Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-310/2020 12.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X2 (Sabirabad şəhəri, İ.İskəndərov küçəsi, dalan 1, ev 9 A-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adı və soyadından əvvəlki “Aynur Nadirova” adına və soyadına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adı və soyadından əvvəlki “Aynur Nadirova” adına və soyadına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı 05.12.1990-cı il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. Qanunvericiliyə uyğun olaraq “İddiaçı” adının və soyadının əvvəlki “Aynur Nadirova” adına və soyadına dəyişdirilməsi ilə bağlı Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə rəsmi müraciət etmişdir. Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi 26.11.2019-cu il tarixli məktubla cavab verərək adının və soyadının dəyişdirilməsindən imtina etmiş və iddiaçıya tələbi ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İlk dəfə Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə adının və soyadının dəyişdirilməsi barədə müraciət etmiş və müvafiq olaraq İddiaçı kimi dəyişiklik edilmişdir. Sabirabad rayonunda hamı onu əvvəlki adı və soyadı, yəni Aynur Nadirova kimi tanıdıqları üçün hüquqlarının və vəzifələrinin yerinə yetirməsində çətinliklər yaranır. Bu isə ailədə həmişə gərginlik və narahatlıq yaranır, iddiaçı yenidən öz adının və soyadının bərpa olunmasını istəyir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı ad və soyadı Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 02.10.2017-ci il tarixli, 224 saylı adın, ata adının və soyadının dəyişdirilməsi haqqında akt qeydinə əsasn “Nadirova Aynur”-dan “İddiaçı”-a dəyişdirilmişdir. İddiaçı 26.11.2019-cu il tarixində yenidən ərizə ilə Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə ad və soyadının “İddiaçı”-dan “Nadirova Aynura”-a dəyişdirilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”-nın 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsindən (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) İddiaçı imtina edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnaməsinin, adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmçinin iş materiallarına Аzərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin, Аzərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Sabirabad rayon Mərkəzi Xəstəxanasının, Sabirabad rayon Polis şöbəsinin məktubları əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı (məcburetmə) qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh 26.11. 2019-cu il tarixli qərarla iddiaçının ad və soyadının dəyişdirilməsindən imtina etmişdir. İddiaçı İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində (30 gün) məhkəmədə iddia qaldırmışdır. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçının ilkin adı Aynur, soyadı isə Nadirova olmuşdur. Sonradan adını “Nurcan”, soyadını “Nəbiyeva”ya dəyişdirmişdir. Hazırda o, növbəti dəfə ad və soyadının dəyişdirilməsi vəzifəsinin cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin üzərinə qoyulmasını xahiş edir. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.12.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş və Sabirabad rayonu, Bulaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 02.10.2017-ci il tarixli, AZ-İ 022145 nömrəli adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 “Nəbiyeva” soyadına, “Nurcan” adına dəyişdirmişdir. İşdə olan 05.10.2017-ci il tarixli, AZ-İV 004897 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 05.12.1990-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, valideynləri qrafasında atası X4, anası X3 göstərilmişdir. İşdə olan Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 26.11.2019-cu il tarixli imtina məktubundan görünür ki, onun soyadının və adının dəyişdirilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qanunvericiliyə görə (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddələri) hər bir şəxsin öz adını və soyadını dəyişdirmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmçinin qeyd olunmalıdır ki, həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həımin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə mövcud qanunvericiliyin qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək hesab edir ki, cavabdeh Sabirabad regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin “iddiaçının adının və soyadının dəyişdirilməsi”ndən imtinası qanuna zidd sayıla bilməz. Belə ki, ad və soyadın növbəti dəfə dəyişdirilməsi ilə bağlı qanunvericiliyin (Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların) nəzərdə tutduğu hallar iddiaçıya münasbətdə müəyyən edilmir. Başqa sözlə, məhkəmə cavabdehin imtinasının qanuna əsaslanmasını və inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 28.08.2019-cu il tarixli 2-1(102)-2535/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş subutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adı və soyadından “Aynur Nadirova” adına və soyadına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sabirabad regional “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinə qarşı doğum akt qeydində dəyişiklik edilərək “İddiaçı” adı və soyadından “Aynur Nadirova” adına və soyadına dəyişdirilməsi vəzifəsinin qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-310/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-310/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver