Məhkəmə qərarları › İş №2-1(120)-2913/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2913/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2913/2025 24.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsevər qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydinə düzəliş edilməsi tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Astara rayon Ərçivan ərazi nümayəndəliyində tərtib edilmiş doğum haqqında xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydində doğum tarixinin xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə dəyişdirilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1989-cu ildə Astara rayonu Ərçivan qəsəbəsində doğulmuşdur. Doğumu Astara rayon Ərçivan ərazi nümayəndəliyində xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydinə əsasən qeydə alınmışdır. 1989-cu ilin aprel ayının 16-da doğulsa da, doğum haqqında aktda xx.xx.1989-cu il yazılmışdır.Sənədlərində bəzi ziddiyyətlər yaranmışdır. Belə ki, doğum haqqında akt qeydində doğum tarixi səhvən xx.xx.1989-cu il qeyd edilmişdir. Sənədlərdə olan bu ziddiyyətlərlə əlaqədar olaraq kənd ərazi nümayədəndəliyinə müraciət etmişdir, doğum haqqında şəhadətnaməsində doğum tarixi xx.xx.1989-cu ilə düzəliş olunaraq ərazi nümayəndəliyinin möhürü ilə təsdiq edilmişdir. Bundan sonra o həmin doğum haqqında şəhadətnamə əsasında bir neçə dəfə şəxsiyyət vəsiqəsi almışdır. O yeni şəhadətnamə almaq üçün Cavabdehnə müraciət etmişdir və orada müəyyən edilmişdir ki, doğum haqında akt qeydində doğum tarixi xx.xx.1989-cü il qeyd olunmuşdur. Bundan sonra doğum tarixinin xx.xx.1989-cu il tarixə düzəliş edilərək şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda onun bütün sənədlərində doğum tarixi xx.xx.1989-cu il qeyd edilmişdir. Cavabdeh onun doğum tarixində dəyişiklik etməkdən imtina etməklə hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 316-5/8-114/2025 saylı, xx.xx.2025-ci il tarixli iddia tələbinə dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, ərizəçi doğum haqqında təkrar şəhadətnamə verilməsi haqqında Cavabdehnə müraciət etmiş və müəyyən edilmişdir ki, Astara rayon Ərçivan ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş onun doğumu haqqında xx.xx.1989-cu il tarixli 91 saylı akt qeydində onun doğum tarixi “xx.xx.1989” yazılmışdır. Lakin iddiaçı doğum tarixinin onun şəxsiyyət vəsiqəsinə uyğun doğum tarixinə, yəni xx.xx.1989-cu ilə dəyişdirilməsini tələb edir. Qeydiyyat şöbəsinin arxivində şəxsin doğum tarixinin nə vaxt və hansı əsaslara görə dəyişdirilməsi haqqında hər hansı bir məlumat aşkar edilməmişdir. Odur ki, şəxsin doğumu haqqında akt qeydindəki doğum tarixinə dəyişiklik edilərək şəxsiyyət vəsiqəsində olan doğum tarixinə uyğunlaşdırılması üçün heç bir qanuni əsas olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmə qətnaməsi əsasında aparılır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İşin halları. İş materiallarında olan; İddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ildə doğulmuşdur. Astara rayonu kənd XDC İcraiyyə Komitəsi tərəfindən verilmiş XİV-ЖГ seriyalı 360776 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ( sözlə - “on altı aprel min doqquz yüz səksən doqquz” yazılmışdır) ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1989-cu ilin iyun ayının 20-ci günündə 91 № ilə qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin ata qrafasında X9, ana qrafasında X5 qeyd olunmuşdur. Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-387/2025 saylı, xx.xx.2025-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1989-cu ildə Astara rayonu, Ərçivan qəsəbəsində doğulmuşdur. Bu barədə xx.xx.1989-cu il tarixdə Astara rayon Ərçivan ərazi nümayəndəliyində 91 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası qrafasında- X9, anası qrafasında isə -X5 qeyd olunmuşdur. Məhkəmənin müvfiq sorğularına əsasən verilmiş: Astara Rayon İcra Hakimiyyəti Başçısının Ərçivan qəsəbə İnzibati Ərazi İdarəsi üzrə Nümayəndəliyinin 34 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, anasının bildirdiyinə görə qızı İddiaçı Türkiyə Respublikasında nikaha daxil olmuşdur. Hal-hazırda orada yaşayır. Məktuba əlavə olunmuş Ərçivan İnzibati Ərazi dairəsi üzrə Nümayəndəli tərəfindən verilmiş 33 saylı xx.xx.2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, 1989-cu il təvəllüdlü İddiaçı Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 04 saylı təsərrüfatbaşı kitabının 370-ci səhifəsində qeydiyyatdadır və ailə tərkibi 1960-cı il təvəllüdlü anası X5, 1992-ci il təvəllüdlü bacısı X12, 2000-ci il təvəllüdlü qardaşı X10, 2002-ci il təvəllüdlü qardaşı X6, 2005-ci il təvəllüdlü qardaşı X4 ibarətdir. Cavabdeh 316-5/8-1158/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə təqdim olunmuş 91 №-li, xx.xx.1989-cu il tarixli doğum akt qeydindən müəyyən olunur ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Səlimova, adı Esmira, ata adı Tahir, doğum ili və ayı xx.xx.1989-cu il qeyd olunmuşdur. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 3/312/2-142988/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubuna əlavə olunmuş tələbnamədə qeyd olunmuşdur ki, DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat olmadığı qeyd olunmuşdur. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38-33/2-1113/25 saylı cavab məktubunda xx.xx.1989-cu il təvəllüdlü İddiaçı dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında sonuncu dəfə çıxışı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikası qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 3-16-5/2-19461/2025 saylı, xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri xx.xx.1961-ci il təvəllüdlü X9 ilə xx.xx.1960-cı il təvəllüdlü X5 olan xx.xx.1989-cu il təvəllüdlü İddiaçı, xx.xx.1992-ci il təvəllüdlü X7 doğumu haqqında məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində valideynləri xx.xx.1961-ci il təvəllüdlü X2 ilə X5 olan xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2002-ci il təvəllüdlü X1 və xx.xx.2005-ci il təvəllüdlü X8 doğumu (İddiaçı ögey qardaşları) haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda informasiya sistemində İddiaçı nikahı və övladı haqqında məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Cavabdeh 3-16-5/8-04/2025 saylı, xx.xx.2025-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, Astara rayon Ərçivan ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğumu haqqında xx.xx.1989-cu ii tarixli 91 saylı akt qeydində doğum tarixi “xx.xx.1989” yazılmışdır. Şəxsiyyəti təsdiq edən sənəddə də doğum tarixi “xx.xx.1989" qeyd edilmişdir. Qeydiyyat şöbəsinin arxivində, eləcə də doğum haqqında akt qeydinin üzərində doğum tarixinin xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilə nə vaxt və hansı əsaslarla dəyişdiriməsi haqqında heç bir məlumat və xüsusi qeyd aşkar edilməmişdir. Təqdim edilmiş xx.xx.1089cu il tarixli XİV-JQ seriyalı 360776 №-li doğum haqqında şəhadətnamə nəzərdən keçirilərkən doğum tarixinə kənar müdaxilə olunduğu, pozuntuya yol verildiyi aşkar edilmişdir. Odur ki, sənədlər arasında ziddiyyət olduğundan və doğum haqqında akt qeydindəki doğum tarixinin dəyişdirilməsi üçün heç bir əsas olmadığından ərizəni təmin etmək mümkün olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinin tələbinə görə, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Məcəllənin 161.1-ci maddəsinin tələbinə görə vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 3-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklərin edilməsi hallarından biridir; 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsaslardan biridir. İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia ərizəsindən görünür ki, iddia tələbinin faktiki əsasını iddiaçının doğum tarixinin ( doğum günü və ayı) digər sənədlərində onun doğum haqqında akt qeydində qeyd ediləndən fərqli olaraq göstərilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1989” kimi qeyd edilsə də, iddiaçının doğum haqqında şəhadətnaməsində (16/V- 1989- on altı aprel min doqquz yüz səksən doqquz) şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1989” kimi qeyd edilmişdir. Yuxarıda qeyd edilən normaların tələbləri nəzərə alındıqda, doğum tarixinin doğum haqqında akt qeydindən fərqli olaraq qeyd edildiyi (üst-üstə düşmədiyi) sonrakı sənədlər doğum haqqında akt qeydinin dəyişdirilməsi üçün əsas verən sənədlər kimi qəbul edilə bilməz. Həmin sonrakı sənədlər ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Başqa sözlə, doğum haqqında akt qeydinə dəyişikliklər edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Məhkəmə həmçinin vurğulayır ki, doğum haqqında akt qeydinə əsasən iddiaçının doğum tarixi xx.xx.1989-cu ildir. Həmçinin iddiaçının sonradan doğum tarixinin dəyişdirilməsi ilə bağlı hər hansı akt qeydi aşkar edilməmişdir. Belə olan halda, məhkəmə bir daha qeyd edir ki, iddiaçının istinad etdiyi “sonrakı sənədlər” ilkin doğum haqqında akt qeydinin səhv olması nəticəsinə gəlməyə əsas vermir. Bununla yanaşı məhkəmə izah edir ki, iddiaçı sonrakı sənədlərdə doğum haqqında akt qeydinə uyğun olaraq dəyişikliklərin edilməsini onları verən orqanlara (təşkilatlara) müraciət etməklə həll etmək hüququ vardır. Hüquqmüəyyənedici sənədlərlə bağlı isə qeyd edilməlidir ki, iddiaçı onları verən təşkilat tərəfindən sənəddə olan səhvlər aradan qaldırılmadığı halda, hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi hüququna malikdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “doğum haqqında akt qeydində dəyişikliklərin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar