Məhkəmə qərarları › İş №2-1(120)-311/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-311/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-311/2023 19.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddianın mümkünlük məsələsinə 19 aprel 2023-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı rayon İcra Hakimiyyətinin başçısının rayonun Sumada kəndinin ərazisində 29 saylı dövlət qış otlaq sahəsindən uzunmüddətli istifadəmizdə olan 35 hahissəsinin "xxxx" MMC-nə verilməsinə dair qərarının ləğv edilməsinə və mülkiyyət hüququnu pozan hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamın ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2000-ci il tarixli, 201 nömrəli sərəncamı ilə Saatlı rayonunun Sumada kəndinin ərazisində 29 saylı dövlət qış otlaq sahəsindən 35 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə uzun müddətə istifadələrinə verilmişdir. Sözügedən torpaqdan təyinatına uyğun olaraq səmərli istifadə etmişlər. 2017-ci ildə Saatlı rayon İcra Hakimiyyəti Başçısı sözügedən torpaq sahəsinin uzun müddətli istifadələrinə verilməsinə baxmayaraq torpaq sahəsini boşaltmaqlarını tələb etmişdir. Torpaq sahəsindən çıxmayacaqlarını, torpağın onlara uzun müddətə verilməsi barədə etirazlarını bildirdikdə, onlara hüquq mühafizə orqanları vasitəsilə güc tətbiq edərək oradan zorla çıxartdırdı. Qeyd etməyi zəruri hesab edirlər ki, 2017-ci il üzrə təsərrüfatlarında 250 baş qoyun, 140 baş inək, 3 ədəd çoban evi (müvafiq olaraq 30 kv.m, 24 kv.m, 74 kv.m) mal tövləsi 288 kv.m, anbar, su çəni və s. O cümlədən həmin il üzrə 4 ton quzu əti, 12,6 ton mal əti, 0,5 ton yun, 54 ton inək südü istehsal edilmişdir. Həmin təsərrüfatda 4 ailə yaşayaraq ailələrini dolandırırdı. Hazırda təsərrüfatlarında 170 baş qoyun, 60 baş inək, 40 baş buzov, 4 baş at, kökəltmədə isə 20 baş erkək dana var. Bunları saxlamaq üçün isə torpaq sahələri yoxdur. Qeyd edir ki, ötən 4 il ərzində müraciət etmədiyi orqan qalmamışdır. Müracitələrinə cavab verilmişdir ki, məhkəmədə iddia qaldırmalıdır. Bir daha bildirir ki, Saatlı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 201 nömrəli sərəncamı ilə 35 ha torpaq sahəsi şikayət etdikləri orqanlardan ona cavab verildiyi kimi 15 il müddətinə deyil, uzunmüddətl istifadəyə verilmişdir. Hesab edir ki, Saatlı rayon İcra Hakimiyyəti mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq uzunmüddətli istifadələrində olan torpaq sahəsini qanunsuz olaraq "xxxx" MMC-nə vermişdir. Hesab edir ki, bir İcra başçısının sərəncamını, digər icra başçısının sərəncamı ilə ləğv edilməsi qanunsuzdur və yol verilməzdir, bu yalnız məhkəmə yolu ilə ləğv edilə bilər. Odur ki iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya real yardım edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və sonuncu dəfə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, məhkəmə tərəfindən izah olunan hallar ona aydındır. İddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Belə ki, iddia tələbində qeyd edilən sözügedən torpaq sahəsi Saatlı rayon İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2000-ci il tarixli, 201 nömrəli sərəncamı ilə Saatlı rayonunun Sumada kəndinin ərazisində 29 saylı dövlət qış otlaq sahəsindən 35 ha torpaq sahəsi qoyunçuluğun inkişafı məqsədi ilə İddiaçı istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilən xx.xx.2001-ci il tarixli, 46 nömrəli müqaviləyə əsasən torpaq sahəsinin 15 illik müddətə İddiaçı istifadəsinə verildiyi müəyyən edilmişdir. Müqavilənin 2.12-ci hissəsində icarəçinin hüquqları qeyd edilmişdir ki, həmin hüquqlarda icarəçi tərəfindən icarə müqaviləsinin uzadılması üçün icarəyəverənə təklif verilməsi hüququ, 2.13-cü hissəsində isə icarəçinin vəzifələri qeyd edilmişdir ki, həmin vəzifələrdə icarəyə götürülmüş torpaq sahələrinin müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarılması vəzifəsi qeyd edilmişdir. Belə ki, qeyd edilən müqavilə müddəti bitdikdən sonra İddiaçı tərəfindən müddətin uzadılması barədə cavabdeh inzibati orqana hər hansı müraciətin ünvanladığı müəyyən edilməmiş və ünvanlanması barədə iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı iddia ərizəsində 2017ci il tarixdə qeyd edilən torpaq sahəsindən çıxarıldıqlarını qeyd edir. Bele olan halda torpaq sahəsinin 2017-ci il tarixdən iddiaçı tərəfindən istifadə olunmadığı mübahisələndirilməyən hal kimi qəbul edilir. İddiaçının hal-hazırda həmin torpaq sahəsi ilə bağlı əmlak hüquqlarının olması sübut edilməmişdir ki, bu hal inzibati orqan tərəfindən qəbul edilən xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncam ilə iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməyən hal kimi qəbul edilməlidir. İddiaçını təqdim etdiyi sübutlarında müvafiq torpaq sahəsinə onun subyektiv hüququnun olması ilə bağlı heç bir dəlil, sübut təqdim etmir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Digər tərəfdən isə iddiaçı tərəfə sərəncamın qəbul edilməsi (elan edilməsi) məlum olması vaxtına gəldikdə isə, qeyd edilməlidir ki, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan sərəncam 31 may 2018-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu sərəncamı 2022-ci ilin fevral ayında, yəni sərəncamın qəbul olunduğu vaxtdan müvafiq olaraq 3 il 8 ay sonra mübahisələndirmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət komitəsi yanında torpaqların Dövlət İdarəetməsinin təşkili üzrə Dövlət Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, **********31 saylı məktuba əsasən mübahisələndirilən sərəncamın iddiaçıya “elan” olunmuş sayılmalı və bu səbəbdən də iddia müddətləri buraxılmış kimi qiymətləndirilməlidir. İddiaçının sərəncamdan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Mübahisələndirilən sərəncamın verilməsindən məlumatının olmaması belə iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçı 2017-ci il tarixdə həmin torpaq sahəsindən çıxarılan zaman artıq torpaq sahəsindən istifadə ilə bağlı ona verilmiş xx.xx.2001-ci il tarixli, 46 nömrəli müqavilənin vaxtının bittiyini və inzibati orqan tərəfindən vaxtın uzadılmadığını bilirdi. Həmin müddətdən yəni, 2017-ci ildən sonra iddiaçı müddətin uzadılması ilə bağlı müraciət etməmiş və hal-hazırda iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncam iddiaçının çıxarıldığı vaxtdan ən az 5 ay sonra qəbul edilmişdir. İddia müddətinin bərpası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfin ifadəsindən, müzakirə olunan vəsatətə münasibətindən və iddia ərizəsindən prosessual müddətin buraxılmasının səbəblərinin üzürlü sayılması üzrə dəlillər təqdim olunmamış kimi qiymətləndirilir. Belə olan halda, iddia müddəti 1 ildən artıq vaxt buraxıldığından, məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim olunmasını iddiaçı tərəfə tövsiyə edilməsini məqsədəuyğun saymır. Nəzərə alınmalıdır ki, İPM-in 24.4-cü maddəsində sadalanan “istisna” hallarının mövcudluğu barədə iddiaçının dəlili olmadığından, mübahisənin halları üzrə buraxılmış iddia müddətinin bərpası barədə ərizənin verilməsi də mümkün deyil. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamların qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddiaçının subyektiv hüququ olmamışdır, olsa idi belə iddiaçı tərəfindən iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Saatlı rayon İcra Hakimiyyətinə qarşı “Saatlı rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2018-ci il tarixli, 57 nömrəli sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar