Məhkəmə qərarları › İş №2-1(120)-2952/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2952/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2952/2025 09.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 03 iyul 2025-ci il tarixli Qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, SOCAR Nəqliyyat İdarəsi, 1 Texnoloji Nəqliyyat Departamentinin təmir emalatxanasında çilingər vəzifəsində çalışır. O, Səfərbərlik və Hərbi Səfərbərlik Xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, müxtəlif vaxtlarda 1 saylı təmir emalatxanasının çilingəri kimi şəxsən özü, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə rəisi X23, çilingərləri X18, X6, X19 və sürücü X5, Cəbrayıl, Şuşa, Qubadlı, Tərtər, Bərdə, Gəncə rayonlarına ezam olunmuşlar. Qarabağın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edərək, nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərmişlər. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət olunmuş, lakin iddiaçının ərizəsini qəbul etməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizəni poçt vasitəsi ilə göndərmək məcburiyyətində olmuşdur. İddiaçı dəfələrlə cavabdeh inzibat orqandan göndərdiyi ərizəyə münasibət bildirilməsini tələb etsə də, cavabdeh inzibati orqan bu günə kimi iddiaçıya rəsmi cavab verməmişdir. Cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) qanunsuz və əsassızdır. Bu iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin etirazı: Cavabdeh Müdafiə Nazirliyi tərəfindən məhkəməyə təqdim edilmiş vəsatətdə qeyd edilmişdir ki, hazırkı iddiaya baxılmasının mümkünsüz sayılmasına əsas olan amil (cavabdeh tərəfindən iddianın müraciəti üzrə rəy verilməməsi) göstərildiyindən, iddianın mahiyyətinə münasibət bildirilmir. Məlum olduğu kimi, iddianın mümkünlüyü ilə bağlı məsələyə baxılıb müvafiq akt qəbul edildikdən sonra onun mahiyyətinə münasibət bildirilməsi mümkündür. Mövcud qanunvericiliyə görə müharibə veteranı adı və vəsiqəsi müvafiq dövlət orqanlarının nəzdində yaradılan aidiyyəti komissiyaların rəyi əsasında verilir və ya verilməsindən imtina edilir. İddiaçı isə müharibə veteranı adı və vəsiqəvsinin verilməsinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın rəyini almadan komissiya tərəfindən iddiaçının müraciətinə dair yekun inzibati akt qəbul edilmədən “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azerbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçının ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə dair rəy isə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. İmtina xarakterli cavab məktubunu almadığı halda iddiaçının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə birbaşa məhkəməyə müraciət etməsi yuxarıda istinad edilən Əsasnamənin tələbinə ziddir. Əsasnamənin qeyd olunan tələbindən aşkar müəyyən olunur ki, “müharibə veteranı” adı və müvafiq vəsiqə aidiyyəti orqanın nəzdində yaradılmış komissiya (hazırkı halda Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”) tərəfindən təqdim olunan rəy əsasında verilir. Oxşar işlə bağlı məhkəmə icraatının nəticəsinə nəzər salaq: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı irəli sürdüyü “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiasına baxarkən Şirvan inzibati Məhkəməsi müəyyən etmişdir ki, iddiaçının müraciəti üzrə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən rəy (təsdiq və ya imtina xarakterli) hələ verilməmiş, yekun inzibati akt qəbul edilməmişdir (işin nömrəsi: 2-1 (120)-5019/2024). Ona görə də məhkəmənin iddiaçıya yardımetmə funksiyası əsasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı tərəfindən geri götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, “iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsini,..yoxlamalıdırlar; iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl etməsi və s.) də mövcudluğu yoxlanmalıdır; inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Odur ki, göstərilənləri nəzərə alaraq iddia ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: İlk öncə qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. “İnzibati İcraat Haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM: 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Hazırkı məcburetmə haqqında iddia növü olduğundan, İPM-in 8.1.2-ci maddəsinin təsir dairəsinə düşür. İddiaçının yaşadığı yer Astara rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən hərəkətsizlik göstərilməəklə iddiaçının müraciəti 1 ildən artıq müddət ərzində cavabsız qalmış, bundan sonra iddiaçı qanunvericinin müəyyən etdiyi müddəti gözləməklə eyni tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən də həmçinin cavabdehə tələb üzrə qərar qəbul olunması üçün kifayət qədər uzun müddət verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli ezamiyyət haqqında əmrində qeyd edilmişdir ki, Səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq baş mühəndis Tariyel Qorçiyevin xx.xx.2020-ci il tarixli 2482 saylı təqdimatını nəzərə alaraq əmr edirəm; 1.1 saylı təmir emalatxanasının mexaniki X8, elektrik avadanlıqlarının təmiri üzrə çilingəri spektrik X12, avtomobillərin təmiri üzrə çilingəri İddiaçı 08-xx.xx.2020-ci il tarixlərdə 4 (dörd) gün müddətinə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına ezam olunsunlar. Mühasibat uçotu və hesabat şöbəsinə (E.Məmmədova) tapşırılsın: 3.11 Ezamiyyə müddətində Azərbaycan Respublikası Əmək məcəlləsinin 179-cu maddəsinə əsasən orta əmək haqqı saxlanılsın və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına uyğun olaraq müvafiq xərclərin ödənilməsi təmin edilsin. 3.2. SOCAR və ANQSİHİRK-nin birgə imzaladığı 2020- 2023-cu illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 4.9 bəndini nəzərə alaraq orta əmək haqqı saxlanılan hallarda hesablanmış əmək haqqı həmin müddətdə işçinin faktiki almalı olduğu əmək haqqından az olarsa yaranmış fərqin müvafiq qaydada ödənilməsi təmin edilsin. SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinə ünvanlanan ezamiyyətə göndərilmə haqqında xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon İdarəsinin çağırışı ilə Xətai rayon idarəsində hərbi səfərbərlik dövrü istifadəsi nəzərdə tutularaq qeydiyyata alınan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələri vəziyyətlə əlaqədar olaraq münaqişə bölgələrinə ezam olunmuşdur. Ezam olunmuş avtomobil və xüsusi təyinatlılara texniki xidmət göstərilməsi məqsədi ilə 1 saylı təmir emalatxanasının mexaniki X8,1 saylı təmir emalatxanasının elektrik çilingəri X12 və 1 saylı təmir emalatxanasının çilingəri İddiaçı oglu 08-xx.xx.2020-ci il tarixlərdə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına ezam olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm. xx.xx.2020-ci il tarixli, 672 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. İddiaçı 1 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisənə yazdığı xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarında ezamiyyətdə olmuş və ona verilən bütün tapşırıqları yerinə yetirmişdir. xx.xx.2020-ci il tarixli, 702 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. İddiaçı 1 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisinə yazdığı xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarında ezamiyyətdə olmuş və ona verilən bütün tapşırıqları yerinə yetirmişdir. Oktyabr 2020-ci il tarixli ******* tabel üzrə iddiaçıya 129.00 və 163.00 manat ezamiyyət xərcləri ödənilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1998-ci ildə keçmiş Astara RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və N nömrəli hərbi hissəyə göndərilmişdir. xx.xx.1999-cu ildə Azərbaycan Respublikası MN-nin 228 nömrəli xx.xx.1999-cu il tarixli əmrinə əsasən N nömrəli hərbi hissədən ehtiyata buraxılmışdır. İddiaçı döyüşlərdə iştirakı, yaralanması, xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat yoxdur. Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş idarəsinin məhkəməyə ünvanlanladığı xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüşlər zamanı Müdafiə Nazirliyinin hərbi hissələrinə ezam olunması barədə heç bir sənəd təqdim olunmayıb və komissiya tərəfindən vətəndaşla bağlı heç bir qərar qəbul edilməmişdir. Məlumat üçün bildirir ki, vətəndaş X16 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Bakı İnzibati Məhkəməsinin qərarı komissiya tərəfindən icra edilmişdir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentindən təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə döyüş tapşırığının yerinə yetirmək məqsədilə ezam olunmasına dair məlumatların olmadığına görə xx.xx.2025-ci il tarixli iclas protokolu ilə komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. X1, X4, X14, X20 “Müharibə veteranı” statusunun verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinə sənədlər göndərilməmişdir və komissiya tərəfindən imtina qərarı qəbul edilməmişdir. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin tabeliyində olan və döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə ezamiyyətdə olması, həmçinin X15, X9, X3, X10 və X17 müharibə veteranı statuslarının olub-olmaması barədə N nömrəli hərbi hissədə heç bir rəsmi məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Maddə 1. Müharibə veteranları Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, "Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, madditexniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1 -ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X7 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə müəyyən edir ki, iddiaçı ona müharibə veteranı adının və statusunun verilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin kifayət qədər müddət keçsə də cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilməklə onun tələbi təmin edilmədən qalmışdır. İddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir və məhkəmə tərəfindən də inzibati orqana müddət verilmiş, lakin tələblə bağlı qərar qəbul edilməmişdir. Yuxarıda bəhs olunan qanunvericiliyin və normativ hüquqi aktların şərhinə keçməzdən əvvəl məhkəmə diqqətə çatdırır ki, veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsi, habelə veteran təşkilatlarının fəaliyyət sahəsini tənzimlənməsi, veteranların öz fiziki imkanlarından asılı olaraq cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsi üçün təminatları müəyyənləşdirilməsi müvafiq olaraq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1 -ci bəndinin 10-cu və 11 -ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur. Belə ki, adıçəkilən Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Həmin Əsasnamənin 1 -ci bəndinin 11 -ci abzasında isə ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1 -ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə desək həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə işin araşdırılması nəticəsində əldə edilmiş sübutlara istinad edərək qeyd edir ki, İddiaçı avtomobillərin təmiri üzrə çilingəri İddiaçı 08-xx.xx.2020-ci il tarixlərdə 4 (dörd) gün müddətinə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. Onun həmin rayonlara ezamı iş materiallarında olan SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin əmrləri və xx.xx.2020-ci il tarixli, 672 nömrəli və xx.xx.2020-ci il tarixli, 702 nömrəli ezamiyyət vəsiqələri ilə, həmçinin xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatı, ezamiyyət xərcləri barədə ödəniş cədvəli ilə öz təsdiqini tapır. Hərbi doktrina nöqteyi nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının yuxarıda qeyd olunan ərazilərdə 1 saylı təmir emalatxanasının çilingəri kimi fədakarlıqla iştirak etməsi öz əhəmiyyətinə görə döyüş tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Və özlüyündə bu döyüş əməliyyatlarının maddi-texniki təminat növünə aid edilməlidir. Göründüyü kimi, iddiaçı 08-xx.xx.2020-ci il tarixlərdə 4 (dörd) gün müddətinə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarında, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonları istiqamətində cəbhə bölgəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşün maddi-texniki təminat üzrə tapşırıqlarının yerinə yetirilməsi və fədakarlıq göstərməsi ilə bağlı mötəbər sübutlar, yəni müvafiq əmrlər, arayışlar olduğundan müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi və razılaşdırılması məqsədi ilə siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə olan halda iddiaçı iddia tələbinin təmin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətsizliyi qanunvericiliyin tələblərinə uyğun olmamış və iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilən siyahıya daxil edilməsi və razılaşdırılması məqsədi ilə siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar