Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-295/2020 06.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, cavabdeh Masallı rayon Təhsil şöbəsinin nümayəndəsi X7 (Masallı rayonu, Gəyəçöl kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs 14 saylı X8 Mərkəzinin nümayəndəsi X3 (Masallı şəhəri, Qarabağ küçəsi, ev 4, mənzil 6-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Təhsil Şöbəsinə qarşı 2008-ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********135 nömrəli fərdi hesabıma işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-2010-cu il tarixlərdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi öhdəliyinin cavabdeh Dövlət X9 Masallı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə əsl cavabdeh qismində Masallı rayon Təhsil Şöbəsinin cəlb edilməsini, Dövlət X9 Masallı rayon şöbəsinin isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini və iddia tələbinə cavabdeh Masallı rayon Təhsil Şöbəsinə qarşı 2008-ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********135 nömrəli fərdi hesabına işlənməsi öhdəliyinin cavabdeh Masallı rayon Təhsil Şöbəsinin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, uzun illər Masallı rayonunda fəaliyyət göstərmiş sovxoz və başqa idarələrdə işləmişdir. 2008-2010-cu illərdə isə Masallı rayon Təhsil şöbəsində işləmişdir. Bununla bağlı ondan həmin illər üzrə məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Lakin işlədiyi həmin illər əmək kitabçasında qeyd olunmamışdır. 2008-2010-cu illərdə Masallı rayon Təhsil şöbəsində işləməyi və bununla bağlı ondan məcburi dövlət sosial sığorta haqqıda tutulduğunu subut edən məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat kartoçkaları vardır. Lakin pensiya çıxmağı ilə bağlı mövcud sənədlərini toplayıb cavabdeh təşkilata müraciət etdiyi zaman məlum olmuşdur ki, Masallı rayon Təhsil şöbəsi 2008-2010-cu illər üzrə sığortaolunanları barədə təqdim etdiyi illik hesabatlarda (forma B3) adı sığortaolunan kimi qeyd olunmadığından 2008-2010-cu illərin onun pensiya hesablanmasından rəsmi olaraq imtina edilmişdir. Ona görə də məhkəməyə iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Masallı rayon Təhsil şöbəsinin nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, Masallı rayonu Xıl kənd sakini İddiaçı 2008-2010-cu illərə Xıl kənd tam orta məktəbində işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi ilə bağlı müraciəti araşdırılmışdır. Əvvəllər işçilərin əmək haqqından tutulan sosial sığorta ödənişləri onların sosial sığorta şəhadətnamələrinə köçürülürdü. Sonradan bu məbləğlər işçilərin fin koduna köçürülməyə başlanılmışdır. 2006-2016-cı illərdə Masallı RTŞ-nin tabeliyində olan müəssisələrdə çalışan işçilərin əmək haqlarından sosial sığorta haqları tutulmuş, lakin onların fin kodlarına köçürülməmişdir. Bununla bağlı bir neçə işçilərdə problemlər olmuşdur. İddiaçının müraciətinin araşdırılması nəticəsində iddiaçının 2009-cu və 2010-cu il tarixlərdə işlədiyi müddətdə əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin sosial sığorta şəhadətnaməsinə işlənməsi məsələsi öz həllini tapmışdır. 2008-ci il ilə bağlı isə DSMF-nin müxtəlif idarələri ilə məsələnin həlli istiqamətində yazışmalar aparılsa da, lakin məsələ öz həllini hal-hazıradək tapmamışdır. Qeyd olunanları nəzərə alaraq mübahisə üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs 14 saylı X8 Mərkəzinin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, 14 saylı X8 Mərkəzi Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2016-cı il tarixli, 259 nömrəli əmri ilə yaradılmış və xx.xx.2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli, 1180 nömrəli Fərmanına əsasən x xxxxxx 2017-ci ildən əhatə dairələrinə aid rayonlar (Masallı, Cəlilabad, Yardımlı) üzrə müvafiq müəssisələrin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin Təhsil bölməsində nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar Təhsil Nazirliyinin xx.xx.2017-ci il tarixli, 17-201/16 nömrəli məktubuna əsasən ilkin olaraq 2017-ci ildən təsdiq olunmuş xərclər smetasında nəzərdə tutulan vəsait hesabına mərkəz tərəfindən alınacaq, eləcə də Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən satın alınaraq əvəzsiz veriləcək mal-material qiymətlərin balans saxlayıcısının X8 mərkəzləri, əvvəlki illərin xərclər smetasında nəzərdə tutulan vasaitlər hesabına alınan mal-material qiymətlilər üzrə balans saxlayıcısının isə yerli təhsili idarəetmə orqanlarına, habelə 2017-ci ildən başlayaraq mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi X8 mərkəzlərinə, əvvəlki illərin mühasibat uçotunun aparılması və hesabatların aidiyyəti orqanlara təqdim edilməsi isə yerli təhsili idarəetmə orqanların səlahiyyətlərinə aid edilmişdir. Masallı rayon Təhsil şöbəsi müstəqil balansa, möhürə və ştampa sahibdir və X6 Orqanında şəxsi xəzinə hesab kitabı vardır ki, müvafiq maliyyələşmələrin xəzinə hesabındakı qalığına uyğun həyata keçirir. 2006-2016-cı illərdə aidiyyəti yerli təhsili idarəetmə orqanları tərəfindən əmək haqqından məcburi sosial sığorta haqları üzrə ödənişlərin məcburi dövlət sosial sığorta haqqında hesabata işlənilməsi ilə əlaqədar yaranmış problemlərin aradan qaldırılmasından ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti rayon Təhsil şöbələrinə sistemdə dəyişikliyi həyata keçirmək üçün yalnız onların baxa biləcəkləri gizli parol verilmiş, qeyd olunan məsələlərin həlli ilə əlaqədar köməklik göstərilməsi üçün Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət X9 əməkdaşı Emin müəllim ayrılmış və hal-hazırda həmin şifrə parol vasitəsilə Təhsil şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan dövrlər üzrə vətəndaş İddiaçı və digər işçilərin əmək haqlarından hesablamalarında müvafiq dürüstləşmələr aparılaraq sistemə yenidən daxil olunur. Qeyd olunanları nəzərə alaraq mübahisə üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Dövlət X9 Masallı rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 2008-ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********135 nömrəli fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 05283982 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Masallı rayonu, Xıl kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatından görünür ki, İddiaçı 2008-2010-cu illərdə Masallı rayon Təhsil şöbəsindən əmək haqqı almışdır. İşdə olan Dövlət X9 Masallı rayon şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli, **********6 nömrəli məktubundan görünür ki, Masallı rayon Təhsil şöbəsinin 2008, 2009, 2010cu il üzrə sığortaolunanları barədə təqdim etdiyi illik hesabatlarda (Forma B3) adı sığortaolunan kimi qeyd edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Masallı rayon Təhsil şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, 205/5 nömrəli məktubundan görünür ki, əmək haqqı və ona bərabər tutulan digər ödənişləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin X8 mərkəzləri həyata keçirir. xx.xx.2016-cı il tarixdən Masallı RTŞ-nin tabeliyində olan təhsil müəssisələrinin maliyyələşdirilməsi 14 saylı X8 Mərkəzi tərəfindən həyata keçirilir. İddiaçı 2008-2010-cu illərdə əmək haqqı alıb-almaması, əmək haqqı aldığı təqdirdə əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqının bu sahədə idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına ödənilib-ödənilməməsini məlum etməkdən ötrü 14 saylı X8 Mərkəzinə müraciət etmək məqsədəuyğundur. İşdə olan Dövlət X9 Masallı rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli, **********0 məktubundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 10 il 5 ay (2006, 2007, 2009, 2011, 2012, 2013, 2014, 2015, 2016,2017, 2018, 2019) sosial sığorta stajı və fərdi şəxsi hesabında 16502, 82 manat pensiya kapitalı vardır. Masallı rayon Təhsil şöbəsinin 2008, 2009, 2010-cu illər üzrə sığortaolunanları barədə təqdim etdiyi illik hesabatlarda (Forma B3) vətəndaşın adı qeyd olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət X9 məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, sığortaedən “Masallı rayon Təhsil şöbəsi” (SUN **********3) tərəfindən təqdim edilmiş 2008, 2010-cu illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən vətəndaş İddiaçı adı sığortaolunan kimi qeyd olunmadığı üçün məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündə qeyd olunmamış, lakin 2009-cu il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən isə vətəndaşın xeyrinə hesablanmış məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları **********135 nömrəli fərdi hesabında əks olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki,cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2008-ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd edilməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı cavabdeh Masallı rayon Təhsil Şöbəsinə qarşı 2008ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********135 nömrəli fərdi hesabına işlənməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2008-ci il tarixdə Masallı rayon Xıl kənd tam orta məktəbində işlədiyi il üzrə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığortaolunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin **********135 nömrəli fərdi hesabına işlənməsi öhdəliyi cavabdeh Masallı rayon Təhsil Şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-295/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-295/2020
06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver