimi iş zamanı xəsarət alaraq əmək qabiliyyətini demək olar ki, tam itirmişdir və sol qolu aldığı xəsarətin nəticəsi olaraq işləmir, hazırda qolunda dəmir mil yerləşdirilmiş və sol qolu hərəkət imkanından məhrum olmuşdur. Belə vəziyyətdə əlillik verilməsindən necə imtina edilə bilər? Məhz bu səbəbdən də TSEK-in gəldiyi nəticəni tam qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAYNJ nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, “Sol yuxarı ətraf travmaların nəticələri. Sol dirsək oynaqlarının artrozu. Sol dirsək oynağının kontrakturası. Sol dirsək oynağında ağrılı sindrom” diaqnozu - Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X7 məhkəməyə ünvanladığı 15 mart 2022-ci il tarixli 259 nömrəli məktubundan və ona əlavə edilmiş epikriz çıxarışlarından görünür ki, Ağcabədi rayonu Şotlanlı kəndində yaşayan xx.xx.1979-cu il təvəllüdlü İddiaçı “Bazu sümüyünün aşağı ucunun sınığı (S42.4) diaqnozu ilə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almışdır. İş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının müvafiq göndərişləri əsasında Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlillik vəziyyətinə baxılmış, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərdə “göndərişin natamam doldurulması”, xx.xx.2021-ci il tarixdə “Əlavə müalicəyə ehtiyacın olması, müayinə və müalicəni davam etdirməli olması, müalicə potensialının tükənməməsi” səbəblərindən ona əlilliyin təyinindən imtina edilmiş, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının 0220003AAYNJ nömrəli sonuncu göndərişi əsasında iddiaçının əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Belə ki, müayinənin nəticəsi olaraq müəyyən edilmiş “Sol yuxarı ətraf travmaların nəticələri. Sol dirsək oynaqlarının artrozu. Sol dirsək oynağının kontrakturası. Sol dirsək oynağında ağrılı sindrom” diaqnozu Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1979-cu ildə Ağcabədi rayonunda anadan olmuş və Ağcabədi rayonu, Şotlanlı kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X4” X7 verdikləri 07 iyul 2022-ci il tarixli, T 322/2022 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfındən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən “T92-yuxarı ətraf travmalarınm nəticələri, sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma: M19.1-digər oynaqların postravmatik artrozu, sol dirsək oynaqların artrozu, M24.5-oynaqların kontrakturası, sol dirsək oynağınm kontrakturası, M52.0-kəskin ağrı, sol dirsək oynağında ağrı sindromu” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. O, həmin xəstəliklərdən əziyyət çəksə də diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofiınksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli qərar ilə təsdiq edilmiş Əsasnamənin meyarlarına aid etmək mümkün olmadı. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 ekspertlərinə həvalə edilmişdir. Həmin təyinat əsasında verdikləri 30 yanvar 2023-cü il tarixli, 1026 saylı rəydə göstərilmişdir ki, 1.2. İddiaçı “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞdə xx.xx.2023-cü il tarixdə müayinə zamanı “Sol bazu sümüyünün distal ucunun metaepifizinin bitişmiş sınığı (metal lövhə ilə osteosintezdən sonra), sol dirsək siimüyünün proksimal metafızinin bitişmiş sınığı, sol dirsək oynağınm İİİ dərəcəli artrozu, açılıb bükülməsi kəskin kontrakturası (bükmə 95 dərəcə, açma 100 faiz) daimi ağır sindromu sol yuxarı ətrafın funksiyasının pozulması” müəyyən edildi. Əlilliyin təyini məhkəmə-tibbi ekspertlərin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqlan haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibb-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalan tərəfindən həyata keçirilir. Vətəndaş İddiaçı səhhəti ilə əlaqədar hazırda əlavə müalicəyə ehtiyacı yoxdur. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı ona əlillik təyinatından imtina edildiyi sonuncu müayinəsinin nəticəsi olaraq qeyd olunmuş “Diaqnoz əlillik əlaməti təyin etmir” rəyi ilə “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 07 iyul 2022-ci il tarixli, T 322/2022 saylı və 30 yanvar 2023-cü il tarixli, 1026 rəyləri arasında ciddi ziddiyyət vardır. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 07 iyul 2022-ci il tarixli, T 322/2022 saylı və 30 yanvar 2023-cü il tarixli, 1026 rəyləri arasında müəyyən uyğunsuzluqların mövcud olması ilə yanaşı, həmin rəylərin nəticəsi olaraq müəyyən olunmuş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemi xəstəlikləri və 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölmələrinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, nəticə etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-287/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-287/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver