Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-31/2022 20.06.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Məsuliyyətli Cəmiyyətinin cavabdeh İmişli rayon Məzrəli bələdiyyəsinə qarşı “İmişli rayon Məzrəli bələdiyyəsinin İddiaçı Məsuliyyətli Cəmiyyətinə 139281,64 manat məbləğində mədən vergisi hesablanmasına dair 14 mart 2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh İmişli rayon Məzrəli Bələdiyyəsinə qarşı «xx.xx.2020-ci il tarixli, 5 saylı ümumi iclasının qərarının ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 2-1(120)-84/2021 nömrəli qərardadı ilə iddia tələbinə “İmişli rayon Məzrəli Bələdiyyəsinin İddiaçınə 139281,64 manat məbləğində mədən vergisi hesablanmasına dair 14 mart 2020-ci il tarixli qərarın ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 izahatında bildirdi ki, təqdim edilmiş bəyannamələrə əsasən İddiaçı borcu 139281,64 manat məbləğində deyil, cəmi 7000 manat məbləğindədir. Həmçinin bildirmişdir ki, mədən vergisi ilə bağlı hesabatın elektrik enerjisinin sərfiyatı ilə hesablanması ümumiyyətlə düzgün deyildir, belə bir hesabat düzgün nəticə verə bilməzdi. Vergi orqanı tərəfindən cəlb edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin qiymətləndirmə barədə verdiyi xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi əsassızdır və həmin rəydə düzgün olmayan nəticəyə gəlinmişdir. Belə ki, ekspert rəyi verilərkən mənbə qismində yalnızca elektrik enerjisi sərfiyatı əsas götürülmüş və hasilat zamanı faktiki mal itkisi və enerji itkisi düzgün şəkildə və həcmdə nəzərə alınmamışdır. Bundan əlavə hasilat zamanı istifadə olunan avadanlıqıların iş gücü düzgün şəkildə qiymətləndirilməmişdir. Eyni zamanda vergi qanunvericiliyində mədən vergisinin sərf olunmuş elektrik enrjisinin sərfiyyatına əsaslanaraq hesablanması qaydası nəzərədə tutulmamışdır. Odur ki, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh İmişli rayon Məzrəli Bələdiyyəsinin nümayəndəsi X7 iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. İş materiallarında olan “vergi ödəyicisinin uçota alınması haqqında” şəhadətnamənin surətindən müəyyən edilir ki, İddiaçı ********** nömrəli VÖEN-lə qeydiyyata alınmışdır. İş materiallarında olan Vergilər Nazirliyinin Kommersiya qurumunun dövlət reyestrindən çıxarışından görünür ki, İddiaçı MMC-nin əvvəlki təmsilçisi X4 olmuş, hazırkı təmsilçisi isə X5r. İş materiallarında olan İmişli rayon Məzrəli Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 04 nömrəli iclasının protokolundan görünür ki, İmişli rayon Xubyarlı kənd inzibati ərazisində fəaliyyət göstərən İddiaçı MMC-nin Məzrəli bələdiyyəsinə olan 139281.64 (bir yüz otuz doqquz min iki yüz səksən bir 64 qəpik) manat mədən vergisi borcu məcburi qaydada alınaraq Məzrəli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin baş mühasibi və Məzrəli bələdiyyəsinin baş mühasibinin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2020-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı MMC-nin 01 avqust 2020-ci il tarixə 7940 manat mədən vergisi borcu olmuşdur. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 48 nömrəli məktubunda qeyd edilmişdir ki, İmişli rayon Məzrəli bələdiyyəsi həmin rayonun Məzrəli, Xubyarlı və Çaxırlı kəndləri ərazisində yaşayan şəxslərə bələdiyyə xidməti göstərir. İddiaçı MMC bələdiyyənin xidməti ərazisində yerləşən torpaq sahəsində yerləşməklə uzun illərdir ki, həmin ərazidə yerli əhəmiyyətli tikinti materialları olan qum-çınqıl istehsalı və satışı ilə məşğul olur. Vergi qanunvericiliyinə əsasən hər ay yerin təkindən çıxarılmış faydalı qazıntıların miqdarı, hesablanmış mədən vergisi haqqında cəmiyyət tərəfindən Məzrəli bələdiyyəsinə bəyənnamə təqdim edilir. Vergi ödəyicisi tikinti qumunun istehsalı ilə məşğul olduğuna görə yerli (bələdiyyə) verginin (yerli əhəmiyyətli tikinti materialları üzrə) ödəyicisidir. Yoxlama ilə əhatə olunan dövr 2015-2018-ci ilin 10 avqust tarixli mütəxəssis rəyi nəzərə alınmaqla hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının "Azərekspertiza" Birliyinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən yoxlama, ilə əhatə olunduğu dövrdə 153623.56 kub metr müəyyən edilmişdir. Vergi Məcəlləsinin 216.2ci maddəsinə əsasən mədən vergisinə cəlb olunan tikinti qumunun 1 kub metri 2015-ci il üçün mədən vergisi 0.50 manat, 2016-cı ildən sonra isə 1.00 manat müəyyən edilmişdir. Beləliklə vergi ödəyicisi tərəfindən yerli büdcəyə cəmi 139281.64 manat mədən vergisi hesablanmalı olduğu halda İmişli rayon Məzrəli bələdiyyəsinə təqdim olunmuş mədən vergisi bəyannamələri araşdırılarkən mədən-vergisi hesablanmasında kənarlaşma müəyyən edilmişdir. Bildiririk ki, "xxxx" MMC bəyənnamə təqdim etsədə hesablanmış mədən vergisi borcu tam şəkildə ödənilmədiyindən xx.xx.2019-cu ildən 01 avqust 2020-ci il tarixinədək olan dövrdə Cəmiyyətin Məzrəli bələdiyyəsinə 7940.00 (yeddi min doqquz yüz qırx) manat cari borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/7263 nömrəli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən xüsusi bilik tələb olunduğuna görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” birliyinin mütəxəssisi cəlb olunmuş və Əliyev B. İ. tərəfindən xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Yoxlama ilə həmin rəy və digər hallar nəzərə alınaraq Mənfəət vergisi, ƏDV, sadələşdirilmiş vergi, mədən vergisi və MÖMV hesablanmışdır. Əliyev B.İ. tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə müəssisənin istehsal etdiyi qum-çınqıl məhsullarının istehsal həcmi müəyyən olunmuşdur.Həmin rəydə istehsal həcminin elektrik enerjisi sərfiyyatına və istehsal avadanlıqlarının gücünə əsasən hesablanması göstərilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, səyyar vergi yoxlaması ilə vergi əməkdaşı tərəfindən mütəxəssis rəyi nəzərə alınmaqla vergilər hesablanmışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri.o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istiehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi sərfiyyatı xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Əliyev B.İ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində İddiaçı MMC üzrə faktiki istehsal edilmiş yuxarıda adları qeyd edilən məhsulların faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Bildiririk ki, İddiaçı MMC üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, mövcud avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Qeyd edilir ki, vergilərin müəyyən edilməsinin əsas şərtləri Vergi Məcəlləsinin 12-ci maddəsində təsbit olunmuşdur. Belə ki, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:
1. vergitutma obyekti;
2. vergitutma bazası;
3. vergi dövrü;
4. vergi dərəcəsi;
5. verginin hesablanması qaydası;
6. verginin ödənilməsi qaydası və müddəti (maddə 12.1).
Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası - vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4). Səyyar vergi yoxlaması ilə əlavə vergilərin müəyyən edilməsi (istehsal həcmi ilə bağlı) qaydası isə yuxarıda da göstərildiyi kimi düzgün olmamışdır. Bütün yuxarıda göstərilənlərə əsasən bildirilir ki, hazırkı tədqiqatla səyyar vergi yoxlaması ilə aparılan hesablamaların (mənfəət, ƏDV, sadələşdirilmiş vergi, mədən vergisi və MÖMV üzrə) düzgünlüyü müəyyən olunmur. Belliklə bütün yuxarıda göstərilənlərə və iş materiallarında olan sənədlərə (üzləşmə aktına) əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə yalnız 7940 manat mədən vergisi borcu müəyyən olunur.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı bələdiyyənin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (“İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (sərəncamını) 14 mart 2020-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut (poçt qəbzi və s.) təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (“İnzibati icraat haqqında” Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və qismən əsaslıdır. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: -Xammal və materiallar; -Qaytarılmış tullantılar; -Texniki məqsədlər üçün yanacaq enerji və su; -İstehsal fəhlələrinin əsas əmək haqqı; -İstehsal fəhlələrinin əlavə əmək haqqı; -Sosial sığortaya ayırmalar; -Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; -Ümumi sex xərcləri; -Ümumi zavod xərcləri; -Zay məhsul və itkilər; -Sair istehsalat xərcləri; -Əmtəəlik məhsulun tam maya dəyəri; Beləliklə, istehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində müəssisə üzrə faktiki istehsal edilmiş tikinti qumu məhsullarının faktiki maya dəyəri yanlız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Yəni mühasibat uçotunda istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçı üzrə istehsal edilmiş tikinti qumunun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı əsasında tikinti qumunun istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, vergi ödəyicisi kimi hazırkı iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində tikinti qumunun istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu, dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, başqa, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikasının Vergi Məsəlləsinin 12.3-cü maddəsində göstərilir ki, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Bu baxımdan məhkəməsi hesab edir ki, sərf olunan elektrik enerjisi vergitutma obyekti hesab edilmədiyindən, onun əsasında hesablanmış əlavə vergi də qanuni sayıla bilməz. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə vergi ödəyicisi verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarını bu Məcəllə ilə müəyyən edilən müddətdən sonra vergi orqanının xəbərdarlıq etdiyi gündən 5 gün müddətində əsas olmadan təqdim etmədikdə, səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərən ərazi. Həmin Məcəllənin 67.3-cü maddəsinə görə vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicislərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, mövcud qanunvericilik (AR Vergi Məcəlləsinin 67-ci maddəsi) səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da stifadə edilməsi nəzərdə tutulmuşdur. Hansı ki, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Həmçinin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara söykənən mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmi müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. Sadalananlar belə nəticəyə gəlməyə əsas verir ki, mübahisələndirilən 14 mart 2020-ci il tarixli qərar qəbul olunarkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və sonda əsassız vergi məbləği (mədən vergisi) hesablanmışdır. Beləliklə, cavabdeh mübahisələndirilən 14 mart 2020-ci il tarixli qərarı qəbul edərkən maddi hüquq normalarının tələblərini pozaraq, iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.11-ci maddəsin əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İş materiallarında olan sənədlərdən (üzləşmə aktından və ekspert rəyindən) müəyyən olunur ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində İddiaçı MMC tərəfindən aparılmış əməliyyatlara görə 7940 manat mədən vergisi borcunun olması müəyyən olunur. Ümumiyyətlə həmin məbləğ iddiaçı tərəfindən də mübahisələndirilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi 7940.00 (yeddi min doqquz yüz qırx) manat məbləğində vergi borcuna aid hissədə istisna olmaqla qalan hissədə əsaslı olduğundan qismən təmin edilməli, İmişli rayon Məzrəli bələdiyyəsinin 14 mart 2020-ci il tarixli qərarı qismən – 7940.00 (yeddi min doqquz yüz qırx) manat məbləğində vergi borcu (mədən vergisi) istisna olmaqla qalan hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. İmişli rayon Məzrəli bələdiyyəsinin 14 mart 2020-ci il tarixli qərarı 7940.00 (yeddi min doqquz yüz qırx) manat məbləğində vergi borcu (mədən vergisi) istisna olmaqla qalan hissədə ləğv edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərc cavabdehə aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat cavabdeh İmişli rayon Məzrəli bələdiyyəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifat kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, X1, Kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Samir Həsənov