Məhkəmə qərarları › İş №2-1(120)-3062/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3062/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3062/2025 18.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran X2 İdarəsinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Lənkəran X2 İdarəsinə (bundan sonra mətndə Lənkəran X2 İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli 05 nömrəli müraciətinin tam, doğu-düzgün, əl imzası ilə cavablandırılması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılımasını xahiş etmişdir. İddiaçının əsaslandırması İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Redaksiya tərəfindən Astara Şəhər Mədəniyyət Mərkəzinin və Masallı Şəhər Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə bağlı həqiqi informasiya almaq məqsədi ilə aidiyyəti üzrə cavabdeh inzibati orqana xx.xx.2025-ci il tarixli 05 nömrəli məktubla yazılı qaydada müraciət etmişdir. Cavabdeh inzibati orqan ciddi qanun pozuntusuna yol verərək müraciətini tam doğru düzgün cavablandırmamışdır. İPM 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilməklə, ona iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmuşdur. X1 İdarəsi tərəfindən təqdim olunmuş iddia tələbinə dair yazılı mülahizədə (etiraz) göstərilmişdir ki, iddiaçının tələbi əsassızdır. “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru kimi özünü təqdim edən İddiaçı xx.xx.2025-ci il tarixli 05 nömrəli məktubla onlara və Masallı rayon Mədəniyyət Mərkəzinə ünvanladığı informasiya sorğularına cavab verilməsini xahiş etmişdir. Göndərilmiş sorğu xx.xx.2025-ci il tarixdə Regional İdarəyə daxil olmuş və qeydiyyat kitabında qeydiyyata alınmışdır.Sorğuya operativ olaraq xx.xx.2025-ci il tarixdə 3-24-12/2-19/2025 nömrəli məktubla cavab verilmişdir.İddiaçının onlara ünvanladığı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 15.5-ci maddəsinin tələbləri gözlənilərək vaxtında cavablandırılmışdır. Qeyd olunmuşdur ki, X1 İdarəsinin tabeliyində Fəaliyyət göstərən bütün mədəniyyət müəssisələri haqqında məlumatlar (müəssisələrin adı, yerləşdiyi ünvan, yaranma tarixi, fəaliyyəti və mövcud vəziyyətdə foto şəkilləri) Regional İdarəsinin sosial şəbəkə sayıtlarında yerləşdirilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materiallarında olan: İddiaçı tərəfindən Lənkəran Astara-Regional Mədəniyyət İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətdən müəyyən olunur ki, İddiaçı “Media haqqında” Qanunu rəhbər tutaraq cavabdeh inzibati orqandan Mədəniyyət Mərkəzində cari ildə aparılmış və gələcəkdə aparılacaq mədəni-kütləvi tədbirlər barəsində, inventarların müasir tələblərə cavab verib-verməməsi barəsində, dezinfeksiya işlərinin aparılması barəsində, fəaliyyət göstərən dərnəklərin sayı və funksiyası barəsində, ümumi işçilərin sayı barəsində və ali təhsilli işçilərin konkret sayı barəsində, Astara şəhər Mədəniyyət Mərkəzinin tabeliyində olan klub və müəssisələrin sayı və faəliyyəti ( konkret ünvanı göstərilməklə) barəsində, informasiya sorğusunu tam, dolğun şəkildə əl imzası ilə cavablandırılmasını xahiş etmişdir. Lənkəran Astara-Regional Mədəniyyət İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixli informasiya sorğusu cavablandırılmamışdır.İnformasiya sorğusunun tam, doğru-düzgün, əl imzası ilə cavablandırılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. Lənkəran Astara-Regional Mədəniyyət İdarəsi tərəfindən “Həqiqətlə üz-üzə” qəztinin baş redaktoru İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 324-12/2-19/2025 saylı cavab məktubunda bildirilmişdir ki, X1 İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri haqqında məlumatlar İdarənin rəsmi saytında və facebook səhifəsində geniş şəkildə yerləşdirilmişdir. Məlumatları əldə etmək üçün İdarənin yuxarıda qeyd olunan sosil şəbəkə ünvanlarını izləməyi tövsiyyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.1. inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. İPM: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi:

Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək, aşağıdakıları qeyd edir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunmalıdır ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə pozduğunu sübut etməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçının hazırkı hüquqi marağı əslində cavabdeh orqanın üçüncü şəxslərlə bağladığı müqavilə münasibətləri və maliyyə hesabatlılığı ilə bağlıdır. Buda “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmamışdır.(İnformasiya sahibi cəmiyyətin maraqlarını daha asan və daha operativ şəkildə təmin etmək, çoxsaylı informasiya sorğularını azaltmaq məqsədi ilə malik olduğu, ictimai vəzifələrin yerinə yetirilməsi nəticəsində yaradılmış, yaxud əldə olunmuş həmin maddədə sadalanan informasiyaları açıqlamalıdır). Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1ci maddəsinə görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. İddiaçıya müraciəti ilə bağlı cavab inzibati orqanın səlahiyyətli şəxsi (rəis vəzifəsini müvəqqəti icra edən Dadaş Muxtarlı tərəfindən rəsmi qaydada imzalanmaqla) tərəfindən əsaslandırılmış cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh X1 İdarəsi kommersiya sirri təşkil edən məlumatlar barədə iddiaçıya məlumat vermək vəzifəsi daşımır. Beləliklə də məhkəmənin mövqeyi belədir ki, hazırkı iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddiaçının iddiaya hüquqi marağı olmadığı üçün iddia yolverilməzdir (mümkün deyildir). İPM-nin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə,

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar