Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-315/2022 19.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X2 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 24.08.2021-ci il tarixli, **********7 saylı imtina məktubu verilərək, iddiaçının təqdim etdiyi sənədlərə əsasən (əmək kitabçası və hərbi biletin surəti) 01.01.2006-cı ilədək 31 il 10 gün ümumi sosial sığorta stajı olduğu halda, 10.03.1970-06.11.1973-cü illərdə “Azərbaycan SSR-nin 50 illiyi” sovxozunda 2 il 10 ay, 06.05.1976-10.11.1978-ci illərdə “Kommunist” sovxozunda 2 ay, 01.12.1978-12.02.1993-cü illərdə Astara avtobazasında işə girmə və işdən çıxma əmrləri və 2 il 2 ay əmək haqqlarının olmaması, 15.02.1993-05.10.2002-ci illərdə Astara sanayi-tikinti idarəsində işlədiyi dövrün əmr və əmək haqqlarının yoxlanılması mümkün olmadığından, əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 10.03.1970-06.11.1973-cü illərdə “Azərbaycan SSR-nin 50 illiyi” sovxozunda 2 il 10 ay, 06.05.1976-10.11.1978-ci illərdə “Kommunist” sovxozunda 2 ay, 01.12.1978-12.02.1993-cü illərdə Astara avtobazasında işə girmə və işdən çıxma əmrləri və 2 il 2 ay əmək haqqlarının olmaması, 15.02.1993-05.10.2002-ci illərdə Astara sanayitikinti idarəsində işlədiyi dövrün əmr və əmək haqqlarının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, Astara rayon Dövlət Arxivinin 09.09.2021-ci il tarixli, 232 nömrəli arxiv arayışını, Astara rayon Dövlət Arxivinin 09.09.2021-ci il tarixli, 232/1 nömrəli arxiv arayışını, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini, hərbi biletin notarial qaydada təsdiq edilmiş surətini, əmək kitabçasının əslini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Astara rayon Dövlət Arxivinin 01 noyabr 2021ci il tarixli, 134 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər, Astara rayon İcra Hakimiyyətinin 12 noyabr 2021-ci il tarixli, 650 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X7 Filialının 17 noyabr 2021-ci il tarixli, **********4 nömrəli etirazının, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 10 noyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1955-ci il tarixdə doğulmuşdur. 02 yanvar 2020-ci ildə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunan illərdə (10.03.1970-05.10.2002-ci illər) ayrı-ayrı müəssisələrdə işləməsi iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (əmək kitabçası, hərbi bileti) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması yəni, mübahisəli və mübahisəsiz dövrlərin cəminin iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 10 noyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubunda da öz əksini tapmışdır. Belə ki, hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 10 noyabr 2021-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir: 16.09.2021-ci il tarixli 2-1(120)-1665/2021 saylı məktubunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin 7 saylı regional ərazi filialı Sizin ərizənizə cavab olaraq bildirir ki, ”X3” Azərbaycan Respublikasınin Qanunun 7ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların(Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ”X3” Azərbaycan Respublikasınin Qanunun 21.1. maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaşın təqdim etdiyiniz sənədlərdə (əmək kitabçası və hərbi biletin surəti) 01.01.2006-cı ilədək 31 il 10 gün ay ümumi sosial sığorta stajı vardır. İddiaçı mübahisəsiz sığorta stajı 19.11.1973-cü ildən 28.11.1975-ci il tarixədək hərbi xidmətdə olduğu illərdir. İddiaçı mübahisəli sığorta stajı aşağıdakı illərdir: 10.03.1970-06.11.1973-ci illərdə “Azərbaycan SSR-in 50 illiy” sovxozunda 2 il 10 ay, 06.05.1976-10.11.1978-ci illərdə “Kommunist” sovxozunda 2 ay, 01.12.1978- 12.02.1993-ci illərdə Astara avtobazasında işə girmə və işdən çıxma əmrləri və 2 il 2 ay əmək haqqlarının olmaması, 15.02.1993-05.10.2002-ci illərdə Astara sənayitikinti idarəsində işlədiyi dövrün əmr və əmək haqqlarının yoxlaması mümkün olmadığı üçün (Astara rayon Dövlət arxivinin arayışına əsasən). Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (10.03.1970-05.10.2002-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. X3» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «X3» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 10.03.1970-ci il tarixdən 05.10.2002-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasından və əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 10.03.1970-ci ildən əmək fəaliyyətinə başlamış, 05.10.2002-ci il tarixədək müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə işləmişdir. İş materiallarında olan X5 rayon filialının 02.09.2021-ci il tarixli, 232 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970-ci ilin mart ayının 10-da 503 saylı əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1973-cü ilin noyabr ayının 06-da 1248 saylı əmrlə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. İddiaçı Astara rayon Ərçivan “Kommunist” sovxozunun əmr kitablarına əsasən 1976-cı ilin may ayının 07-də 357 saylı əmrlə sovxoza sürücü təyin olunmuş, 1978-ci ilin noyabr ayının 09-da 989 saylı əmrlə işdən azad edilmişdir. İddiaçı Astara Avtonəqliyyat müəssisəsinin əmr və əmək haqqı kitablarına əsasən 1978-ci ilin dekabr ayından əmək haqqı almış, 1993-cü ilin fevral ayının 12-də 20 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan X5 rayon filialının 02.09.2021-ci il tarixli, 232/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-1979, 1986-1990-cı illərdə əmək haqqı almasına dair qeydlər var, Astara Avtonəqliyyat müəssisəsinin 1978-ci ilin əmr kitabı və 1991-1993-cü illərin əmək haqqı kitabı rayon arxivində tam saxlanılmadığından İddiaçı həmin ildə işə daxil olma əmri və 1991-1993-cü illərdə aldığı əmək haqqı qeydlərini aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 19.11.1973-28.11.1975-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Astara rayon İcra Hakimiyyətinin 12.11.2021-ci il tarixli 650 nömrəli məktubundan görünür ki, Astara Avtonəqliyyat müəssisəsi 1978-1993-cü illərdə fəaliyyət göstərmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 02 iyul 2021-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı işləməsi faktı rayon arxivində saxlanılan əmr və əmək haqqı kitablarına əsasən yoxlanılmışdır. Yoxlama zamanı 1978-ci ilin əmr kitabı rayon arxivində saxlanılmadığından 01.01.1979-cu ildən əmək haqqı alması şəxsi hesab kitabında qeyd olunmuşdur. 01.01.1979-cu ildən 31.12.1990-cı ilə kimi əmək haqqı almışdır. 1991-1992-ci illər əmək haqqı kitabları rayon arxivində saxlanılmadığından yoxlanılması mümkün olmamış, 1992-ci ilin yanvar və fevral ayında əmək haqqı almamış, əmr kitabına əsasən 20 nömrəli əmr əsasında 12.02.1993-cü ildən işdən azad olunmuşdur. Yoxlama zamanı saxlanılan kitablarda pozuntu və sonradan yazılma aşkar olunmamışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının 03 avqust 2021-ci il tarixli yoxlama aktından görünür ki, İddiaçı işləməsi faktı rayon arxivində yoxlanılmış, yoxlama zamanı onun 10.03.1970-ci il tarixdə 503 nömrəli əmr ilə “Azərbaycan SSR 50 illiyi adına” sovxoza işə daxil olması, 06.11.1973-cü il tarixdə 1248 nömrəli əmr əsasında işdən azad olunması müəyyən olunmuşdur. 1970-1973-cü illərdə əmək haqqı alması barədə əmək haqqı kitabları tam saxlanıldığından 1973-cü ilin şəxsi hesab kitabında mart ayından noyabr ayına kimi əmək haqqı alması faktı öz əksini tapmışdır. Kommunist sovxozuna sürücü vəzifəsinə işə daxil olmuş, 09.11.1978-ci ildə 989 nömrəli əmr əsasında işdən azad olunmuşdur.Əmək haqqı cədvəllərinə əsasən 1976-cı ilin avqust ayından 31 dekabradək, 1977-ci ildə 12 ay, 1978-ci ildə 11 ay əmək haqqı alması faktı kitabda öz əksini tapmışdır. Əmr və şəxsi hesab kitablarında pozuntu və sonradan yazılma halları aşkar olunmamışdır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə müvafiq əmrlərlə işə daxil olmuş və işdən xaric olmuş, əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri tam şəkildə arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 10.03.1970-ci il tarixdən 05.10.2002-ci il tarixədək işlədiyi iş illəri “X3” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir Odur ki, məhkəmə iddiaçının 10.03.1970-ci il tarixdən 05.10.2002-ci il tarixədək işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 10.03.1970-ci il tarixdən 05.10.2002-ci il tarixədək işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə müəssisənin mövcudluğu iş materiallarında olan sənədlər ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən müəyyən dövr üçün müəssisəyə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04.08.2021-ci il tarixli, 2-1(102)-1479/2021 nömrəli və 17.11.2021-ci il tarixli, 2-1(102)-1640/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «X3» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X3» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-315/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-315/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver