Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3149/2025 30.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi ilə, İddiaçı Nobatəli qızının Cavabdehnə qarşı ( Lerik rayon X1 Məktəbi üçüncü şəxs qismində göstərilməklə) əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nobatəli qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 27 iyun 2024-cü il tarixli 80 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 2-1(120)-4288/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Nobatəli qızının Cavabdehnə qarşı 27 iyun 2024-cü il tarixli 80 nömrəli əmrin ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-117/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-4288/2024 saylı qərardadının ləğv olunması, inzibati icraat materiallarının məhkəmə icraatının davam etdirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərarın 3-cü səhifəsinin 9-cu abzasında qeyd olunmuşdur ki, məhkəmə kollegiyası mübahisəli əmrin məzmunu iddiaçının arzu etdiyi hüquqi nəticə ilə təhlil edərək bu nəticəyə gəlir ki, qeyd olunan əmr faktiki olaraq Cavabdeh Lerik rayonu X1 məktəbi direktoru tərəfindən verilsə də, məktəb direktoru həmin əmri 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri əsasında vermişdir. Yəni həmin əmrin verilməsinin əsasında digər yuxarı səlahiyyətli inzibati orqanın müvafiq əmri vardır. Qərarın 4-cü səhifəsinin 3-cü abzasında qeyd olunmuşdur ki, 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi mübahisələndirildiyi halda, iddiaçı artıq onun üçün əlverişsiz inzibati aktı mübahisələndirmiş olacaq və bu zaman məhkəmə aidiyyəti məhz inzibati məhkəməyə aid olmuş olacaq. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-117/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə inzibati iş baxılması üçün yenidən Şirvan İnzibati Məhkəməsinə daxil olmuşdur. Bundan sonra məhkəmə İPM-nin 13-cü maddəsinə əsasən qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması məqsədilə iddiaçıya xx.xx.2025-ci il tarixdə 2-1(120)-3149/2025 saylı məktub ünvanlamışdır. Sözügedən məktubda iddiaçıya izah olunmuşdur ki, hazırkı iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) cavabdeh inzibati orqanın dəqiqləşdirilməsi və həmin cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş əmrin ( 27 iyun 2024-cü il tarixli 3-29-69-2-13-F/2024 №-li əmrin) ləğv olunması ilə bağlı ərizə təqdim olunmalıdır. İddiaçı tərəfindən İMP-nin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsinə dair ərizə məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 3-29-69/3-2-13F/2024 saylı xx.xx.2024-cü il tarixli əmrdə qeyd olunmuşdur ki, Cavabdehnə (Bəhruz Mehdiyev) tapşırılsın ki, xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər. Cavabdeh Lerik rayonu X1 məktəbinin xx.xx.2024-cü il tarixli 80 №-li əmrindən müəyyən olunur ki, Təhsilverənin peşəkəralıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Lerik rayon X1 məktəbin İbtidai sinif müəllimi İddiaçı Nobatəli qızı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişddir. Ləğvə əsas: 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri. Lerik Rayon Məhkəməsinin 2(048)-960/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Nobatəli qızının cavabdehlər Cavabdeh və Lerik rayon X1 Məktəbinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü və məhkəmənin mövqeyi. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə yalnız iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilsə də, iddiaçı belə bir razılığını (yazılı və ya şifahi qaydada) bildirməmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı əmrin ləğv olunması və onun işə bərpa olunmasından ibarətdir. Cavabdeh Lerik rayonu X1 məktəbinin xx.xx.2024-cü il tarixli 80 №-li əmrindən müəyyən olunur ki, sözügedən əmrin verilməsinə əsas 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmri olmuşdur. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırki qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 35, 45, 38, 81, 83 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3149/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3149/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver