Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2947/2025 18.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Cəlilabad rayon Bakı Fəhləsi adına sovxozun xx.xx.1982ci il tarixli, 28 saylı əmri ilə ona verilmiş 0,25 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “xx.xx.1982-ci il tarixdə Bakı Fəhləsi adına sovxozun 28 nömrəli əmri ilə Cəlilabad rayonu Maşlıq kəndində ona ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, qeyd edilən torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “Cəlilabad rayon Bakı Fəhləsi adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 saylı əmri ilə ona verilmiş 0,25 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cəlilabad rayonu Muğan bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il tarixdə Bakı Fəhləsi adına sovxozun 28 nömrəli əmri ilə Cəlilabad rayonu Maşlıq kəndində ona 0.25 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. 1982-ci ildən həmin ərazidə fərdi ev tikərək həmin evdə yaşayır. Qeyd edilən torpaq sahəsinə çıxarış, o cümlədən torpaq sahəsinin plan və ölçü sənədlərini əldə etmək məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmiş, ona **********18 (3-21-3-44/2-1218/2025) saylı məktubla qeyd edilən torpaq sahəsinə X13 Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə onun adına birgə mülkiyyət hüququ ilə JN-673 nömrəli torpağın mülkiyyətə verilməsi qeyd edilərək ərizəsinin icrasından imtina edilmişdir. xx.xx.1982-ci il tarixdə Bakı Fəhləsi adına sovxozun 28 №-li əmri ilə Cəlilabad rayonu Maşlıq kəndində ona 0.25 ha həyətyanı torpaq sahəsi X13 Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı ilə adına birgə mülkiyyət hüququ ilə JN- 673 nömrəli torpağın mülkiyyətə verilmiş 0.21 ha həyətyanı torpaq sahəsi ilə təxminən 300 metrlik məsafədə yerləşir və qeyd edilən torpaq sahələri ayrı ayrı torpaq sahələridir. İnzibati orqan kimi DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş imtina əsassızdır və mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. İnzibati orqanın verdiyi imtina tamamilə əsassız və qanunsuzdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi barədə sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi idarəsinə daxil olmuş məktubunuza baxılmışdır. İddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, X5 məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə “Bakı fəhləsi” adına sovxozun 28 nömrəli ilə Cəlilabad rayonu, Maşlıq kəndində ona ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsinə reyestrdən çıxarış və plan ölçü sənədinin verilməsini xahiş etmişdir. Qeyd etmək istəyirik ki, mütəxəssislər tərəfindən aparılan müayinə baxış zamanı torpaq sahəsinin bir hissəsinin 10 kvlıq yüksək gərginlikli elektrik ötürücü xəttinin mühafizə zonasinda yerləşdiyi müəyyən olunmuşdur. Bundan başqa, torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir, baza məlumatlarında bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Odur ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinə etiraz edirlər və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) Cəlilabad rayonu ərazisində yerləşdiyindən və Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-673A, KOD 80617048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Cəlilabad rayonu Maşlıq kənd sakini İddiaçı və ailə üzvləri X1, X6, X7, X8 və X11 Cəlilabad rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 06 nömrəli qərarına əsasən 0.21 hektar həyətyani torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli, 3-48- 12RA/2-V-21/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan SSR Nazirlər sovetinin xx.xx.1981-ci il tarixli 531 №-li qərarına əsasən İddiaçı 0.25.ha həyətyanı torpaq sahəsi ayrılıb verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-1218/2025 nömrəli məktubundan görünür ki, 22 yanvar 2025-ci il tarixli ********** qeydiyyat, nömrəli ərizələr ilə Cəlilabad rayonu, Maşlıq kəndində yerləşən torpaq sahəsinə çıxarış, torpaq sahəsinin planı və ölçüsü sənədini əldə etmək üçün müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Döviət Xidməti tabeliyində Daşınmaz Əmiakın Döviəı Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Təqdim olunan sənədələrə əsasən aparılan araşdırma zamanı Cəiiiaba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 06 nömrəli qərarı iiə sizin adınıza ümumi birgə hüquqi ilə JN-673 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hazırinamsı məlum olmuşdur. Bildiririk ki, “Torpaq islahatı haqqında” haqqında Azərbaycan Respublikası qanununun 10-cu maddəsinin tələbinə cavab vermir. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaciər və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qeyd olunanları nəzərə alaraq “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-41/2-21- 237/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 92-ci səhifəsində İddiaçı məxsus 0.25 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur və həmin torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir. İş materiallarında olan Cəlilabad rayonu Muğan bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 54 nömrəli arayışından görünür ki, 0.25 ha torpaq sahəsi 1982-ci ildən həqiqətən İddiaçı istifadəsindədir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin mütəxəssisi qarşısında suallar qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4506/2025 nömrəli mütəxəssis rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyindən aşağıdakılar bildirilir:
1. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında Cəlilabad rayonu Maşlıq kəndində **********98-10301 reyestr nömrəli Çıxarışla (bağışlanılma müqaviləsi əsasında) X2 qanuni istifadəsi kimi plana alınmış 0,2644 hektaradək həyətyanı torpaq sahəsinin hüdudları daxilində kompleks yerquruluşu layihəsinə, JN-673A saylı şəhadətnaməyə görə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmuş 0,21 hektar və bələdiyyə mülkiyyətinə aid 0,05 ha torpaq sahəsinin: a. yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. b. torpağın ayrılması barədə qərarın qəbul olunduğu vaxt və hazırda hüquqi statusu- 0,21 ha hissəsi xüsusi və 0,05 ha hissəsi isə bələdiyyə mülkiyyəti, kateqoriyası- yaşayış məntəqələri torpaqları, uqodiyası-tikili altında olan torpaqlar, növü-fərdi yaşayış evi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsi olduğu müəyyənləşdirildi. c. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında həyətyanı torpaq sahəsinin koordinatları sənəd üzrə naturaya uyğun qeyd edildiyi müəyyən olundu. d. faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı və Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında ərazi hüdudlarının cizgisi daxilində yerləşdiyi müəyyənləşdirildi. e. faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud olmadığı, sözügedən həyətyanı torpaq sahəsinin təyinatına uyğun X2 istifadəsində olduğu, sənəd və faktiki istifadə üzrə Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialında naturada yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları müəyyən edilərək rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. f. sözügedən həyətyanı torpaq sahəsinin təyinatına uyğun X2 istifadəsində olduğu müəyyənləşdirildi. g. 0,21 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin mövcud olduğu, bu fərdi yaşayış evinin **********98-10301 reyestr nömrəli Çıxarışla (bağışlanılma müqaviləsi əsasında) X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındığı və onun istifadə etdiyi müəyyənləşdirildi.
2. “Bakı Fəhləsi" adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia etdiyi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadı. İddiaçının faktiki istifadəsində olan iddia etdiyi 0,25 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və döngə nöqtələrinin koordinatları rəyə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir.
3. “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin qərarın qəbul olunduğu vaxt və hazırda hüquqi statusu- bələdiyyə mülkiyyəti, kateqoriyası- yaşayış məntəqələri torpaqları, uqodiyası-tikili altında olan torpaqlar, növü-torpaq sahəsi, məqsədli təyinatı-həyətyanı torpaq sahəsi olduğu müəyyənləşdirildi.
4. İddiaçının iddia etdiyi və faktiki istifadəsində olan ərazi kimi plana alınmış 0,25 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi materialına, həm də kompleks yerquruluşu layihəsinə görə bələdiyyə mülkiyyətində saxlanılmış ərazinin cizgisi daxilində yerləşmə vəziyyəti müəyyənləşdirildi. “Bakı Fəhləsi" adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia etdiyi, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin faktiki istifadə ilə sənəd üzrə vəziyyəti arasındakı uyğunsuzluğu müqayisəli tərzdə cavablandırmaq mümkün olmadı.
5. Qeyd edilən torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğu “Torpaq sahəsinin planı və ölçüsü" sənədinin olmaması səbəbindən cavablandırmaq mümkün olmamasına baxmayaraq iddiaçının iddia etdiyi, faktiki istifadəsində olan 0,25 ha torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına, həm də kompleks yerquruluşu layihəsinə görə bələdiyyə mülkiyyətində saxlanılmış ərazinin cizgisi daxilində yerləşmə vəziyyəti müəyyənləşdirildi. “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il dövrünü əhatə edən elektron baza məlumatı materialı olmadığından 5-ci sualın bu bəndi cavablandırılmadı.
6. “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində Vəliyev Rəhim Yusif oğluna ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində sanitar qovşağı tikilisinin mövcudluğu, bu torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığı və iddiaçının faktiki istifadəsində olduğu müəyyənləşdirildi.
7. “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində Vəliyev Rəhim Yusif oğluna ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə, eləcə də kompleks yerquruluşu layihəsinə, JN-673A saylı şəhadətnaməyə görə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmuş 0,21 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi müəyyən olundu.
8. Torpaqların elektron kadastr uçotu informasiya sistemi baza məlumatı materialına, həm də kompleks yerquruluşu layihəsinə görə "Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi kimi iddia və faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirildi.
Əsaslandırma hissəsi:
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddia həm də əsaslıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (əsllərini və təsdiq edilmiş surətlərini) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtinada qeyd edilən əsaslar mövcud olmamışdır və qeyd olunan hal iddiaçının mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-44/2-4506/2025 nömrəli mütəxəssis rəyinə əsasən “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində VəliyevRəhim Yusif oğluna ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsinin qərarın qəbul olunduğu vaxt və hazırda hüquqi statusu- bələdiyyə mülkiyyəti, kateqoriyası- yaşayış məntəqələri torpaqları, uqodiyası-tikili altında olan torpaqlar, növü-torpaq sahəsi, məqsədli təyinatıhəyətyanı torpaq sahəsi olduğu, iddiaçının faktiki istifadəsində olduğu, faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə, eləcə də kompleks yerquruluşu layihəsinə, JN-673A saylı şəhadətnaməyə görə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olmuş 0,21 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmədiyi, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmadığı müəyyən edilmişdir. Məhkəmə, eyni zamanda mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. “Bakı Fəhləsi” adına sovxozunun xx.xx.1982-ci il tarixli, 28 saylı əmrinə münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. İddiaçı “Bakı Fəhləsi” adına sovxozunun xx.xx.1982-ci il tarixli, 28 saylı əmrinə əsasən ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Hər hansısa bir yanlış hərəkəti nəticəsində sənədləşmə işlərində pozuntuya yol verməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməsi ilə balı cavabdehin hərəkətləri yanlış olmuşdur. Həmçinin mübahisəli torpaq sahəsi ilə bağlı 1982-ci ildən bu günə kimi mübahisə olmamışdır ki, inzibati orqan inzibati icraat apardığı zaman bu halı da nəzərə almalı idi. Məhkəmə qeyd edir ki, “Bakı Fəhləsi” adına sovxozunun xx.xx.1982-ci il tarixli, 28 saylı əmrinə əsasən İddiaçı ayrılmış 0.25 ha həyətyanı torpaq sahəsinin ilkin torpaqayırma sxemindəki yerləşmə yeri ilə faktiki vəziyyətdəki yerləşmə yeri arasında uyğunsuzluqların olması, uyğunsuzluqların faktiki vəziyyətə uyğunlaşdırılacağı təqdirdə sözügedən torpaq sahəsinin faktiki koordinatlarının mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Digər tərəfdən, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, iddiaçı “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmrinə əsasən Cəlilabad rayonu Maşlıq kəndində İddiaçı ayrılmış 0,25 ha həyətyanı torpaq sahəsi üzərində həmin daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 ildən çox müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Göründüyü kimi, iddiaçının daşınmaz əmlak, yəni 0,25 hektar həyətyanı torpaq sahəsinin ayrılmasına dair mövcud qərarı, həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu 30 ildən artıq müddətdə həyata keçirməsi və bu müddət ərzində ona dövlət, yerli özünüidarə orqanları, fiziki və hüquqi şəxslər tərəfindən etiraz edilməməsi, bununla da qanunvericiliyin tələbinə əsasən həmin əmlakın mülkiyyətçisi kimi qeydə alınmasını tələb etmə hüququnu əldə etməsi, həmçinin, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə əsasən 0,25 hektar həyətyanı torpaq sahəsinin faktiki mülkiyyətçisinə çevrilməsi cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan iddiaçının hazırki iş üzrə tələbi haqqında müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina üçün digər bir əsas torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olması ilə bağlı olmasına halı ilə bağlı məhkəmə qeyd edir ki, “Bakı Fəhləsi” adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 nömrəli əmri qəbul edilən zaman Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə institutunun formalaşmadığı müəyyən edilir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmişdir ki, qeyd edilən dövrdən sonra müvafiq AİK-larının qərarlarına əsasən müvafiq torpaq sahələri bələdiyyələrin mülkiyyətinə verilmişdir. Lakin, Belədiyyə tərəfindən bugünə kimi qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisə olmadığı, torpaq sahəsinin verilməsinə əsas olan aktın mübahisələndirilmədiyi müəyyən edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cəlilabad rayon Bakı Fəhləsi adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 saylı əmri ilə İddiaçı verilmiş 0,25 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı:
İddiaçı iddia tələbi təmin edilsin. Cəlilabad rayon Bakı Fəhləsi adına sovxozun xx.xx.1982-ci il tarixli, 28 saylı əmri ilə İddiaçı verilmiş 0,25 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Hilal Nəcəfov