Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2880/2025 07.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Açar sözlər (ərazi aidiyyəti) Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci yeni yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşdıqları üçün hazırki iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, işin məhkəmə araşdırılması zamanı məlum olur ki, hazırkı inzibati mübahisə üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 tələbi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı onlara məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyinə görə iddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İnzibati Prosessual Məcəllənin müddəalarından müəyyən olunur ki, hazırki iddia məcburetmə növündə iddiadır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Qanunun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.2-ci maddəsinə əsasən, Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 83.1-ci maddəsinə əsasən, şikayət inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və müstəqil mübahisələndirilməsi bu Məcəllə ilə nəzərdə tutulmuş qərardadlardan verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1 və 15.2 bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” 4 dekabr 2024-cü il tarixli İcmalında İPM-in 8.12-ci maddəsinə münasibətdə göstərilmişdir ki, “...Qeyd edilən norma vergi ödəyicilərinin vergi orqanlarına qarşı qaldırdıqları mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların ərazi aidiyyətini müəyyən edir. Bu qəbildən olan iddialara vergilərin hesablanması ilə bağlı inzibati aktların mübahisələndirilməsi, riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın ləğv edilməsi və ya riskli vergi ödəyiciləri siyahısından çıxarılma, artıq ödənilmiş vergilərin qaytarılmasına dair və s. tələbləri aid etmək olar. Normanın birinci cümləsi mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddiaların, bir qayda olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsinə verilməli olduğunu təsbit edir. Normanın ikinci cümləsi isə həmin qaydadan istisnanı müəyyən edərək cavabdehin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən orqan olduğu hallarda, hər üç növ iddianın hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu kontekstdə hazırki mübahisələr üzrə məcburi köçkün olmuş şəxslərə münasibətdə “yaşayış yeri və ya olduğu yer”in anlayışına aydınlıq gətirilməsinə ehtiyac yaranır. Belə ki, Mülki Məcəllənin: 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür (maddə 2). İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 5-ci yeni yaşayış massivində müvəqqəti qeydiyyatda olmaqla faktiki məskunlaşmış və hələ ki, məcburi köçkün düşdükləri rayona geri qayıtmamışdırlar. Belə olan halda iddiaçıların məskunlaşdığı və halhazırda yaşadıqları ünvan Mülki Məcəllədə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda qanunvericinin “yaşayış yeri” ifadəsinə verdiyi izaha müvafiq olaraq iddiaçıların yaşayış yerləri hesab olunur. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə əlçatanlığın təmin olunması məqsədilə iddiaçıların tələbi üzrə inzibati işə onların faktiki məskunlaşdıqları yer üzrə müvafiq səlahiyyətli məhkəmə tərəfindən baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmə aidiyyətininin vacibliyini qeyd edərək hesab etmişdir ki, bu institut şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşılmasını ciddi səhv kimi qiymətləndirir və Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının ləğv edilməsinə əsas kimi tanıyır (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel, Pşeniçnıy Rusiyaya qarşı iş üzrə 2008ci il 14 fevral və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar) Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və müvafiq qanunvericiliyin normalarına əsaslanaraq belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olduğundan və iddiaçıların yaşadığı ünvan Bakı şəhəri ərazisində olduğundan hazırki iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 2, 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2 məcburi köçkün vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2880/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2880/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver