Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2886/2024 22.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı cavabdeh Ağcabədi rayon Gələbətin Bələdiyyəsinə qarşı «vəzifəli şəxsin qeyriqanuni hərəkətlərinə son qoyulması və 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsi» tələbinə dair işə məhkəmənin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağcabədi rayon Gələbətin Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehə təqdim olunmuş, sonuncuya iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək, həmçinin, etirazı əsaslandıran sübutların məhkəməyə təqdim olunması üçün müddət təyin olunmuşdur. İddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələyə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1997-ci il tarixli, 11 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə Ağcabədi rayonu, Gələbədin kəndində 0.13 ha torpaq sahəsi verilmişdir. Qeyd etdiyi 0.13 ha torpaq sahəsinə isə JN-129A, KOD-60805018 saylı Torpağa mülkiyyət hüququna dair Şahədətnamə verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermiş, həmin sənəddə texniki səhvlik edərək, adı X6 olduğu halda adını səhvən X3, X4 olduğu halda adını səhvən X1 qeyd edilib. Zeynəb Sadıqova 17 may 2014-cü il tarixdə vəfat etmişdir. Lazımi sənədlərin hazırlanıb, qeyd olunan səhvliklərin düzəldilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdiyi zaman onlara akt təqdim edildi və həmin aktı hazırladıqdan sonra kənd icra nümayəndəliyinin, Bələdiyyənin və İcra Hakimiyyətinin imza və möhüründən sonra qeyd olunmuş səhvlikləri düzəldəcəklərini şifahi olaraq bildirdilər. Onlar isə həmin aktı tərtib edib, kənd İcra nümayəndəliyinə və İcra Hakimiyyətinə imza və möhür vurdurduqdan sonra ən son Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinə imza edib, möhür vurduracaqdı. Lakin aktı poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə qəbul etməsinə baxmayaraq Ağcabədi rayon Gələbədin kənd bələdiyyəsinin sədri Əkbər Sadıqov xx.xx.2023-cü il tarixli, 33 nömrəli arayışı ilə “aralarında torpaq sahələri ilə bağlı məhkəmə mübahisəsi olduğuna görə məsələnin məhkəmədə həll edilməsi” təklif etmişdir. Hazırda Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsi sədri Əkbər Sadıqov 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurmadığı üçün onlar JN-129A KOD-60805018 saylı Torpağa mülkiyyət hüququna dair Şahədətnamədə düzəliş edə bilmir. Bu isə onlara bir sıra problemlər yaradır. Bunun üçündə avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri Əkbər Sadıqovun üzərinə qoyulmasını istəyir. Vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Qeyd olunmalıdır ki, iddiaçınn iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növü kimi nəzərdə tutulmamışdır. Məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla “hüquqi yardım” göndərərək, Ağcabədi rayon Gələbətin bələdiyyəsinin sədri Əkbər Sadıqov xx.xx.2023-cü il tarixli akta imza və möhür vurmadığı üçün Siz JN-129A (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə düzəlişlər edə bilmdəyini, bu hüquq münasibətinin mülki xarakter daşıdığını, tələbdə xx.xx.2023-cü il tarixli akta imza və möhür vurulmasını tələb edilsə də, mahiyyət etibarı ilə iddia ərizəsinin “sənədin (JN-129A (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə) şəxsə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizə olduğu müəyyən olunduğunu bildirmişdir. İddiaçı tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının: 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə tərəfindən İddiaçı izah edilir ki, müvafiq “sənədin (JN-129A (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair şəhadətnamə) şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə tələb üzrə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XXXİ fəslinə əsasən xüsusi icraat qaydasında ümumi (rayon və ya şəhər) məhkəmələrdə baxılır. Bunun üçün iddiaçı xüsusi icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə (rayon və ya şəhər məhkəməsinə) müraciət etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Ağcabədi rayon Gələbətin Bələdiyyəsinə qarşı «vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması və 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Ağcabədi rayon Gələbətin Bələdiyyəsinə qarşı «vəzifəli şəxsin qeyriqanuni hərəkətlərinə son qoyulması və 19 avqust 2023-cü il tarixli Akta imza və möhür vurulmasının Ağcabədi rayon Gələbədin kənd Bələdiyyəsinin sədri X2 üzərinə qoyulmasına dair qərar qəbul edilməsi» barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsiilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2886/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2886/2024
22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver