Məhkəmə qərarları › İş №2-1(120)-3054/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3054/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3054/2024 11.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Elm və Təhsil Nazirliyinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru X1 2021-2022-ci , 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyim çoxsaylı müraciətlərə baxmayaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan X3 Təhsil İdarəsinin və Orand kənd tam orta məktəbinin direktoru Babək Rəhimovun bu qanun pozuntularının qarşısını almaqdansa onları himayə edərək bir müraciətimə bir neçə fərqli cavablar verərək vətəndaş müraciəti haqqında qanunların tələblərini pozaraq övladımın keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün Elm və Təhsil Nazirliyinin İnzibati Prosessual məcəlləsinin 33 və 34-cü madələrinə əsaslanaraq 50 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının keyfiyyətli təhsil almaq hüququ pozulduğu üçün Lerik rayon Orand kənd tam orta məktəbin direktoru tərəfindən mövcüd təlimata və Nazirlər kabinetinin müvafiq qərarlarına zidd olaraq 2022-2023 və 2023-2024cü tədris ilində aparılan dərs bölgüsünün qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(120)-3054/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “övladlarının keyfiyyətli təhsil almaq hüququ pozulduğu üçün Lerik rayon Orand kənd tam orta məktəbin direktoru tərəfindən mövcüd təlimata və Nazirlər kabinetinin müvafiq qərarlarına zidd olaraq 2022-2023 və 2023-2024-cü tədris ilində aparılan dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbi üzrə iddiaçının və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Elm və Təhsil Nazirliyinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru X1 2021-2022-ci , 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyim çoxsaylı müraciətlərə baxmayaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan X3 Təhsil İdarəsinin və Orand kənd tam orta məktəbinin direktoru Babək Rəhimovun bu qanun pozuntularının qarşısını almaqdansa onları himayə edərək bir müraciətimə bir neçə fərqli cavablar verərək vətəndaş müraciəti haqqında qanunların tələblərini pozaraq övladımın keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün Elm və Təhsil Nazirliyinin İnzibati Prosessual məcəlləsinin 33 və 34-cü madələrinə əsaslanaraq 50 000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlarının keyfiyyətli təhsil almaq hüququ pozulduğu üçün Lerik rayon Orand kənd tam orta məktəbin direktoru tərəfindən mövcüd təlimata və Nazirlər kabinetinin müvafiq qərarlarına zidd olaraq 2022-2023 və 2023-2024-cü tədris ilində aparılan dərs bölgüsünün qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-2560/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X3 Təhsil İdarəsinə qarşı “5-ci sinif X2 və digər şagirdlərə riyaziyyat informatika, kimya, biologiya və musiqi dərsinin qanunamüvafiq qaydada tədris olunmadığı üçün uşaqların pozulmuş hüquqlarının bərpa olunmağını və.s” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(120)-3348/2023 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh X3 Təhsil İdarəsinə qarşı “övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün X1 2022-2023-cü il tədris ilində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(120)-2846/2024 nömrəli qərardadından görünür ki, İddiaçı cavabdeh Lənkəran-Astara Regional Təhsil İdarəsinə qarşı “Ə.Rzayev adına Orand kənd tam orta məktəbinin direktoru X1 övladının keyfiyyətli təhsil almaq hüququnu pozduğu üçün 2021- 2022ci, 2022-2023-cü və 2023-2024 cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi və qanun yol verdiyi halda kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasınının xx.xx.2024-cü il tarixli, 2-1(106)-590/2024 nömrəli qərardadından görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin Qərarın 8.4-cü bəndində qeyd edilir ki, “Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir”. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Qərarın 15.6-cı bəndində qeyd edilir ki, Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qeyd edir ki, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli qərardadı mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası kompensasiyanın ödənilməsi haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə kompensasiyanın ödənilməsi haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-2846/2024 nömrəli qərardadından sonra inzibati orqana müraciət etmədən, cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı iddia tələbinin 50 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsinə və müraciətindən imtina olunmasına dair sübutlarının məhkəməyə təqdim edilməsi üçün iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-3054/2024 nömrəli məktubla yazılı şəkildə yardım edilsə də, iddiaçı müvafiq sənədləri (cavabdehin imtina məktubunu və cavabdehə müraciət etməsinə dair sübutlarını) məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə yenidən inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Elm və Təhsil Nazirliyinin tabeliyində olan Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru X1 2021-2022-ci , 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün, əvəzçiliklə dərsləri qeyri ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyim çoxsaylı müraciətlərə baxmayaraq Elm və Təhsil Nazirliyinin tabeliyində olan X3 Təhsil İdarəsinin və Orand kənd tam orta məktəbinin direktoru Babək Rəhimovun bu qanun pozuntularının qarşısını almaqdansa onları himayə edərək bir müraciətimə bir neçə fərqli cavablar verərək vətəndaş müraciəti haqqında qanunların tələblərini pozaraq övladımın keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün Elm və Təhsil Nazirliyinin İnzibati Prosessual məcəlləsinin 33 və 34-cü madələrinə əsaslanaraq 50 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar