Məhkəmə qərarları › İş №2-1(120)-308/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-308/2022

05.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-308/2022 05.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə 05 avqust 2022-ci il tarixdə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı xx.xx.1956-cı il tarixdə Yardımlı rayonu Zəngələ kəndində doğulmuş, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “işlədiyi illərin iş stajına daxil edilməsi və hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1974-cü ildən xx.xx.2001-ci il tarixədək 25 il 5 ay iş stajı vardır. Lakin cavabdeh tərəfindən ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda xx.xx.1992-ci ildən xx.xx.2001-ci il tarixədək işlədiyi müəssisələr üzrə əmək haqqı barədə arayış təqdim etmədiyi üçün yaşına görə əmək pensiyası təyinindən imtina edilmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ümumilikdə 25 il 5 ay sığorta stajı hesablanmışdır, lakin iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajı 16 il təşkil edir. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illər (9 il 5 ay) mübahisələndirilən sosial sığorta stajıdır. Belə ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Yardımlı rayonu Horavar kənd klubunda işlədiyi illər əmək kitabçasında qeyd edilsə də, əmək haqqı cədvəllərinin təqdim edilməməsi səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Beləliklə iddia tələbi əsassız və qanunsuz olduğundan cavabdeh orqana iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İDDİANİN MÜMKÜNLÜYÜ : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İDDİANİN ƏSASLİLİĞİ : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2021 - 30 iyun 2022-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65 ildir) tamam olmuşdur. İddiaçının arxiv arayışındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan AA3661409 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1956-cı il tarixdə Yardımlı rayonu Zəngələ kəndində doğulmuş, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğu müəyyən edilmişdir. İş materiallarında olan Masallı RİHB-nın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 487 nömrəli arayışına əsasən İddiaçı hal-hazırda ünvan 1ində yaşadığı müəyyən edilmişdir. İş materiallarında olan Yardımlı RİHB-nın Horavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli arayışına əsasən İddiaçı xx.xx.1990-xx.xx.2001-ci il tarixlərində Horavar kənd klubunda mədəni təşkilatçı kimi işlədiyi qeyd edilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.2001-ci il tarixədək fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyətində olmuşdur. İş materiallarında olan X3 İdarəsinin Yardımlı rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.1990-cı il tarixli, 139 nömrəli əmrdəm çıxarışa əsasən İddiaçı xx.xx.1990-cı ildən Horavar kənd klubuna mədəni təşkilatçı vəzifəsinə təyin olunduğu müəyyən edilmişdir. İş materiallarında olan X3 İdarəsinin Yardımlı rayon Mədəniyyət şöbəsi üzrə xx.xx.2001-ci il tarixli, 42 nömrəli əmrdəm çıxarışa əsasən İddiaçı xx.xx.2001-ci ildən Horavar kənd klubuna mədəni təşkilatçı vəzifəsindən azad olunduğu müəyyən edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 8 saylı Regional Ərazi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İş materiallarında olan Yardımlı RİH Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.2001-ci ilə kimi Yardımlı RİHB-nın Horavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Horavar kənd klubuna mədəni təşkilatçı vəzifəsində işləmiş və həmin müddətdə aldığı əmək haqqının qeyd edildiyi əmək haqqı cədvəli Yardımlı RİH Yardımlı rayon Dövlət Arxivində saxlanılmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Cavabdehin imtinanın əsası kimi göstərdiyi ümumi iş staj ilə bağlı şərtin ödənilibödənilməməsinə qiymət verilməsi üçün məhkəmə hərbi biletdə, diplomda, əmək kitabçasında olan qeydləri onun işlədiyini təsdiq edən arxiv arayışları ilə birgə qiymətləndirir. Hazırki iş üzrə iddiaçının xx.xx.1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.2001-ci il tarixədək fasilələrlə ayrı-ayrı müəssisələrdə əmək fəaliyyətində olmuşdur. Cavabdehin Şirvan İnzibati Məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli etiraz məktubunda göstərilən 16 ili əhatə edən iş stajı və hərbi xidmət dövrü işin mübahisəsiz halıdır və sübut edilməsinə ehtiyac yoxdur. Cavabdeh təşkilatın imtina üçün göstərdiyi arqument iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illərin əmək haqqı cədvəllərinin təqdim edilməməsi səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmamasıdır. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. Həmçinin iş materiallarında olan Yardımlı RİH Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 154 nömrəli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.2001-ci ilə kimi Yardımlı RİHB-nın Horavar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Horavar kənd klubuna mədəni təşkilatçı vəzifəsində işləmiş və həmin müddətdə aldığı əmək haqqının qeyd edildiyi əmək haqqı cədvəli Yardımlı RİH Yardımlı rayon Dövlət Arxivində saxlanılmışdır. Belə olan halda cavabdeh tərəfindən mübahisələndirilən dövr Yardımlı RİH Yardımlı rayon Dövlət Arxivində saxlanılmış əmək haqqı cədvəlləri ilə təsdiq olunur. Qeyd olunan iş stajı və orduda xidmət illəri cəmləndikdə, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcuddur. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı 15 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Məhkəmə qeyd edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2021ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.1956-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar