Məhkəmə qərarları › İş №2-1(120)-316/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-316/2022

15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-316/2022 15.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 15 mart 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1-ci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. Belə ki, 09 noyabr 1992-ci il tarixində Lerik Hərbi Komissarlığından yola düşməklə, 16 noyabr 1992-ci il tarixindən 25.07.1995-ci il tarixədək 4 il müddətində Müdafiə Nazirliyinin Şəmkir rayon Hərbi Polis dəstəsində hərbi xidmətə başlamaqla döyüş əməliyyatlarında iştirak etmişdir. Döyüş yolu Ağdərə rayonu Mehmanə kəndi və Murovdağ döyüş bölgəsində gedən döyüşlərdə aktiv iştirak etmişdir. Döyüşlərdə aktiv iştirak etməyinə görə səhhətində ciddi problemlər yaranmış, 25.07.1995-ci il tarixində Şəmkir Hərbi Polis dəstəsinin rəisi Əli Əhmədovun icazəsi ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının təcili yardım maşını ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müalicəyə yollanmışdır. Sonradan səhhəti daha da pisləşdiyi üçün müalicəsini davam etdirilməsindən ötrü Bakı şəhərinə göndərilmişdir. Lakin ona məlum olmayan səbəbdən, Şəmkir rayon Hərbi Polis şöbəsinin rəisi, hərbi hissəni özbaşına tərk etdiyini qeyd edərək 25.07.1995-ci il tarixli N nömrəli əmrlə onu ştatdan kənar etmişdir. Bununla bağlı bir neçə dəfə Müdafiə Nazirliyinə müraciət edərək, ona Müharibə veteranı adının və vəsiqəqinin verilməsini xahiş etmişdir. Nazirlik hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 08 aprel 2021-ci il tarixil, 9/2-2914 saylı arxiv arayışı ilə, Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin baş zabiti Əjdər Cəlalinin imzası və ərizə və şikayətlər bölməsinin rəisi Surxay Quliyevin imzası ilə ona verilən cavab məktubunda qeyd edilir ki, verilir İddiaçı Hüseyinbaba oğluna ondan ötrü ki, Hərbi Polis İdarəsi rəsinin 16.11.1992-ci il tarixli, 153 №-li əmrilə (əsas: §-3, səh-44, sıra-3, qeyd: əmrdə atasının adı Hüseynbaba yazılmışdır) İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin edilmiş və hərbi xidmətini davam etdirmək üçün Gəncə Hərbi Polis Şöbəsinə göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün Hərbi Polis İdarəsindən gəlmiş A.Q.Mirzəyevin Gəncə Hərbi Polis Şöbəsinin rəisinin 17.11.1992-ci il tarixli, 67 №-li əmrində (əsas: §-3, səh-40, sıra-3; qeyd: əmrdə atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə qeyd vardır. Şəmkir rayon Hərbi Polis şöbəsinin rəisinin 22.07.1993-cü il tarixli, 2 nömrəli əmrində (əsas: səh-3, sıra-3; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) sıravi İddiaçı H.oğlunun sürücü vəzifəsində adı qeyd edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə siravi İddiaçı Şəmkir rayon Hərbi Polis Şöbəsi rəisinin 25.07.1995-ci il tarixli, 187 №-li əmrilə (əsas: §-1 0 , səh-67; qeyd: əmrdə atasının adı Hüseynbaba yazılmışdır) ştatdan kənar edilmişdir. Göründüyü kimi, 16 noyabr 1992-ci il tarixindən 25.07.1995-ci il tarixədək 4 il müddətində hərbi xidmətdə olmaqla ağır döyüşlərdə iştirak etmiş, bunu həmin dövrlərdə onunla birlikdə hərbi xidmətdə olmuş Quba rayonu, Alpan kənd sakini Fətəli Fətəliyev (tel. ***-***-**-**), İsmayıllı rayonu, Kürdmanlı kənd sakini Aydın Nəbiyev (tel. ***-***-**-**), Bakı şəhər sakini Kamil Bağırov (tel. ***-***-**-**) təsdiq edə bilərlər. Əlavə olaraq qeyd edir ki, həmin şəxslərə müharibə veteranı adı verilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, Müdafiə Nazirliyinin ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsasızdır. Bütün bunlar onun N saylı hərbi hissənin tərkibində 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə aktiv iştirak etməyini sübut edir. Bu səbəbdən də Müdafiə Nazirliyinin cavab məktubunda yazılanları əsassız və ona Müharibə veteranı adının verilməsindən qanunsuz imtina üçün bəhanə hesab edir. Onun 1992-1995-ci illərdə 1-ci Qarabağ müharibəsində iştirakını döyüş yoldaşları olmuş şahidlər Quba rayon Alpan kənd sakini Fətəli Fətəliyev, İsmayıllı rayonu Kürdmanlı kənd sakini Aydın Nəbiyev, Bakı şəhər sakini Kamil Bağırovda təsdiq edə bilərlər. Həmin şəxslərlə birlikdə döyüş əməliyyatlarında aktiv iştirak etmişdir. Həmin şəxslər uzun illərdir Müharibə veteranı statusunu əldə ediblər və bu imtiyazdan faydalanırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi-bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılır. Onu da bildirir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə yə ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş və yaxud da barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Başqa sözlə, ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsini istisna edən hallar da yoxdur. İddiaçı göstərilənlərə əsaslanaraq, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçının iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində, 16 noyabr 1992-ci il tarixdən 25 iyul 1995-ci il tarixədək Müdafiə Nazirliyinin Hərbi Polis dəstəsində hərbi xidmət müddətində döyüşlərdə iştirak etdiyini, 25 iyul 1995-ci il tarixdə səhhətində yaranmış ciddi problemlərə görə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına müalicəyə göndərildiyini və həmin tarixdən Şəmkir rayon Hərbi Polis rəisinin N nömrəli əmri ilə “hərbi hissəni özbaşına tərk etmə yazılmaqla” ştatdan kənar edildiyini qeyd etmişdir. Bundan başqa ərizəsinə qeyd olunan tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə aktiv iştirak etdiyini əlavə etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirlər ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirlər ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən iki zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən təqdim edilmiş 25 may 2021-ci il tarixli, 9/2- 4072 nömrəli məktubu ilə İddiaçı xidməti barədə müvafiq əmrlərdən çıxarışlar təqdim edilmişdir. Bundan başqa həmin məktubda N nömrəli hərbi hissə komandirinin 02.08.1992-19.11.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkarlanmadığı bildirilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” İddiaçı müraciətinə 16.07.2021-ci il tarixli iclasında baxılmışdır. Mərkəzi Arxivin 08.04.2021-ci il tarixli, 9/2-2914 nömrəli arayışına əsasən Gəncə və Şəmkir rayon Hərbi Polis şöbələri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Hazırki inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavbdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (İPM- 13.2 və 17). Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsindən və MPM-nin 81-ci maddəsinə görə qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteram olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli, 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin ddiaçınm Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19.07.2021-ci il tarixli, 1/M-14940 nömrəli məktubundan görünür ki, iddiaçının Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya daxil olmuş ərizəsinə 16.07.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 08.04.2021-ci il tarixli, 9/2-2914 nömrəli arayışına əsasən Gəncə və Şəmkir Hərbi Polis şöbələri Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 08.04.2021-ci il tarixli, 9/2-2914 nömrəli və 18.05.2021-ci il tarixli, 9/2- 3922 nömrəli Arxiv Arayışlarından görünür ki, Hərbi Polis İdarəsi rəsinin 16.11.1992-ci il tarixli, 153 №-li əmrilə (əsas: §-3, səh-44, sıra-3, qeyd: əmrdə atasının adı Hüseynbaba yazılmışdır) İddiaçı şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin edilmiş və hərbi xidmətini davam etdirmək üçün Gəncə Hərbi Polis Şöbəsinə göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün Hərbi Polis İdarəsindən gəlmiş A.Q.Mirzəyevin Gəncə Hərbi Polis Şöbəsinin rəisinin 17.11.1992-ci il tarixli, 67 №-li əmrində (əsas: §-3, səh-40, sıra-3; qeyd: əmrdə atasının adı tam yazılmamış, əmr rus əlifbası ilə yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə qeyd vardır. Şəmkir rayon Hərbi Polis şöbəsinin rəisinin 22.07.1993-cü il tarixli, 2 nömrəli əmrində (əsas: səh-3, sıra-3; qeyd: əmrdə atasının adı tam yazılmamışdır) sıravi İddiaçı H.oğlunun sürücü vəzifəsində adı qeyd edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyinə görə siravi İddiaçı Şəmkir rayon Hərbi Polis Şöbəsi rəisinin 25.07.1995-ci il tarixli, 187 №-li əmrilə (əsas: §-1 0 , səh-67; qeyd: əmrdə atasının adı Hüseynbaba yazılmışdır) ştatdan kənar edilmişdir. Qeyd edirlər ki, Şəmkir rayon Hərbi Polis şöbəsi rəisinin yanvar 1996-cı il tarixli nizmi hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissədən Mərkəzi Arxivə daxil olmuş, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda, Hərbi Polis İdarəsinin, Gəncə Hərbi Polis Şöbəsinin və Şəmkir rayon Hərbi Polis Şöbəsinin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. İddiaçıya məxsus HZ № ******* nömrəli hərbi biletdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 017 №-li 18.02.1996-cı il tarixli əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiyinə görə 18.01.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından silinib və bütün nön təminatlardan azad edilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin 11.10.2021-ci il tarixli, 1242 nömrəli arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdül Lerik rayonu Cəngəmirən kəndində qeydiyyatda olan İddiaçı 12.11.1992-ci il tarixdən 10.11.1995-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuş, 10.11.1995-ci il tarixdə hərbi hissəni özbaşına tərk etdiyinə görə barəsində 12.08.2000-ci il tarixdə Qazax hərbi prokurorluğu tərəfindən 17.10.1997-ci il tarixli amnistiya qərarı tətbiq edilmişdir. İş materiallarında olan Lerik rayon Polis Şöbəsinin 07.10.2021-ci il tarixli, 153- 10901-1221 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının keçmiş CM-nin 242-ci (fərarilik) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün barəsində Qazax hərbi prokurorluğu tərəfindən cinayət işi başlanaraq 22.07.1999-cu il tarixdə həbs olunmuş, lakin Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Amnistiya” qərarının 1-ci maddəsinin 1.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Vətəndaş İddiaçı barəsində Lerik RPŞ-də təqsirləndirici material yoxdur. İş materillarında olan Lerik rayon Polis Şöbəsinin məhkəməyə ünvanlanmış 07.10.2021-ci il tarixli, 153-10901-1221 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 28.09.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının keçmiş CM-nin 242-ci (fərarilik) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün barəsində Qazax hərbi prokurorluğu tərəfindən cinayət işi başlanaraq 22.07.1999-cu il tarixdə həbs olunmuş, 12.05.2000-ci ildə Qazax Qarnizonu Hərbi Prokurorluğunun Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Amnistiya” qərarının 1-ci maddəsinin 1.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə araşdırması zamanı iddiaçının qanuni əsasla hərbi hissədən ehtiyata buraxılması təsdiq edilməmişdir. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adı və vəsiqəsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25.04.2006cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X3 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun, barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 12.11.1992-ci il tarixdə Lerik RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, Hərbi Polis İdarəsi rəsinin 16.11.1992-ci il tarixli, 153 №-li əmrilə şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək “sıravi” hərbi rütbəsi verilməklə atıcı vəzifəsinə təyin edilmiş və hərbi xidmətini davam etdirmək üçün Gəncə Hərbi Polis Şöbəsinə göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün Hərbi Polis İdarəsindən gəlmiş A.Q.Mirzəyevin Gəncə Hərbi Polis Şöbəsinin rəisinin 17.11.1992-ci il tarixli, 67 №-li əmrində şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə qeyd vardır. Şəmkir rayon Hərbi Polis şöbəsinin rəisinin 22.07.1993-cü il tarixli, 2 nömrəli əmrində sıravi İddiaçı H.oğlunun sürücü vəzifəsində adı qeyd edilmiş, Hərbi hissəni özbaşına tərk etdiyinə görə Şəmkir rayon Hərbi Polis Şöbəsi rəisinin 25.07.1995-ci il tarixli, 187 №-li əmrilə ştatdan kənar edilmiş, hərbi hissəni özbaşına tərk etdiyinə görə Qazax hərbi prokurorluğu tərəfindən cinayət işi başlanaraq 22.07.1999-cu il tarixdə həbs olunmuş, 12.05.2000-ci ildə Qazax Qarnizonu Hərbi Prokurorluğunun Qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli “Amnistiya” qərarının 1-ci maddəsinin 1.6-cı bəndinə əsasən cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Bundan əlavə, iddiaçıya məxsus hərbi biletin 4-cü səhifəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 017 №-li 18.02.1996-cı il tarixli əmrinə əsasən hərbi hissəni özbaşına tərk etdiyinə görə 18.01.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından silinib və bütün nön təminatlardan azad edilməsinə dair qeyd vardır. Bundan başqa iddiaçı xidmət etdiyini iddia etdiyi Hərbi Polis İdarəsinin, Gəncə Hərbi Polis Şöbəsinin və Şəmkir rayon Hərbi Polis Şöbəsinin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının xidmət etdiyini iddia etdiyi Hərbi Polis İdarəsi, Gəncə Hərbi Polis Şöbəsi və Şəmkir rayon Hərbi Polis Şöbəsi döyüş əməliyyatlarında iştirak etməmiş, xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməklə ordudan qanuni əsalarla təxris edilməmişdir. O, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmişdir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeydinə əsasən o, müharibə veteranı deyildir. Bu səbədən də iddia tələbini əsassız, cavabdehin imtina dəlillərini əsaslı sayan məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməldir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar