Məhkəmə qərarları › İş №2-1(120)-309/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-309/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-309/2020 25.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Cəlilabad rayonu, Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Cəlilabad rayonu keçmiş T.Bayramov adına sovxozun 29.08.1995-ci il tarixli 04 saylı qərarına əsasən Cəlilabad rayonu Naftuluq kəndində iddiaçıya verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 21 yanvar 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Cəlilabad rayonu keçmiş T.Bayramov adına sovxozun 29.08.1995-ci il tarixli 04 saylı qərarına əsasən Cəlilabad rayonu Naftuluq kəndində iddiaçıya verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati mübahisə üzrə Cəlilabad rayon Muğan Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, 22 aprel 1955-ci ildə Cəlilabad rayonunun Söyüdlü kəndində anadan olmuşdur və hazırda həmin kənddə yaşayır. Cəlilabad rayonunun keçmiş T.Bayramov adına sovxozun 29 avqust 1995-ci il tarixli 04 saylı qərarına əsasən Cəlilabad rayonunun Naftuluq kəndində ona 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin verilməsinə dair təhkim aktı mövcuddur. O, həmin 0,12 ha həyətyanı torpaq sahəsini dövlət qeydiyyatına aldırmaq üçün cavabdeh orqana müraciət edərək həmin 0,12 ha torpaq sahəsinin onun mülkiyyəti kimi dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh orqan tərəfindən ona verilmiş məktubda həmin topraq sahəsinə dair Cəlilabad rayonunun T.Bayramov adına sovxozun 29 avqust 1995-ci il tarixli 04 saylı qərarından arxiv çıxarışı olmadığı üçün torpaq sahəsinin qeydiyyata alınmasının mümkün olmadığı göstərilərək məhkəməyə müraciət etməsi göstərilmişdir. Qeyd edilənlərə əsasən, Cəlilabad rayonu keçmiş T.Bayramov adına sovxozun 29.08.1995-ci il tarixli 04 saylı qərarına əsasən Cəlilabad rayonu Naftuluq kəndində iddiaçıya verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və üçüncü şəxs Cəlilabad rayonu Muğan bələdiyyəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 19 iyul 2019-cu il tarixli məktubda və iddia ərizəsinə etirazında göstərilmişdir ki, Cəlilabad rayonu T.Bayramov adına sovxozun 29 avqust 1995-ci il tarixli 04 saylı qərarından arxiv çıxarışı ərizəsinə əlavə edilmədiyindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göstərilən çatışmayan sənədləri (arxiv çıxarışını) Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə təqdim etdiyi təqdirdə torpaq sahəsinin dövlət qeydiyyatına alınması məsələsinə torpaq sahəsi yerində araşdırılmaqla qanunamüvafiq qaydada baxıla bilər. İş materialında olan Cəlilabad rayonu T.Bayramov adına kolxozun 29 avqust 1995ci il tarixli Ümumi yığıncağının 4 №-li iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 0,12 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materialında olan Cəlilabad rayonu Svetlaya Zarya kənd ərazi nümayəndəliyi üzrə 127 №-li əmrdən çıxarışdan görünür ki, T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li qərarı və rayon XDS-nin 23 noyabr 1995-ci il tarixli 13 №-li qərarına əsasən Cəlilabad rayonunun Naftuluq kəndində yaşayan İddiaçı 0,12 hektar həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona ev tikməyə icazə verilmişdir. İş materialında olan Cəlilabad rayonu Svetlaya Zarya kənd X1 və Cəlilabad rayonu T.Bayramov adına kolxozun möhürü ilə təsdiq edilmiş təhkim aktından görünür ki, T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li və rayon XDS-nin 23 noyabr 1995-ci il tarixli 13 №-li qərarlarına əsasən Cəlilabad rayonunun Naftuluq kəndində yaşayan İddiaçı kolxoz ətrafından həyətyanı torpaq sahəsi vermək üçün ona veriləcək 0,12 hektar torpaq sahəsi mütəxəssis tərəfindən ölçülüb verilmiş və verilən yerdən kənara çıxıb artıq torpaq sahəsi zəbt edərsə və rayon İcra Hakimiyyətinin layihə-smeta sənədləri olmadan hər hansı bir tikinti işi apararsa, məsuliyyət daşıyacağı barədə ona izah edilmişdir. İş materialında olan Cəlilabad rayon Dövlət Arxivinin məhkəmə sorğusuna 16 dekabr 2019-cu il tarixli 435 nömrəli cavab məktubunda arxivdə mühafizə olunan «Tarqulu Bayramov» adına kolxozun protokol kitablarında İddiaçı adına həyətyanı torpaq sahəsi verilməsi barədə heç bir sənəd aşkar edilmədiyi bildirilmişdir. İş materialında olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəmə sorğusuna 25 dekabr 2019-cu il tarixli 1228 №-li cavab məktublarına əsasən, Muğan kənd inzibati ərazisində yerləşən Söyüdlü kənd sakini İddiaçı Cəlilabad rayonunu keçmiş T.Bayramov adına kolxozun 29 avqust 1995-ci il tarixli 04 saylı qərarına əsasən verilmiş Cəlilabad rayonu keçmiş Naftuluq (Söyüdlü) kəndi ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsi hal-hazırda İddiaçı istifadəsindədir və Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Söyüdlü kəndi üzrə №10 təsərrüfat başına kitabın 114-cü səhifəsində № 603 şəxsi hesabında qeyd olunmuşdur. İş materialında olan Cəlilabad rayon Muğan bələdiyyəsinin məhkəmə sorğusuna 04.02.2020-ci il tarixli 01 nömrəli cavab məktublarına əsasən, Cəlilabad rayon Söyüdlü kəndində yaşayan İddiaçı hal-hazırda istifadəsində olan Cəlilabad rayonu keçmiş T.Bayramov adına kolxozun 29 avqust 1995-ci il tarixli 04 saylı qərarına əsasən verilmiş 0,12 hektar həyətyanı torpaq sahəsi Cəlilabad rayon Muğan bələdiyyəsinin mülkiyyətində deyil. İş materiallarında olan 26.07.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı 15 (on beş) manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar əsasında müəyyən olunmuşdur ki, Cəlilabad rayon T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li qərarı və rayon XDS-nin 23 noyabr 1995-ci il tarixli 13 №-li qərarına əsasən Cəlilabad rayonunun Naftuluq kəndində yaşayan İddiaçı 0,12 hektar həyətyanı torpaq sahəsi təhkim edilmiş və ona ev tikməyə icazə verilmişdir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, sonuncu bundan imtina etmişdir. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina dəlili ondan ibarətdir ki, Cəlilabad rayon T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li qərarından arxiv çıxarışını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair hüquqlarının yoxlanılması həmin dövrdə qüvvədə olan qanunvericiliyə, yəni 07.07.1970-ci il tarixdə qəbul edilmiş Azərbaycan SSR Torpaq Məcəlləsinin maddi hüquq normaları əsasında həyata keçirilməlidir. Həmin Məcəllənin 13-cü maddəsinin tələblərinə əsasən, torpaq sahələrinin ayrılma qaydasında istifadəyə verilməsi, torpaq sahələrinin istifadəyə verilməsinin Azərbaycan SSR Nazirlər Sovetinin sərəncam və ya müvafiq X1 icraiyyə komitəsinin qərarı əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 23-cü maddəsinə görə, torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyyən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla özündə cəmləşdirir. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən, təqdim edilmiş torpaq sahəsindən istifadə həmin sahənin sərhədlərinin naturada (yerində) müvafiq torpaq quruculuğu orqanları tərəfindən müəyyən edilməsinə və torpağa hüququ təsdiq edən sənədlərin verilməsınə qədər qadağan edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.01.1992-ci il tarixli, 035 saylı qərarı ilə təsdiq edilmiş «Torpaq sahəsinin verilməsi və geri alınması barədə vəsatət qaldırılması və ona baxılması qaydası haqqında» Əsasnamənin 25-ci bəndinə görə, şəhər və qəsəbələrdə fərdi yaşayış evlərinin və köməkçi tikililərin inşası və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələrinin ölçüsü, onların baş planlarına müvafiq olaraq rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilir. Həmin Əsasnamənin 26-cı bəndinə əsasən, şəhər və qəsəbələrdə fərdi tikinti və kollektiv bağçılıq və bostançılıq üçün ayrılan torpaq sahələri icra hakimiyyəti orqanlarının yerdəki nümayəndələrinin vəsatətinə əsasən müvafiq rayon, şəhər, (respublika tabeli şəhər) xalq deputatları Soveti tərəfindən 20 gün müddətində baxılır və qərar qəbul edilir. Vəsatətə ayrılması nəzərdə tutulan sahənin xəritəsi və yaşayış məntəqəsinin baş planından çıxarış əlavə edilir. Bu məqsəd üçün kolxozların, sovxozların və digər müəssisələrin ərazilərindən torpaq sahəsinin ayrılması üçün zərurət yarandıqda vəsatətə həmin təşkilatların müvafiq olaraq ümumi yığıncağının və əmək kollektivi şurasının qərarından çıxarış və ya digər torpaq istifadəçilərinin razılığı əlavə edilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşlarım qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq ssahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka dair digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İş materiallarından görünür ki, qeyd olunan maddi hüquq normalarının tələbi baxımından iddiaçıya torpaq ayrılarkən yerquruluşu sənədləri tərtib edilmiş, T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li və rayon XDS-nin 23 noyabr 1995-ci il tarixli 13 №-li qərarlarına əsasən İddiaçı kolxoz ətrafından həyətyanı torpaq sahəsi vermək üçün ona veriləcək 0,12 hektar torpaq sahəsi komissiya üzvləri tərəfindən ölçülüb verilmiş, torpaq sahəsinin sərhədi müəyyən edilmiş, planı tərtib edilərək iddiaçıya təhkim edilmiş, bu barədə təhkim aktı tərtib edilmiş və sözügedən toprpaq sahəsi hazırda da onun istifadəsindədir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə» dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (2.0.1.), daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq (2.0.2.) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci və 15.2-ci maddələrinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsnə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cəlilabad rayonu T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995-ci il tarixli 04 №-li qərarına əsasən İddiaçı ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, mülkiyyət hüququna dair çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)-yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cəlilabad rayonu T.Bayramov adına kolxozun ümumi yığıncağının 29 avqust 1995ci il tarixli 04 №-li qərarına əsasən İddiaçı ayrılmış 0,12 hektar həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, mülkiyyət hüququna dair çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar