Məhkəmə qərarları › İş №2-1(120)-314/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-314/2025

19.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-314/2025 19.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 09 saylı qərarı ilə Yalavac Bələdiyyəsinin ərazisində yerləşən və fərdi ev tikintisi üçün nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinin koordinatlarına uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli rayonu Yalavac bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək “İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009cu il tarixli, 09 saylı qərarı ilə Yalavac Bələdiyyəsinin ərazisində yerləşən və fərdi ev tikintisi üçün nəzərdə tutulan 1200 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə ona verilmiş və X2 hesabına 240 manat pul ödəmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü də tərtib edilmişdir. Ona fərdi ev tikintisi üçün ayrılmış torpaq sahəsinin koordinatlarına uyğun çıxarışın verilməsini cavabdehdən xahiş etsə də, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 6 sayl Beyləqan Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış məktubda torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş bələdiyyə ilə arasında bağlanmış alqı-satqı müqaviləsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edilmədiyi göstərilmişdir. Qeyd edilənləri nəzərə alaraq İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, 20 sentyabr 2009-cu il tarixli, 09/1 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa sizə satılması müəyyən edilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin qanunun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir və həmin Qanunun 9.6-cı maddəsinə əsasən isə bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. (Həmin Qanununun 9.6-cı maddəsinə 23 oktyabr 2007-ci il tarixli 466-111 QD nömrəli dəyişiklik edilmişdir və akt sözü müvafiq olaraq müqavilə ilə əvəz edilmişdir.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1 -ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 146.3 maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır”. Həmin qanunun 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair notariat qaydasında bağlanılmış müqavilə təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə və hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, yuxarıda şərh olunanları və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2, 8, 9 və 15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1, 144, 146 və 394-cü maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən iddaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonu, Yalavac Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli 09 saylı qərarı ilə Yalavac Bələdiyyəsinin ərazisində yerləşən və fərdi ev tikintisi üçün nəzərdə tutulan 1200 kv.m torpaq sahəsinin koordinatlarına uyğun çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirik və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs İmişli rayonu Yalavac bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş et İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. İddia inzibati mübahisədir, iddia üzrə mübahisəli daşınmaz əmlak (torpaq sahəsi) İmişli rayonu ərazisində yerləşdiyindən və İmişli rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri, həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. İddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İşdə olan İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 09 nömrəli qərarının surətindən görünür ki, Yalavac kənd sakini İddiaçı ərizəsi nəzərə alınaraq fərdi yaşayış evinin tikintisi üçün onun xüsusi mülkiyyətinə 1200 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan xx.xx.2009-cu il tarixli, 89 nömrə ilə qeydiyyata alınmış Torpaqların alqı-satqısına dair aktdan görünür ki, İmişli rayonu Yalavac bələdiyyəsi ərazisindən İddiaçı 1200 kv.m torpaq sahəsi 240 manata satılmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İmişli rayonu Yalavac kənd sakini İddiaçı İmişli rayonu Yalavac bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09/1 nömrəli qərarı ilə xüsusi mülkiyyətinə 1200 kv.m fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi idarəsinin iddiaçıya ünvanladı xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-2789/2023 nömrəli məktubundan görünür ki, 20 sentyabr 2009-cu il tarixli, 09/1 saylı qərar əsasında ayrılmış torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa sizə satılması müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 9.6-cı maddəsinə 23 oktyabr 2007-ci il tarixli 466-İİİ QD nömrəli dəyişiklik edilmişdir və akt sözü müvafiq olaraq müqavilə ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 146.3 maddəsinin tələblərinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır”. Həmin qanunun 146.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir”. Yuxarıda qeyd edilənlərə əsasən 1 dekabr 2007-ci il tarixdən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair notariat qaydasında bağlanılmış müqavilə təqdim edilməlidir. Odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi müraciətində göstərilən məsələyə hər hansısa köməklik etmək səlahiyyətinə malik olmadığından, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq torpaq ayrılması məqsədi ilə İmişli rayon Yalavac bələdiyyəsinə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli, 3- 16-16/2-xx/xx/2025 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatların müəyyən etmək üçün tədqiqat aparan zaman müəyyən olundu ki, həmin torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 312580 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində olunan koordinatlarda yerləşən 1200 k.m torpaq sahəsinin ölçüləri ilə İddiaçı iddia etdiyi faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri və koordinatları üst-üstə düşmür və həmin torpaq sahələri birbirindən 180 m aralıda yerləşir. Ona görə də torpaq sahəsi ayrılan tərtib olunmuş yerquruluşu planına əsasən İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 312580 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlarda yerləşən reyestr nömrəsi **********0064 olan 1200.0 kv.m torpaq sahəsinin sərhədləri də naturada müəyyən edilmişdir. Eyni zamanda, İmişli rayonu Yalavac Bələdiyyəsinin ərazisində yerləşən İddiaçı faktiki istifadəsində olan 1366 kv.m torpaq sahəsində yerləşən, İddiaçı iddia etdiyi 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Qeyd edilən torpaq sahəsi ayrıldığı vaxt (2009-cu ilin sentyabr ayı) İmişli rayonu Yalavac Bələdiyyəsinin mülkiyyətində olan kəndin perspektiv inkişaf fonduna aid yaşayış məntəqələrinin torpaqları kateqoriyalı əkin torpaq sahəsi olmuşdur.Həmin torpaq sahəsi İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında fərdi yaşayış evi tikmək məqsədilə İddiaçı satılmış həyətyanı torpaq sahəsidir. Ancaq qeyd edilən torpaq sahəsinin yerləşdiyi ərazi X5 X6 İmişli rayonu Yalavac Bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid digər təyinatlı torpaq sahəsi kimi qeyd olunmuşdur. Qərardadın üçüncü sualı üzrə: İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin koordinatları aidiyyəti qanunvericilik aktlarınnda o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilməmişdir. Belə ki, həmintorpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 312580 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlarda yerləşən reyestr nömrəsi **********0064 olan 1200.0 kv.m torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********32 olan ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli çıxarışa əsasən X4 xüsusi mülkiyyətində olan 0.12 ha həyətyanı torpaq sahəsinin 643 kv.m hissəsi ilə üstüstə düşür, qalan hissəsi isə digər şəxslərin istifadəsində olan həyətyanı torpaq sahələrinin və ümumu istifadədə olan kəndarası yolun ərazisi ilə üst-üstə düşür. Qərardadın dördüncü sualı üzrə: İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxematik xəritədə mövcuddur və qeyd edilən 1200 kv.m həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. (Qeyd edilən torpaq sahələrinin yerləşdiyi ərazi mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir) Qərardadın beşinci sualı üzrə: İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin sənəd üzrə və faktiki istifadə üzrə koordinatları müəyyən edilərək, mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. Torpaq sahəsi ayrılan tərtib olunmuş yerquruluşu planına əsasən imişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.mt orpaq sahəsinin 1096kv.m hissəsi İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir, qalan 104.0 kv.m hissəsi isə digər şəxslərin istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı iddia etdiyi, İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı faktiki İstifadəsinə verilmiş 1200 kv.m torpaq sahəsi İddiaçı İstifadəsindədir və həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilərək təyinatı üzrə istifadə olunur. Qərardadın altıncı sualı üzrə: İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin 1096 kv.m hissəsi İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşir, qalan 104.0 kv.m hissəsi isə digər şəxslərin istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ust-üstə düşür (tədqiqat zamanı Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin torpaq sahəsi üzərində mülkiyyət hüqüqu qeydiyyata alınmadığından hüquq sahibləri barədə məlumat verilməsi mümkün olmadı). İddiaçıya məxsus torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 312580 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan reyestr nömrəsi **********0064 olan 1200.0 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında səhv vardır. İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa İddiaçı satıldığından həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılınası mümkün olmadığına görə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulub-pozulmayacağını müəyyən etmək mümkün olmadı. Qərardadın yeddinci sualı üzrə: Torpaq sahəsi ayrılan tərtib olunmuş yerquruluşu planına əsasən imişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin 1096 kv.m hissəsi İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir, qalan 104.0 kv.m hissəsi isə digər şəxslərin istifadəsində olan həyətyanı torpaq sahəsi ilə ust-üstə düşür. Qərardadın səkkizinci sualı üzrə: Mübahisəli torpaq sahəsi olan İddiaçı iddia etdiyi,faktiki istifadəsində olan 1200 kv.m torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi və köməkçi tikili mövcuddur. Həmin tikililər Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Həmçinin həmin tikililər faktiki olaraq İddiaçı istifadəsindədir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi mişar daşından tikilmiş 2 mərtəbəli, tikinti altı sahəsi 160 kv.m (12.80x12.60) olan fərdi yaşayış evi və mişar daşından inşa edilmiş tikinti altı sahəsi 8.64 kv.m (4.80x1.80) olan köməkçi tikilidən(sanitar qovşaqdan) ibarət olmaqla əsaslı tikililərdir. Qərardadın doqquzun sualı üzrə: İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı və "Torpaqların alqı-satqısına dair" akt əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satıl satılmış 1200 kv.m torpaq sahəsininə dair tərtib edilmiş A 312580 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan reyestr nömrəsi **********0064 olan 1200.0 kv.m torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında səhv vardır, imişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında ayrılmış torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqında" Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan birbaşa İddiaçı satıldığından həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılınası mümkün olmadığına görə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulubpozulmayacağını müəyyən etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddia həm də əsaslıdır. Belə ki, iddiaçı İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi). Bu səbəbdən də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Həmin Qanunun 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «Torpaq islahatı haqqında» AR Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri (müvafiq bələdiyyə qərarını) həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, qeyd olunan torpaq sahəsinə dair bələdiyyə tərəfindən sənədlərin iddiaçıya natamam təqdim edilməsi iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzluqların olmadığı müəyyən edilmiş, eləcə də torpaq sahəsinin alınmasını təsdiq edən müvafiq qəbzin təsdiq edilmiş surətidə məhkəməyə təqdim edilmişdir. Məhkəmə, eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-xx/xx/2025 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» qərarında «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə istinad edərək vurğulamışdır ki, qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə, məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Mübahisələndirilən bələdiyyənin qərarına münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından və həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından (inzibati orqan bunu təkzib edən sübut, dəlil təqdim etməmişdir), eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, sözügedən İmişli rayonu Yalavac bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 09 saylı qərarı iddiaçıya aid hissədə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 09 saylı qərarı ilə İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. İddiaçı tərəfin hüquqi marağı onlara məxsus torpaq sahəsi ilə pozulmuş hüquqlarının bərpa edilməsidir. Araşdırma nəticəsində İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 09 saylı qərarına əsasən verilmiş torpağın koordinatların yanlış qeyd edilməsi tərəfin mülkiyyət hüquqlarını pozmuş və hal-hazırda olan mübahisənin əsasını təşkil etmişdir. Belə ki, İmişli rayonu Yalavac Bələdiyyəsinin xx.xx.2009-cu il tarixli, 09 saylı qərarı və “Torpaqların alqı-satqısına dair” akt əsasında İddiaçı satılmış 1200 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında qismən uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Araşdırma nəticəsində qeyd edilən torpaq sahəsinin 104 kv.m hissəsinin digər şəxslərin istifadəsində olduğu həyətyanı torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilmiş və iddiaçı qeyd edilən hissə ilə razılaşaraq həmin hissədə tələbini azaltmış və 1096 kv.m hissədə hüquqlarının qeydə alınmasını xahiş etmişdir. Eləcə də, 1096 kv.m hissənin hüquqmüəyyənedici sənədlərə əsasən koordinatlarının uyğunlaşdırılması zərurəti yarandığı, faktiki vəziyyətin isə tərəfin hüquqlarının pozulması ilə nəticələndiyi müəyyən edilir. Eləcə də, iş materiallarında olan və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu texniki tərəfindən tərtib edilərək mütəxəssis rəyinə əlavə edilən sxemə nəzər yetirilən zaman qeyd edilən uyğunsuzluq halının aşkar olduğu daha aydın müəyyən edilir. Həmçinin torpaq sahəsinin koordinatları arasında texniki səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməyəcəyi daha aydın müəyyən edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə verilmiş ekspert rəyi ilə bağlı xərclərin iddiaçıya aid edilməsi barədə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İmişli rayonu Yalavac Bələdiyyəsinin 20 sentyabr 2009-cu il tarixli, 09 nömrəli qərarı əsasında Yalavac Bələdiyyəsinin ərazisindən İddiaçı satılmış 1096 kv.m torpaq sahəsinin faktiki istifadəyə uyğunlaşdırılaraq xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınaraq müvafiq çıxarışın və yeni plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********,Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar