Məhkəmə qərarları › İş №2-1(120)-2877/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2877/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2877/2025 02.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı «Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi tərəfindən tərtib edilmiş 04 mart 1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində soyadın “Hüseynov”dan “Kərəmov”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” soyadına düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi tərəfindən tərtib edilmiş 04 mart 1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində soyadın “Hüseynov”dan “Kərəmov”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx xxxxxx 1950-ci ildə Saatlı rayonun Qıraqlı (keçmiş Leninkənd) kəndində anadan olmuşdur. Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi tərəfindən tərtib edilmiş 04 mart 1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində soyadı səhv olaraq ‘“Hüseynov” kimi qeyd edilmişdir. Belə ki, valideynlərinin heç birinin soyadı “Hüseynov” deyildir, ata soyadı isə “Kərəmov”-dur.Bundan başqa həmin doğum haqqında akt qeydi əsasında verilmiş doğum haqqında şəhadətnaməsində soyadı “Kərəmov” kimi qeyd edilmişdir. Həmçinin diplomlarında, hərbi biletində, nikah haqqında şəhadətnaməsində, xidməti vəsiqələrində, eyni zamanda iimumvətəndaş pasportunda və digər sənədlərində də soyadı “Kərəmov” kimi qeyd edilmişdir. Yaxın günlərdə ona məlum olmuşdur ki, doğum haqqında akt qeydində soyadı ona məlum olmayan səbəblərdən səhv yazılmışdır. Bu səbəbdən də doğum haqqında akt qeydi ilə digər sənədləri arasında ziddiyyət yaranmışdır. O, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün Saatlı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, Qeydiyyat şöbəsindən doğum haqqında akt qeydinə düzəliş edilməsindən imtina edilərək ona bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir.Ona görə də hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İşdə olan AZE0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Ш № 662335 nömrəli, xx.xx.1974-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1971-1974-ci illərdə Bakı Rabitə Elektrotexnikumunda radiotexnik ixtisası üzrə təhsil almışdır. İşdə olan АЗ 252544 nömrəli, xx.xx.1963-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Sabirabad rayonunda anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında isə X9 göstərilmişdir. İşdə olan xx.xx.1969-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı 1979-2021ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 3-16-5/12-169-25 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı Saatlı rayon qeydiyyat şöbəsinə ünvanladığı təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsinin təsdiq olunmuş surəti.Təkrar şəhadətnamənin verilməsi mümkün olmaması səbəbindən düzəlişlə bağlı vətəndaşa verilmiş imtina məktubuİddiaçı doğumu haqqında akt qeydinin təsdiq olunmuş surəti.İddiaçı yaxın qohumlarının (ata, ana, bacı və qardaş) Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən aşkar edilmiş doğum və ölüm akt qeydlərinin təsdiq olunmuş surətləri. İşdə olan Saatlı rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-05/12-342/2024 nömrəli məktubda göstərilmişdir ki, Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində düzəliş olunaraq “Hüseynov” soyadının “Kərəmov” yazılması barədə müraciətinə baxılmışdır. Düzəlişlə bağlı müraciət zamanı tələbin əsası kimi ilkin sənəd olan doğum haqqında şəhadətnamədə soyadı “Hüseynov” yazıldığı, lakin 2006-cı ildə şəxsiyyət vəsiqəsi verilərkən soyadının “Kərəmov” qeyd edildiyi və bundan sonra digər əlaqəli sənədlərdə də soyadı Kərəmov olaraq yazılması göstərilmişdir. Müəyyən olunmuşdur ki, Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin soyadı “Hüseynov" adı “Nəsrəddin” olaraq qeyd edilmiş və həmin aktın üzərində dəyişiklik edilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Eyni zamanda aparılmış yoxlama zamanı Saatlı rayonu Qıraqlı (Leninkənd) KİN-yi üzrə 1949-1955-ci illərə aid doğum haqqında akt qeydləri kitabında və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1950-ci il təvəllüdlü X1 adına doğum haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə isə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.Göründüyü kimi müvafiq normada, kifayət qədər əsasların olması vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsinin mümkünlüyünü şərtləndirən imperativ qaydalardan biri kimi təsbit edilmişdir.Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir.Göstərilənlərə əsasən Saatlı rayonu Qıraqlı (Leninlənd) KİN-yi tərəfindən tərtib edilmiş xx.xx.1950-ci il tarixli 9 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumatlar qrafasında şəxsin soyadına dəyişiklik edilərək “Hüseynov" soyadının “Kərəmov” yazılması tələbinin icrasından imtina olunur və bildirir ki, müraciətinə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. İşdə olan 04 mart 1950-cı il tarixli 09 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1950-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında isə X9 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin təhlili və İnformasiya Təminatı Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 06/4363/di nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1950-ci il təvəllüdlü Kərəmov (Hüseynov) Nəsirəddin Yunus oğlunun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır."Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən əldə edilmiş məlumata əsasən İddiaçı xx.xx.2006-ci il tarixdə AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi müəyyən edilmişdir.Sorğunuzda qeyd etdiyi digər məsələlər üzrə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir. İşdə olan Saatlı Rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 2-2-444/2-050816/2025 nömrəli məktubunda göstərilmişdir ki, Saatlı rayon prokurorluğunda İddiaçı barəsində xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikası CMnin (köhnə redaksiyada) 187-ci maddəsinin 1-ci hissəsi ilə başlanılan 47965 nömrəli cinayət işi üzrə cinayət əməli daha sonra həmin məcəllənin 167-ci maddəsinin 1-ci hissəsinə tövsif edilmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin (köhnə redaksiyada) 215-ci maddəsinin 3-cü bəndinə əsasən icraatına xitam verilmişdir. İşdə olan Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, Müraciətlə bağlı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Nəsrəddin Hüseynovun, bacı-qardaşları Telli Hüseynovanın, Məryam Hüseynovanın, Şakir Hüseynovun, Zamin Kərəmovun, Naibə Kərəmovanın, habelə Fatimə Kərəmova və Etibar Kərəmov adlı ögey bacı-qardaşının doğumu haqqında məlumat aşkar edilmişdir. Bununla bağlı müvafiq akt qeydlərinin kserosurəti təqdim edilir. İnformasiya sistemində İddiaçı valideynlərinin doğumunun qeydə alınması haqqında məlumat aşkar edilmədi. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Ədliyyə Nazirliyinin Vətəndaşlıq X6ndə 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq X6ndə saxianılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azəronycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyindən İddiaçı valideynləri Yunus Kərəmov və Yetər Kərəmovanın doğumu barəsində rnüvafiq məlumatlar əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etmək tövsiyə olunur. İşdə olan Saatlı rayon Polis şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025ci il tarixli, 102/2-5821 nömrəli məktubunda göstərilmişdir ki, Sizin xx.xx.2025-ci il tarixli 2l(l20)-2877/2025 saylı sorğunuza cavab olaraq bildiririk ki, xx.xx.1950-ci il təvəllüdlü X2 Fərdi uçot kartoçkasınm surəti sizə göndərilir. N.Kərimov barəsində hər hansı təqsirləndirici material yoxdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçının doğum haqqında akt qeydində soyadı “Hüseynov” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə tərəfində iddiaçı barəsində müvafiq sorğular göndərilmiş, sorğular əsasında müəyyən edilmişdir ki, xx.xx.1950-ci il tarixli, 9 nömrəli doğum haqqında akt qeydində İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. X3, anası X10 olmuşdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, İddiaçının doğum haqqında akt qeydində soyadı “Kərəmov” əvəzinə Hüseynov” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Yuxarıda göstərilənləri hazırki iddiaya tətbiq etdikdə görünür ki, iddiaçının doğum haqqında akt qeydində həqiqətən də səhvlərə yol verildiyi müəyyən olunur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq iddiaçının doğumu barədə tərtib olunmuş akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin akt qeydinin təhlili zamanı müəyyən olunmuşdur ki, iddiaçının soyadı “Hüseynov” kimi qeydə alınmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının doğum haqqında akt qeydində bu halı təsdiq edən kifayət qədər dəlillər olduğundan iddiaçının doğum haqqında akt qeydində düzəlişlərin edilməsindən imtina edilməsi ilə bağlı cavabdehin imtinası əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının barəsində tərtib edilmiş xx.xx.1950-ci il tarixli, 9 nömrəli doğum haqqında akt qeydində düzəliş edilsin, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə soyadı “Hüseynov” kimi göstərilmiş İddiaçı soyad qrafasına düzəliş edilərək “Kərəmov” kimi qeyd edilməklə, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar