Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-301/2020 13.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə qarşı «yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı yaşa görə əmək pensiyaçısıdır. Onun 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X2 iş stajı pensiya təyin edilərkən sığorta stajı kimi nəzərə alınmamışdır. İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 13 noyabr 2019cu il tarixli, **********8 nömrəli imtina məktubu verilərək, pensiyanın yenidən hesablanmasından imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X2 iş stajının sığortastajı kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X2 iş stajının cavabdeh tərəfindən pensiya təyin edilərkən sığorta stajı kimi nəzərə alınmaması qanunsuz olmuşdur. Həmin illərdəki sığorta stajı nəzərə alınmaqla, onun pensiyası yenidən hesablanmalıdır. İddiaçı şifahi məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X1 rayon şöbəsi iddiaçının 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X3 işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçının pensiyasını yenidən hesablamaqdan imtina etmişdir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, Azərbaycan Dəmir Yolları QSC X4 xx.xx.2019-cu il tarixli, 18 nömrəli arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Dəmir Yolları QSC X4 əmrlərinə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Hacıqabul rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Hacıqabul rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı əmək pensiyasının məbləğinin yenidən hesablanması hüququna malikdir. Belə ki, iddiaçının 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X3 işləməsiAzərbaycan Dəmir Yolları QSC X4 xx.xx.2019-cu il tarixli, 18 nömrəli arayışı və məhkəmənin sorgusu əsasında Azərbaycan Dəmir Yolları QSC X5 tərəfindən təqdim edilmiş 1978-1991-ci illərdə əmrlərdən çıxarışlar ilə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 26.3-1-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X3 işləməsinə dair qeydləri olan xx.xx.2019-cu il tarixli, 18 nömrəli arayışı) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X3 işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçının əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas deyildir. İddiaçı 1978-ci il tarixdən 1991-ci il tarixədək Azərbaycan Dəmir Yolları QSC X3 işləməsiilə bağlı əmək stajı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 1978-ci il tarixdən 1991-ci il tarixədək(xx.xx.2019-cu il tarixli, 18 nömrəli arayışda qeyd olunan iş illəri) Azərbaycan Dəmir Yolları QSC X3 işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial X1 rayon şöbəsinə həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-301/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-301/2020
13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver