Məhkəmə qərarları › İş №2-1(120)-2966/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2966/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2966/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Kürdəmir rayonu Xırdapay bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarının ləğv edilərək 0,058 ha torpaq sahəsinə dair DƏDRX-i tətəfindən çıxarışın 80 kv.m ölçüdə etibarsız hesab olunması, bunun əsasında 2020-ci ilin fevral ayında bu ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Kürdəmir rayonu Xırdapay bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarının ləğv edilərək 0,058 ha torpaq sahəsinə dair DƏDRX-i tətəfindən çıxarışın 80 kv.m ölçüdə etibarsız hesab olunması, bunun əsasında 2020-ci ilin fevral ayında bu ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Kürdəmir rayonunun Xırdapay kəndi ərazisində 0,0711 ha (711 kv metr) həyətyanı torpaq sahəsi ilkin hüquqmtiəyyənedici sənədlər əsasında 2005-ci ildən onun sahibliyində olmuş, həmin ildən sözügedən həyətyanı torpaq sahəsində 4 otaqlı, 100 kv.metr ölçüdə yaşayış evi tikmiş və həmin ildən hal-hazıra kimi ailəsi ilə birgə bu evdə yaşayır. Kürdəmir rayonunun Xırdapay bələdiyyəsinin 07 aprel 2009-cu il tarixli qərarı ildə X11 onunla qonşu ərazidə 0,05 ha həyətyanı torpaq sahəsi 17 aprel 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılmış və bundan sonra o bu sahədə yaşayış evi tikmiş və anası X15 ilə yaşamışlar. Bundan sonra, yəni 2019-cu ilin əvvəllərində qonşusu X15 onun evinin arxasındakı 80 kv.metr ölçüdə olan və yol kimi istifadə olunan ərazini özbaşına zəbt etmişdir. Bu ərazidən onun evinə olan girişi bağlanmış, həmçinin bu əraziyə baxan evinin arxa tərəfindən 2005ci ildə çəkilmiş kommunikasiya xətlərinin normal istifadəsinə məhdudiyyətlər qoymuşdur. Bundan sonra müraciəti əsasında Kürdəmir rayonunun Xırdapay X1 və ona qarşı zəbt olunmuş bələdiyyə torpağından məcburi qaydada çıxarılma və həmin torpağın ətrafına mişar daşından çəkilmiş daş hasarın sökülməsi tələbi ilə Kürdəmir rayon Məhkəməsində iddia ərizəsi ilə müraciət etmişdir. Kürdəmir rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(041)-1136/2019 saylı qətnaməsilə bələdiyyənin ona qarşı olan iddiasının əsassız olduğu üçün təmin olunmamış, cavabdeh Xatirə Şirinova tərəfindən bələdiyyəyə məxsus, ona məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən torpaq sahəsini zəbt edərək, evinin divarına bitişik mişar daşından hasar çəkdiyi və ərazini öz həyətinə birləşdirərək orada giriş darvazası quraşdırdığı miiəyyən edildiyindən, cavabdeh X3 rayonunun Xırdapay Bələdiyyəsinə məxsus digər cavabdeh İddiaçı Nurəddin qızının evinin arxa hissəsində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılmasını və həmin torpaq sahəsinin ətrafında, İddiaçı evinin arxa divarına bitişik mişar daşından inşa etdiyi hasarın onun hesabına sökülməsini qəl etmişdir. Bundan sonra cavabdeh X9 nümayəndəsi və vəkili E.Quliyevin Kürdəmir rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(041)- 1136/2019 saylı qətnaməsindən verilmiş Apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılan zaman iddiaçı Kürdəmir rayonunun Xırdapay Bələdiyyəsinin sədri A.Şirinov 02 dekabr 2020-ci il tarixli 82 saylı məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək iddia tələbindən imtina etdiyini və Məhkəmə Kollegiyasından mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bunun əsas tutan Şirvan Apellyasiya Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli, 2(106)-627/2020 saylı qərardadı ilə, Kürdəmir rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli, 2(041)- 1136/2019 saylı qətnaməsi ləğv edilmiş, məlum iş üzrə icraata xitam verilmişdir. Şirvan Apellyasiya Məhkəməsində sözügedən işə baxarkən Məhkəmənin 04 mart 2020-cı il tarixli, 2(106)-627/2020 saylı qərardadı ilə mübahisəli yer üzrə Məhkəmə tikinti-texniki ekspertiza təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Məhkəmənin 30 sentyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş “AB Consulting" MMC-nin 24 iyul 2020-ci il tarixli 152/Mİ/20 №-li mütəxəssis rəyindən görünür ki, Kürdəmir rayonu, Xırda pay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarına əsasən X2 0,05 ha torpaq sahəsi hal-hazırda 0.0580 ha olmaqla X5 adına DƏDRX-i tərəfindən rəsmiləşdirilərək (2020-ci ilin fevral ayında) istifadə olunur. Mövcud vəziyyətdə torpaq sahəsi Bələdiyyə sənədindəki 80 kv.metr artıqdır. İddiaçı Nurəddın qızı, yəni onun mülkiyyətinə verilmiş 628.97 m2 torpaq sahəsinin koordinatları müəyyən edilmiş, onun mülkiyyətinə verilmiş 628.97 m2 torpaq sahəsindən artıq torpaq sahəsi istifadə etmir. Kürdəmir rayonu, Xırdapay kənd sakini X9 əvvəllər istifadə etdiyi 0,05 ha torpaq sahəsi, Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 04 saylı qərarına əsasən X2 0,05 ha torpaq sahəsi ilə eynidir. Kürdəmir rayonu Xırdapay kənd sakini X9 əvvəllər istifadə etdiyi 0,05 ha torpaq sahəsi, həmin sahəyə ümumi giriş üçün nəzərdə tutulan 80 m2 torpaq sahəsi istifadə edir. Qeyd:

1. Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 04 saylı qərarına əsasən X2 0,05 ha torpaq sahəsinin satılması o vaxtki qanunvericiliyə ziddir. 2. Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi xx.xx.2019-cu il tarixdə X11 Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 04 saylı qərarını ləğv edilərək 0.058 ha torpaq sahəsinə dair DƏDRX-i tərəfindən çıxarış almışdır. Daha sonra 2020-ci ilin fevral ayında alqı- satqı yolu ilə X5 adına keçirilmişdir. 3. Hal-hazırda faktiki mülkiyyətçi və istifadəçi olan X10, İddiaçı Nurəddin qızı, yəni onun mülkiyyətinə verilmiş 628.97 m2 torpaq sahəsindən inşa edilmiş fərdi yaşayış evinin ona tərəf olan iki divarı boyu qanunsuz sərhəd çəkərək orada yerləşən texniki qurğulardan istifadəyə maneələr yaradır. Bundan sonra Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin sədri Arif Şirinovun bu təmənnalı hərəkətindən və mövqeyindən narazı qalaraq, yenidən 0,05 ha mübahisəli torpaq sahəsinə 80 kv.metr qanunsuz yolla əlavə olunaraq cəmi 0.058 ha həyətyanı sahəyə çıxarış almış şəxs X7, üçüncü şəxs qismində DƏDRX-nin PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinə qarşı “Torpağa mülkiyyət hüququnun qeydə alınmasının qismən ləğv edilməsi, evin kommunikasiya sahəsinin girişdə olan hasarının sökülməsi tələbi barədə” Kürdəmir rayon Məhkəməsinə iddia ərizəsi vermiş, Kürdəmir rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(041)-179/2023 saylı qətnaməsi ilə torpağa mülkiyyət hüququnun qeydə alınmasının qismən ləğv edilməsi tələbinə baxılması İnzibati Məhkəməyə aid olduğundan iddia tələbinə həmin hissədə xitam verilməsilə qərardad qəbul emiş, iddianın digər hissəsi ilə cavabdeh X5 həmin mübahisəli əraziyə çıxarışı olduğuna görə təmin edilməmişdir. Tərəfindən məhkəməyə təqdim olunmuş və onlar vasitəsilə əldə etdiyi sənədlərə əsasən araşdırma zamanı məlum olmuşdur ki, Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin sədri Arif Şirinov sonradan mübahisəli 80 kv.metr giriş yolu kimi istifadə olunan ərazinin 2019-cu ilin sonlarında hərraca çıxararaq mülkiyyət hüququ alaraq və cavabdeh Bəxtiyar Məmmədova satması təmənnalı surətdə həyata keçirilmiş və hərraca çıxarılmış 80 kv.metr torpaq sahəsi də daxıl olmaqla 0.058 ha torpaq sahəsinin ilkin sənədləri saxtalaşdırılmışdır. Çünki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi xx.xx.2019-cu il tarixdə X11 Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin 07 aprel 2009-cu il tarixli, 4 saylı qərarını (0,05 ha) ləğv edərək, 0.058 ha torpaq sahəsinə dair DƏDRX-i tərəfindən çıxarış almışdır. Daha sonra 2020-ci ilin fevral ayında alqı-satqı yolu ilə X5 adma keçirilmişdir. Mübahisəli 80 kv.metr giriş yolunun Kürdəmir rayonu Xırdapay Bələdiyyəsi tərəfindən mülkiyyət hüququ əldə etmək üçün hərraca çıxarılması, həmin ərazinin alqı-satqısının həyata keçirilməsi və həmin sənədlər əsasında 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış verilməsi tamamilə və birmənalı olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara tam ziddiyyət təşkil edir. Həm bələdiyyə və həm də 16 saylı Ucar Ərazi İdarəsi 80 kv.metr torpaq sahəsinin mübahisəli olması və həmin ərazinin təyinatı müəyyən etmədən bu əraziyə mülkiyyət hüququna dair sənəd verilməsi tam ziddiyyət təşkil etdiyindən bu əraziyə verilmiş 0.058 ha çıxarış mübahisəli 80 kv.metr ərazi üzrə hissədə ləğv olunması zərurəti yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin İ-ci bəndinə əsasən. Torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin 07 aprel 2009-cu il tarixli, 4 saylı qərarının (0,05 ha) ləğv edilərək, 0.058 ha torpaq sahəsinə dair DƏDRX-i tərəfindən çıxarışın 80 kv.metr ölçüdə etibarsız hesab olunması, bunun əsasında 2020-ci ilin fevral ayında bu ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehlərə DƏDRX-nin PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin və Kürdəmir rayonunun Xırdapay Bələdiyyəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Kürdəmir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 1136/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Kürdəmir rayonu Xırdapay bələdiyyəsinin iddiası qismən təmin edilmiş, cavabdeh X3 rayonu Xırdapay Bələdiyyəsinə məxsus digər cavabdeh İddiaçı Nurəddin qızının evinin arxa hissəsində yerləşən torpaq sahəsindən məcburi qaydada çıxarılması və həmin torpaq sahəsinin ətrafına, İddiaçı evinin arxa divarına bitişik mişar daşından inşa etdiyi hasar onun hesabına sökülməsi, iddia qalan hissədə təmin edilməməsi qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Kürdəmir rayonu, Xırdapay kəndində 0.058 ha torpaq sahəsi Kürdəmir rayonu Xırdapay bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 37 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Kürdəmir rayonu Xırdapay bələdiyyəsinin Hərrac və Müsabiqə keçirilməsi barədə xx.xx.2019-cu il tarixli, 21 nömrəli qərarından çıxarışın surətində qeyd edilmişdir ki, Xırdapay bələdiyyəsinin alqı-satqı predimeti olan 580 kv.m torpaq sahəsinin həyətyanı məqsədi ilə mülkiyyətə verilməsi üçün müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınsın. Xırdapay bələdiyyəsinin alqı-satqı predimeti olan 580 kv.m torpaq sahəsinin həyətyanı məqsədi ilə mülkiyyətə üçün açıq müsabiqə keçirilsin, müsabiqədə torpaq sahəsi hər kv.m üzrə 1.17 manat, ümumi məbləğ 678.60 manat müəyyən və müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X22 və Hərrac Komissiyası arasında müqavilə bağlansın. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına və yuxarıda qeyd edilənlər əsasən iddiaçı ilə cavabdehlər arasında yaranmış mübahisə tərəflər arasında olan mülki iş ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Qanunsuz qeydiyyata alınma ilə bağlı isə məhkəmə qeyd edir ki, qeydiyyata alınma ilə bağlı hərəkətlər nümayəndəlik tərəfindən həyata keçirilmədiyindən qeydiyyatın ləğvi də nümayəndəlik tərəfindən həyata keçirilə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Belə ki, iddiaçının tələbində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsindən və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsindən “Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarının ləğv edilərək 0,058 ha torpaq sahəsinə dair DƏDRX-i tətəfindən çıxarışın 80 kv.m ölçüdə etibarsız hesab olunması, bunun əsasında 2020-ci ilin fevral ayında bu ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

1. İddia tələbinin araşdırılması zamanı, irəli sürdüyü iddia tələbi iki inzibati orqan olan ayrı-ayrı cavabdehlərə qarşı (yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinə) qaldırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər, lakin iki ayrı-ayrı cavabdeh bir inzibati iş üzrə bir icraatda baxılması inzibati prosesual qanunvericiliyin tələblərinə zidd olduğu üçün bir inzibati iş olaraq baxıla bilməz. İnzibati mübahisələr üzrə baxılan işlər üzrə tərəflərdən biri fiziki şəxs, digər tərəf isə mütləq formada (tək halda) inzibati orqan olmalıdır. Lakin iddiaçının qeyd etdiyi iddia tələbləri ayrı-ayrı mübahisə predimenti olduğu üçün, həmçinin qeyd olunan cavabdehlər fərqli olduğu üçün inzibati qaydada bir icraatda deyil ayrı-ayrı icraatlarda baxıla bilərdi. Bu formada tələblərin də bir iddiada birləşdirilməsi inzibati prosessual qanunvericiliyə əsasən mümkün sayılmır.

2. İddia tələbinin iki ayrı-ayrı hissədən ibarət olduğu və qeyd olunan tələbin ayrıayrılıqda mübahisə predimentləri əmələ gətirdiyi müəyyən olunmuşdur. Qeyd olunan tələblər ayrı-ayrı mübahisə predimenti olduğu və qeyd etdiklərini ayrı-ayrılıqda fərqli cavabdehərə qarşı yönələn inzibati tələblər olduğu üçün inzibati qaydada bir icraatda deyil ayrı-ayrı icraatlarda baxıla bilər. Belə tələblərin də bir iddiada birləşdirilməsi inzibati prosessual qanunvericiliyə əsasən mümkün sayılmır.

3. İddia tələbinin birinci hissəsində, Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarının ləğv edilərək 0,058 ha torpaq sahəsinə dair DƏDRX-i tətəfindən çıxarışın 80 kv.m ölçüdə etibarsız hesab olunması qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati aktın etibarsız sayılması, İnzibati Prossesual Məcəlləsinin 65-ci maddəsini (İnzibati aktın etibarsız sayılmasına) əsas götürülərək əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinizə çatdırılır ki, həmin Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növləri müəyyənləşdirilmişdir. Sizin bələdiyyə qərarının etibarsız sayılması barədə tələbiniz inzibati aktın etibarsızlığının tanınması (İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında iddia növünə aiddir. Nəzərinizə çatdırılır ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. Tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından həmin tələbinin əsaslandırılmasını təmin etməmişdir. Aşağıdakıları nəzərinizə çatdıraraq bildirilir: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

4. İddia tələbinin ikinci hissəsində isə 2020-ci ilin fevral ayında ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.2- ci və 33-cü maddələrinə əsasən məcburetmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.2-ci maddəsində məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müəyyən olunmuşdur. Göründüyü kimi məcburetmə növ iddia üzrə 30 günlük mübahisələndirmə müddəti ilə bağlı mümkünlük şərtinin ödənilib-ödənilməməsinin müəyyən edilməsi zərurəti yaranmışdır. Nəzərinizə çatdırırıq ki, AR İPM:nin 24.1-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir.

5. İddia tələbinin xahiş etdi hissəsində, 2020-ci ilin fevral ayında ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə bildirmək istəyir ki, qeyd olunan mübahisəli torpağın Kürdəmir rayonu, Xırdapay bələdiyyəsinin sədri X18 ilə X10 arasında xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsi bağlanıldıqdan sonra həmin torpağa çıxarış əldə olunmuşdur. Odur ki, ilk öncə həmin qeyd olunan müqavilənin məhkəmə qaydasında mübahisələndirməyiniz sizin diqqətinizə çatdırılarır. Qeyd olunan alqı-satqı müqaviləsinin mübahisələndirilməsi inzibati məhkəmə icraatında deyil rayon (şəhər) məhkəməsində qaldırılacaq mübahisədir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən iddianın inzibati məhkəmə də qaldırılmasında haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddia ərizəsi tərəflər arasında müqavilədən doğan öhdəlikdir, yuxarıda qeyd edilənlərə əsasən inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçıya bir daha izah olunur ki, onun, aidiyyət qaydalarına uyğun olaraq tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsini və ya qeyd edilən müqavilə ilə razı olduğu təqdirdə mülkiyyətində olan torpaq sahəsinə yolun bağlanacağı təqdirdə gediş-gəliş yolunun məcburi açılması barədə hüququnu pozan şəxslərdən rayon (şəhər) məhkəməsində iddia qaldırmaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iş materiallarına və yuxarıda qeyd edilənlər əsasən iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisə tərəflər arasında olan mülki iş ilə bağlıdır ki, qeyd edilən hal mülki xarakterlidir və tələbdə qeyd edilən arayış inzibati akt hesab edilmədiyindən onun tərtib olunduğu zaman inzibati orqan tərəfindən hər hansı inzibati araşdırmanın aparılması nəzərdə tutulmamışdır. Qanunsuz qeydiyyata alınma ilə bağlı isə məhkəmə qeyd edir ki, qeydiyyata alınma ilə bağlı hərəkətlər nümayəndəlik tərəfindən həyata keçirilmədiyindən qeydiyyatın ləğvi də nümayəndəlik tərəfindən həyata keçirilə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının hansı hüququnun pozulduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçı iddia ərizəsində qeydiyyata alınmanın qanunsuz yolla edildiyini bildirmişdir ki, qeyd edilən hal cinayət xarakterli olduğundan iddiaçıya həmin faktlarla bağlı əldə etdiyi sübutlarla bir yerdə cinayət təqibini həyata keçirən müvafiq orqana və qeydiyyatın ləğvi ilə bağlı isə digər müvafiq orqana müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq iddiaçıya 14 may 2024-cü il tarixli hüquqi yardım məktubu ilə yuxarıda qeyd edilən məsələlərlə bağlı hüquqi yardım göstərməsinə baxmayaraq, iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə

qərara aldı:

İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə və Kürdəmir rayonu Xırdapay bələdiyyəsinə qarşı “Kürdəmir rayonu Xırdapay Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 4 saylı qərarının ləğv edilərək 0,058 ha torpaq sahəsinə dair DƏDRX-i tətəfindən çıxarışın 80 kv.m ölçüdə etibarsız hesab olunması, bunun əsasında 2020-ci ilin fevral ayında bu ərazinin alqı-satqı yolu ilə X5 adına keçirilən sənədin və bu sənəd əsasında X5 adına verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar