Məhkəmə qərarları › İş №2-1(120)-3148/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3148/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-3148/2023 05.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Üçüncü şəxs X6 nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Lənkəran rayonu Şilavar bələdiyyəsinə qarşı “Lənkəran rayonu Şilavar bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 05 sentyabr 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Lənkəran rayonu Şilavar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0,0778 ha torpaq sahəsinin X2 barədə Lənkəran rayonu Şilavar bələdiyyəsinin 13 avqust 2013-cü il tarixli, 14 saylı qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “0,0778 ha torpaq sahəsinin X2 barədə Lənkəran rayonu Şilavar bələdiyyəsinin 13 avqust 2013-cü il tarixli, 14 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli, 25 saylı qərarı ilə Lənkəran rayonu, Şilavar kəndi ərazisində 0.06 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Bu barədə onun adına JN-359A saylı, KOD-80213018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Onun adına verilmiş şəhadətnamədə həmin torpaq sahəsinin planı və ölçüsü də qeyd olunmuşdur. Şəhadətnamədə torpaq sahəsi 0.06 ha olmuş və 0.06 ha torpaq sahəsindən əlavə də, yəni ətrafı da zəbt olunmuş torpaq sahəsi kimi qeyd edilmiş və zəbt olunmuş torpaq sahəsi 0.0778 ha olmuşdur. Həmin zəbt olunmuş torpaq sahəsi şəhadətnamə üzrə ona məxsus olan torpaq sahəsinə bitişik olmuş və eyni çəpər daxilində olmuşdur. O, üzun illərdir mülkiyyətinə verilmiş 0.06 ha torpaq sahəsi ilə yanaşı həmin torpaq sahəsinə bitişik olan, şəhadətnamədə onun zəbti kimi qeyd olunmuş eyni çəpər daxilində olan 0.0778 ha torpaq sahəsindən də öz mülkiyyəti kimi istifadə edir. Bu yaxınlarda Lənkəran rayon Şilavar bələdiyyəsinə müraciət etmişdir ki, uzun illərdir istifadəsində olan 0.0778 ha torpaq sahəsi onun sənədində zəbt kimi qeyd edildiyi üçün qanunvericiliyə uyğun olaraq ona satılaraq mülkiyyətinə verilsin. Lakin Şilavar bələdiyyəsindən ona bildirdilər ki, uzun illərdir istifadəsində olan, sənədində zəbt kimi qeyd olunan 0.0778 ha torpaq sahəsi 13 avqust 2013-cü il tarixdə Lənkəran rayonu Şilavar bələdiyyəsinin 14 saylı qərarı ilə X1. Beləliklə, onun xəbəri olmadan və ona təklif olunmadan Lənkəran rayon Şilavar bələdiyyəsi uzun illərdir çəpərinin daxilində və istifadəsində olan torpaq sahəsini başqasına satmışdır. Bələdiyyə tərəfindən faktiki istifadəsində olan həmin torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi üçün üstünlük hüququ tanınmamış və həmin torpaq sahəsi ona təklif olunmamışdır. Mülki qanunvericiliyə əsasən onun hüquqları imkan verir ki, sözügedən torpaq sahəsinə olan üstünlük hüququndan istifadə edərək mülkiyyət hüququ əldə etsin. Lakin Şilavar bələdiyyəsi hərrac keçirmədən və ona hər-hansı bir formada məlumat vermədən çəpərinin daxilində olan və uzun illərdir istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq başqasına satmışdır. Həmin torpaq sahəsinin satılması üçün 13 avqust 2013-cü il tarixdə 14 saylı qərar qəbul edilmişdir. Beləliklə, Lənkəran rayonu Şilavar bələdiyyəsi tərəfindən onun hüquqlarını pozan əlverişsiz inzibati akt qəbul edilmişdir. Lənkəran rayon Şilavar bələdiyyəsi tərəfindən həmin 0.0778 ha torpaq sahəsinin satılması ilə əlaqədar qəbul edilmiş qərar etibarsız hesab edilməlidir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Lənkəran rayonu Şiləvar bələdiyyəsinin 20 iyul 2023-cü il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, Arxiv sənədlərinə istinadən bildirirlər ki, 16 may 2005-ci ildə Notariat kontorunun müqaviləsinə əsasən Kazımov X7 rayonu, Şiləvar kəndində yerləşən yaşayış evini qardaşı X9 bağışlamışdır. Həmin dövrdə torpağın mülkiyyətə verilməsınə dair şahədətnamə vətəndaşlara verilməmişdir. Həmin ev 0,06 ha torpaq sahəsində tikilmişdir. Sonradan 2013-cü ildə X3 bələdiyyəsinə müraciət edərək, həmin ərazidə bələdiyyə mülkiyyətində olan 0,0778 ha torpaq sahəsinin özəlləşdirilməsini xahiş etmişdir. Bu səbəbdən Şiləvar bələdiyyəsinin sabiq sədri M.Fərzullayev torpağın özəlləşdirilməsindən ötrü mövcüd qanunvericiliyə uyğun olaraq Lənkəran rayon Torpaq və Xəritəçəkmə İdarəsinə və Lənkəran Şəhər Memarlıq Şöbəsinə rəsmi müraciət edərək ayrı-ayrılıqda rəylər alınmışdır. Lənkəran rayonu Şiləvar bələdiyyəsi 13 avqust 2013-cü il tarixdə 14 saylı bələdiyyə iclasında müzakirə edilmiş bələdiyyə mülkiyyətində olan Lənkəran rayonu Şiləvar kəndində yerləşən 0,0778 ha torpaq sahəsinin X2 barədə qərar qəbul edilmişdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi və vəkili X5 gəlmiş, İddiaçı və cavabdehin nümayəndəsi isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə üçüncü şəxsin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırda qüvvədə olan qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iclasında iddia müddətinin ötürülməsi barədə məhkəmənin mülahizəsi iddiaçının nəzərinə çatdırılmış, iddia müddətinin üzrlü səbəbləri barədə sübutlar təqdim etməklə iddia müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ ona izah edilmiş və iddiaçının şifahi vəsatətinə əsasən məhkəmə iclası təxirə salınmışdır. Lakin buna baxmayaraq iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və müddətin bərpasına dair vəsatət verməkdən imtina etmişdir. İddiaçı eyni zamanda Rusiya Federasiyasında olduğundan mübahisəli torpaq sahəsinin üçüncü şəxs X8 ayrılması barədə Lənkəran rayonu Şilavar bələdiyyəsinin 13 avqust 2013-cü il tarixli, 14 saylı qərarından məlumatsız olduğunu və bu səbəbdən həmin qərarı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirə bilmədiyini bildirmişdir. Bununla bağlı məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli Arayışından müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dəfələrlə ölkəyə giriş-cıxışı olmuşdur. Göründüyü kimi, iddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək dəfələrlə Rusiya Federasiyasından ölkəyə qayıtsa da, eləcə də həmin torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olduğunu bilsə də, bələdiyyənin sözügedən qərarını vaxtında mübahisələndirməmiş, qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadən qeyd edir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı 8 ildən artıq müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbini irəli sürmək üçün qanunvericliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən və müdddətin buraxılmasına hər hansı üzrlü səbəb olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Lənkəran rayonu Şilavar bələdiyyəsinə qarşı “Lənkəran rayonu Şilavar bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 14 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar