Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2907/2025 22.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Əli Bayramlı şəhər X6 (XDS) İcraiyyə Komitəsinin 31 iyul 1990cı il tarixli 257 nömrəli qərarı ilə ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxx 1964-cü il tarixində Sabirabad rayonu, Rüstəmli kəndində anadan olmuş, 5 aprel 1990-cı il tarixindən torpaq növbəsində olmuş və həmin dövrdə Dəmiryolu İdarəsində dülgər vəzifəsində çalışmış, hazırda ailə üzvləri ilə birlikdə Papanin (indiki H.Cavid) küçəsi, 53 nömrəli ünvanda yaşayır. Əli Bayramlı şəhər X6 (XDS) İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən Ərəblinski küçəsində yerləşən 60 nömrəli sahədə 6 sot torpaq sahəsi ayrılmış və həmin ərazidə yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi isə 18 kv.m olan ev tikməyə icazə verilmişdir. Qərara əsasən ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, daha sonra həmin evə elektrik xəttinin çəkilməsi və sayğacın quraşdırılması üçün müvafiq orqana müraciət etdikdə, ondan mülkiyyət hüququna dair sənəd tələb olunmuşdur. Bundan sonra 0,06 ha torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi üçün cavabdeh orqan olan 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə, sözügedən ünvanda yerləşən torpaq sahəsinin ayrılması haqqında aktın və sahəsinin yerləşmə sxeminin təqdim edilmədiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən 30 yanvar 2024-cü il tarixli, 3-21-3-38/2-362/2025 saylı məktubla imtina etmişdir. Həmin 0,06 hektar torpaq sahəsi 30 ildən çoxdur ki, onun istifadəsində və bu hüquq qanuni əsaslarla Azərbaycan Respublikası X10 filialının 19 dekabr 2024-cü il tarixli, 3-48-DA-14F/2-553/2024 nömrəli arayışı ilə təsdiqini tapmışdır. Həmin arayışda Əli Bayramlı şəhər X6 (XDS) İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli 13 nömrəli iclas protokolundan çıxarış təqdim olunmuş və bu çıxarışdan görünür ki, yuxarıda qeyd edilən torpaq sahəsi ona ayrılmış və üzərində ev tikməyə icazə verilmişdir. Bu müddət ərzində hər hansı hüquqi pozuntu və ya qanunsuzluq baş verməmişdir. Onun mülkiyyət hüququ ilə bağlı əmlakın qeydiyyata alınmasına dair müraciəti tamamilə qanunidir və əsaslıdır. Cavabdeh orqanın qeydiyyatdan imtina üçün göstərdiyi “torpaq sahəsi ayrılması haqqında aktın və sahəsinin yerləşmə sxeminin təqdim edilməməsi” səbəbi hüquqi baxımdan ədalətsiz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs nümayəndəsi X7 iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirdi. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Şirvan şəhəri ərazisində yerləşdiyindən və Şirvan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, aşağıda adları çəkilən vətəndaşlara ümumi növbə əsasında 6 sot torpaq sahəsi verilməsi, onlara həmin sahədə yaşayış sahəsi 90 kv.m, yardımçı sahəsi 35 kv.m, eyvan hissəsi isə 18 kv.m olan ev tikməyə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan X10 şəhər Filialının xx.xx.2009-cu il tarixli, 549 nömrəli arxiv çıxarışından görünür ki, Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı xx.xx.1990-cı ildən növbəsindədir. Dəmiryolu idarəsində dülgər işləyir, 2 nəfər ailə üzvü ilə birlikdə Papanin 53 nömrəli evdə yaşayır, torpaq sahəsi Ərəblinski küçəsi 60 nömrəli sahədə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-362/2025 nömrəli məktubundan görünür ki, Əli Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin 31 iyul 1990-cı il tarixli 13 nömrəli iclas protokolundan çıxarışının Azərbaycan Respublikası X10 filialının 19 dekabr 2024-cü il tarixli 3-48-DA-14F/2- 553/2024 nömrəli arayışını təqdim etməyinizə baxmayaraq, protokolundan çıxarışın ayrılmaz hissəsi olan torpaqayırma komissiyasının 0.06 ha torpaq sahəsinin ayrılması haqqında aktını və torpaq sahəsinin yerləşmə sxemini təqdim etməmişdir. Odur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün zəruri olan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəblərdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinin icrasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-2066/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
2. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin ayrılarkən hansı baza məlumatlarına istinad oluması tərəfimizdən araşdırılması mümkün deyil. Hal-hazırda isə Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi göstərilmişdir.
3. Qeyd edilən torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edimişdir. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Torpaq sahəsi iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə edilir.
4. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçıya məxsus torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv varsa, həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaq.
5. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür.
6. Qeyd edilən mübahisəli torpaq sahələri faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə edilir.
7. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı Ağaməli oğluna verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində iddiaçıya məxsus kərpicdən inşa olunmuş yarımtikili (fərdi yaşayış evi) mövcuddur. Həmin tikili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır.
8. Tikinti altı sahəsi 118 kv.m yarımtikili (fərdi yaşayış evi) mövcuddur.
9. Qeyd edilən mübahisəli tikili və altındakı torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və təyinatı üzrə istifadə edilir.
10. Bu sualın cavablandırılması səlahiyyətlərimiz çərçivəsində deyil.
11. Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı Ağaməli oğluna verilmiş 0,06 ha həyətyanı torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv varsa, həmin səhvin faktki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqları pozulmayacaq.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia həm də əsaslıdır. Belə ki, iddiaçı Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X8rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X11rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahının 2-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair müvafiq sənədlər sırasına aşağıdakılar da daxil edilmişdir: - (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (Əli-Bayramlı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarı) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair sənədlərin arxivə tam təhvil verilməməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Qeyd edilən sübutlardan inzibati orqan tərəfindən verilən imtinanın əsaslarının mövcud olmadığı müəyyən edilir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 21-3-38/2-2066/2025 nömrəli mütəxəssis rəyinə əsasən Əli Bayramlı rayon XDS-nin (XDS) İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 257 nömrəli qərarı İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin kordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi, Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi göstərildiyi, torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı, faktiki olaraq iddiaçının istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi müəyyən edilir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən 31 iyul 1990-cı il tarixli qərar iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarı ilə ilə 0,06 ha torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Həmçinin iş üzrə üçüncü şəxs qismində cəlb edilən Şirvan bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında torpaq sahəsinin iddiaçının istifadəsində olduğu, iddia tələbinə isə etiraz etmədiklərini qeyd etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən ona ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddiaçının iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin ona aid edilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər iddiaçı X1 tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı: İddia təmin edilsin. Əli Bayramlı şəhər XDS İcariyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 257 nömrəli qərarına əsasən İddiaçı ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov