Məhkəmə qərarları › İş №2-1(120)-301/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-301/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-301/2022 26.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “27.04.2020-ci il tarixli, **********99244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına və iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinə 26 may 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi X7 barəsində qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 aprel 2020-ci il tarixli, **********199244 nömrəli qərarının onun 40037,41 manat məbləğində əlavə dəyər vergisi üzrə məsuliyyətinə cəlb edilməyinə dair hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 8 saylı Ərazi Vergilər İdarəsinin 07 noyabr 2019-cu il tarixli, **********192974 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əasən sözügedən İdarənin səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli vergi müfəttişi X5 və X3 tərəfindən müvafiq dayandırmalar və uzadılmalarla birlikdə 08.11.2019-cu il tarixdən 30.03.2020-ci il tarixinədək ixtisaslaşdırılmamış mağazalarda və sair məhsulların pərakəndə satışını həyata keçirdiyi ünvan 2i ünvanında yerləşən Ticarət obyektində 1-ci rüb 2016, 3-cü rüb 2019-cu illər üzrə sadələşdirilmiş, 2016-2018-ci illər üzrə əmlak, yanvar 2016-sentyabr 2019-cı il illər üzrə aksiz, 2016-2018-ci illər üzrə torpaq, may 2019-sentyabr 2019-cu illər üzrə əlavə dəyər vergisi, 1-ci rüb 2016-sentyabr 2019-cu illər üzrə ödəmə mənbəyində tutulan vergi, yanvar 2016-sentyabr 2019-cu illər üzrə mədən vergisi və 2016-2018-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsinin (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və həmin yoxlamanın nəticəsinə dair 30.03.2020-ci il tarixində **********193160 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib olunmuşdur. Yuxarıda sözügedən Akta istinadən cavabdeh vergi orqanının rəisi, baş vergi xidməti müşaviri Zaur Adilovun “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********199244 nömrəli, 22.04.2020-ci il tarixli qərarı ilə vergi məsuliyyətinə cəlb edilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, barəsində qəbul olunmuş qərar 40037,41 manat məbləğində ƏDV üzrə məsuliyyətə cəlb edilməyi hissəsində məhkəmə qaydasında ləğv edilməlidir. İlk öncə qeyd edir ki, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə səyyar vergi yoxlamasının aparıldığı dövrdə cəzaşəkmə müəssisəsində olmuş və bu səbəbdən də yoxlamada iştirak edə bilməmişdir. Fərdi sahibkarlıq fəaliyyəti ilə əlaqədar yuxarıda göstərilən 30.03.2020-ci il tarixli Aktın və 22.04.2020-ci il tarixli qərarın mövcudluğundan bu ilin avqust ayının ortalarında xəbər tutmuş və bununla əlaqədar olaraq tərəfindən 17.08.2021-ci il tarixdə cavabdeh vergi orqanına rəsmi ərizə ilə müraciət olunmuşdur. Qeyd olunan müraciətinə əsasən cavabdeh vergi orqanının rəisi Zaur Adilovun “sənədlərin göndərilməsi barədə” 18.08.2021-ci il tarixli, **********603700 №-li məktubuna qoşma ilə fərdi sahibkarlıq fəaliyyətilə əlaqədar tərtib olunmuş Akt və qərar poçt vasitəsilə ünvanına göndərilmiş, həmin sənədlər 02.09.2021-ci il tarixdə ünvanına daxil olmuşdur. Yuxarıda istinad olunan bu xüsusatlara əsasən hesab edir ki, tərəfindən məhkəməyə müraciət edilməsi üçün qanunla müəyyən edilən iddia ilə bağlı müddət ötürülməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən obyektiv səbəbdən iştirakının təmin edilmədiyi vergi yoxlaması üzrə cavabdeh vegi orqanının yoxlayıcıları tərəfindən fərdi sahibkarlıq fəaliyyəti üzrə tərtib olunmuş 30.03.2020-ci il tarixli “səyyar vergi yoxlaması”na dair aktda göstərilmişdir ki, səyyar vergi yoxlamasına təqdim olunmuş ilkin mühasibat sənədləri ilə Vegilər Nazirliyinin baza məlumatlarında olan məlumatların, nəzarət kassa aparatının fiskal yaddaşı və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan araşdırmalar zamanı fərdi sahibkar kimi baza məlumatlarımda faktiki məlumatlar arasında fərq aşkarlanmışdır. Eyni zamanda sözügedən aktda göstərilmişdir ki, yoxlanılan dövr üzrə onun vaxtı ötmüş deponent və kreditor borcu olmamışdır (bax aktın 1.8-ci bəndi). Daha sonra sözügedən aktın ”vergi ödəyicisinin əmlakının inventarizasiyası” adlandırılan 1.9.2-ci bəndində göstərilmişdir ki, yaranmış zərurətlə əlaqədar İdarənin 15.01.2020-ci il tarixli, **********196240 saylı “səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” qərarına əsasən aparılan mal qalığının inventarizasiyası nəticəsində guya 222.430,04 manat əksik gəlmə aşkar edilmiş və bu barədə 27.01.2020-ci il tarixində inventarizasiya aktı tərtib edilmişdir. Qeyd edir ki, hazırkı vaxtadək həmin inventarizasiya aktı ona təqdim olunmamışdır. Heç bir hüquqi və faktiki əsası olmayan inventarizasiya aktına istinad edən vergi orqanının yoxlamaları vergi yoxlaması aktında göstərmişlər ki, inventarizasiya ilə əksik gəlmiş 222.430,04 manat (o cümlədən sadələşdirilmiş vergi dövründə alınmış 173.505,29 manat) dəyərində mal alış dəyəri ilə yoxlamanın sonuncu ayının, yəni 2019-cu ilin sentyabr ayının satış dövriyyəsinə aid edilməklə vergiyə cəlb edildi. Daha sonra yoxlayıcılar səyyar vergi yoxlaması haqqında aktda tərəfindən 2019-cu ilin may-sentyabr ayları üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi üzrə 51.821,84 manat məbləğində əməliyyat aparıldığına, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə 8327,83 manat ƏDV məbləğinin hesablandığına, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 8806,46 manat olduğuna, büdcəyə ödənilməli ƏDV məbləğinin 1875,96 manat hesablandığının göstərildiyinə istinad etmişlər. Beləliklə də, vergi orqanının yoxlayıcıları yoxlama ilə 2019cu ilin may-sentyabr ayları üzrə tərəfindən malların təqdim edilməsi üzrə 274.251,88 manat (o cümlədən inventarizasiya nəticəsində əksik gəlmiş 224.430,04 manat) məbləğində əməliyyat aparıldığına, Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcəsi ilə 49365,34 manat ƏDV məbləğinin hesablandığına, əvəzləşməvə əsas verən sənədlərdə ƏDV məbləğinin 8846,46 manat olduğunun nəzərə alınaraq büdcəyə ödənilməli ƏDV məbləğinin 40558,88 manat hesablanmalı olduğunun müəyyən edildiyinə istinad edərək yoxlama ilə 2019-cu ilin may-sentyabr ayları üzrə ƏDV-nin hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətdə guya 40037,41 manat azaldılmasının aşkar edildiyini göstərmişlər. Hesab edir ki, vergi orqanının gəldiyi bu nəticə əsassız və qanunsuz olmaqla, yalnız vergi orqanının əməkdaşlarının subyektiv və formal mülahizələrinə əsaslanır. Yuxarıda göstərilən xüsuatlarla yanaşı qeyd etməyi zəruri hesab edir ki, vergi yoxlaması ilə ticarət sahəsində salıbkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin MDSS haqqının hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbəti 2018-ci ilin İV rübü üzrə 97,5 manat. 2019-cu ili İİ rübü üzrə 162,0 manat, hesabat təqdim etməməklə isə 2019-cu ilin İİİ rübü üzrə 183,0 manat olmaqla, ümumilikdə 345,0 manat azaldılmasının müəyyən edildiyi də göstərilmişdir ki, tərəfindən bu hissədə hesablanmış 345,0 manat məbləğində azaldılmanı hazırkı iddia ilə mübahisələndirir. Nəzərə çatdırmağı zəruri hesab edir ki, səyyar vergi yoxlaması aktının 1.11-ci bəndində mühasibat uçotunun memorial-order formasında apardığı, mühasibat sənədlərinin Maliyyə Nazirliyi tərəfindən təqdim edilmiş ciddi uçot blanklarından və elektron qaimə-fakturalarından istifadə etməklə aparıldığı, gəlirinin kassa metoduna görə formalaşdığı, maliyyə təsərrüfat fəaliyyətini əks etdirdiyi bəyannamələrin yoxlama gününədək tərəfindən vergi orqanına vaxtında təqdim edildiyi də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hisəsinin tələbinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiyanın 68-ci maddəsinin İ hissəsinin tələbinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsini, ödənilməsini və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin, vergi qanunvericiliyinə görə məsuliyyəti dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.7-3.8-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Sözügedən Məcəllənin 3.11-ci maddəsinin tələbinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. İstinad edilən Məcəllənin 94.0.1-ci maddəsinin tələbinə görə vergi ödəyicisinin hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi orqanının üzərinə düşür. Qeyd etməyi zəruri hesab edir ki, tərəfindən 2019cu ilin may-sentyabr ayları üzrə əlavə dəyər vergisinin hesabatında göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 40037,41 manat azaldılmasına yol verilməmişdir. Həmin məbləğin azaldılmasının iddia olunması vergi orqanının subyektiv və formal mülahizələri əsasında, müəyyən edilməklə bu hal onun iştirakı olmadan tərtib edilmiş 27.01.2020-ci il tarixli inventarizasiya aktına əsaslanır ki, bu inventarizasiya nəticəsində malların 222430,04 manat məbləğində əksik göstərilməsini sübut etmək vəzifəsi cavabdeh vergi orqanının üzərinə düşür. Diqqətə çatdırır ki, barəsində qəbul olunan 22.04.2020-ci il tarixli qərar yalnız yuxarıda sözügedən aktda göstərilənlərlə əsaslandırılmışdır. Eyni zamanda qeyd edir ki, vergi orqanının vəzifəli şəxsinin 14.12.2020-ci il tarixli qərarı ilə əsassız olaraq hesablanmış 40037,41 manat ƏDV-yə görə tətbiq edilən maliyyə sanksiyası həmin qərarla silinmişdir. Yuxarıda sadalanan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən hesab edir ki, vergi ödəyicisi kimi cavabdeh vergi orqanının vəzifəli şəxsi tərəfindən barəsində qəbul olunan “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 aprel 2020-ci il tarixli, **********199244 №-li qərar 40037,41 manat məbləğində ƏDV-nin hesablanması hissəsində ləğv edilməlidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsi iddiaya qarşı etirazını bildirmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbini əsassız hesab edirlər. Belə ki, 8 saylı Ərazi Vergilər idarəsi Azərbaycan Respubilkasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 19.10.2019-cu il tarixli, ********* nömrəli müraciəti ilə əlaqədar Vergilər Nazirliyinin 04.11.2019-cu il tarixli **********388900 saylı məktubu və Vergi Məcəlləsinin 38.3.6-cı maddəsi əsasında 07.11.2019-cu il tarixli, **********192974 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında ” qərar ilə İddiaçı səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın aparılması İdarənin Səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş X5 və dövlət vergi müfəttişi, 2-ci dərəcəli müfəttiş X1 tapşırılmışdır.Yoxlamanın nəticəsi 30.03.2020-ci il tarixli, **********193160 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində yoxlama ilə əhatə olunan dövr üzrə 27.04.2020-ci il tarixli, **********199244 nömrəli qərar əsasında 61014,87 manat əlavə vergi hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə İddiaçı faktiki olaraq ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı fəaliyyəti növü ilə məşğul olmuşdur. İddiaçı cəzaçəkmə müəssəsində saxlandığı üçün yoxlama cəzaçəkmə müəssəsində İddiaçı ilə görüşməklə onun izahat və tapşırığı əsasında qardaşı X4 iştirakı ilə aparılmışdır. İdarənin 15.01.2020-ci il tarixli, **********196240 saylı “Səyyar vergi yoxlaması zamanı İnventarzasiyanın təyyin edilməsi haqqında” qərarına əsasən mal qalığı üzrə inventarzasiya aparılmaqla nəticəsi 27.01.2020-ci il tarixli İnventarzasiya aktı ilə rəsmiləşdirilmiş, İnventarzasiya nəticəsində malların 222430,04 manat əskik gəlməsi müəyyən edilmişdir. İnventarzasiya ilə əskik gəlmiş 222430,04 manat (O cümlədən: sadələşdirilmiş vergi dövründə alınmış mal 173505,29 manat) dəyərində mal VM-nin 67.15-ci maddəsinə əsasən alış dəyəri ilə yoxlamanın sonuncu ayının yəni 2019-cu ilin sentyabr ayının satış dövriyyəsinə aid edilməklə vergiyə cəlb edilmişdir. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 12.11.2019-ci il tarixli, **********193164 saylı Tələbnamə əsasında yoxlanılan 01.01.2016- 31.09.2019 tarix aralığı üzrə ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş sənədlər İdarənin 18.02.2020-ci il tarixli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarına əsasən 18.02.2020-ci il tarixli, **********198543 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə götürülmüşdür. “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 24.02.2020-ci il tarixli, **********97558 saylı Tələbnamə əsasında 01.10.2019-24.01.2020 tarix aralığı üzrə ilkin mühasibat sənədləri yoxlamaya təqdim edilmişdir. Təqdim edilmiş ilkin mühasibat sənədləri 24.02.2020-ci il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol ilə götürülnüşdür. Fərdi sahibkar tərəfindən ƏDV-nin tədiyyəçisi olduğu dövrdə ƏDV bəyannaməsi vergi orqanına müvafiq qaydada aylar üzrə təqdim edilmişdir. Fiziki şəxs Vergi Məcəiiəsinin 155.1-ci maddəsinin tələblərinə uyğun olaraq ƏDV ödəyicisi kimi qeydiyyata alınması üçün 8 saylı Ərazi Vergilər İdarəsinə 11.05.2019-cu il tarixdən qüvvəyə minməklə ərizə təqdim etmiş və 14.05.2019cu il tarixli **********8 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Fiziki şəxs tərəfindən 2019-cu ilin may-sentyabr ayları üzrə təqdim olunmuş əlavə dəyər vergisi bəyannamələrində malların təqdim edilməsi üzrə 51821,84 manat məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 9327,93 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 8806,46 manat olduğu, büdcəyə ödənilməli ƏDV məbləği 1875,96 manat hesablandığı göstərilmişdir. İnventarzasiya nəticəsində malların 222430,04 manat (o cümlədən: sadələşdirilmiş vergi dövründə alınmış mal 173505,29 manat) məbləğində əskik gəlməsi müəyyən edilmişdir. İnventarzasiya ilə əskik gəlmiş 222430,04 manat dəyərində mal alış dəyəri ilə yoxlamanın sonuncu ayının yəni 2019-cu ilin sentyabr ayının satış dövriyyəsinə aid edilməklə vergiyə cəlb edilmişdir. 2019-cu ilin may-sentyabr ayları üzrə Fiziki şəxs tərəfindən malların təqdim edilməsi üzrə 274251,88 manat (o cümlədən: İnventarzasiya nəticəsində əskik gəlmiş mal 222430,04 manat) məbləğində əməliyyat aparıldığı və Vergi Məcəlləsinə uyğun olaraq 18 faiz vergi dərəcə ilə 49365,34 manat ƏDV məbləğinin hesablandığı, əvəzləşməyə əsas verən sənədlərdə ƏDV məbləğinin 8846,46 manat olduğu nəzərə alınmaqla büdcəyə ödənilməli ƏDV məbləği 40558,88 manat hesablanmalı olduğu müəyyən edildi. Yoxlama ilə 2019-cu ilin may-sentyabr ayları üzrə ƏDV-nin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 40037,41 manat azaldılması aşkar edildi. İddiaçı tərəfindən Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 2018-ci ilin İV və 2019-cu ilin İ-İİ rüb bəyannamələri vergi orqanına təqdim edilmiş, təqdim edilmiş bəyannamələr üzrə Məcburi dövlət sosial sğorta məbləği 2018-ci ilin İV rübü üzrə hesablanmadığı, 2019-cu ilin İ rübü üzrə 110,0 manat hesablandığı göstərilmişdir. Yoxlama ilə Məcburi dövlət sosial sğorta məbləği 2018-ci ilin İV rübü üzrə 97,5 manat, 2019-cu ilin İ rübü üzrə 110,0 manat , İİ rübü üzrə 162,0 manat, İİİ rübü üzrə 183,0 manat hesablanmalı olduğu müəyyən edilmişdir. Yoxlama ilə Məcburi dövlət sosial sğorta məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2018-ci ilin İV rübü üzrə 97,5 manat, 2019- cu ilin İİ rübü üzrə 162,0 manat, İİ rübü üzrə 183,0 manat, cəmi 442,5 manat azaldılması müəyyən edilmişdir. Beləliklə, Səyyar vergi yoxlamasının nəticəsi üzrə 27.04.2020-ci il tarixə İddiaçı 61014,87 manat, o cümlədən, əlavə dəyər vergisi üzrə əlavə hesablama 40037,41 manat, maliyyə sanskiyası 20018,71 manat, MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər-kənd yerlərində vergisi üzrə əlavə hesablama 442,50 manat, maliyyə sanskiyası 221,25 manat, vergi hesabatının və arayışın vaxtında verilməməsinə görə 160,0 manat maliyyə sanksiyası, 58.7-1-ci maddəsinə əsasən maliyyə sanksiyası 135,0 manat borcu yaranmışdır. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məbləğinin ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi, və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadığqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirdikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməsi olan verginin məbləğini vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqannının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri ( onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansi bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazini yazılı sürətdə bildirə bilər. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə və vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prossesual pozuntularla tərtib edilmiş sayıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Qeyd olunanlardan aydın olur ki, İddiaçı keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş 30.03.2020-ci il tarixli, **********193160 nömrəli akt və onun nəticəsində qəbul olunmuş 27.04.2020-ci il tarixli, **********199244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” Qərarın ləğv edilməsi barədə iddia ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə 26.10.2021-ci il tarixli vəsatət (iddia müddətinin tətbiq edilməsi haqqında) təqdim edilmişdir. Vəsatətdə bildirilmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı tərəfindən mübahisələndirilən 27.04.2020-ci il tarixli, **********199244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” Qərarı 27.04.2020-ci il tarixli, **********788500 nömrəli məktubla həmin tarixdə iddiaçının elektron qutusuna göndərilmiş 05.07.2020-ci il tarixində iddiaçı tərəfindən oxunmuşdur. Vergi Məcəlləsinin 70.1 -ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Eyni zamanda iddiaçı ilə cavabdeh vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” Müqaviləsinə əsasən vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona verilmiş (təqdim edilmiş) sayılır. Göründüyü kimi, iddiaçıya elektron formada göndərilmiş 27.04.2020-ci il tarixli, **********199244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” Qərarı onun tərəfindən oxunmuş və həmin sənəd qanunun tələbinə əsasən iddiaçı üçün hüquqi qüvvəyə malikdir. Qanunun tələbinə görə iddiaçı həmin inzibati aktdan narazı qaldığı halda Vergi Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3 ay müddətində yuxarı vergi orqanına və ya İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə müraciət edə bilərdi. Beləliklə, iddiaçı 27.04.2020-ci il tarixli, **********199244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” Qərarı əsasında hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini buraxmış və həmin halın üzürlü olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Vergi ödəyicisi 2021-ci ilin sentyabr ayında (14 aydan çox müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia qaldırmaq üçün müəyyənləşdirilmiş müddəti ötürmüşdür. Göstərilənləri nəzərə alaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. İş materiallarından görünür ki, İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası haqqında” ərizə təqdim etmişdir. Ərizədə bildirilmişdir ki, tərəfindən barəsində vergi məsuliyyəti müəyyən edən 27.04.2020-ci il tarixli qərardan bu qərarın qəbul edilidyi tarixdən 30 gün keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, hazırki iş üzrə iddia müddətinin ötürülməsinin səbəbləri üzürlü hesab edilməklə, iddia müddəti bərpa olunmalıdır. Belə ki, hazırki ərizəyə əlavə etdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(101)- 457/2020 saylı hökmünün surətindən, eləcə də işdə olan materiallarından görünür ki, 27 sentyabr 2019-cu il tarixdə həbsdə olduğundan sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə cavabdeh vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasında iştirak edə bilməmişdir. Onu da xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı cavabdeh vergi orqanının yoxlayıcıları tərəfindən 30 mart 2020-ci il tarixində tərtib edilmiş **********193160 nömrəli akt, eləcə də bu akt əsasında vergi məsuliyyətinə cəlb olunmağı ilə bağlı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” 27.04.2020-ci il tarixli, **********199244 nömrəli qərar 17 avqust 2021-ci il tarixli rəsmi müraciəti əsasında cavabdeh vergi orqanının rəisi Zaur Abdulovun “sənədlərin göndərilməsi barədə” 18.08.2021-ci il tarixli, **********603700 nömrəli məktuba qoşma ilə ona göndərilənədək həmin qərar ona nə rəsmi, nə də ki, hər hansı bir formada təqdim edilməmişdir. Bu səbəbdən də barəsində qəbul olunmuş 27.04.2020-ci il tarixli qərardan vaxtında məhkəməyə müraciət edilməsi mümkünsüz olmuşdur. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməsini və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı yazılı etirazının və iddia müddətinin tətbiq edilməsi haqqında vəsatətin məzmununa uyğun izahat verərək “buraxılmış prosessual müddətin bərpası barədə” ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən 3 ay müddətində verilir. Vergi ödəyicisi və ya başqa borclu şəxs üzürlü səbəbdən bu maddənin birinci abzasında göstərilən müddəti buraxmışdırsa, yuxarı vergi orqanı və ya yuxarı vergi orqanının vəzifəli şəxsi tərəfindən şikayəti verən şəxsin ərizəsinə əsasən həmin müddət bərpa edilə bilər. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi hazırda qüvvədə olan qanunvericilik vergi orqanı tərəfindən qəbul edilmiş qərarın elektron üsulla göndərilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 27.04.2020-ci il tarixli, **********199244 nömrəli qərar 27.04.2020-ci il tarixdə elektron üsulla iddiaçının elektron kabinetinə göndərilmiş və sözügedən qərar iddiaçı tərəfindən 05.07.2020-ci il tarixdə oxunmuşdur. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə 09.09.2021-ci il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı sözügedən qərarları aldıqdan (təqdim olunduqdan) 1 ildən çox vaxt keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarının mənasına əsasən, təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı ərizəsində 27 sentyabr 2019-cu il tarixdən həbsdə olduğundan sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyektdə cavabdeh vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasında iştirak edə bilmədiyini, mübahisələndirilən qərarın surəti 17 avqust 2021-ci il tarixli rəsmi müraciəti əsasında cavabdeh vergi orqanının rəisi Zaur Abdulovun “sənədlərin göndərilməsi barədə” 18.08.2021-ci il tarixli, **********603700 nömrəli məktuba qoşma ilə ona göndərilənədək həmin qərar ona nə rəsmi, nə də ki, hər hansı bir formada təqdim edilməməsini, bu səbəbdən də müddəti ötürdüyünü qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(101)-457/2020 saylı hökmünə əsasən 1 (bir) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası təyin edildiyi, 27 sentyabr 2019-cu il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı 11 (on bir) ay 26 (iyirmi altı) gün ümumi cəza müddətinə hesablanaraq təyin olunan əsas cəzanı çəkib qurtardığından barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, iddiaçı 22 sentyabr 2020-ci il tarixdən həbsdən azad edilməsinə baxmayaraq, hazırkı iddia ərizəsi ilə məhkəməyə 09.09.2021-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən ötürüldüyündən, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “27.04.2020-ci il tarixli, **********99244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarın ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və 27.04.2020-ci il tarixli, **********99244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “27.04.2020-ci il tarixli, **********99244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarın ləğv edilməsi” barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “27.04.2020-ci il tarixli, **********99244 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə haqqında” qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar