Məhkəmə qərarları › İş №2-1(120)-2981/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2981/2023

04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2981/2023 04.12.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2022-ci il tarixdən etibarən X5 Hərbi Xidmət keçdiyim Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yerləşdiyi N saylı hərbi hissəyə öz əvvəlki xidməti vəzifəmə qaytarılmağıma dair öhdəliyin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tanınması, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin ləğv edilməsi” kimi baxılması və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi cavabdeh siyahısından çıxarılması və Müdafiə Nazirliyinin 3-cü şəxs siyahısından çıxarılması qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2000-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Mircəlalkənd kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. SHXÇDX-nin Saatlı rayon şöbəsi tərəfindən 08 yanvar 2019-cu il tarixdə müddəli həqiqi hərbi xidmətə çağırılmış və döyüş zonası olan Gədəbəy rayonu ərazisində yerlşən N saylı hərbi hissəyə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Daxili Qoşunların tərkibində olan N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Hərbi hissə döyüş zonasında yerləşirdi. Hərbi hissədə nümünəvi və nizam-intizamlı əsgər olduğu üçün dəfələrlə hərbi hissə komandirinin müvafiq əmrləri ilə mükafatlandırılmışdır. Hərbi hissədə hərbi xidməti vəzifələrini yerinə yetirən zaman 16 avqust 2019-cu il tarixdə düşmən tərəfindən açılan atəş nəticəsində «sağ kürək nahiyəsinin deşilmiş yarası (qəlpə yaralanması) xəsarəti» almışdır. Göründüyü kimi xəsarətlər Azərbaycan Respublikasının ərazi bütövlüyünün Müdafiəsi Zamanı alınmışdır. Aldığı xəsarətlə bağlı AR müdafiə nazirliyinin N saylı hərbi hissəsində, ardıncada N saylı hərbi hissənin Travmotologiya bölməsində müainə və müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq o müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra da müqavilə əsasında Daxili Qoşunların tərkibində həbi xidmətini davam etdirmək qərarına gəlmişdir. AR DİN Daxili Qoşunlarının Baş İdarəsinin rəisinin xx.xx.2020-ci il tarixli 163 saylı əmrilə X5 hərbi xidmətə qəbul edilmişdir. Komandir heyətinin üzərinə qoyduqları öhdəlikləri eləcə də əmr və göstərişləri qeyri-şərtsiz icra etmişdir. Valideyninin sağlamlığında pisləşmə və ağırlaşmanın baş verməsi səbəbindən o, Daxili Qoşunların hərbi hissə komandirinə gələcəkdə xidmətə qayıtmaqı nəzərə almaqla könüllü qaydada ərizə yazaraq qeyd olunan səbəblərdən xidmətdən xaric olunmağını xahiş etmişdir. Xeyli müddət atasının müalicəsi ilə məşğul olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək Respublikanın istənilən bölgəsində xidmət keçməklə öz əvvəlki xidmətinə qaytarılmağını xahiş etmişdir. Müraciətləri ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Rəhbərliyi tərəfindən ona xx.xx.2023-cü il xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il ,xx.xx.2023-cü il tarixlərdə eyni məzmunlu xidmətə qəbula dair imtina cavabları verilmişdir. Xidmətdən xaric olunarkən ona əmək kitabçası və Əmrin surəti təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz edilərək, göstərilmişdir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sabiq hərbi qulluqçusu, ehtiyatda olan əsgər İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə “xx.xx.2022-ci il tarixli, 218 nömrəli əmrin ləğv edilməsi” tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, SHXÇDX-nin Saatlı rayon şöbəsindən xx.xx.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, döyüş zonası olan Gədəbəy rayonu ərazisində yerləşən N saylı hərbi hissədə xidmət keçmiş, nümunəvi və nizam-intizamlı əsgər olduğu üçün dəfələrlə hərbi hissə komandirinin müvafiq əmrləri ilə mükafatlandırılmış, hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən zaman xx.xx.2019-cu il tarixdə düşmən tərəfindən açılan atəş nəticəsində “sağ kürək nahiyəsinin deşilmiş yarası (qəlpə yaralanması)” xəsarəti almış, xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı almış, aldığı xəsarətlə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində və N saylı hərbi hissənin Travmatologiya bölməsində müalicədə olmuşdur.Həmçinin iddiaçı ərizəsində bildirmişdir ki, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra müqavilə əsasında Daxili Qoşunların tərkibində hərbi xidmətini davam etdirmiş, daxili işlər nazirinin müavinidaxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli 163 №-li əmrilə X5 hərbi xidmətə qəbul edilmiş, komandir heyətinin üzərinə qoyduğu öhdəlikləri eləcədə əmr və göstərişləri qeyd-şərtsiz icra etmiş, valideyinlərinin sağlamlığında pisləşmə və ağırlaşma baş verməsi səbəbindən hərbi hissə komandirinə gələcəkdə xidmətə qayıtmağı nəzərə almaqla könüllü qaydada ərizə yazaraq qeyd olunan səbəbdən xidmətdən xaric olunmasını xahiş etmiş, atasının müalicəsi ilə məşğul olmuş, bundan sonra Daxili Qoşunların Baş İdarəsinə rəsmi ərizə ilə müraciət edərək respublikamızın istənilən bölgəsində xidmət keçməklə öz əvvəlki xidmətinə qaytarılmasını xahiş etmiş, müraciətlərinə Daxili Qoşunların Baş İdarəsinin rəhbərliyi tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə eyni məzmunlu xidmətə qəbuldan imtina cavablan verilmişdir. Eyni zamanda iddiaçı ərizəsində qeyd etmişdir ki, xidmətdən xaric olunarkən ona əmək kitabçası və əmrin surəti təqdim edilməmiş, bununla bağlı müraciət etsə də cavabdeh orqan onun xidmətdən xaric olunmasını “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinin tələbləri ilə əsaslandırmışdır.Yuxarıda qeyd olunanlardan başqa iddiaçı ərizəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin bir sıra müddəlarım şərh edərək qanunun tələblərinin onun tərəfindən pozulmamasmı, nizam-intizamlı, hərbi anda sadiq əsgər olduğunu, Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanması kimi imtiyazlı səbəblər ciddi nəzərə alınmalı olduğunu, cavabdehin qəsdən və qərəzli olaraq, eləcə də, Əsasnamənin tələblərini kobudcasına pozaraq onu əvvəlki xidmətinə qaytarmaq istəməməsi və imtina etməsini bildirərək əvvəlki xidməti vəzifəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab etmişdir və iddia təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan MAXE əsgər İddiaçı daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2020-ci il tarixli, 163 №-li əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 26-cı maddəsinə müvafiq olaraq SHXÇDX-nin Saatlı rayon şöbəsindən ehtiyatdan gəlmiş hesab edilərək N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsində götürmə qrupunun 1-ci yarımqrupunda atıcı vəzifəsinə təyin edilmişdir.Xidmət etdiyi müddət ərzində xx.xx.2021-ci il tarixdə həvalə edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tədris proqramını mənimsəmədiyinə, lazımi bilik səviyyəsinə malik olmadığına, eləcədə ümumi inspeksiya yoxlaması zamanı qeyri-kafi qiymət aldığına görə bölmə komandiri tərəfindən “Töhmət”, xx.xx.2022-ci il tarixdə Daxili Qoşunların etik davranış kodeksi barədə xx.xx.2020-ci il tarixli 231 №-li əmrin 4.12-ci maddəsinin (icra etməsi mümkün olmayacağı təqdirdə öhdəliklər, kredit, borc pul, kirayə və s. götürməməli) tələblərini zəif yerinə yetirdiyinə görə xüsusi vasitələrin tətbiqi dəstəsinin komandiri tərəfindən “Töhmət” intizam cəzaları ilə cəzalandırılmış, xidmətdə müsbət xarakterizə edilməmişdir.İddiaçı xidmət etdiyi müddət ərzində xx.xx.2022-ci il tarixdə komanda üzrə 401-5303-1112 nömrəli raportla bölmə komandirinə məruzə edərək bildirmişdir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinə görə, verilmiş intizam cəzasına etirazının olmadığını, barəsində hərbi hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin keçirilməsi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə qərar qəbul olunması barədə dəstə komandiri qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, hərbi hissə və dəstə komandanlığı tərəfindən onunla söhbət aparıldığını, aparılan söhbətlərin onun üçün heç bir təsir dairəsi kəsb etmədiyini, atası tərəfindən onun xidmətə uyğunsuzluqla ehtiyata buraxılması ilə əlaqədar razılıq ərizəsi göndərildiyini, gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatının olduğunu qeyd etmişdir.Həmçinin iddaçının atası Elşən Əhədov xx.xx.2022ci il tarixdə ərizə ilə N saylı hərbi hissə komandirinə müraciət edərək oğlunun tez bir zamanda ordu sıralardan tərxis edilməsini xahiş etmiş, Daxili Qoşunlardan və hərbi hissədən şikayətinin olmadığını bildirərək gələcəkdə oğlunun Daxili Qoşunlarda və ümumiyətlə daxili işlər orqanlarına yenidən qayıdıb xidmət edə bilməyəcəyinin izah olunduğunu və bununla razı olduğunu bildirmişdir.İddiaçı N saylı hərbi hissə komandirinin Ə769-401-22 №-li xx.xx.2022-ci il tarixli əmri ilə hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinə cəlb edilmiş, şərəf məhkəməsinin qərarına əsasən onun Daxili İşlər Nazirliyinin Q58-001-15 nömrəli xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Daxili İşlər Nazirliyinin X4 məhkəmələri haqqında Əsasnamə”nin 4.18-ci maddəsinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır.Daxili işlər nazirinin müavini-daxili qoşunların komandanının xx.xx.2022-ci il tarixli 218 №-li şəxsi heyət üzrə əmrinə əsasən, N saylı hərbi hissə komandirinin Ə792-401-22 nömrəli xx.xx.2022-ci il tarixli nizami hissə üzrə əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq hərbi qeydiyyata alınması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinə göndərilmişdir.Yuxarıda qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı xidmət müddətində onunla aparılmış fərdi və kollektiv tərbiyə işindən, dəfələrlə xəbərdarlıq edilməsindən, verilmiş intizam cəzalarından nəticə çıxartmayıb xidməti fəaliyyətində dönüş yaratmamış, ödəyə bilməyəcəyi borc öhdəliyini götürərək vətəndaşların haqlı narazılığına səbəb olmuş, Daxili Qoşunların vətəndaşlar arasında nüfuzuna xələl gətirilməsinə səbəb olduğundan hissənin gizir və MAXE hərbi qulluqçularının şərəf məhkəməsinin qərarına əsasən onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üzrə qeyd olunan əsasnamənin və digər qanunvericiliyin tələbləri pozulmamışdır.Həmçinin, iddiaçı ərizəsində komandir heyətinin üzərinə qoyduğu öhdəlikləri eləcədə əmr və göstərişləri qeyd-şərtsiz icra etdiyini, valideyinlərinin sağlamlığında pisləşmə və ağırlaşma baş verməsi səbəbindən hərbi hissə komandirinə gələcəkdə xidmətə qaytmağı nəzərə almaqla könüllü qaydada ərizə yazaraq qeyd olunan səbəbdən xidmətdən xaric olunmasını xahiş etdiyini bildirsə də məlum olmuşdur ki, o, raportla komanda üzrə müraciət edərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyinə görə, verilmiş intizam cəzasına etirazının olmadığını, barəsində hərbi hissənin gizir və MAXE hərbi qulluqçularını şərəf məhkəməsinin keçirilməsini, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə qərar qəbul olunmasını xahiş etmiş, hərbi hissə və dəstə komandanlığı tərəfindən onunla söhbət aparıldığını, aparılan söhbətlərin onun üçün heç bir təsir dairəsi kəsb etmədiyini, atası tərəfindən onun xidmətə uyğunsuzluqla ehtiyata buraxılması ilə əlaqədar razılıq ərizəsi göndərildiyini, gələcəkdə Daxili Qoşunlarda xidmətə qayıda bilməyəcəyi barədə məlumatının olduğunu qeyd etmişdir.Eyni zamanda iddiaçı ərizəsində xidmətdən xaric olunarkən ona əmrin surəti təqdim edilmədiyini bildirmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmçinin, iddiaçı hazırki iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən iddia mümkün sayılmamalıdır.Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinə riayət olunmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər.“İnzibati icraat haqqında” Qanunun 73.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 3.3-cü maddəsinə görə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər.“Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur.Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifıkasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin edilməməlidir.Göstərilənlərə əsasən, iddiaçı sabiq hərbi qulluqçu, ehtiyatda olan əsgər İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 218 nömrəli əmrin ləğv edilməsi” tələbinə dair iddiası əsassız və normativ aktların tələblərinə zidd olduğundan təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iddia tələbindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin ləğv edilməsi” barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia tələbindən aydın göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 218 ş/h saylı, xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirir. Bununla bağlı, Məhkəmə qeyd edir ki, qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Yuxarıda istinad edilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız İPM ilə müəyyən edilmiş qayda və şərtlərə uyğun verilmiş iddianın inzibati məhkəmə icraatı mümkündür Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan N saylı Hərbi hissə komandirinin 262 saylı, 22 oktyabr 2020-ci il tarixli əmrindən çıxarışdan göstərilmişdir ki, atıcı vəzifəsinə təyin olunmuş əsgər İddiaçı 22 oktyabr 2020-ci il tarixdən gəlmiş hesab edilmiş və ona vəzifələrinin icrasına başlaması tapşırılmışdır. İş materiallarında olan N saylı Hərbi hissə komandirinin Ə792-401-22 saylı, 18 noyabr 2022-ci il tarixli əmrindən çıxarışdan göstərilmişdir ki, atıcı vəzifəsinə təyin olunmuş əsgər İddiaçı 18 noyabr 2022-ci il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi 218 ş/h saylı, 18 noyabr 2022-ci il tarixli əmrindən çıxarışda göstərilmişdir ki, əsgər İddiaçı N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, X5 hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 41.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən yerinə yetirilir. -156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə iddiaçıya yardım edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrini mübahisələndirildiyini, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibatı aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırılması barədə məlumat verilmişdir. İşin hallarından müəyyən olunur ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsini “e” bəndinə (xidməti uyğunsuzluğa görə) maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmri ilə N saylı hərbi hissənin xüsusi vasitələrin tətbiqi dəstəsinin 2-ci xüsusi vasitələrin tətbiqi bölməsinin götürmə qrupunun 1-ci yarımqrupunun atıcısı vəzifəsindən azad edilib həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hal-hazırda İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrini xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirildiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əmri xx.xx.2022-ci il tarixə aiddir. Həmin əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra 1 ildən çox müddət ərzində mübahisələndirməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından aydın olur ki, İddiaçı işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir, xidmətdə olmamış, xidməti vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əmri inzibati akt hesab olunur və həmin əmrin mübahisələndirilməsinə dair iddialar xüsusi mümkünlük şərtinə - iddia verilməsi müddətinə əməl edilmədən verildikdə mümkün sayıla bilməz. Hazırkı iddia, iddia verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia verilməsi müddəti ötürülməklə verilmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 73.2. inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Maddə 73.3. inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim(elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarına əlavə edilmiş SX ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə AR SHXÇDX-nin Saatlı şöbəsində hərbi qeydiyyata alınmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi əmri yəni, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrini en geci xx.xx.2022-ci il tarixdən (xx.xx.2022-ci il tarixdə hərbi qeydiyyata alındığı vaxtdan) məlumatlı olduğundan və prosessual müddətin axımı həmin əmrin məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə ki, hazırkı iddia ərziəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Başqa sözlə İddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrindən məlumatlı olduğu vaxtdan 6 aydan çox vaxt keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən əmrin istər rəmi qaydada (poçt vasitəsi ilə), istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Hətta, iddiaçı məhkəmə iclasında şifahi qaydada xidmətdən xaric edildiyini və hərbi biletinin ona verildiyini təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı sözügedən əmrdən məlumatlı olduğu vaxtdan 6 ay vaxt keçdikdən sonra cavabdeh inzibati orqana qarşı hazırki iddianı qaldırmışdır. Halbuki, İPM- in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olubolmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyurvə məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə, iddia müddətini ötürmüşdür. Qeyd olunmalıdır ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Şərti olaraq qəbul etsək ki, mübahisəli əmrlə iddiaçı müəyyən edilmiş polis əməkdaşına yaraşmayan kobud intizam pozuntusuna yol verməmişdir, bu zaman həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 218 ş/h nömrəli əmrinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar