Məhkəmə qərarları › İş №2-1(120)-3029/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3029/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3029/2024 05.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. Belə ki, uşaq vaxtından doğum haqqında şəhadətnaməsində, məktəb sənədlərində şəhadətnamə və atestatda, hərbi biletində, diplomunda, sürücülük vəsiqəsində, nikah haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, əmək kitabçasında, övladlarının doğum haqqında şəhadətnamələrində və şəxsiyyət vəsiqələrində bir sözlə bütün sənədlərdə adı Şahin olaraq qeyd edilmişdir. Adının Şahin olmasına baxmayaraq bu yaxınlarda ona məlum olmuşdur ki, doğum haqqında akt qeydində naməlum səbəblərdən adı səhvən Ramil kimi qeyd edilmişdir. Doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı Cavabdehnə ərizə ilə müraciət etsə də, ərizəsındən imtina edilmiş və ona izah edilmişdir ki, bu halda yalnız məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası MPM-nın 339.1ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsasiar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd edilənləri nəzərə alaraq xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İ 320296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuşdur (doğulmuşdur) valideynləri qrafasında atası X6, anası X5 göstərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2001-ci il tarixli, 576328 nömrəli Attestatın surətindən görünür ki, İddiaçı 2001-ci il tarixdə Əli Bayramlı şəhər M.İsrailov adına 18 saylı orta məktəbini bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus 2005-ci il tarixli, B 029509 nömrəli diplomun surətindən görünür ki, Azərbaycan Dövlət Neft X4 Komissiyasının xx.xx.2005-ci il tarixli, 10 nömrəli qərarı ilə İddiaçı istilik energetikası maşın və qurğuları (istilik elektrikstansiyalarında yanacaq və su texnologiyası) Ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı adına əmək kitabçası açılmışdır. İş materiallarında olan AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi almışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15-112 nömrəli məktubundan görünür ki, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində göstərilən X7 adlı şəxslə İddiaçı adlı şəxsin inzibati icraat qaydasında eyniləşdirilməsi mümkünsüzdür və belə olan halda düzəlişlə bağlı tələbiniz şöbə tərəfindən təmin oluna bilməz. Bundan başqa “Ramil” və “Şahin” adları tamamilə fərqli adlar olduğundan Ramil adının Şahin olaraq qeyd edilməsi tələbi artıq düzəliş deyil, adın dəyişdirilməsi proseduruna aid əməliyyatın predmetidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 1 ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Akt qeydlərinə dəyişiklik edilməsi əsasları isə həmin Qaydaların 3-cü bəndində təsbit edilmişdir ki, bu əsaslara övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixinin dəyişdirilməsi; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadın dəyişdirilməsi; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adının dəyişməsi, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişməsi; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumatın yazılması, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatların çıxarılması; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirilməsi; övladlığa götürmənin ləğv edilməsi; atalığın müəyyən edilməsinin ləğv olunması; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və qanunvericilikdə müəyyən edilən digər hallar aid edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində uşaq qrafasında şəxsin adına dəyişiklik edilərək “Ramil” adının Şahın yazılması tələbinizin icrasından imtina olunur və bildiririk ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və (məcburetmə haqqında iddia ərizəsi ilə) məhkəmə qaydasında şikayət etmək hüququnuz vardır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 2387 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-190 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının məlumatları X3 qeyd edilmiş, xx.xx.1984-cü il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, atası X6, anası X1 qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsini istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan AZ-İ 320296 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.2001-ci il tarixli, 576328 nömrəli Attestatın, 2005-ci il tarixli, B 029509 nömrəli diplomun, xx.xx.2009-cu il tarixli, ******* nömrəli əmək kitabçasının, övladlarının doğum haqqında şəhadətnamələrinin ata qraasından və AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, iddiaçının adı, soyadı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1984-cü il təvəllüdlü) istər adının “Ramil”dən “Şahin”ə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü) xx.xx.1984-cü il tarixli, 1681 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməklə həmin qeyddə adının “Ramil”-dən “Şahin”-ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar