Məhkəmə qərarları › İş №2-1(120)-2893/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2893/2024

22.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2893/2024 22.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “müvafiq əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1978-ci ildə doğulmuş, iyul 1997-ci ildə Saatlı rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissədə əsgər hərbi rütbəsində xidmət keçmişdir. 18 sentyabr 1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin 1997-ci il tarixli, 30 nömrəli əmrinin “İİ”qrafasının “17b” maddəsinə əsasən Azərbaycan Respublikasının silahlı qüvvələrindən ehtiyata buraxılmış, xx.xx.2008-ci il tarixdən müddətsiz olaraq İİ dərəcə əlilliyi “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” deyil, “hərbi xidmət dövrü ilə əlaqədar” müəyyən edilmişdir. Buna görə də ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün təyin edilməsindən DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina edilmişdir. Barəsində olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 4 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarında göstərilir: “Travmadır, Hərbi xidmət dövründə alınmışdır”. Onun almış olduğu xəsarət hərbi xidmət vəzifəni yerinə yetirməklə əlaqədar olmuşdur. Qeyd edilənləri nəzərə alaraq “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 4 nömrəli qərarı ilə Saatlı RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı 1997-ci ilin oktyabr ayında hərbi xidmət dövründə aldığı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanın və “Afoniya ilə müşayiət olunan ləng gedişli isterik nevroz” diaqnozu ilə olan xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi isə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2 bəndinin ç) yarımbəndinə əsasən “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin şəhadətləndirmə dövründə İddiaçı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanı hansı şəraitdə almasına dair onun xidmət etdiyi N nömrəli hərbi hissənin komandiri tərəfindən verilməli olan travma haqqında arayışı Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına təqdim etməmişdir. Vətəndaş İddiaçı “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu təyin edilmiş travmanın (xəsarətin) hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidmət Vəzifələri) X2” kimi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.3. bəndinin və 7.2. bəndinin “ç” yarımbəndinin 4-cü abzasının tələblərinə ziddir. Belə ki, həmin abzasda qeyd olunur ki, -əgər xəsarət hərbi xidmət dövründə alınmışsa, lakin şəhadətlənmə anında şəhadətləndirmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa həmin xəsarətin hərbi xidmətlə səbəb əlaqəsi “Yaralanmadır, Travmadır, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə və 7.3-cü maddəsinə əsasən, vətəndaş İddiaçı təyin edilmiş “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma” diaqnozu ilə olan travmanın hərbi xidmətlə səbəb əlaqəsi Travmadır, Hərbi Xidmət Dövründə Almışdır” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidmət Vəzifələri) X2” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. Yuxarıda qeyd olunanlara görə hesab edirik ki, iddiaçının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı tələbinin heç bir qanuni əsası yoxdur və bu səbəbdən də məhkəmə tərəfindən onun iddiası rədd olunmalıdır. Vətəndaş İddiaçı iddiasının rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 302 nömrəli arayışının surətindən görünür ki, 1978-ci il təvəllüdlü X4 həqiqətən 1997-ci ilin iyul ayından 1998-ci ilin sentyabr ayına kimi Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir xx.xx.1998-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 1997-ci il tarıxii 30 №-lı əmrinin “İİ” qrafasının “17b” maddəsinə əsasən Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” xx.xx.2024-cü il tarixli, K/474 nömrəli (Canlı şəxs və iş sənədləri üzrə ekspertiza) aktın surətindən görünür ki, vətəndaş, 1978-ci il təvəllüdlü İddiaçı MN MTE və PAMda təkrar məhkəmə-tibbi müayinəsinə, barəsində SHXÇDX-dan təqdim edilmiş sənədlərdə, MN MTE və PAM-da tərtib edilmiş K/245-2023 №-li aktda olan məlumatlara əsaslanaraq ekspert komissiyası aşağıdakı rəyə gəlir: 1. İddiaçı təkrar məhkəmə-tibbi müayinəsi zamanı (xx.xx.2023 və xx.xx.2023) başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma və baş beynin KT müayinəsində hər iki beyin yarımkürəsində, əsasən alın - təpə payları səviyyəsində kortikosubkortikal beyin toxumasında çox sayda fokal ocaqlı qlioz sahələri aşkar edildi. İddiaçı travma alması barədə heç bir tibbi sənədi olmadığına və hadisədən uzun müddət keçdiyinə görə, qeyd edilən xəsarətlərin yetirilmə mexanizmi və müddəti barəsində hazırda dəqiq fikir söyləmək mümkün deyildir, lakin sol ənsə nahiyəsində olan çapıq toxumanın saxlanılmış bəzi morfoloji xüsusiyyətlərinə görə demək olar ki, həmin çapıq toxuma 1,5-2 ildən yuxarı olan müddət ərzində əmələ gəlmiş yaranın sağalmış izidir, müayinə olunanın dediyi şəraitdə və vaxtda, yəni 1997-ci ilin oktyabr ayında öz boyu hündürlüyündə olan məsafədən yastı səth üzrə arxası üstə yıxılması nəticəsində yetirilməsi mümkün ola bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarının surətindən görünür ki, Saatlı RHK tərəfindən 1997-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən 1997-ci ilin oktyabr ayında aldığı və xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma ” hərbi xidmət dövründə hərbi xidmət keçərkən xəstələndiyi və xx.xx.1998-ci ildə MN Mərkəzi Hərbi Hospitalının terapiya profilli hərbi həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik-diaqnoz: “Afoniya ilə müşayiət olunan ləng gedişli isterik nevroz” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-49/2-760 nömrəli göndərişi, xx.xx.2023-cü il tarixli 302 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli 474 nömrəli aktı, keçmiş hərbi qulluqçuların şahid ifadələri, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1998-ci il tarixli 1355 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Travmadır, Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 42 nömrəli qərarının surətindən görünür ki, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət keçərkən aldığı travma ilə əlaqədar xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzidə canlı şəxsin məhkəmə-tibbi müayinə olunmuşdur. Onda təyin edilmiş travma-diaqnoz: “Başın sol ənsə nahiyəsində bir ədəd çapıq toxuma və baş beynin hər iki beyin yarımkürəsində, əsasən alın-təpə payları səviyyəsində kortikosubkortikal beyn toxumasında çoxsaylı fokal ocaqlı qiloz sahələri” travmanın hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2. bəndinin ç) yarımbəndinə əsasən Travmadır, Hərbi Xidmət Dövründə Alınmışdır” kimi təyin edilmiş və ona qərar verilmişdir. Qərar düzgündür və dəyişdirilməsi üçün əsas yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-17169/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2008-ci il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.1997-ci il tarixli 99 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-49/Ə-1309/24 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci il təvəllüdlü İddiaçı xx.xx.1998-ci il tarixdə keçmiş Saatlı rayon Hərbi Komisarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.1998-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi-həkim komissiyası tərəfindən (Müdafiə Nazirliyinin 1997-ci il tarixli 30 saylı əmrinə əsasən) 17b maddəsi ilə “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı” hesab edilərək xx.xx.1998-ci il tarixdə ehtiyata buraxılmışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.3. maddəsinin tələblərinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə onun barəsində tərtib edilən sənədlərdə səbəbli əlaqənin dəyişidirilməsini tələb edir. İş materiallarına əlavə edilənə sənədlərə əsasən isə iddiaçının qeyd edilən dövrdə hərbi xidmətdə olduğu, hərbi xidmətə çağırılan zaman xidmətə yararlı olduğu, travma xidmət vaxtı aldığını müəyən edir və qeyd edilən istiqamətdə inzibati orqan tərəfindən iddiaçının tələbindən imtina edilən zaman tam araşdırılma aparılmadığı müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Hazırkı mübahisə mahiyyəti üzrə həll edilmədiyindən, qəbul edilən qərar inzibati məhkəmə icraatı iştirakçılarının, o cümlədən cavabdeh inzibati orqanın əleyhinə və ya ziyanına olunmadığından, qərar hazırkı mübahisəyə münasibətdə cavabdehin ziyanına da şərh olunmamalıdır. Bu baxımdan, cavabdehin “məzmunca ziyan çəkməsi” halı müəyyən olunmadığından, qərardan apellyasiya şikayəti vermək üçün İPM-in 81.2-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərti (mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər) ödənilmədiyindən qeyd edilən qərardan cavabdeh inzibati orqan tərəfindən şikayət verilə bilməz. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə İddiaçı “Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli, 04 nömrəli qərarında hərbi xidmətlə səbəb əlaqəsinin “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” təyinatının “Hərbi Travmadır, Hərbi Xidmət vəzifələrini (Xidməti Vəzifələrini) yerinə Yetirərkən Alınmışdır” səbəb əlaqəsi ilə dəyişdirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, (iddiaçı istisna olmaqla) şikayət verilə bilməz. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar