Məhkəmə qərarları › İş №2-1(120)-2971/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2971/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2971/2023 04.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X6 Mərkəzi Filialının nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X6 Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 26 noyabr 1956-cı il tarixdə doğulmuşdur və 12 noyabr 2021-ci ildə 65 yaşı tamam olmuşdur. Buna görə də iddiaçıya tələbinə uyğun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdən təyin edilməlidir. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (xx.xx.1974-xx.xx.2005-ci illər) fasilələrlə ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iş materiallarında olan əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrıayrı müəssisələrdə işləmiş və xx.xx.2005-ci il tarixdə işdən azad olunması barədə qeydlər vardır. İş materiallarında olan hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1979-cu il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Füzuli rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA- 3F/2-47/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-48-DA-3F/2-57/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 1991-2005-ci illərdə işlədiyi Dizaynerlər İttifaqının Rayonlararası Xüsusi X3 rayon 4 nömrəli Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə aid sənədlər X9 filialına təhvil verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vergi ödəyicisinin uçota alınması haqqında xx.xx.2005-ci il tarixli şəhadətnamədən görünür ki, 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi ********** nömrəli VÖEN ilə qeydiyyatdan keçmişdir. İş materiallarında olan X7 Reyestrinə daxil edilməsi haqqında ******* nömrəli şəhadətnamədən görünür ki, 4 saylı Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsi Füzuli rayonu, Mobil pr, 25 ünvanında yerləşir, Azərbaycan Dizaynerlər İttifaqının tabeçiliyindədir, əsas fəaliyyəti ümumi bina tikintisidir. Təşkilatı-hüquqi forması kodu 21, indentifikasiya kodu 1907794, əsas fəaliyyətinin kodu 45211, tabeçilik kodu 4110, yerləşdiyi ərazinin kodu 60600001, mülkiyyət növünün kodu 1 olmaqla, xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyində 15/446 qeyddiyat nömrəsi ilə qeydiyyatdan keçmiş, Dövlət Statistika Komitəsi tərəfindən X7 Reyestrinə daxil edilmişdir. İş materiallarında olan hüquqi şəxsin qeydə alınması haqqında 15466 nömrəli şəhadətnamədən görünür ki, 4 №-li Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsi xx.xx.1994-cü il tarixdə qeydiyyatdan keçmiş, əsas fəaliyyət növü təmir-tikinti, santexniki, quraşdırma işləri, elektrik işlərinin aparılması, bina və qurğuların təmiridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********304500 nömrəli çıxarışdan görünür ki, 4 №-li Rayonlararası Xüsusi təmir quraşdırma idarəsi xx.xx.1994-cü il tarixdən 8 saylı Ərazi Vergilər İdarəsində qeydiyatdadır, əvvəlki qeydiyyat nömrəsi 15466, dövlət qeydiyyatı (VÖEN) **********, hüquqi ünvanı, Füzuli rayonu, Horadiz şəhəri, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarında olan xx.xx.1991-ci il tarixli əsasnamədən görünür ki, Azərbaycan Dizaynerlər İttifaqı “Dizayn” X1 Rayonlararası Xüsusi təmir quraşdırma trestinə tabe olan 4 №-li Rayonlararası İxtisaslaşdırılmış təmir quraşdırma idarəsinin əsasnaməsi xx.xx.1994cü il tarixdə 15466 nömrə ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmışdır. İş materiallarında olan Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X6 Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı yaşa görə pensiya hüququnun yarandığı tarix xx.xx.2021-ci il qeyd edilmiş, eyni zamanda tələb olunan iş stajı və sığorta kapitalı olmadığı üçün (xx.xx.1991-xx.xx.2005-ci illəri əhatə edən iş stajını yoxlamaq mümkün olmadığından) müraciət təmin edilməmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-247452/2023 nömrəli etirazında qeyd edilmişdir: iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajının (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 14 il 29 gün təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin bildiririk ki, Mərkəzi Filialın xx.xx.2023 tarixli 3-17-1/2-A-80826/2023 nömrəli məktubuna əsasən 01.01 2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək və xx.xx.2006-cı il tarixdən sonrakı dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Eyni zamanda bildiririk ki, X10 X4 (bundan sonra “Regional Filial) ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktubuna Regional Filialın xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “iş stajının yoxlanılması barədə” xidməti məktubunda vətəndaş İddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Dizaynerlər İttifaqında işlədiyi illər üzrə iş stajının doğruluğunun yoxlanılmasının həmin müəssisənin Füzuli rayonu ərazisində fəaliyyətinin olmaması, hüquqi ünvanının məlum olmaması, arxiv sənəd materiallarının mühafizə olunması üçün X9 filialına təhvil verilməməsi səbəbindən mümkün olmadığı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X6 Mərkəzi Filialının məhkəməyə göndərdiyi xx.xx.2023-cü il tarixli, 3-17-1/2-193559/2023 nöməli məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial X6 Mərkəzi Filialına daxil olmuş xx.xx.2023-cü il tarixli, 2-1(120)-2971/2023 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, İddiaçı təqdim etdiyi xx.xx.1974-cü il tarixində tərtib olunmuş əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1974-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1982-ci il tarixindən, xx.xx.1982-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrləri, 063247 nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət illəri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 29 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən iddiaçının xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün bütövlükdə mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. Bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 14 il 29 gün ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixinə aşağıdakı qaydada hesablanır: (14 il tam iş stajı x 306 manat) + (306 manat:12 ay:30 gün x 29 gün)=4 284,85 manat. Qeyd edək ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 6-1-ci, 7-ci və 10.2-ci maddələri nəzərə alınmaqla tələb olunan minimum pensiya kapitalı xx.xx.2021-ci il tarixindən 28800 manat (200 manat x144 ay=28800 manat), xx.xx.2023-cü il tarixindən 40320 manatdır (280 manat x144 ay=40320 manat). Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajına əsasən formalaşan pensiya kapitalı 10671,01 manat olmaqla qanunvericiliklə tələb olunan məbləğdən azdır. Həmçinin iddiaçının pensiya yaşına çatdığı xx.xx.2021-ci il tarixinə sığorta stajı cəmi 14 il 29 gün olmaqla qanunvericiliklə tələb olunan 25 ildən azdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-34/2-3153/01-3/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Rayonlararası Xüsusi Təmir-X3 rayon 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, təqdim olunan ******* statistik kodu ilə 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsi (əvvəlki adı 4-saylı rayonlararası ixtisaslaşdırılmış təmir quraşdırma idarəsi) 19 aprel 2002-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Füzuli rayonu üzrə qeydiyyatdadır. Qeyd olunanlarla yanaşı nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların, saxlanma müddəti göstərilməklə, sənədlərinin siyahısına uyğun olaraq, saxlanma müddəti başa çatdığından, 4 №-li Rayonlararası Xüsusi Təmir Quraşdırma İdarəsinə dair müvafiq sənədlər məhv edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci ilə kimi fasilələrlə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, o cümlədən əmək haqqı alması halı müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Yuxarıda qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə işlədiyi müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən və saxlanılmadığından iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci ilə kimi işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir . Odur ki, məhkəmə iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci ilə kimi fasilələrlə işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi müəssisənin sənədlərinin xüsusilə də əmək haqqı cədvəllərinin tam şəkildə arxivə təhvil verilməməsi və yaxud hər hansı formada aşkar edilməməsi, həmçinin məcburi sosial sığorta haqlarının ödənilməməsi səbəbindən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci ilə kimi fasilələrlə işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu, müvafiq əmirlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi, məcburi sosial sığorta haqlarının ödənilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “d” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokturanturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X6 Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X8 Hüquqi Şəxsin Sosial X6 Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar