Məhkəmə qərarları › İş №2-1(120)-2984/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2984/2024

16.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2984/2024 16.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx N70-ci il tarixdə Astara rayonu, Pensər kəndində anadan olmuşdur. Astara rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yararlı hesab edilərək 10 may N89-cü il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.N89-cu il tarixdən xx.xx.N91-ci il tarixə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasını erməni təcavüzündən qorumaq üçün könüllü olaraq N94-cü ildə müharibəyə getmişdir. N nömrəli hərbi hissənin əsgəri olmuşdur. Belə ki, N nörməli hərbi hissənin komandrinin N may N94-cü il tarixli 131 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, bundan sonra “Seyfəli” təlim mərkəzinə ezam olunmuşdur. Müəyyən müddət təlim gördükdən sonra Ağdam istiqamətində gedən döyüş əməliyyatları bölgəsinə ezam olunmuşdur. N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında Ağdam rayonu, Təzə kənd istiqamətində gedən döyüşlərdə xx.xx.N94-cü il tarixdə mina partlayışından hər iki ayağından ağır qəlpə yarası almışdır. Döyüş əməliyyatları zonasında döyüş tapşırıqlarını yerinə yetirərkən aldığı qəlpə yaralarına görə uzun müddət xəstəxanalarda müayinə və müalicə olunmuşdur. Döyüş zamanı hər iki ayağından qəlpə yarası aldığı üçün xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixə kimi Ətraflı çoxsaylı qəlpə yarası sağ incik sümüyü defizininorta 1/3 sınığı ilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicə olunmuşdur. Ağır yaralandığına görə evə buraxılmışdır. 2016-cı ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin xx.xx.2016-cı il tarixli 5D7PUCS0001 nömrəli qərarı ilə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar “üçüncü dərəcəli əlillik” təyin edilmişdir. Həmin qərara əsasən xx.xx.2021-ci il tarixə kimi əlilliklə əlaqədar müavinət almışdır. Müharibədə iştirakı və döyüşlərdə yaralanmağı ilə əlaqədar kifayət qədər sənədlər vardır. Həmin vaxtda məsuliyyətsiz vəzifəsini bilməyən təsadüf nəticəsində kamandir təyin edilmiş şəxslərin günahı üzündən müvafiq sənədləşmə aparılmayıbdır. Burada onun günahı yoxdur. O, əsgər olmuş və verilən əmrləri yerinə yetirmişdir. Vətən qarşısında öz borcunu yerinə yetirərkən ağır yaralanmışdır. Düşünür ki, müharibə iştirakçısını və qazisini başa düşəcəksiniz. Şəhidlər və qazilər vətən yolunda canını qurban vermişlər. Təsədüf nəticəsində sağ qalmışa burda onun günahı yoxdur. Müharibə veteranı adı və müvafiq vəsiqəsini almaqdan ötrü tələb olunan sənədləri Müdafiə Nazirliyi Aparatı nəzdində veteran adlarının vəsiqələrin verilməsi üzrə Komissiyaya göndərmişdir. Kifayət qədər mötəbər sənədlər təqdim olunsada Komissiyanın xx.xx.2022-ci il tarixli qərarı ilə barəmdə müsbət qərar qəbul edilməmişdir. Qərarda qeyd edilmişdir, xx.xx.N94- dekabr N94-cü il tarixlərdən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanunu əsaslarla ehtiyata buraxılmağı barədə məlumat yoxdur. Komissiyanın gəldiyi bu nəticə ilə razı deyildir. Belə ki, iş üzrə ətraflı araşdırma aparılmamışdır. Əgər o, fərarilik edib hərbi xidmətdən boyun qaçırsaydı, yəqin ki, barəsində cinayət işi qaldırılar idi. Əfsuslar olsun ki, belə hal olmamışdır. Astara rayon hərbi komissarlığı tərəfindən Tərtər hərbi Prokurorluğundan barəsində təqsirləndirici material və ya cinayət işi olub-olmaması barədə sorğu edilmişdir. Sorğuya xx.xx.2015-ci il tarixli N H/P 5210 nömrəli məktubla cavab verilmişdir ki, barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur. Qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı, ərizəsində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N95-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsi, o cümlədən N may N94-cü il tarixdən sonra bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət almasıdır. Hərbi xidmət keçmə dedikdə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılması nəzərdə tutulur. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən aşağıda qeyd olunan zəruri şərtlərin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Şəxsin N may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması: Hərbi qulluqçunun döyüş əməliyyatları ilə əlaqədar xəsarət alması məfhumuna şəxsin bilavasitə planlaşdırılmış döyüş əməliyyatlarında iştirakı və ya Azərbaycan Respublikası ərazisinin düşmən hücumundan müdafiə edilməsi zamanı aldığı xəsarət, kontuziya və ya yaralanma nəzərdə tutulur. Qeyd olunan şərtlərin hər hansı birinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Hazırki iddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 2739 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 131 nömrəli əmri ilə şəxsi heyətin siyahısına salınmış, lakin şəxsi heyətin siyahısından çıxarılması ilə bağlı müvafiq qeydiyyat aparılmamışdır. Bundan başqa X5 Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli 12N nömrəli qərarının surətindən görünür ki, İddiaçı almış olduğu xəsarət “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) X4”. Həmçinin, etiraza əlavə ediləcək “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli, 4280 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə xx.xx.N91-xx.xx.N94-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. Beləliklə iş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.N94-cü il tarixdən sonrakı hərbi xidməti, qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmağına dair məlumat olmamışdır. Bundan başqa İddiaçı hərbi xidmətə qəbul olunduğu xx.xx.N94-cü il tarixdə N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Həmçinin İddiaçı aldığı xəsarət xidməti vəzifələrinin icrası ilə əlaqədar olmaqla, bilavasitə döyüş əməliyyatlarında iştirakı zamanı yaralanması və ya xəsarət alması müəyyən edilmir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə müsbət qərar qəbul edilməmişdir. Hörmətli məhkəmə, hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM-13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli,396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, göstərilənləri nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iştirak edir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 20N-cu il tarixli, 4 nömrəli qərarına əsasən Astara rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Astara rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan: Seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.N70-cu il tarixdə Astara rayonunun Pensər kəndində anadan olmuş, Astara rayonunun Pensər kəndində qeydiyyatdadır. xx.xx.2009-cu il tarixli, AO№ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N89-cu il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.N91-ci il tarixədə SSRİ Nazirlər Kabinetinin №121 saylı xx.xx.N91-ci il tarixli qərarı əsasında ehtiyyata buraxılmışdır. Həmçinin həmin hərbi biletdə ******* saylı hərbi bileti itdiyi üçün Astara RHK tərəfindən yeni hərbi biletin yazıldığı, Müdafiə Nazirliyinin Mərkəzi Arxiviin 15.09.08 tarixli 26/2-10080 saylı arayışında İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətinin təsdiq edilmədiyi qeyd edilmişdir. Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-S009 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq təkrar bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-6374 nömrəli arayışına əsasən xx.xx.N94-dekabr N94-cü il tarixlərdən sonrakı hərbi xidmətiniz və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-2739 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: səh-16, sıra-2) Biləsuvar RHK-dan çağırılmış, N70-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. “Seyfəli” təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, N70-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-84, sıra-40) hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməklə MİB-ə təyin olunaraq bütün növ təminatlarla təmin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin avqust N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı yaralanması, sentyabr-oktyabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar olunmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Və Reablitasiya Xidmətinin alt sistemindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Tərtər Hərbi Prokurorluğunun HP5210 nömrəli məktubunda qeyd edilmişdir ki, N70-ci il təvəllüdlü, Astara şəhər sakini İddiaçı barəsində Tərtər hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 66 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.N70-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.N89-cu ildən xx.xx.N91 -ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Aprel N94-cü ildən xx.xx.N94-cü ilədək N nömrəli hərbi hissədə xidmətdə olmuşdur. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli NHP5210saylı məktubuna əsasən heç bir təqsirləndirici material və cinayət işi olmamışdır. Səhiyyə Nazirliyi Astara Rayon Mərkəzi Xəstəxanasının Bakı Şəhəri Et Travmatologiya və Ortopediya İnstitutuna ünvanladığı xx.xx.2014-cü il tarixli göndərişində qeyd edilmişdir ki, Xəstə: Bayramov X3 diaqnozla müayinə və müalicədən ötrü göndərilir. Diaqnoz: Sol budun ön və arxa səthlərinin, sol baldırın ön və arxa səthlərinin, sağ baldırın ön və arxa səthlərinin, mina partlayışindan sonrakı iri ölçülü alt toxumalarla bitişimiş, kobud yumşaq toxuma çapıqları. Sol qamış sümüyünün qeyri-düzgün bitişmiş sınığı, xroniki osteomieliti. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasinın xx.xx.2015-ci il tarixli, 12N nömrəli qərarında qeyd edilmişdir ki, Astara RHK tərəfindən 2007-ci ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokorluğunun xx.xx.2015-ci il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş, vətəndaş X2 hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.N94- cü ildə aldığı və xx.xx.N94-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi:-diaqnoz: "Mina partlayış travmasından sonrakı vəziyyət. Odlu silahla qəlpə yaralanmasından sonra sol qamış sümüyünün yuxarı 1/3-nin, sağ incik sümüyünün orta 1/3-nin bərkiməmiş sümük döyənəyi” (Azərbaycan Respublikası SHXÇDX-nin Astara rayon şöbəsinin xx.xx.2015-ci il tarixli 1549 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 397 nömrəli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalın hərbi həkim komissiyasının xx.xx.N94-cü il tarixli protokolundan çıxarış, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Hərbi Xidmət Vəzifələrini (Xidməti Vəzifələri) X4”. Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında ( əsas: səh-16, sıra-2) Biləsuvar RHK-dan çağırılmış, N70-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N №-li əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. “Seyfəli” təlim mərkəzindən hərbi xidmətə göndərilmiş, N70-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-84, sıra-40) hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilməklə MİB-ə təyin olunaraq bütün növ təminatlarla təmin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin iyun-dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. Məktubunuzda İddiaçı xidmət keçdiyi hərbi hissənin nömrəsi və xidmət müddəti göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şəbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3kini xx.xx.N70-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən məlumat verirəm ki, o N94-cü ilin aprel ayından xx.xx.N94-cü ilədək N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı, yaralanması, ’müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətinin araşdırılması barədə məlumatlar və sənədlər yoxdur. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2015-ci il tarixli NHP5210 saylı məktubunda onun barəsində heç bir təqsirləndirici material və cinayət işinin olmaması qeyd olunmuşdur. N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cu il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı döyüş fəaliyyəti haqqında məlumatıın olmadığı üçün və döyüş yoldaşlarından heç birinin hərbi xidmətdə olmadıqlarına görə iddiaçıya köməklik göstərə bilmir. Belə ki, həmin dövr üçün sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə təhvil verilmişdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar səbəbindən beş il müddətinə (xx.xx.2021-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə N91-ci il oktyabrın 9-dan N94-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N may N94-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda o, bu barədə məhkəməyə heç bir sübut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən İddiaçı göstərilən məsələyə münasibətdə bildirmişdir ki, o, yaralanaraq travma aldığı üçün sonradan hərbi hissəyə gəlməmişdir. Qospitaldan evə getmiş və bu səbəbdən də qanuni şəkildə tərxis olunmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İnzibati Prosessual Məcəlləyə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar