Məhkəmə qərarları › İş №2-1(120)-289/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-289/2022

02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-289/2022 02.02.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına qarşı “1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, İmişli rayonu, Qızılkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 24.11.2021-ci il tarixli, 2-1(120)-1623/2021 nömrəli qərardadı ilə iddia tələbinə “1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 30.04.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 02.02.2022-ci il tarixli, 2-1(120)-289/2022 nömrəli qərardadı ilə iddia tələbinə “1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmənin 02.02.2022-ci il tarixli iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini təqdim edərək, “1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi kimi qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 02.02.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1955-ci ildə anadan olmuş, 1972-1975-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil almış, 18.07.1977-05.01.1997-ci illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda, iqtisadçı 15.02.1997-30.02.2003-cü illərdə həmin kolxozda islahat komissiyasında işçi qrupunun üzvü, 01.03.2000-31.12.2004-cü illərdə İmişli rayonu Qızılkənd bələdiyyəsində işləmişdir. Həmin illərdə iqtisadçı kimi bütün iş günlərini işləməklə yüksək əmək haqqı almış, 33 il sığorta stajı vardır. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etmiş, lakin ona 25 il sığorta stajının olmadığı üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına 01.02.2019-cu il tarixdə çatsa da, 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. İddiaçı pensiya yaşına çatarkən əmək pensiyasının növünün dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə münasibət bildirərək hesab edirik ki, Fondun 10 saylı regional ərazi filialı tərəfindən verilən imtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. İddiaçı 1977-2003-cü illərdə işləməsini təsdiq edən sənəd kimi əmək kitabçasını inzibati orqana təqdim etmişdir. Əmək kitabçasındakı qeydlər araşdırılarkən 18.07.1977-ci il tarixdəki işəgirmə qeydinin latın qrafikalı əlifba ilə tərtib olunmuş möhürlə təsdiqləndiyi müəyyən edilmişdir. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, iddiaçı 12.05.2006-cı il tarixdən əlilliyə görə əmək pensiyaçısı olmuşdur. İddiaçı məxsus 140592 nömrəli pensiya işi araşdırılarkən məlum olmuşdur ki, iddiaçı ona əlilliyə görə əmək pensiyası təyin olunarkən inzibati orqana əmək kitabçası təqdim etməmişdir. Beləliklə, iddiaçının hazırda inzibati orqana və məhkəməyə təqdim etdiyi əmək kitabçasındakı son qeydlər 2003-cü ilə aid olsa da, 2006-cı ildə həmin əmək kitabçası mövcud olmamışdır. Əmək kitabçasının sonradan, yəni kolxozun və aqrar islahat komissiyasının ləğv olunduğu vaxtdan sonra tərtib olunması onun mötəbərliyini şübhə altına alır. İddiaçı ərizəsində 1972- 1975-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda əyani təhsil aldığını qeyd etsə də, iddiaçıya məxsus 008453 nömrəli diplomun surətindən aydın olur ki, iddiaçı həmin institutu 1977-ci ildə bitirmişdir. Beləliklə, həmin ziddiyyətin aydınlaşdırılması zərurəti yaranır. İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 108 və 109 nömrəli arayışların məzmunundan aydın olur ki, İmişli rayonu “Həzi Aslanov adına kolxoz”un əmr kitabları, əmək haqqı cədvəlləri, məzuniyyət əmrləri mühafizə olunması üçün dövlət arxivinə təhvil verilməmişdir. İmişli rayonu Qızılkənd bələdiyyəsi tərəfindən Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına ünvanlanmış 03 noyabr 2021-ci il tarixli 74 nömrəli məktubda qeyd olunmuşdur ki, Qızılkənd bələdiyyəsinin arxiv sənədləri saxlanılmır və İddiaçı 16.06.2021-ci il tarixli 29 saylı arayış şahid ifadələri və üzvlük vəsiqəsi əsasında verilmişdir. Beləliklə, iddiaçının Qızılkənd bələdiyyəsində işləməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Eyni zamanda, iddiaçının Qızılkənd bələdiyyəsində və kolxozun aqrar islahat komissiyasında işlədiyini iddia etdiyi 2000-2003-cü illər üst-üstə düşür. İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 108 nömrəli arayışda 1968-1971-ci illərə dair qeydlər olsa da, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan həmin illər əmək qabiliyyətli yaş dövrünü əhatə etmir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2-1(120)-1623/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 01.02.2019-cu ildə yaranmışdır. İddiaçıya 30.04.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Buna görə də iddiaçıya yaşa görə əmək pensiyası iddia tələbində göstərildiyi kimi əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən sonra, yəni 01.05.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, İmişli rayonu, Qızılkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 30.03.1977-cı il tarixli, B-İ 008453 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1972-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1977-ci ildə “Kənd təsərrüfatının iqtisadiyyatı və təşkili” ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 18.07.1977-ci il tarixdən 30.02.2003-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli, 45 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işləmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin 19.06.2021-ci il tarixli, 46 nömrəli arxiv arayışından görünür ki, İmişli rayonunun Qızılkənd kənd sakini İddiaçı İmişli rayon H.Aslanov adına X7 Komissiyasının tərkibində işçi qrupunun üzvü olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 13.08.2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan İmişli rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı 18.10.2021-ci il tarixli, 129 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 14.06.2021-ci il tarixli, 45 nömrəli arayış tərəflərindən İmişli rayonu “H.Aslanov” adına kolxozun son hesablaşma kitablarına əsasən verilmişdir. Arayışda 1968 və 1969-cu illərdə yerinə yetirilmiş adam günü normaları kitabda qeyd olunmasada bu kolxozda kişilər üçün minimum adam günü norması 260 gün olmuşdur. 19.06.2021-ci il tarixli, 46 nömrəli arayış isə bu kolxozun X7 Komissiyasının 3 saylı qərarı əsasında yazılmışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının məhkəməyə ünvanladığı 01.02.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İmişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli 45 nömrəli arayışına əsasən 1968-1971 və 1977-1996-cı illərdə İmişli rayon “H. Aslanov” adına kolxozda işləmişdir. Dövlət Arxivi tərəfindən tərtib olunmuş arayışda 1968,1969-cu illərin yerinə yetirilmiş adam günü normaları qeyd olunmadığından, həmin illərin neçə il iş stajı olmasını müəyyənləşdirmək mümkün olmamışdır. 1970-ci və 1971 -ci illər üzrə sosial sığorta stajı 9 ay 13 gün 205:260x12x30=283 gün=9 ay 13 gün) təşkil edir, lakin həmin illərin qeydiyyatı aparılmış və kolxozun möhürü ilə təsdiq olunmuş əmək kitabçası təqdim edilməmişdir. Bu səbəbdən 1970-1971-ci illər iş stajının hesablanmasında nəzərə alınmır və mübahisələndirilən iş stajı hesab olunur. 1977-1996-cı illərdə isə iddiaçının sosial sığorta stajı 19 il 8 ay 14 gün (19 il+8 ay 14 gün (184:260x12x30=254 gün «8 ay14 gün) təşkil edir. Təqdim olunmuş əmək kitabçasına və İmişli rayon Dövlət Arxivinin 19.06.2021-ci il tarixli 46 nömrəli arayışına əsasən İddiaçı 15.02.1997-30.03.2003-cü illərdə İmişli rayon “H. Aslanov” adına X7 komissiyasının tərkibində işçi qrupunun üzvü kimi 6 il 1 ay 15 gün iş stajı olmuşdur. Lakin, müvafiq əmək haqqı barədə arayış təqdim olunmamışdır. Bu səbəbdən iş stajının hesablanmasında həmin dövr nəzərə alınmır və mübahisələndirilən sosial sığorta stajı hesab olunur. Minimum əmək iştirakı norması nəzərə alınmaqla iddiaçının imişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli 45 nömrəli və 19.06.2021-ci il tarixli 46 nömrəli arayışlarına əsasən ümumilikdə 26 il 7 ay 12 gün (1968,1969-cu illəri tam illər kimi nəzərə alınacağı halda 28 il 7 ay 12 gün) iş stajı mövcuddur. Vətəndaşın təqdim etdiyi 30.03.1977-ci il tarixli B-l Ns 008453 nömrəli diploma əsasən 4 il 6 ay 27 gün sosial sığorta stajı mövcuddur. İddiaçının 01.01.2006-cı il tarixdən sonra fərdi şəxsi hesabında pensiya kapitalı yığılmamışdır. İddiaçı təqdim etdiyi sənədlərə (əmək kitabçası, arxiv arayışı və diploma) əsasən mübahisəli və mübahisəsiz sosial sığorta stajı 33 il 2 ay 9 gün təşkil edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi, yəni 14.06.2021-ci il tarixli, 45 nömrəli arxiv arayışını təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri İmişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli, 45 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə İmişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli, 45 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə, həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23.09.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının 1970-1971, 1977-1996-cı illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının 01.02.2022-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı İmişli rayon Dövlət Arxivinin 14.06.2021-ci il tarixli 45 nömrəli arayışına əsasən 1970-ci və 1971 -ci illər üzrə sosial sığorta stajı 9 ay 13 gün 205:260x12x30=283 gün = 9 ay 13 gün) təşkil edir, 1977-1996-cı illərdə isə iddiaçının sosial sığorta stajı 19 il 8 ay 14 gün təşkil edir. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmənin qənaətinə görə iddiaçı arxiv arayışındakı iş illəri (minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə), təhsil illəri nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1970-1971, 1977-1996-cı illərdə İmişli rayonu “H.Aslanov” adına kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının (əvvəlki adı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının) üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar