Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3055/2025 24.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi, İddiaçı, cavabdeh İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər İmişli Mənzil Kommunal X2 və İmişli Rayon İcra Hakimiyyətinə qarşı X8 Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində göstərilməklə işə buraxılma və əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdehlər İmişli Mənzil Kommunal X2 və İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin üzərinə onun işə buraxılmağı və işə buraxılmadığı müddət ərzində əmək haqqının ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İmişli Kommunal X1 yaşıllaşdırma və sanitar-təmizlik idarəsində “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi əsasında təmizlik işində işləmişdir. Lakin cavabdeh təşkilat onu işə buraxmır və əmək haqqı ödəmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehlərin iddia tələbinə dair yazılı münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh İmişli Mənzil Kommunal X3 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin halları: xx.xx.2006-cı il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, 15-ci qeydə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə X8 MMC-yə İmişli rayonu üzrə Təmizlik İşləri və Sosial Xidmətlərin göstərilməsi üzrə köməkçi işinə qəbul olunmuş və xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib - edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Hazırkı mübahisədə iddiaçının hüquqi işə buraxılma və ödənilməmiş əmək haqqının ödənilməsi ilə bağlıdır. Mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunana halı ondan ibarətdir ki, iddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X7 Mərkəzi tərəfindən verilmiş 3-17-7/2-Ə-542-03/6/2024 saylı 28 dekabr 2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, mediasiya prosesinin tətbiqi barədə X8nə etdiyi xx.xx.2024-cü il tarixli təkliflərinə Mərkəzdə aidiyyəti üzrə baxılmışdır. Onunla Mərkəz arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanaraq İmişli rayonu ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir və onunla bağlanmış əmək müqaviləsi hal-hazırda qüvvədədir. İmişli rayonu üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü İmişli Rayon İcra Hakimiyyəti, İmişli Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyi (İcraçı) və X8 arasında “İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. Sazişin 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini ( əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini ( iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini ( əməyin təhlükəsizliyi, təlimatlandırma və s) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizamintizamına və gündəlik fəaliyyətinə icraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. İctimai işçilərin əməkhaqları təhkim olduqları İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilmiş iş davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İcraçı qurum tərəfindən Mərkəzə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ona cari il may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün iş günü qeyd edilmədiyindən əmək haqqı ödənilməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıda qeyd olunan tələblərinə istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir.
5. Əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. İddiaçının hazırkı cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işə götürənlə onun arasında əmək münasibətlərindən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki,əmək münasibətləri İddiaçı ilə X8 MMMC arasında yaransa da, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman cavabdeh qismində İmişli Mənzil Kommunal X2 və İmişli Rayon İcra Hakimiyyəti göstərilməklə iddia tələbini onlara qarşı yönəltmişdir. Bundan əlavə İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPMnin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərərək, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil mülki məhkəmə icraatı qaydasında baxılması izah edilmişdir. İddiaçının hazırkı iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu üçün məhkəmə əsl olmayan cavabdehin əsl cavabdehlə əvəz olunmasına münasibət bildirilməsini zəruri hesab etməmişdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd edilənlərə əsasən, hazırki iddia mümkün sayıla bilməz. İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və İPM-nin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva