Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-296/2022 27.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 27 yanvar 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğumu haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 17.11.1988-ci il tarixdə Azərbaycan Respublikasının Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. Onun doğum faktı 30 noyabr 1988-ci il tarixdə 1645 saylı Aktla Cavabdeh tərəfindən qeydə alınmışdır. Doğulduğu zaman valideynləri nikahda olmadığından və atalıq da müəyyən edilmədiyindən doğum akt qeydində soyadı Boqiyan (anasının soyadı) olaraq qeyd edilmişdir. 1997-ci ilədək ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. X19 Rubenovna Rusiya Federasiyasının Ural şəhərində anadan olub, 30 dekabr 1997-ci ildə Şirvan şəhərində vəfat etmişdir. Atası (atalıq müəyyən edilməyib) X8 08.05.1955-ci il tarixdə Azərbaycan SSR-nin Şamxor rayonunda anadan olmuş, 1997-ci ilin iyul ayında vəfat etmişdir. 1997-ci ilin iyul ayında atası, bir neçə aydan sonra isə anası vəfat etmişdir. Həmin vaxt onun 9 yaşı var idi. Anası vəfat etdikdən sonra polislər onu və bacısını Şirvan şəhər Polis Şöbəsinə aparmışlar. Ordan bacısını Lənkəran şəhər O.Mirzəyev adına qarışıq tipli uşaq evinə göndərmişlər, onu isə Şirvan şəhərində yaşayan Əliyeva Sevda adlı bir qadın öz evinə aparmışdır. Təxminən 1-2 il Sevda Əliyevanın evində yaşamış, sonra onun evini tərk edərək Bakı şəhərinə getmişdir. Bakıda polislər onu tapıb “Ümid yeri” uşaq sığınacağına yerləşdirmişlər. Sonra onun doğum faktı ikinci dəfə 18 yanvar 2002-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Doğum akt qeydində valideynləri naməlum, doğum tarixi “1991-ci il” olaraq qeyd edilmiş və ona “X11” adı verilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 18 yanvar 2002-ci il tarixli 46- 14/276/16 saylı göndərişinə əsasən Bakı şəhərində yerləşən “Ümid yeri“ uşaq sığınacağı tərəfindən 19 yanvar 2002-ci il tarixdə “Şəki şəhər Qarışıq tipli Uşaq Evi’nə yerləşdirilmiş, 22 sentyabr 2007-ci il tarixə qədər orda yaşayıb və təhsil almışdır. 22 sentyabr 2007-ci ildə 2007-2008-ci tədris ili üçün Bakı şəhəri Xəzər rayonunda yerləşən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi”nin 6-cı sinfinə qəbul edilmiş, 2008-2009, 2009-2010-cu tədris illərində təkrar 6-cı sinifdə qalmış və 2010-cu ildə məktəbdən çıxarılmışdır. Faktiki olaraq isə 2008-ci ildə 2 nömrəli ümumi orta internat məktəbini tərk etmişdir. Sonradan bacısı “Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi”nə müraciət edərək doğum haqqında şəhadətnaməsini götürüb ona vermiş, lakin o sənədi naməlum şəraitdə itirmişdir. 2010-cu ildə Azərbaycan Respublikası vətəndaşı X5 ilə ailə qurmuşdur. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün arvadı ilə nikaha daxil ola bilmir. Bu münasibətdən onların 2 uşaqları doğulmuşdur. Uşaqları Azərbaycan Respublikası vətəndaşıdır. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün atalıq müəyyənləşdirilmədiyindən uşaqları ilə bağlı valideynlik hüquqlarını da həyata keçirə bilmir. X3 19 mart 1979-cu ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olub, o, Azərbaycan Respublikası vətəndaşıdır. Bacısının doğum faktı Lənkəran şəhər Nikah evi tərəfindən 24 oktyabr 1997-ci il tarixdə qeydə alınarkən o da valideynləri naməlum olan uşaq kimi qeyd olunmuş, ona X12 adı verilmiş, doğum tarixi isə 06 iyun 1988-ci il, doğum yeri isə Lənkəran şəhəri olaraq qeyd edilmişdir. Bacısı Azərbaycan Respublikası vətəndaşıdır. ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, doğulduğu andan etibarən daimi olaraq Azərbaycan Respublikasında yaşayır və heç vaxt Azərbaycan Respublikasının hüdudlarını tərk etməmişdir. Hal-hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 4 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Artıq onun 32 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüşdür. BMT QAK-ın himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Belə ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalıdır. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməmi təqdim etməlidir ki, Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi barədə icraat apara bilsin. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin oluna bilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmaq üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Onun doğum faktı 30 noyabr 1988-ci il tarixdə 1645 saylı Aktla Cavabdeh tərəfindən qeydə alındığı üçün 06 iyul 2021-ci il tarixdə Cavabdehnə müraciət edərək, “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında təkrar şəhadətnamə ilə təmin etmələrini” xahiş etmişdir. Cavabdeh ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etmiş və bu barədə ona 02.08.2021-ci il tarixli aşağıdakı məzmunlu məktubla cavab vermişdir: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci bəndinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Sizin şəxsiyyətinizi təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilir. Cavabdeh ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edərkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 9.7-ci bəndinə istinad etmişdir. Hesab edir ki, həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslərə aiddir. Onun işinin hallarından görünür ki, o, heç vaxt şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Bu, müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafıq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, onun şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən şəxsiyyət vəsiqəsinin olmaması doğum haqqında təkrar şəhadətnamənin verilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxanda qeyd edilən hallarından bəllidir ki, əslində doğum haqqında şəhadətnamə ona elə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün lazımdır. Belə ki, o, 17.11.1988-ci il tarixdə Azərbaycan Respublikasının ərazisində anadan olsa da, hazırda onun şəxsiyyət vəsiqəsi yoxdur, o uzun illərdir ki, sənədsiz yaşayır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilməlidir. Bunun üçün isə o, Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir ki, Dövlət Miqrasiya Xidməti onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat apara bilsin. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biri də, doğum haqqında şəhadətnamədir. O, isə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün doğum haqqında şəhadətnaməsini yuxarıda qeyd etdiyi səbəblərdən təqdim edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsi ilə də təmin oluna bilmir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyəti, yəni onun kim olmağı artıq Dövlət Miqrasiya Xidməti tərəfindən tanınıb. Himayə sənədi əsasında da o, Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ünvan 4 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, onun şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən BMTnin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən edib. Yuxarıda göstərilənlərdən bəlli olur ki, onun şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilib. Bununla əlaqədar olaraq digər dövlət qurumunun onun müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Cavabdeh BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmağını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onu doğum haqqında təkrar şəhadətnamə ilə təmin etməkdən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Misal üçün, X10 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim edirlər və həmin sənəd DİM tərəfindən qəbul edilir, həmin şəxslər imtahanlarda iştirak edirlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Bundan başqa, Azərbaycan Respublikası Təhsil Nazirliyi həmçinin şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Eyni zamanda, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 31 yanvar 2013-cü il tarixli, 2in(82)- 393/2013 saylı qərarı ilə iddiaçı X6 “şəxsiyyəti təsdiq edən sənəd və ailə vəziyyəti haqqında arayış tələb edilmədən (himayə sənədi əsasında) nikahının qeydə alınması vəzifəsinin Bakı Nikah Evinə həvalə edilməsi tələbinə dair” iddiasını təmin edərkən BMT QAK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Məhz həmin qərar əsasında Bakı Nikah Evi himayə sənədi əsasında şəxsin nikahını qeydə almış və bu barədə şəxsə nikah haqqında şəhadətnamə vermişdir. Həmçinin, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi özünün 2-1(81)-3450/2017 saylı, 27.07.2017-ci il tarixli qərarı ilə iddiaçı Fərmənd Əziz (Farmand Aziz) Əli oğlunun “şəxsiyyəti təsdiq edən sənəd və ailə vəziyyəti haqqında arayış tələb edilmədən (himayə sənədi əsasında) nikahının qeydə alınması vəzifəsinin Bakı Nikah evinə həvalə edilməsi tələbinə dair” iddiasını təmin edərkən BMT QAK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Məhz həmin qərar əsasında Bakı Nikah Evi himayə sənədi əsasında şəxsin nikahını qeydə almış və bu barədə şəxsə nikah haqqında şəhadətnamə vermişdir. Eyni zamanda, Gəncə İnzibati-İqtisadi Məhkəməsi özünün 14.05.2019-cu il tarixli, 2-1(083)-510/2019 saylı qərarı ilə də iddiaçı Sviridyuk (Kiçka) Ta(e)tyana Stepanovnadan “şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə DMX tərəfindən verilmiş arayış əsasında onun doğum faktının qeydə alınması barədə doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Tərtər rayon qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair” iddiasını təmin edərkən BMT QAK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Məhz həmin qərar əsasında Tərtər rayon qeydiyyat şöbəsi Sviridyuk (Kiçka) Ta(e)tyana Stepanovnadan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə DMX tərəfindən verilmiş arayış əsasında onun doğum faktının qeydə alınması barədə doğum haqqında təkrar şəhadətnamənin Ukrayna Respublikasının müvafıq qurumlarından alınaraq ona təqdim edilməsi üçün sorğu göndərmişdir. Həmçinin 2 saylı Bakı İzibati-İqtisadi Məhkəməsi iddiaçı X2 “şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə DMX tərəfindən verilmiş arayış əsasında onun doğum faktının qeydə alınması barədə doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Suraxanı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair” yekun qərar qəbul edilənədək Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən Gürcüstan Respublikasının aidiyyəti orqanlarına sorğunun göndərilməsi məqsədilə 04.11.2019-cu il tarixdə 2-1(82)- 3626/2019 saylı qərardad qəbul etmişdir. Suraxanı rayon qeydiyyat şöbəsi həmin qərardad əsasında X2 “şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınmağı barədə DMX tərəfindən verilmiş arayış əsasında onun doğum faktının qeydə alınması barədə doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi üçün sorğu göndərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 23.04.2019-cu il tarixli, 2- 1(102)-1006/2019 saylı qərarı ilə X4 “şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən ona himayə sənədi əsasında doğum haqqında təkrar şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair” kassasiya şikayətini təmin edərkən BMT QAK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Belə ki, Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki, “Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş 786-11C07050 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənədə bərabər tutur. DMX də onu himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almaqla həmin sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edib. Odur ki, hesab edir ki, onun şəxsiyyəti bəlli olduğu üçün və doğum haqqında təkrar şəhadətnamə ona onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün lazım olduğundan cavabdeh onu himayə sənədi və DMX-nin qeydiyyata dair arayışı əsasında doğum haqqında təkrar şəhadətnamə ilə təmin etməli idi. Doğum haqqında təkrar şəhadətnamənin ona verilməməsi və onun təsirləri onun üçün mənfi nəticələr doğurub və bu hal şəxsi və ailə həyatına müdaxiləyə bərabərdir. Bu hal, həmçinin şəxsiyyəti təsdiq edən sənəd olmadan yaşamağına səbəb olur ki, bu da onun vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının, o cümlədən cəmiyyətin və dövlətin siyasi həyatında iştirak etmək (Konstitusiyanın 54-cü maddəsi), dövlətin idarə olunmasında iştirak etmək (Konstitusiyanın 55-ci maddəsi), seçki (Konstitusiyanın 56-cı maddəsi), təhsil (Konstitusiyanın 42-ci maddəsi), dövlət orqanlarına müraciət etmək (Konstitusiyanın 57-ci maddəsi) və s. hüquqlarımın pozulmasına səbəb olur, nəticədə, o, Azərbaycan Respublikası vətəndaşı kimi bütün hüquqlarından, eləcə də vətəndaş kimi dövlətin himayəsindən məhrum olmuşdur. Eyni zamanda, bu hal onun “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə o, ayrı-seçkiliyin qurbanı olur. Belə ki, şəxsiyyət vəsiqəsinin olmamasına görə o, vətəndaşsızlıq halında olan şəxs vəziyyətinə düşmüş, işləmək, əmlaka sahib olmaq, nikaha daxil olmaq və ya başqa yerə getmək imkanından məhrum olmuşdur. Ona görə də, Cavabdeh ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən, himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında onu doğum haqqında şəhadətnamə ilə təmin etməli idi. İddiaçı göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğumu haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və onun vəkili X7 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və onun vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əli Bayramlı şəhər VVAQ şöbəsinin 27.10.1998-ci il tarixli arayışından görünür ki, X9 17.11.1988-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur. Bu barədə 30.11.1988-ci il tarixdə, səhifə 1645 kitabında qeydiyyatı aparılmışdır. İş materiallarında olan 02.06.2021-ci il tarixli, ***-*******7 nömrəli “Himayə Sənədi”ndən görünür ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən 02 iyun 2021-ci il tarixdə İddiaçı himayə sənədi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin 17.06.2021-ci il tarixli, 25/GA-25 saylı məktubundan görünür ki, 17.11.1988-ci il təvəllüdlü Bogiyan Valeriy (Himayə sənədi № ***-*******7) 01.06.2021-ci il tarixində Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və 01.06.2022-ci il tarixinədək ünvan 5 ünvanına aid olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Gəncə Regional Miqrasiya İdarəsinin 23.09.2021-ci il tarixli, 25/249-M saylı məktubundan görünür ki, 17.11.1988-ci il təvəllüdlü Bogiyan Valeriy Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə (BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən nümayəndəliyin məlumatları əsasında aparılır) uyğun olaraq olduğu yer üzrə qeydiyyata alınmış və şəxsin sorğusu əsasında onun olduğu yer üzrə qeydiyyatı barədə Gəncə regional miqrasiya idarəsi tərəfindən şəxsə 17.06.2021-ci il tarixli, 25/GA-25 saylı arayış verilmişdir. İş materiallarında olan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 05.11.2021-ci il tarixli, AZE/327/21 saylı məktubunda bildirilmişdir ki, Valeriy Bogiyan həqiqətən 10 sentyabr 2020-ci il tarixdən BMT QAK-ın Azərbaycan Respublikasındakı nümayəndəliyində qeydiyyatdadır. Qeydiyyat zamanı təqdim etdiyi şifahi məlumata əsasən onun adı Vahid Aliyev, təvəllüdü 17 noyabr 1988-ci il kimi qeyd edilmişdir. 15 yanvar 2021-ci il tarixdə Şəki şəhəri qarışıq tipli uşaq evi tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamənin surəti əsasında şəxsin “Vahid” adı “Valeri” adı ilə, təvəllüdü “17 noyabr 1988-ci il” tarixi “01 yanvar 1991-ci il” tarixi ilə əvəz edilmişdir. Əli Bayramlı (Şirvan) şəhəri VVAQ şöbəsi tərəfindən 27 oktyabr 1998-ci il tarixində verilmiş doğum haqqında ilkin arayış əsasında şəxsin adı İddiaçı, təvəllüdü 17 noyabr 1988-ci il tarixi ilə əvəz edilərək ona 02 iyun 2021-ci il tarixdə himayə sənədi təqdim edilmişdir. İddiaçı ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 02.08.2021-ci il tarixli, 05/15-188 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Sizin 06.07.2021-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.14-cü və 9.8-ci bəndlərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Göstərilənləri nəzərə alaraq təkrar doğum haqqında şəhadətnamənin alınması üçün şəxsiyyətinizi təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə qəbzlə birlikdə Cavabdehnə, yaşadığınız yerin qeydiyyat şöbəsinə və ya yaxınlıqda olan “Asan” xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Sizin şəxsiyyətinizi təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilir. Tələbinizlə bağlı müvafuq məhkəməyə müraciət edə bilərsiniz. İddiaçının şəxsiyyətini təsdiq edən sənədin olmaması səbəbindən ona doğum haqqında təkrar şəhadətnamənin verilməsindən cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndində doğum haqqında təkrar şəhadətnamənin şəxsiyyəti təsdiq edən sənəd kimi yalnız “şəxsiyyət vəsiqəsi” əsasında verilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Həmin Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Həmin Qaydanın 9.1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Bununla bağlı olaraq məhkəmə Ali Məhkəmənin oxşar işlər üzrə mövcud məhkəmə təcrübəsini (2-1(102)-1006/2019 saylı iş üzrə 23 aprel 2019-cu il tarixli qərar) xatırlatmağı zəruri hesab edir. Həmin qərarda da göstərildiyi kimi, iddiaçının iddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə iddiaçının təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Beləliklə, məhkəmənin qiymətləndirməsi bilavasitə Qaydalarda nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənəd” anlayışına iddiaçının istinad etdiyi sənədin aid olub-olmaması ilə aparılmalıdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Qanunvericiliyin qeyd edilən müddəalarının mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı bilavasitə “Himayə sənədi” əsasında həmin inzibati orqan tərəfindən qeydiyyata alınmışdır və bununla bağlı müvafiq sənədlərin təqdim edilməsinin mümkünlüyü barədə bildirmişdir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi, yəni şəxsiyyət vəsiqəsini nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəsiqəsinin verilməsi üçün doğum şəhadətnaməsi təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin olması cavabdeh Şirvan şəhər qeydiyyat qeydiyyat şöbəsi tərəfindən təkzib olunmadığından, həmin akt qeydinin mövcudluğu işin mübahisə olunmayan hallarına aid edilir. Belə ki, iddiaçının doğumu barədə Əli Bayramlı şəhər VVAQ orqanında tərtib olunmuş 1645 nömrəli 30.11.1988-ci il tarixli akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Göründüyü kimi, iddiaçının barəsində əvvəllər aparılmış doğum akt qeydi mövcuddur. Ona görə də, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdehndə mövcud olan 1645 nömrəli, 30 noyabr 1988-ci il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdehndə mövcud olan 1645 nömrəli, 30 noyabr 1988-ci il tarixli vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-296/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-296/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver