Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3170/2024 04.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh ilə xx.xx.1998-ci il tarixli müddətsiz əmək müqaviləsinin dəyişdirilmədən saxlanılmasına və əsas müəllim kimi əsas iş yeri olan ixtisası üzrə (fizika və texnologiya dərsləri olmaqla) 12 saatdan az olan dərs saatlarının vakanta çıxarılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh ilə xx.xx.1998-ci il tarixli müddətsiz əmək müqaviləsinin dəyişdirilmədən saxlanılmasına və əsas müəllim kimi əsas iş yeri olan ixtisası üzrə (fizika və texnologiya dərsləri olmaqla) 12 saatdan az olan dərs saatlarının vakanta çıxarılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-cu il tarixində anadan olmuşdur. İki ali təhsili var. İlk ali təhsili 1990-1995-cu illərdə Naxçıvan Dövlət Universitetinin “X2 və İnformatika” müəllimi ixtisası üzrə tam kursunu bitirməklə, Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının 16 iyul 1995-ci il tarixli qərarı ilə ona ümümtəhsil müəssisələrdə X1 və İnformatika fənləri üzrə müəllimik ixtisası verilmişdir. 1998-ci ildən etibarən əsas iş yeri olan Marzəsə kənd ümümi orta məktəbində (12 dərs saatı olmaqla) əsas müəllim kimi çalışır. Heç bir vaxt müəllimlikdən kənarlaşmağı barədə müraciət və ya istəyi olmamışdır. 2007-ci ildə əsas iş yerində əmək haqqı saxlanılmaqla, ölkənin ümümtəhsil müəsisələrində Psixoloq çatışmamazlığı zəruriətindən cənab Prezidentin fərmanı əsasında Azərbaycan Müəllimlər İnsititunda yaradılmış “İxtisasartırma və yenidən hazırlama” kursuna göndərilməklə ikinci ali təhsilini Psixologiya ixtisası üzrə tam kursu bitirmiş və 2008-ci ildə “Psixoloq” diplomuna sahiblənmişdir. 1996- 1998-cı ildə həqiqi hərbi xidmətini cəbhə bölgəsində başa vurduqdan sonra NDU-nin təyinatı əsasında Astara rayon Marzəsə kənd ümümi orta məktəbinə ixtisaslı müəllim kimi göndərilmişdir. Məktəbin xx.xx.1998-ci il tarixli 553 nömrəli əmrinə əsasən, məktəbdə fizika - informatika müəllimi kimi fəaliyyətə başlamışdır. Həmin dövrdən hazırkı vaxta kimi fasiləsiz olaraq eyni təhsil müəssisədə əsas müəllim olaraq çalışır, (əsas müəllimi olduğu TN-nin bazasında əksini tapır). Üç dəfə olmaqla TN-nin əmrinə (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 04 avqust 2017-ci il tarixli 236 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində müəllimlərin və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın 5ci bəndi), əsasən Müəllimlərin diaqnostik qiymətləndirmə imtahanlarında texnologiya və fizika müəllimi kimi, sonra isə TN-liyi tərəfindən təşkil olunmuş Psixoloqların diaqnostik qiymətləndirilmə imtahanında iştirak etmişdir. Bütün imtahanlarda yetərli bal toplamışdır. İşlədiyi 25 il müddəti əhatə edən bütün tədris illərində əsas iş yeri olan Marzəsə kənd ümumi orta məktəbdə 12 dərs saatı olmaqla fizika və informatika dərslərini tədris etmişdir. Hazırda məktəbdə fizika və texnologiya fənnləri üzrə 12 saat olmaqla dərslərin tədris tədrisi ilə məşğuldur, (məktəbin əmr kitabından çıxarış əlavə edir). Məktəb Pedaqoji Şutanın qərarı olmadan ixtisası üzrə bütün dərs saatları (RTŞ-si tərəfindən) qanunsuz vakanta çıxarır və bu qanunsuzluğa məktəb rəhbərliyini də alət edilir. Belə ki, mövcud qanunvericiliyə əsasən Məktəb Pedoqoji Şuranın qərarı əsasında məktəbin ehtiyacı olan vakant dərs saatları müəyyənləşdirilməklə vakanta çıxarılmalıdır. Lakin 7 (yeddi) ildir ki, tədris ili bitmədən dərsləri elektron sistemdə vakant kimi yerləşdirir. Elektron sistemdə vakant siyahıya Rayon Təhsil Sektoru nəzarət etmiş olsada, səlahiyyət baxımından məsuliyyətin məktəb rəhbərliyinin üzərində qalır və nəticədə məktəb direktoru ilə müəllim arasında narazıçılıq yaradılır. Əsasız vakanta çıxarılmış ixtisası üzrə dərs saatları üzrə vakant yer tutulmadığından hər il yenilənməklə onunla müddətli əmək müqaviləsi bağlanılır və həmin dərslərin tədrisi ona tapşırılır. Bu hal qanunvericiliklə zidd hesab edilməyinə baxmayaraq, 7 (yeddi) ildir ki təkrarlanır. Bildirir ki, məktəbdə ondan əlavə üç ixtisaslı informarika müəllimi çalışdığı və məktəb üzrə cəmdə 06 (altı) saat informatika dərs saatları olduğu halda, 3 (üç) il əvvəlki tədris ilində həmin 6 saat informatika dərsləri ondan alınaraq yoxanda sadaladığı şəkildə vakanta çıxarıldı və eyni ixtisas üzrə məktəbə sayca dördüncü informatika müəlliminin təyin olunmasına bilərəkdən şərait yaradıldı və təmin edildi. Bu səbəbdən sırf ixtisası üzrə olan informatika dərslərindən məhrim olundu. Bu da ixtisası üzrə dərslərin azalan dinamika üzrə kəsilməsinə səbəb olunmaqdadır. Yerli icra orqanı olaraq nəzarəti həyata keçirən RTS-na ünvanladığı müraciətləri isə qeyri-qanuni fərziyyələrlə cavablandırılır, onun haqsız elan olunmağına cəhd göstərilir. Bu hal isə hər tədris ilində təkrarlanmaqla əsas iş yeri olan eyni məktəbdə həm müddətsiz, həmdə müddətli müəllim kimi yeni əmək müqaviləsi bağlanılmaqla nəticələnir. Hər dəfə ixtisası üzrə dərs saatlar adından çıxarmaqla vakant kimi göstərildiyi an əmək müqavilə qüvvədə olur. Tədris ilinin sonunda isə müddətli əmək müqaviləsinə xitam verilir. Daha sonraki tədris illərində (hər dəfə təkrarlanmaqla) yenidən məktəblə müddətli əmək müqavilə bağlamağı tələb edilir. Qeyd edilənləri nəzərə alaraq Cavabdeh ilə xx.xx.1998-ci il tarixli müddətsiz əmək müqaviləsinin dəyişdirilmədən saxlanılmasına və əsas müəllim kimi əsas iş yeri olan ixtisası üzrə (fizika və texnologiya dərsləri olmaqla) 12 saatdan az olan dərs saatlarının vakanta çıxarılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli real yardımlar edilməklə iddianın mümkünlüyü məsələsinin müzakirəsi üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan Cavabdeh xx.xx.2023-cü il tarixli,14 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1998-ci il tarixindən hazırki dövrə qədər məktəbə müəllim kimi çalışır. Dioqnostik qiymətləndirmə imtahanında iştirak etməklə müvafiq keçid balı (29 bal) toplamışdır. 2023-2024-cü tədris ili üzrə Marzəsə kənd ümümi orta məktəbində keçirilmiş 14 09.2023-cü il tarixli, 1 saylı Pedoqoji Şüranın qərarı ilə ona 12 saat (Fizika, Texnologiya,Təbiət) dərsləri verilmişdir. Azərbaycan Respublikasinin Elm Və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə təsdiq edilmiş təhsil, təlim - tərbiyə müəssisələrinin rəhbər, inzibati - təsərrüfat, tədris - köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalara görə təhsil, təlim-tərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçiləri tutduqları vəzifə ilə yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri müəssisələrdə və ya əsas iş vaxtı istisna olmaqla başqa təlim-tərbiyə müəssisələrində müvafiq qaydada əvəzçilik, əvəzetmə (müvəqqəti əvəzetmə), saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər, inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq birliyi rəhbərlərinə tam vəzifə maaşı almaqla işlədikləri təhsil müəssisələrində ixtisasaları üzrə həftədə 12 saata (ildə 480 saata) qədər, 0,5 ştat üzrə vəzifə maaşı alanlara isə həftədə 18 saata (ildə 720 saata) qədər dərs verilə bilər. Məhkəmə ilk növbədə qeyd edir ki, orta məktəb inzibati orqan deyil.Belə ki, “İnzibati orqanların təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarının 9.2-ci bəndində orta məktəblər inzibati orqanların təsnifatına daxil edilməmişdir. Və iddiaçının vəzifəsi, yəni müəllim dövlət qulluqçusu hesab edilmir və dövlət qulluqçusu statusuna malik deyil. Həmçinin məhkəmə bildirir ki, tərəflər arasındakı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir.Belə ki, iddiaçı Cavabdehndə xx.xx.1998-ci il tarixli əmək müqaviləsi ilə müəllim kimi işə götürülmüş və hal-hazırda da həmin müqavilənin dəyişdirilmədən saxlanılmasını, əsas müəllim kimi iş yeri olan ixtisası üzrə 12 saatdan az olan dərs saatlarının vakanta çıxarılmamasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan hesab edilmədiyi, iddiaçının dövlət qulluqçusu statusu olmadığı və tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğuna əsasən həmin işə inzibati icraat qaydasında baxıla bilməz. Və iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı 02 aprel 2024-cü il tarixli məktub ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir.Əlavə olaraq məhkəmə iclasında İddiaçı iddiasının mülki xarakterli olduğu və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı daşınmaz əmlakın olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət müraciət etmək hüququ izah olunmuşdur. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin əmək mübahisəsi ilə bağlı olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmək hüququ var. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “Cavabdeh ilə xx.xx.1998-ci il tarixli müddətsiz əmək müqaviləsinin dəyişdirilmədən saxlanılmasına və əsas müəllim kimi əsas iş yeri olan ixtisası üzrə (fizika və texnologiya dərsləri olmaqla) 12 saatdan az olan dərs saatlarının vakanta çıxarılmaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Pərvanə Qurbanova