Məhkəmə qərarları › İş №2-1(120)-2957/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2957/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2957/2025 12.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və 48041 manat borcun hesabından silinməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və 48041 manat borcun hesabından silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 5 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən ona məxsus obyektdə qanunvericiliyin tələbləri pozulmaqla aparılmış operativ vergi yoxlaması nəticəsində əsassız və qanunsuz olaraq 48041 manat vergi borcu hesablanmışdır. Qeyd edilən Qərarla razı deyildir, qərar tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmiş, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Tələbnamə ona xx.xx.2024-cü il tarixdə verilmiş və həmin tarixdə də onun məlumatı və iştirakı olmadan akt tərtib edilmişdir ki, guya ona götürülmüş sənədlərin surətlərinin təsdiq edilməsi təklif edilmiş və heç bir əsas göstərmədən bu təklifdən imtina etmişdir. Halbuki vergi nəzarəti tədbirində iştirakı təmin edilməmiş, onun bu aktın tərtibindən heç bir məlumatı olmamış, ona heç bir sənədin surətinin təsdiq edilməsi təklif edilməmiş, aktın hansı şəraitdə və kimlər tərəfindən tərtib edilməsi ona məlum deyildir. Həmçinin akt qanunvericiliyin tələbləri kobudcasına pozularaq tərtib edilmişdir. Qanunvericiliyin tələbinə əsasən aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. Qeyd edilən aktda isə nə aktın tərtib edildiyi yer, nə də aktın tərtib edildiyi tarix göstərilməmişdir. Həmçinin aktda adları qeyd edilən “X6” və “X3” adlı şəxslər bildirir ki, onlar heç bir aktın tərtib edilməsində iştirak etməyiblər, heç vaxt belə bir sənəd imzalamayıblar, ümumiyyətlə bütün bu proseslərdən məlumatsızdırlar. Həmin şəxslər bu faktı məhkəmədə də şahid kimi təsdiq etməyə hazırdırlar. Buradan da görünür ki,adları qeyd edilən şəxslər özlərinin məlumatı və iştirakı olmadan mıışahidəçi(hal şahidi) kimi yoxlamaya cəlb edilmişlər. Eyni zamanda 000523 saylı digər bir aktda qanun pozuntularına yol verilməklə tərtib edilmişdir. Beləki. 000523 nömrə ilə fərqli tarixlərdə iki akt tərtib edilmişdir. Bir aktda tərtib edildiyi tarix olaraq xx.xx.2024-cü il göstərilsə də, digər 000523 nömrəli aktda isə aktın tərtib edildiyi tarix olaraq xx.xx.2024-cü il göstərilmişdir. Həmçinin akt cavabdehin nümayəndəsi tərəfindən imzalanmamışdır. Bütün bu hallar bir daha onu təsdiq edir ki, hər iki akt naməlum şəraitdə və vaxtda cavabdeh təşkilatın əməkdaşları tərəfindən, aktda adları qeyd edilən şəxslərin iştirakı olmadan qanunvericiliyin tələbləri kobudcasına pozulmaqla tərtib edilmişdir. Halbuki hər hansı bir pozuntunun olması yalnız qanunvericiliyin tələblərinə riayət olunmaqla tərtib edilmiş aktla təsdiq oluna bilər. Başqa qaydada və ya formada tərtib edilmiş hər hansı akt sübut kimi qəbul oluna bilməz. Bu tələb MPM-nin 81-ci maddəsindən irəli gəlir. Həmin normaya görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq edilə bilməz. Odur ki, akt yuxarıda şərh edilən qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edildiyindən, qanunu pozmaqla əldə edilmiş sübut kimi iş üzrə hər hansı bir halın təsdiq və ya təkzib edilməsində istifadə edilə bilməz. Belə ki, MPM-nin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43.3-cü maddəsinə əsasən sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür. Lakin cavabdehin əməkdaşları tərəfindən nə zəruri sənədlərin təsdiq edilmiş surətləri götürülməmiş, bununla bağlı heç bir videoçəlişdən istifadə edilməmiş, eyni zamanda Azərbaycan respublikası Vergi Məcəlləsinin 47-ci maddəsinin tələbləri pozularaq müşahidəçilər dəvət edilməmişdir. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin-iştirakı ilə həyata keçirilir. Lakin hər hansı bir sənəd götürülməsində nə mənim, nə də nümayəndəmin iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsini, 48041 manat borcun silinməsi hesabından silinməsi vəzifəsi 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, İddiaçı cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********6124 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********6529 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi Neftçala şəhəri, Nizami küçəsində yerləşən **********-65002 kodlu "Lombard” adlı təsərrüfat obyektində "Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi” və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Qeyd edilən obyektdə xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində aparılmış operativ vergi nəzarəti zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları aşkar edilməmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, DVX seriyalı 002552 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Daha sonra qeyd edilən obyektdə Nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi üzrə vergi nəzarəti tədbiri zamanı qeyd edilən təsərrüfat obyektində "girov bileti” əsasında verilmiş kreditlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.11 -8-ci maddəsinin tələbləri pozularaq nağd şəkildə verildiyi aşkar edilmişdir və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli, DVX seriyalı 000523 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Belə ki, "Lombard”dan götürülmüş "girov bilet”lərinə əsasən vətəndaşlara 480410,0 (dörd yüz səksən min dörd yüz on) manat məbləğində kredit şəklində verilən vəsaitin nağdsız qaydada verilməli olduğu halda, nağd şəkildə verildiyi müəyyən edilmişdir. Nəticədə fərdi sahibkar İddiaçı (VÖEN: **********) 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********6124 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.11 -ci, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.11-1-ci və 50.1.11 -ci maddələrinə əsasən 48041,0 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16.1.11-1 -ci maddəisə əsasən nağdsız ödənişlərin aparılması üçün "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) "Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi orqanının vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə əsasən, vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olması operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsasdır. Vergi Məcəlləsinin 50.4-1-ci maddəsinə əsasən, bu Məcəllənin 50.1-ci maddəsi üzrə operativ vergi nəzarəti bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Qeyd edilənlərdən görtündüyü kimi, vergi orqanı operativ vergi nəzarəti zamanı cari vəziyyəti yox, 3 il və müəyyən hallarda 5 illik dövrü yoxlamaq hüququna malikdir. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1 -ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Mülki Prosessual Məcəlləsinin 76.1 -ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2024-ci il tarixli, **********6124 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən vergi ödəyicisi nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunvericilik pozulmaqla aparılan əməliyyatlara görə 48041.00 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-12/3-31685/2025 nömrəli vəsatətindən görünür ki, 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********6124 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı barədə iddia tələbi üzrə qanunvericilikə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********6124 nömrəli qərarı "Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında - bildiriş” məktubu ilə vergi ödəyicisinə elektron formada göndərilmişdir. Elektron formada xx.xx.2024-cü il saat 17:59:40da göndərilmiş məktub vergi ödəyicisinin İnternet vergi idarəsində olan şəxsi kabinetində vergi ödəyicisi tərəfindən xx.xx.2024-cü ildə saat 12:02:41-də oxunmuşdur. Məhkəməyə iddia verilməsi üçün son tarix xx.xx.2025-ci il tarixdə bitir. Lakin məhkəməyə iddia ərizəsi xx.xx.2025ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi 1 ay 15 gün müddət ərzində iddia müddəti ötürülmüşdür. Azərbaycan Resublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1 -ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eləcə də, İPM-in 24.1 -ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1 -ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətlər etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iş üzrə iddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçı tərəfindən vergi borcunun silinməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 5 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatlarından görünür ki, xx.xx.2024-cü il tarixli, **********6124 nömrəli qərar xx.xx.2024-cü il tarixdə saat 17:59:40-da göndərilmiş, xx.xx.2024-cü il tarixdə saat 12:02:41-də iddiaçı tərəfindən elektron üsulla oxunmuşdur. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-1.3-cü məddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi 5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarından xx.xx.2024-cü il tarixdə məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat vərəqəsinə əsasən qeyd edilən xx.xx.2024-ci il tarixli, **********6124 nömrəli qərarın xx.xx.2024-cü il tarixdə elektron üsulla İddiaçı elektron qutusuna göndərildiyi və iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə oxunduğu müəyyən edilir. İddia ərizəsi isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Şirvan İnzibati Məhkəməsinin 22 may 2025-ci il tarixli, 2-1(120)-2957/2025 nömrəli və 25 iyul 2025-ci il tarixli, 2-1(120)-2957/2025 nömrəli məktublarla İddiaçı hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və 48041 manat borcun hesabından silinməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “5 saylı Ərazi Vergilər İdarəsinin **********6124 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsini və 48041 manat borcun hesabından silinməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar