Məhkəmə qərarları › İş №2-1(120)-3/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-3/2021 30.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin iddiaçının istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların qismən, torpağa mülkiyyət hüququna dair JN-153 nömrəli şəhadətnamə ilə mülkiyyətində olan pay torpağı və faktiki istifadəsində olan tikililərin altına düşən hissədə, yəni hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın 0,43 hektar, xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın 0,038 hektar, xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın 0,12 hektar və xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın 0,16 hektar hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(086)-738/2018 nömrəli qərardadı ilə X14, X17, X19 və X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(086)-308/2019 nömrəli qərardadı ilə X22, X18, X20, X21 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin iddiaçının istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(086)-308/2019 nömrəli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin bir neçə ay bundan öncə Masallı Rayon Məhkəməsində ona qarşı qaldırdıqları tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsindən çıxarılma barədə iddialarından sonra məlum olmuşdur ki, onlara məxsus pay torpaqlarına dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlar tərtib edilərkən həmin Çıxarışlar qismən istifadəsində olan olan torpaqlar sahələrinin yerləşdiyi əraziyə tərtib edilmişdir. Belə ki, həmin işdə olan rəydə Nəriman Cabbarovun torpağının 0,43 hektarı, Əhliman Cabbarovun torpağının 0,038 hektarı, Sevda Cabarovanm torpağıınn 0,12 hektarı, Südabə Cabbarovanın torpağının 0,16 hektarının tərəfindən dəmir çəpərlə bərkidilərək orada iki ədəd fərdi yaşayış evi və yarımçıq tikili inşa edilməsi göstərilmişdir. Halbuki çəpərə aldığı torpaq sahəsi özünün pay torpağı, tikililər isə islahatdan əvvəl tikilmiş evlərdir. Yəni evlərin altı pay torpağına düşə bilməzdi. Əgər çəpərə aldığı ərazi üçüncü şəxslərin pay torpağıdırsa, onda özünün pay torpağı hara yoxa çıxır. Doğrudan da çəpərinin içərisində olan torpaq özünün deyil, üçüncü şəxslərin pay torpağıdırsa, 1999-cu ildən bəri 18 il müddət ərzində hansı səbəbdən həmin torpağın tələbi ilə bağlı müraciət etməmişlər. Üçüncü şəxslərin bu illər ərzində faktiki istifadə etdikləri torpaq sahələri kimə məxsusdur. Bütün bunların bir cavabı vardır. Əslində üçüncü şəxslərin faktiki pay torpaqları tamamilə başqa ərazidə olmaqla özlərinin istifadəsindədir. Yalnız həmin pay torpaqlarına dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata- alınarkən torpağa dair sənədlərinin cizgiləri düzgün tərtib edilməmiş, özlərinin pay torpaqlarına deyıl, onun pay torpağına və islahatdan əvvəl tikilmiş evlərin altına tərtib edilmişdir. Bu isə təbii ki, onun hüquqlarının pozulmasını göstərir. Bu qanunsuzluq barədə isə yalnız Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli məktubu ilə ekspert rəyi və mübahisəli sənədlərin surətlərini əldə etdikdən sonra bilmişdir. Qanunvericiliyin tələbinə əsasən sözügedən torpaq sahəsi faktiki istifadəsində olmaqla hələ islahatdan əvvəl orada fərdi yaşayış evləri inşa etdiyindən hətta özbaşına tutmuş olsaydı belə həmin torpaq mülkiyyətinə verilməli idi. Lakin qeyd olunan torpaq heç vaxt nə qanuni, nə də ki, faktiki istifadə etməyən şəxslərin adına olan Çıxarışlarda əsassız olaraq onların mülkiyyəti kimi göstərilmişdir. Bundan əlavə həmin ərazilərdə hələ sovxoz dövründə evlər inşa edildiyindən islahat zamanı verilən pay torpaqları isə Torpaq islahatı haqqında qanunvericiliyin tələblərinə əsasən sovxozun balansında olan əkinə yararlı torpaqları əhatə etdiyindən həmin ərazilər pay torpağına daxil ola bilməzdi. Bundan başqa pay torpaqları kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmişdir. Qeyd olunan torpaqlarda isə əvvəllər tikililər mövcud olmaqla həmin ərazilər əkinə yararsızdır. Torpaq islahatı haqqında qanunvericiliyin tələblərinə əsasən isə belə torpaqlar pay torpağı kimi verilə bilməzdi. Çəpərinin içərisində olan digər torpaqlar isə özünün pay torpağıdır. Həmin Torpağa dair Şəhadətnaməsi ləğv edilmədiyi halda üçüncü şəxslərin adlarına həmin torpaqlara Çıxarışların tərtib edilməsi isə qanunvericiliyin və hüquqlarının pozuntusudur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, X5 və onun ailə üzvlərinin adına Masallı rayonu, Xanalion kəndində yerləşən 0,95 ha torpaq sahəsinə torpağa mükiyyət hüququna dair JN-0053 nömrəli dövlət aktı əsasında Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən 02 may 15-ci il tarixli, **********64 reyestr nömrəli çıxarış verilmişdir. X10 adına Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha torpaq sahəsinə torpağa mükiyyət hüququna dair JN-0057 nömrəli dövlət əsasında Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2015-ci il tarixli, **********62 reyestr nömrəli çıxarış verilmişdir. X11 adına Masallı rayonu, Xanalion kəndində yerləşən 0,19 ha torpaq sahəsinə torpağa mükiyyət hüququna dair JN-0058 nömrəli dövlət əsasında Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2015-ci il tarixli, **********65 reyestr nömrəli çıxarış verilmişdir X1 adına Masallı rayonu, Xanalion kəndində əşən 0,19 ha torpaq sahəsinə torpağa mükiyyət hüququna dair JN-0056 nömrəli dövlət əsasında Xidmətin 8 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx xxx 2015-ci il tarixli, **********63 reyestr nömrəli çıxarış verilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.1-ci maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsiri altına düşür. Daşınmaz əmlak isə Masallı rayonu ərazisində yerləşir. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası"nın təsdiq edilməsi barədə xx xxxxxx 2019-cu il tarixli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin onun istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan torpağa mülkiyyət hüququna dair JN-153 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 1,49 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan Masallı rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Masallı rayonu Sığdaş kənd inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların 27-ci sırasında 8 nəfərdən ibarət ailə tərkibində İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0056 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında X1 mülkiyyətinə 0,19 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0058 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında X11 mülkiyyətinə 0,19 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0057 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında X6 mülkiyyətinə 0,19 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-0053 (kod ********) nömrəli dövlət aktının surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı əsasında X2 və ailə üzvləri X15, X7, X12, X13 və X3 mülkiyyətinə 0,95 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 0,95 hektar əkin torpaq sahəsi X2 və ailə üzvləri X15, X7, X12, X13 və X3 ümumi birgə xüsusi mülkiyyətindədir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 0,19 hektar əkin torpaq sahəsi X6 xüsusi mülkiyyətindədir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 0,19 hektar əkin torpaq sahəsi X11 xüsusi mülkiyyətindədir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Xanalion kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından olan 0,19 hektar əkin torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir. İşdə olan Masallı rayonu, Sığdaş bələdiyyəsinin xx.xx.2017-ci il tarixli, 12 nömrəli məktubunun təsdiq edilmiş surətində qeyd olunmuşdur ki, İddiaçı çəpərə aldığı torpağın bir qismi, yəni 0,15 hektar və 1995-ci ildə tikdiyi fərdi yaşayış evini bələdiyyə mülkiyyətində tikməsinə baxmayaraq bələdiyyə tərəfindən ona heç bir sənəd verilməmişdir. İşdə olan Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd olunmuşdur ki, X2, X6, X11 və X1 adlarına sənədləşmə işi qanuna müvafiq aparıldığı üçün daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarının ləğv edilməsinin Xidmətin 8 saylı ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İşdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 382 nömrəli ekspert rəyində və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2516 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153A saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilmişdir. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilmiş plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. 153A planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. X2 və onun ailə üzvləri X17, X19, X1 mülkiyyətlərində olan, 0,95 ha, 0,19 ha, 0,19 ha, 0,19 ha torpaq sahələrinə verilən Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında müvafiq olaraq RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarış sənədlərinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri təqdim edilmədiyindən qeyd olunan torpaq sahələrinin çıxarış əsasında cizgilərinin müvafiq olaraq JN-0053, JN-0057, JN-0058 və JN-0056 saylı Dövlət Aktlarında göstərilən plana uyğun tərtib edilibedilməməsini müəyyənləşdirmək mümkün olmamışdır. Eləcə də bu torpaq sahələri ilə iddiaçının mülkiyyətində olan JN-153 saylı Dövlət Aktında qeyd olunan 1,49 ha torpaq sahəsi ilə üst-üstə düşməsini araşdırmaq mümkün olmamışdır. Qeyd: cavabdehlərin mülkiyyətində olan torpaq sahələrininin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən, dövlət aktlarının qeyd olunduğu islahat xəritə materialına, Kompleks Yerquruluşu sənədlərinə əsasən JN-153 saylı Dövlət Aktının 153A planşetinə uyğun 0,3828 ha torpaq sahəsinin, JN-0053 saylı Dövlət Aktının 0,95 ha torpaq sahəsinin, JN- 0057 saylı Dövlət Aktının 0,19 ha torpaq sahəsinin, JN-0058 saylı Dövlət Aktının 0,19 ha torpaq sahəsinin, JN-0056 saylı Dövlət Aktının 0,19 ha torpaq sahəsinin planı əsasında natura üzrə koordinatları müəyyənləşdirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının: 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 139-1.1.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.4-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 516 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin edilməsi Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Qeyd edildiyi kimi, bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 1997-ci il tarixli 11 nömrəli qərarı ilə həm iddiaçıya, həm də üçüncü şəxslərə pay torpaq sahələri və müvafiq olaraq torpağa mülkiyyət hüququna dair dövlət aktları verilmişdir. Daha sonra isə üçüncü şəxslərə dövlət aktlarına əsasən hazırda iddaçı tərəfindən mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı isə yeni çıxarış almasa da, torpağa dair mülkiyyət hüququnu təsdiq edən JN 1xx xxx 80519028 saylı dövlət aktı hüquq müəyyənedici sənəd kimi qüvvədədir. Beləliklə, aqrar islahat nəticəsində həm iddiaçıya, həm də üçüncü şəxslərə pay torpaq sahələri mülkiyyətə verilmişdir. İddiaçının hazırkı tələbinin əsasında o hal durur ki, onun qənaətinə görə üçüncü şəxslərə məxsus pay torpaqlarına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilərkən həmin çıxarışlar qismən onun istifadəsində olan torpaq sahələrinin yerləşdiyi əraziyə tərtib olunmuşdur. İddiaçı bildirir ki, əslində üçüncü şəxslərin faktiki pay torpaqları 6 tamamilə başqa ərazidə olmaqla özlərinin istifadəsindədir. Yalnız həmin pay torpaqlarına dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən torpağa dair sənədlərin çizgiləri düzgün tərtib edilməmiş, özlərinin pay torpaqlarına deyil, onun pay torpağına və islahatdan əvvəl tikilmiş evlərin altına tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin iddiaçının istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsini tələb etsə də, o, mülkiyyətinə verilmiş JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153A saylı planında göstərilən 0,3828 ha torpaq sahəsindən deyil, faktiki olaraq başqa koordinatlarda yerləşən torpaq sahəsindən istifadə edir. Başqa sözlə, iddiaçı sənəd üzrə torpaq sahəsindən düzgün istifadə etmədiyi halda, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydlərin ləğv edilməsini xahiş edir. İş materiallarındakı mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan 1,49 ha torpaq sahəsinin JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153A saylı planında göstərilən 0,3828 ha torpaq sahəsinin plan üzrə naturada koordinatları müəyyənləşdirilmişdir. Qeyd olunan 0,3828 ha torpaq sahəsinin koordinatları və coğrafi yerləşmə mövqeyi Autocad və ArcMap proqramları vasitəsilə tərtib edilmiş plan-sxem və ortofotoplanda aydın şəkildə göstərilmişdir. 153A planşet üzrə koordinatları müəyyən edilmiş 0,3828 ha torpaq sahəsinin konturu ilə iddiaçı tərəfindən ekspertiza baxışına göstərilmiş iddiaçı tərəfindən faktiki istifadə olunan torpaq sahəsinin konturu ilə coğrafi yerləşməsi üst-üstə düşmür. Мəhkəmə iş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 382 nömrəli və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/2516 nömrəli ekspert rəylərini mötəbər sübut kimi qəbul edir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı inzibati işdəki üçüncü şəxslərlə İddiaçı arasında olan mülki mübahisə ilə əlaqədar Masallı rayon Məhkəməsinin müvafiq qərardadı ilə ekspertiza təyin olunmuşdur. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 4962 nömrəli ekspert rəyinin surətində qeyd edilmişdir ki, Masallı rayon Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən X2 iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən, iddiaçılar X5 JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, X10 torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,038 hektarı, X16 JN-0058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,12 hektarı, X4 JN-0056 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0,16 hektarı cavabdeh İddiaçı tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə etdiyi müəyyən olunur. Həmin ərazidə kənar ölçüləri 11,5m x 11,6m, 9,0m x 12,2m olan iki fərdi yaşayış evi və 8,7m x 11,2m ölçüdə olan yarımçıq tikili inşa olunduğu müəyyən olunur. Göründüyü kimi İddiaçı üçüncü şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələrindən istifadə etməsi xx.xx.2017-ci il tarixli, 4962 nömrəli ekspert rəyi ilə təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, əgər iddiaçı mülkiyyətinə verilmiş JN-153 saylı, “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının 153A saylı planında göstərilən torpaq sahəsinin koordinatlarının düzgün tərtib edilmədiyini guman edirsə, bu zaman onun hüquqi marağı cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin plan-cizgisinin (koordinatlarının) tərtib edilməsi ilə bağlı hərəkətlərinin mübahisələndirilməsini tələb edir. Yuxarıda qeyd olunanları, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsində deyilir ki, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X32 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxslərin mülkiyyətində olan torpaqlara dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin iddiaçının istifadəsində olan torpaq sahəsi və tikililərlə üst-üstə düşən hissədə ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən prosessual xərclər İddiaçı tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 300 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Sahil filialı, kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Benefisiarın hesabı: AZ64AİİB400900C**********208, Müxbir hesab: AZ37NABZ********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar