Məhkəmə qərarları › İş №2-1(120)-2903/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2903/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2903/2023 11.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydinə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Cəbrayıl rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, doğum akt qeydində düzəliş edilərək, adının «Səma» kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1988-ci il tarixdə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. Məlum hadisələrə görə 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Onun şəxsiyyət vəsiqəsində və digər hüquq müəyyənedici sənədlərində adı Səma kimi qeyd edilmişdir. Bundan başqa da hamı onu Səma kimi tanıyır. O, müvafiq sənədlərin alınması ilə bağlı Cəbrayıl rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, lakin orada ona məlum olmuşdur ki, xx.xx.1988-ci il tarixdə tərtib edilmiş 06 saylı doğum akt qeydində soyadı Ağamirzəyeva, adı Nisə, ata adı Allahverdi kimi qeyd edilmişdir. Hal-hazırda onun bütün hüquq müəyyənedici sənədlərində adı Səma kimi qeyd edilmişdir. O doğum akt qeydində düzəliş edilməsi ilə əlaqədar adının “Nisə” adından Səma adına dəyişilməsini xahiş etsə də, xx.xx.2023-cü il tarixli məktubda məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Cəbrayıl rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, qeydiyyat ünvanı isə Cəbrayıl rayonudur. İşdə olan Cəbrayıl rayon Qeydiyyat şöbəsinin İddiaçı xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-xx/xx/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sizin Cəbrayıl rayon qeydiyyat şöbəsinə adının akt qedyində “Nisə” adından "Səmar” adına düzəliş edilməsi ilə bağlı ərizəyə baxılmışdır. Cəbrayıl rayon qeydiyyat şöbəsində xx.xx.1988-ci ildə tərtib edilmiş 06 saylı doğum akt qeydində soyadı Ağamirzəyeva, adı Nisə, ata adı Allahverdi kimi qeyd edilmişdir. Doğum akt qeydinə düzəlişlə bağlı Nazitlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarına əsasən qeyd edilən düzəlişin edilməsi Cəbrayıl rayon qeydiyyat şöbəsinin imkanı xaricindədir. Odur ki, məhkəməyə müraciət etmək hüququ var. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil İstismar Hissəsi 8 №-li Mənzil-İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 159 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən Cəbrayıl rayonundan gələn məcburi köçkündür. Bakı şəhəri, Biləcəri qəsəbəsi hərbi şəhərcik fin evi 1 ünvanında məcburi köçkün kimi məskunlaşmışdır. İşdə olan XVİ-ЖГ 280761 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında isə X8 qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 12/2-91485 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli, Q11-001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın (www.e- qanun.az) 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. İşdə olan Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Şahvəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 10 avqust 2023-cü il tarixli 16 nömrəli məktubunda göstərilmişdir ki, Cəbrayıl rayonu Hacı isaqlı kənd sakini İddiaçı xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunun Hacı İsaqlı kəndində anadan olmuş, hal-hazırda müvəqqəti olaraq ünvan 4 ünvanında yaşayır, vətəndaşlar tərəfindən ona “Səma” adı ilə müraciət olunur, həmin adla tanınır, ali təhsillidir. Vətəndaşların doğum akt qeydləri Şahvəlli kənd lƏD-si üzrə nümayəndəliyi 1993-cü ilin avqust ayında işğal olunarkən müvafiq sənədlər işğal zonasında qalmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-12/2- 102137/2023 nömrəli məktubunda göstərilmişdir ki, sorğuda qeyd olunan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur.Bununla yanaşı qeyd edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ilə razılaşdırılmaqla Daxili İşlər Nazirliyi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli Q11- 001-19 nömrəli qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınmış «Cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən, məhkum olunmuş, habelə inzibati qaydada həbs edilmiş şəxslərin mərkəzləşdirilmiş fərdi uçotlarının təşkili və aparılmasına dair Təlimat»ın 8.6. bəndinə və 8.6.1. yarımbəndinə müvafiq olaraq şəxsin məhkumluğunun olub-olmaması barədə sorğu elektron rabitə kanalları və ya kağız daşıyıcıları vasitəsi ilə yoxlanılır. Tələbnamələr bu Təlimatla müəyyən olunmuş formada (9 nömrəli əlavə) tərtib edilir və hər bir yoxlanılan şəxsə dair ayrıca tələbnamə doldurulur, onun soyadı, adı, ata adı adlıq halda, çap hərfləri ilə yazılır. Bu növ sorğuların icra prosesində operativliyini təmin etmək məqsədilə Daxili İşlər Nazirliyinin ərazi polis orqanlarında «Elektron tələbnamə» sorğu sistemi istismara verilmişdir.Gələcəkdə müvafiq məlumatların qısa müddətdə əldə olunması üçün ərazi polis orqanına müraciət etməyiniz tövsiyə olunur. İşdə olan Cəbrayıl rayon Prokurorluğunun 553çıx-23 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Cəbrayıl rayon prokurorluğunda hər hansı təqsirləndirici və sair mənfi cəhətdən səciyyələndirən materiallar (məlumatlar) olmamışdır. İşdə olan 6 saylı, xx.xx.1988-ci il tarixli doğum akt qeydinin surətinə əsasən, X3 xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayonunun Şahvəlli kəndində anadan olmuşdur. Ata qrafasında X1, ana qrafasında isə X8 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13-70/2-2233/2023 nömrəli məktubun surətindən görünür ki, 14.01,1988-ci il təvəllüdlü İddiaçı şəxsiyyətinin təsdiq olunması ilə bağlı sənədi ASAN-2 xidməti verdiyi üçün ona dair sənədlərin təsdiq edilmiş surətini göndərmək imkanımız xaricindədir. Əlavə olaraq bildiririk ki, həmin şəxs barəsində Cəbrayıl RPŞ-də hər hansı bir təqsirləndirici material( sadələşdirilmiş icraat matedalı, cinayət işi və s.) yoxdur. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydində adı «Səma» əvəzinə “Nisə” qeydi aparılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı atası X1, anası isə X7r. İddiaçı xx.xx.1988-ci il tarixdə doğulması nəzərə alınmaqla xx.xx.1988-ci il tarixdə Cəbrayıl rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 6 nömrəli doğum haqqında akt qeydində dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi ilə bağı olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun adının dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə doğum haqqında akt qeydlərində düzəlişlərin edilməsi və yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qadağanedici norma mövcud deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1.Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün uşağın valideyni, qəyyumu, himayəçisi və ya onların notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxs qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər.Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. 12.7. Uçot kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: -vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

9. Bu əsas müddəaların 4-cü bəndində sadalanan sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi toplanmış bütün materiallarla birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Qeyd olunmalıdır ki, əgər doğum haqqında akt qeydində səhvə yol verilərsə bu səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir.Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Göründüyü kimi, qanunverici hər bir 18 yaşına çatmış şəxsə müstəqil qaydada öz adını və soyadını və atasının adını dəyişdirmək hüququ vermişdir. Müvafiq qeydiyyat şöbələri (inzibati orqan) isə qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər istisna olmaqla, vətəndaşın həmin müraciətinin həyata keçirilməsini təmin etmək vəzifəsini daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarında adın, ata adının və soyadın dəyişdirilməsinə yol verilməyən hallar sadalanmışdır. Belə ki, Qaydaların 6.5-ci bəndinin tələbinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Şifahi məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən edilir ki, iddiaçı soyadının dəyişdirilməsi üçün cavabdehə müraciət edərkən və hal-hazırda onun barəsində Qaydaların 6.5-ci bəndində göstərilən, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş hər hansı digər məhdudlaşdırıcı hallar yoxdur. Qeyd olunan Qaydaların tələbinə əsasən (6.15-6.18-ci bəndlər) ərizə verən şəxsin şəxsiyyətinin müəyyən edilməsi, eləcə də adın, ata adının və soyadın dəyişdirilməsi ilə istintaqdan, məhkəmədən, tibbi xarakterli məcburi tədbirlərin tətbiqindən yayınmasının qarşısının alınması məqsədi ilə qeydiyyat şöbəsi toplanmış sənədləri yoxlama aparılması üçün ərizə verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) polis idarəsinə (şöbəsinə) göndərir, rayon (şəhər) polis idarəsi (şöbəsi) sənədlər daxil olduğu vaxtdan 15 gün müddətində bütün sənədləri yoxlamanın nəticələri haqqında əsaslandırılmış rəylə birlikdə qeydiyyat şöbəsinə qaytarır, qeydiyyat şöbəsi və ya konsulluq əldə olunmuş sənədlərə əsasən ərizənin məzmununu və yoxlamanın nəticələrini nəzərə alaraq, 15 gün müddətində ərizə verən şəxsin soyadının, adının, ata adının dəyişdirilməsinin mümkünlüyünü əks etdirən rəy tərtib edir, adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinə baxılması ilə bağlı qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmiş, ad və soyadın dəyişdirilməsi üçün məhdudiyyətlərin olub-olmadığını araşdırmadan iddiaçının müraciətini təmin etməmişdir. Qeyd olunan məhdudiyyətlər məhkəmə tərəfindən araşdırılmış və iddiaçının soyadının dəyişdirilməsi üçün heç bir məhdudiyyətin olmadığı müəyyən edilmişdir (Daxili İşlər Nazirliyinin məhkəmənin sorğusuna cavab məktubu). Göründüyü kimi, cavabdeh iddiaçının adının dəyişdirilməsi barədə müraciətinin təmin olunmasından əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cəbrayıl rayon Qeydiyyat şöbəsinin üzərinə 06 saylı, xx.xx.1988-ci il tarixli doğum akt qeydində “Nisə” kimi göstərilmiş İddiaçı ad qrafasında «Səma» kimi dəyişdirilərək, yeni doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar