Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2946/2024 28.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 28 avqust 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunla müəyyən edilmiş yaşının çatdığı dövrdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, 25 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1963-cü ildə doğulmuşdur. 1980-ci ildən 2022-ci ilə kimi əmək stajı vardır. Bunu təsdiq edən İT-1 ******* saylı əmək kitabçası da vardır. xx.xx.1999-cu ildən xx.xx.2013-cü ilədək 14 il, 8 ay, 28 gün Biləsuvar rayon "xxxx" MMC SRF-də akkumulyator sexində texnik, yəni akkumulyatorların quraşdırılması və təmiri ilə məşğul olmuşdur. 14 il, 8 ay, 28 gün “Biləsuvar rayon "xxxx" MMC SRF-də akkkumulyator sexində texnik, yəni akkumulyatorların quraşdırılması və təmiri ilə məşğul olduğundan güzəştli iş stajı vardır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Orada araşdırma aparılarkən, işlədiyi Biləsuvar rayon "xxxx" MMC arayış verdi ki, o, həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmiri üzrə akkumulyatorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tələbindən imtina verdi. Maraqlısı budur ki, imtinada əsaslanır ki, akkumulyator sexində texnik işi akkumulyatorçu deyil? Buradan belə bir sual çıxır-akkumulyatorçu ümumiyyətlə nə olan işdir? Digər tərəfdən işlədiyi müəssisə arayış da verir ki, o, həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmiri üzrə akkumulyatorçu vəzifəsində işləmişdir. Cavabdeh təşkilatın imtinasını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. X11 tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 17-1/2-D-5874/2024 nömrəli məktubla iddiaçının güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatından imtina edilmişdir. Bundan sonra İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axınncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş); 2) azı 25 il sığorta stajı olduqda; 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan ücüncü şərtə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 novabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçular vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 fevral 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC CRF-nin arayışında xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində texnik vəzifəsində işlədiyi qeyd olunmasına baxmayaraq, İddiaçı işlədiyi texnik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İş materiallarından göründüyü kimi qanunvericiliklə tələb olunan üçüncü şərt ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsi tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Biləsuvar şəhər İHB-nın Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 096/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə İmişli şəhərində doğulmuş və yaşayış yeri Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 10A-dır. İş materiallarında olan xx.xx.1963-cü ildə doğulmuş İddiaçı adına tərtib və təsdiq olunmuş 24 fevral 1982-ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən, SHXÇÜDX Biləsuvar rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 526 nömrəli arayışından və "xxxx" X7 Biləsuvar şöbəsinin möhürü ilə təsdiq olunmuş arayışdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci illərdə (1 il 03 ay 20 gün) Puşkin (Biləsuvar) Rabitə Qovşağında növbətçi teleqrafçı, santexnik və müşayiətçi vəzifələrində, xx.xx.1982xx.xx.1982-ci illərdə (02 ay 16 gün) Puşkin (Biləsuvar) rayon təsərrüfatlararası qarajda sürücü işləmiş, xx.xx.1982-xx.xx.1984-cü illərdə (2 il 01 ay) Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1984-xx.xx.1985-ci illərdə (1 il 05 gün) Puşkin (Biləsuvar) rayon təsərrüfat hesablı birləşmiş qazanxana və istilik şəbəkələri sahəsində maşinist, ocaqçı, mühəndis-texnik və növbətçi çilingər vəzifələrində işləmiş, xx.xx.1985-xx.xx.1995-ci illərdə (9 il 05 ay 23 gün) Puşkin (Biləsuvar) və X3 elektrik montyoru və elektrik mexaniki vəzifələrində, xx.xx.1996-xx.xx.1996-cı illərdə (06 ay) Biləsuvar rayon Rabitə Qovşağında elektrik mexaniki, xx.xx.1996-xx.xx.2022-ci illərdə (26 il) əvvəlcə X1 mexanik, texnik, xx.xx.1999-xx.xx.2013-cü illərdə (14 il 08 ay 28 gün) akkumulyator sexi üzrə texnik, avtomexanik və sürücü vəzifələrində işləmiş, bu müddət ərzində hərbi xidmət dövrü də nəzərə alınmaqla 40 il 7 ay 04 gün ümumi iş stajı toplamışdır. Cavabdeh inzibati orqan istər İddiaçı ünvanladığı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-14-1/2-D-5874/2024 nömrəli məktubunda, istərsə də məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi 3 şərtdən ikisini (1. tələb olunarı yaş həddinə çatdıqda (65-5=60 yaş); 2. azı 25 il sığorta stajı olduqda;) iddiaçının yaş həddini və ümumi sığorta stajını mübahisələndirməmişdir. Tərəflər arasında mübahisə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinin 3-cü şərti (3. ümumi stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə) ilə bağlı yaranmışdır. Belə ki, İddiaçı X1 xx.xx.1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi akkumulyator sexi üzrə texnik vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatına əsas verən peşə olduğunu və həmin müddət ərzində topladığı 14 il 08 ay 28 gün iş stajının bu təyinat üçün kifayət etdiyini iddia etdiyi halda, cavabdeh inzibati orqan iş materiallarında olan, İddiaçı ünvanladığı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-14-1/2-D-5874/2024 nömrəli məktubunda və məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçu vəzifəsinin nəzərdə tutulduğunu, iddiaçının xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində işlədiyi texnik vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil səbəbindən onun güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə cavabdehin “imtinası”nın dəlilini əsassız hesab edir. Belə ki, iddiaçı X1 xx.xx.1999-xx.xx.2013-cü illərdə akkumulyator sexi üzrə texnik vəzifəsində işlədiyi 14 il 08 ay 28 gün ərzində akkumulyatorların quraşdırılması və təmiri işini yerinə yetirdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" MMC CRF-nin “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmir olunması üzrə akkumulyatorçu vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan iddiaçının xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində X1 akkumulyator sexi üzrə işlədiyi texnik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) qeyd olunmuş akkumulyatorçular vəzifəsinə uyğun olmadığını bildirsə də, bunu əsaslandırmamış, akkumulyator sexi üzrə texnikin məhz hansı işi icra etdiyini izah etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində akkumulyatorçu peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısına daxil edilmişdir və məhkəmə iddiaçının X1 xx.xx.1999xx.xx.2013-cü illərdə 14 il, 8 ay, 28 gün işlədiyi akkumulyator sexi üzrə texnik vəzifəsini (akkumulyatorların quraşdırılması və təmir olunması) yuxarıda qeyd olunan Siyahının “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş akkumulyatorçular peşəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axınncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.1963-cü il tarixdə doğulmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddinə çatmiş, 40 il 7 ay 04 gün ümumi iş stajı toplamış və bunun 14 il 8 ay 28 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir və iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, 25 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, 25 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2946/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2946/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver