Məhkəmə qərarları › İş №2-1(120)-2878/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2878/2025

11.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2878/2025 11.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1955-ci il təvəllüdlü İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1982-1986-cı illər ərzində keçmiş SSRİ DİN-nin Volqoqrad şəhərində yerləşən Ali İstintaq Məktəbinin istintaq fakültəsinin əyani şöbəsində təhsil alıb, 1986-cı ildə həmin məktəbi bitirmişdir. 1986-cı ilin sentyabr ayında Azərbaycan Respublikası DİN-nin müvafiq əmrinə əsasən Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin istintaq bölməsinə müstəntiq vəzifəsinə təyin olunmuşdur. 1988-ci ildən başlayaraq mənfur düşmən olan- erməni silahlı birləşməsi X12 Vilayətindəki torpaqlarımızı işğal edirdilər. Ona görə də Respublikanın bütün Polis Şöbələrində işləyən pols əməkdaşları öz növbələrində gedib orada postlarda duraraq, erməni silahlı birləşmələrinə qarşı ərazi bütövlüyü uğrunda vuruşurdular. O cümlədən Lənkəran ŞRPŞnin əməkdaşları da Dağlıq Qarabağın aidiyyəti rayonlarına ezam olunaraq orada mənfur erməni silahlı birləşmələrinə qarşı döyüşmüşlər. 1992-ci ilin may ayında Lənkəraş Şəhər- Rayon Polis Şöbəsinin sabiq rəisi, polis polkovniki mərhum Rəşid Məmmədov çağıraraq bildirib ki, təcili olaraq Qarabağa döyüşə getməlidir. Danışıq əsnasında məlum olub ki, polis kapitanı X1 atası ölüm ayağında olduğu üçün işə gəlməyib, ona görə də onun əvəzinə Şuşaya getməlidir. Polis rəisinin şifahi göstərişi əsasında dərhal bir qrup polis əməkdaşları ilə birlikdə X12 Vilayətinin Şuşa şəhərinə yola düşülüb. X6 kəndində iki həftə mənfur düşmənlərə qarşı döyüşmüşdürlər. Sonra 1994-cü ilin aprel ayının 21-dən DİN-nin müvafiq əmrinə əsasən iş yerini Saatlı rayon polis şöbəsinə dəyişmişlər. Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə Veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı vəsiqəsi və müavinəti verilməsi təsdiq olundu. X8 vəsiqəsi verilmədikdə, Lənkəran ŞRPŞ-nin o zamankı xidmət üzrə müavini, polis mayoru Aydın Məmmədovla telefonla danışmışdır. Sonra ikinci dəfə danışdıqda deyilib ki, adın siyahıda yoxdur və bütün işlər artıq DİN-nin arxivinə göndərilmişdir. Müharibə veteran adının və müvafiq vəsiqənin verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 İdarəsinin rəisi Elçin Məmmədlinin imzası ilə xx.xx.2024-cü il tarixli, 3-13- 23/2-N-107xx/xx/2024 nömrəli məktubla cavab verilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteran, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakına dair arxiv məlumatları aşkar olunmadığından müharibə veteran adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Müvafiq əsasverici sənədlər müəyyən olunacağı təqdirdə məsələyə təkrar baxıla bilər. Həmin məktubu xx.xx.2024-cü ildə Azərpoçt vasitəsilə almışdır. Təkrarən Bakı şəhər 3 saylı Vəkil Bürosunun vəkili M.Q.Əliyevin vasitəsilə xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 İdarəsinin rəisi cənab Elçin Məmmədliyə müraciət edilib, 1992-ci ilin may ayında Lənkəran RŞPŞ-nin əməkdaşlarının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmələri barədə Şuşa şəhərinə ezam olunan şəxslərin siyahısının verilməsinin təmin edilməsi xahiş edilmişdir. Bundan sonra DİN-nin arxivinə gedilib bu barədə müraciət edilmişdir. Arxivin rəisi polis polkovniki Samir müəllim bildirib ki, adı siyahıda yoxdur. Belə olan halda isə bildiriblər ki, yalnız məhkəmə vasitəsi ilə bu işi həll edə bilər. Belə ki, onunla birlikdə o zaman müharibədə olmaqla döyüşən yoldaşları onun müharibədə olmaqla döyüşməyini təsdiq edə bilərlər. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X14 İdarəsinin rəisi Elçin Məmmədlinin imzası ilə xx.xx.2024-cü il tarixli, 3-13- 23/2-3460/2024 nömrəli məktubla cavab verilmişdir ki, DİN-nin arxivinə ünvanlanmış sorğuya əsasən verilmiş cavab məktubunda Lənkəran ŞRPŞ-nin 1990-1994-cü illəri əhatə edən əmrlərində sabiq polis əməkdaşı İddiaçı döyüş əməliyyatları aparılmış bölgələrə ezam edilməsi barədə qeyd aşkar edilmədiyi bildirilmişdir. Həmin məktubu xx.xx.2024cü ildə Azərpoçt vasitəsilə almışıq. Tələb olunan siyahı bu günə kimi onlara göndərilməmişdir. Lakin şifahi olaraq bildirmişlər ki, həmin siyahı məhkəmə qərardadı vasitəsilə tələb oluna bilər. Hesab edilir ki, pozulmuş hüquqlarını məhkəmə qaydasında, Şirvan İnzibati Məhkəməsində baxılıb həll olunmalı, cavabdehin üzərinə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati öhdəlik qoyulmalıdır. Hal-hazırda qeydiyytda olduğu ünvan Saatlı rayonu, Qaraçalar kəndidir. İki həftə müddətində Şuşa şəhərinin müdafiəsində olmaqla müharibədə iştirak etməyini onunla birlikdə döyüşlərdə iştirak edən Lənkəran ŞRPŞ-nin aşağıdakı sabiq polis əməkdaşları təsdiq edə bilər. xx.xx.1962-ci il təvəllüdlü X5, Lənkəran şəhəri, Şəhidlər xiyabanı, ev 46/8, mənzil 5. Müharibə veteranı vəsiqə- № 011411. xx.xx.1958-ci il təvəllüdlü X2, Lənkəran şəhəri, C.Cabbarlı küçəsi, ev 9. Müharibə veteranı vəsiqə- № 011545. xx.xx.1954-cü il təvəllüdlü X9 öğlu, Müharibə veteranı vəsiqə- № 017887. xx.xx.1953-cü il təvəllüdlü X3,Müharibə veteranı vəsiqə- № 021680. xx.xx.1959-cu il təvəllüdlü X4, Müharivə veteranı vəsiqə- № 011433və başqaları. Hesab edirəm ki, həmin polis əməkdaşları şahid qismində məhkəmə iclasına dəvət olunub dindirilməlidirlər. Ona görə də, hesab edilir ki, pozulmuş hüquqları bərpa olunmalı, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə cavabdehin üzərinə inzibati öhdəlik qoyulmalıdır. Ona görə məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Saatlı rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. Məhkəm - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-23/2-N-10702/38/24 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakınıza dair arxiv məlumatları aşkar olunmadığından Sizə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmamışdır. Müvafiq əsasverici sənədlər müəyyən olunacağı təqdirdə məsələyə təkrar baxıla bilər. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-13-23/2-676/25 saylı məktubunda göstərmişdir ki, vətəndaş İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə müraciəti üzrə İdarədə aparılmış araşdırma zamanı arxiv məlumatlarına əsasən xidmət keçdiyi dövrdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar müəyyən olunmamışdır. Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və Saatlı rayonu, Qaracalar kəndində qeydiyyatdadır. - İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Saatlı rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 102/2-4871 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məhkum olunmamış və barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici material olmamış, onun 1992-ci ildə Şuşa şəhərinə ezam olunmuş Lənkəran ŞRPŞ-nin əməkdaşlarının siyahısında olub-olmaması barədə Saatlı RPŞ-də heç bir məlumat yoxdur. - İşdə olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X14 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, vətəndaş İddiaçı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə müraciəti üzrə İdarədə aparılmış araşdırma zamanı arxiv məlumatlarına əsasən xidmət keçdiyi dövrdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumatlar müəyyən olunmamışdır. Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq vətəndaş İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-43- 49/2-867/25 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüşəməliyyatlarında iştirak etmək məqsədilə 1986-1994-cü illərdə Şuşa şəhərinə ezamolunmuş Lənkəran ŞRPŞ-nin əməkdaşlarının siyahısı barədə məlumat və Saatlı rayonu Qaracalar kəndində qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı şəxsi iş materialı SHXÇDX-nin Saatlı rayon şöbəsində mövcud deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə müəyyən etdi ki, iddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, ölkənin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakınıza dair arxiv məlumatları aşkar olunmadığından Sizə müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi mümkün olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsində 1992-ci ilin may ayında təcili olaraq Qarabağa döyüşə getməsi, Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etməsi, Şuşanın Qaladərəsi kəndində iki həftə mənfur düşmənlərə qarşı döyüşməsi, sonra 1994-cü ilin aprel ayının 21-dən DİN-nin müvafiq əmrinə əsasən iş yerini Saatlı rayon polis şöbəsinə dəyişməsi barədə məlumatı göstərmiş, özü ilə birlikdə döyüşmüş iş yoldaşları şahid qismində iştrak edə biləcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və s. sənədlərin əldə edilməsidir. Verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsaslar olsa da, məhkəmə araşdırması nəticəsində Mərkəzi Arxivdə hər hansı məlumatın mövcud olması aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Əsasnamədə qeyd edilən əsaslar, yəni iddiasının ehtiyata buraxılmasına dair hərbi hissənin nizami hissə üzrə əmri və ya arxiv arayışı olmadığından cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. Bəhs olunanlara əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, H.Z.Tağıyev, 10) verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar