Məhkəmə qərarları › İş №2-1(120)-313/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-313/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-313/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “əmlak hüququnun qeydiyyata alınması, çıxarışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ünvan 1 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ünvan 1 ünvanında yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Şirvan şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı iş üzrə məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şirvan şəhər Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 30 ünvanda yerləşən İddiaçı məxsus həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında ƏMDX DƏDKR publik hüququ şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh təşkilat müraciətinə 10 mart 2023-cü il tarixdə imtina məktubu göndərmişdir. Cavabdeh imtinanın səbəbi kimi Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 nömrəli iclas protokolundan çıxarışın və protokoldan çıxarışın Azərbaycan Respublikası X9 filialının xx.xx.2022-ci il tarixli 383 nömrəli arayışının təqdim edilməsinə baxmayaraq, protokoldan çıxarışın ayrılmaz hissəsi olan torpaqayırma komissiyasının 0.06 ha torpaq sahəsinin ayrılması haqqında aktının və torpaq sahəsinin yerləşmə sxeminin təqdim edilmədiyini göstərmişdir. Həmin imtinanı əsassız hesab edir. Hesab edir ki, cavabdehin imtinası əsassız hesab edilməli və onun üzərinə həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsi qoyulmalıdır. Belə ki, İddiaçı 5 nəfər ailə üzvü ilə birlikdə Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 nömrəli iclas protokoluna əsasən, Şirvan şəhəri, Heyranxanım küçəsi, 30 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. İddiaçı oglu həmin sənəd əsasında Əli Bayramlı şəhər İcra Hakimiyyətinin Baş X8 xx.xx.2008-ci il tarixdə tikintiyə icazə sənədini və evin eskiz layihəsini alıb, həyətyanı torpaq sahəsində 01 mərtəbəli ümumi sahəsi 104.55 kv.m sahəni əhatə edən fərdi yaşayış evi inşa etmişdir. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin qəbul komissiyası tərəfindən istismara qəbul olunmuş və bu barədə Akt tərtib edilmişdir. Bundan sonra İddiaçı oglu ailə üzvləri ilə birlikdə həmin evə köçmüş və yaşamış, evi mənzil istismar sahəsində qeydiyyata aldırıb, bu barədə ev kitabı da almışdır. Fərdi yaşayış evi bütün kommunikasiya xəttləri ilə təchiz olunmuş, evə elektrik, su, qaz sayğacı quraşdırılmışdır. Qeyd edir ki, torpaq sahəsi ilə bağlı toıpaqayırma aktının və torpaq sahəsinin yerləşmə sxeminin arxiv idarəsində mövcud olub-olmadıgı barədə Azərbaycan Respublikası X9 filialına sorğu ilə müraciət etmiş və arxiv idarəsindən sorğusuna xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2-117/2023 nömrəli cavab verilmişdir ki, qeyd olunan sənədlər X9 filialına təhvil verilməmişdir. İddiaçı oglu həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evini dövlət qeydiyyatına aldırmaq üçün cavabdeh təşkilata müraciət etmiş, cavabdeh təşkilat əvvəlcə sənədləri qəbul etmiş, vətəndaşa torpaq sahəsinin və evin texniki pasportu və çıxarışı üçün qanunla müəyyən olunmuş dövlət rüsumunu ödətdirmiş və sənədləri götürmək üçün müddət təyin etmişlər. İddiaçı sənədləri götürmək üçün deyilən müddətdə gələndə cavabdeh təşkilat bildirmişdir ki, onun sənədlərində çatışmazlıq var, torpaq sahəsinin ayrılması barədə torpaqayırma aktı və torpaq sahəsinin yerləşmə sxemi yoxdur. Hansı ki, həmin sənədləri torpaq sahəsi ayrılan zaman Əli Bayramlı XDS-in əməkdaşları torpaq sahəsini yerində müayinə edərkən yerləşmə sxemini çəkib, bu barədə akt tərtib etməli idilər. Vətəndaş bildirmişdir ki, ona həmin sənədlər verilməmiş və bu sənədlərin lazım olduğunu o, bilməmişdir. Cavabdeh təşkilat vətəndaşa bildirmişdir ki, torpaq sahəsi Əli Bayramlı XDS tərəfindən ayrılıb. Həmin zəruri sənədlər o vaxt tərtib edilməyibsə indiki zamanda həmin orqanın hüquqi varisi Şirvan şəhər İcra Hakimiyyətidir. Şirvan şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi onların idarəyə məktubla müraciət etməlidirlər və onların mütəxəssislərlə birlikdə torpaq sahəsinə yerində baxış keçirib torpaq sahəsinin yerləşmə sxemini çəkib onlara verməlidirlər ki, onlar həmin sxem üzrə həmin torpaq sahəsinin koordinatlarını elektron sistemə işləyə bilərlər. Bu məqsədlə vətəndaşın nümayəndəsi olaraq Şirvan şəhər İcra Hakimiyyətinə, surəti cavabdeh təşkilata yazılmaqla xx.xx.2022-ci il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə məktub ünvanlamışdır ki, hər iki dövlət orqanı qarşılıqlı əməkdaşlıq etməklə vətəndaşın probleminin həllində onlara köməklik edin, lakin hər iki təşkilat əsassız bəhanələr gətirərək, vətəndaşa kömək etmək əvəzinə hərəsi öz üzərindən görəcəkləri işləri ataraq ötür-ötür oyunu oynamaqla vətəndaşa köməklik etməmişlər. Cavabdeh təşkilat eləcə də, Şirvan şəhər İcra hakimiyyəti əməkdaşları özlərinə əziyyət verməmiş, yuxarıda qeyd edilən məsələləri həll etməyərək, İddiaçı həmin daşınmaz əmlaklar üzərində hüquqlarını dövlət qeydiyyatına almaqdan qanunsuz olaraq imtina etmişdir. Göründüyü kimi, cavabdeh təşkilat İddiaçı və nümayəndəsinin müraciətinə imtina verməklə, onun qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlaklar üzərində olan hüquqlarını kobud şəkildə pozmuşdur. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 nömrəli iclas protokolundan çıxarışının Azərbaycan Respublikası Dövlət Arxinin Şirvan filialının xx.xx.2022-ci il tarixli 383 nömrəli arayışının təqdim edilməsinə baxmayaraq, protokoldan çıxarışın ayrılmaz hissəsi olan torpaqayırma komissiyasının 0.06 ha torpaq sahəsinin ayrılması haqqında aktı və torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Belə ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Yuxarıda qeyd olunanlara əsasən, İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş. Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin və 3-cü şəxs Şirvan İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddia tələbinə etirazlarının olmadığını bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Şirvan şəhəri ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhər ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Əli Bayramlı Şəhər X10 Rəyasət Heyətinin 03 İyun 1993-cü il tarixli 05 nömrəli qərarından görünür ki, İddiaçı və 5 nəfər ailə üzvü ilə birlikdə A.Əhmədov A/55 nömrəli evdə yaşayır. Ona 600 kv.m. torpaq sahəsi Heyranxanım 30 nömrəli sahədə ayrılmış və həmin sahədə yaşayış sahəsi 90 kv.m yardımçı sahəsi 35 kv.m. və eyvan hissəsi 18 kv.m. olan ev tikməyə icazə verilmişdir. X9 Filialinın xx.xx.2022-ci il tarixli, 383 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Əli Bayramli Şəhər X11 Rəyasət Heyyətinin 03 İyun 1993-cü il tarixli 05 nömrəli iclas protokolu Fərdi mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələrinə baxılması barədə Əli Bayramlı şəhər XDS Rəyasət Heyəti qərara alır ki, İddiaçı 600 kv.m. torpaq sahəsi Heyranxanım 30 nömrəli sahədə ayrılsın, həmin sahədə yaşayış sahəsi 90 kv.m., yardımçı sahəsi 35 kv.m. və eyvan hissəsi 18 kv.m. olan ev tikməyə icazə verilsin. Əli Bayramlı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 saylı iclasından çıxarışa müvafiq olaraq fərdi ev tikintisinə dair icazəsində qeyd edilmişdir ki, İddiaçı fərdi ev tikintisinə şəhərin Heyranxanım küçəsində icazə verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2022-ci il tarixində **********60 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə bildiriş verilmişdir. Qeyd edir ki, Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 nömrəli iclas protokolundan çıxarışının və protokolundan çıxarışın Azərbaycan Respublikası Dövlət Arxinin Şirvan filialının xx.xx.2022-ci il tarixli 383 nömrəli arayışını təqdim edilməsinə baxmayaraq, protokoldan çıxarışın ayrılmaz hissəsi olan torpaqayırma komissiyasının 0.06 ha torpaq sahəsinin ayrılması haqqında aktını və torpaq sahəsinin yerləşmə sxemini təqdim etməmisiniz. Odur ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın ayrılmaz hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. “Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Göstərilən səbəblərdən müraciətin icrası mümkün olmamışdır. Nəzərinizə çardırırıq ki, torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün zəruri olan torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Obyektin qəbul Komissiyası tərəfindən istismara qəbul edilməsi barədə xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda aktdan görünür ki, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi istismara qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/8619 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Əli-Bayramlı şəhər XDS-in RH-nın xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: Əli-Bayramlı şəhər XDS-in RH-nın xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi hal-hazırda Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid tikinti altında olan torpaq sahəsi kimi göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Əli-Bayramlı şəhər XDS-nin RH-nın xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil. Qərardadın dördüncü sualı üzrə: Əli-Bayramlı şəhər XDS-nin RH-nın xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Qərardadın beşinci sualı üzrə: Əli-Bayramlı şəhər XDS-nin RH-nın xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və fərdi yaşayış evi faktiki olaraq iddiaçının istifadəsindədir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia, etiraz ərizəsini və iş materiallarını obyektiv və qərəzsiz şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X5 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X3 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X6rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X12rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 15-ci maddəsinə əsasən : 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddənin tələbinə əsasən qanunvericinin əhatə dairəsini müəyyən etdiyi hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçının daşınmaz əmlaka mülkiyyət hüququnun yaranması əsası olan Əli Bayramlı Şəhər X10 Rəyasət Heyətinin 03 İyun 1993-cü il tarixli 05 nömrəli qərarı ilə İddiaçı 600 kv.m. torpaq sahəsi Heyranxanım 30 nömrəli sahədə ayrılmış və həmin sahədə yaşayış sahəsi 90 kv.m yardımçı sahəsi 35 kv.m. və eyvan hissəsi 18 kv.m. olan ev tikməyə icazə verilmişdir. Həmin fakt X9 Filialinın xx.xx.2022-ci il tarixli, 383 nömrəli arxiv arayışı ilə də öz təsdiqini tapır. X14 şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli Əli Bayramlı şəhər XDS Rəyasət Heyətinin xx.xx.1993-cü il tarixli 05 saylı iclasından çıxarışa müvafiq olaraq fərdi ev tikintisinə dair icazəsində qeyd edilmişdir ki, İddiaçı fərdi ev tikintisinə şəhərin Heyranxanım küçəsində icazə verilmiş və obyektin qəbul Komissiyası tərəfindən istismara qəbul edilməsi barədə xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda aktdan görünür ki, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi istismara qəbul edilmişdir. Əmlak üzərində iddiaçının mülkiyyətinin qeydiyyata alınmasından cavabdehin imtinasının əsasını isə torpaq sahəsinin ayrılması haqqında aktın və yerləşmə sxeminin olmaması təşkil edir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sübut əhəmiyyəti daşıyan ekspert rəyinə əsasən müəyyən edilir ki, Əli-Bayramlı şəhər XDS-in RH-nin xx.xx.1993-cü il tarixli, 05 saylı qərarı ilə İddiaçı ayrılmış ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, tikinti altında olan torpaqlar uqodiyalı torpaq sahəsi kimi göstərilmiş, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun mövcud deyil, sənəd üzrə ayrılmış torpaq sahəsi təsərrüfatın faktiki istifadəsində olan ərazi ilə eyni ərazidir, həmin torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində və mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Həmçinin 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş Şirvan Şəhər Bələdiyyəsinin nümayəndəsi iddia tələbinə etiraz etmədiyini və tələbin təmin edilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı mülkiyyətində olan Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 30 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qanuni əsaslarla əldə edilidyi, istifadə edildiyi və tikildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlil, yəni torpaq sahəsinin ayrılması haqqında aktın və yerləşmə sxeminin olmaması iddiaçının təqsiri nəticəsində yaranmış hal deyil və onun ziyanına təfsir oluna bilməz. Əks halda bu, iddiaçıya münasibətdə onun konstitusion hüquqlarının, yəni mülkiyyət və bərabərlik hüquqlarının pozulması ilə nəticələnmiş olar. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehin sözügedən imtinası hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 30 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 30 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 4, 2, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. Şirvan şəhəri, Heyranxanım küçəsi, ev 30 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin İddiaçı adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar