Məhkəmə qərarları › İş №2-1(120)-318/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-318/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-318/2020 27.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 02 aprel 1967-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində doğulmuşdur. 19 noyabr 1985-ci il tarixdən 03 dekabr 1987-ci il tarixədək Sovet Ordusunun sıralarında hərbi xidmətdə olmuşdur. 01.07.1992-ci il tarixdən 30 avqust 1992-ci il tarixədək 1-ci Ordu Korpusunun tərkibində Gədəbəy və Ağstafa rayonları uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun həqiqətən də 60 gün müddətində 1-ci Ordu Korpusunun tərkibində hərbi əməliyyatlarda iştirak etməyim barədə Əli-Bayramlı şəhər hərbi komissarlığı tərəfindən 26 oktyabr 1992-ci il tarixdə verilmiş hərbi biletində də müvafiq qeyd aparılmışdır. Lakin hüquqi savadsızlığı səbəbindən halhazıradək bu barədə məhkəməyə və ya digər orqanlara müraciət etməmişdir. Müəyyən hüquqi məsləhətlər aldıqdan sonra o, həqiqətən də 1992-ci ilin 01 iyul tarixindən 30 avqust 1992-ci il tarixinədək 1-ci Ordu Korpusunun tərkibində Gədəbəy və Ağstafa rayonları uğrunda gedən döyüşlərdə iştirak etməyini təsdiq edən hərbi biletinin də surətini Müdafiə Nazirliyinə göndərməklə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün AR Müdafiə Nazirliyinə rəsmi ərizə ilə müraciət etmiş olsa da, ona 23 oktyabr 2019-cu il tarixli, 1/Ə-14896 nömrəli məktubla AR MN-nin Şəxsi Heyət Baş İdarəsi tərəfindən MN-nin aparatı nəzdində veteran adının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibi Elbrus Mehdixanovun imzası ilə belə bir cavab göndərilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 18.10.2019-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim edilmiş sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 08.10.2019-cu il tarixli 9/2-15023 nömrəli arayışında hərbi xidməti təsdiqlənmədiyindən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 20.12.2019-cu il tarixli 11/6239 saylı etiraz məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) almaq haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. İddia tələbinin təmin edilməsini istisna edən iddia tələbinin faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, inzibati mübahisənin tam və hərtərəfli araşdırılması üçün Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müvafiq sorğu verilmişdir. Belə ki, Mərkəzi Arxivin 17 dekabr 2019-cu il tarixli 9/2-20037 nömrəli məktubu ilə Hüquq İdarəsinə təqdim edilmiş 08 oktyabr 2019-cu il tarixli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin iyulavqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir (arayışın surəti etiraza əlavə edilir). Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 23 oktyabr 2019-cu il tarixli 1/7-14896 nömrəli qərarla məhz bu əsaslarla iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materialında olan 12.04.2017-ci il tarixdə Şirvan ŞPŞ tərəfindən verilmiş Seriya AZE 16326212 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 02.04.1967-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 2 ünvanda qeydiyyatdadır. İş materialında olan 26 oktyabr 1992-ci il tarixdə Əli-Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş НЗ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.07.1992-ci il tarixdən 30 avqust 1992-ci il tarixədək 1-ci Ordu Korpusunun tərkibində Gədəbəy və Ağstafa rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsinə və 27.10.1992-ci il tarixdə hərbi qeydiyyata alınmasına dair qeydlər aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08.10.2019-cu il tarixli 9/2-15023 nömrəli məktubunun təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, N №-li hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 23.10.2019-cu il tarixli 1/Ə-14896 nömrəli məktubunda qeyd edilmişdir ki, sizə Müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 18.10.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 08.10.2019-cu il tarixli 9/2-15023 nömrəli arayışında hərbi xidmətiniz təsdiqlənmədiyindən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan 28.11.2019-cu il tarixli qəbzlə müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırılması ilə bağlı on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı məxsus НЗ ******* nömrəli hərbi biletdə onun 01 iyul 1992-ci il tarixdən 30 avqust 1992-ci il tarixədək 1-ci Ordu Korpusunun tərkibində Gədəbəy və Ağstafa rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsinə və 27.10.1992-ci il tarixdə hərbi qeydiyyata alınmasına dair qeydlər aparılmışdır. Lakin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində N №-li hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş 12.09.1969-cu il təvəllüdlü X1 ifadəsində göstərdi ki, o, iddiaçı ilə birlikdə Şirvan şəhər hərbi Komissarlığından hərbi toplanışa çağırılmışdı. Onları bir yerdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün Ağdama yola salmışdılar. Ağdamda 8 gün qaldıqdan sonra yerli əhali ilə aralarında narazılıq yaranmış və yenidən komandirləri ilə birlikdə Şirvan hərbi komissarlığına qayıtmışdılar. Şirvanda hərbi komissarlıqdan onları Ağstafaya yola saldılar. Şahlarla birlikdə təxminən 10-15 gün Ağstafada qaldıqdan sonra Gədəbəyə göndərdilər. Gədəbəydə də erməni hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak edib, qanuni əsaslarla tərxis olundular. Eləcə də məhkəmə iclasında şahid qismində dindirilmiş 26.12.1968-ci il təvəllüdlü X2 ifadəsində göstərdi ki, o, Şirvan şəhər hərbi homissarlığından hərbi toplanışa çağırılaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması üçün Ağdam rayonunun Muğanlı kəndinə göndərilmişdi. 1992-ci ilin iyun ayınadək döyüşlərdə iştirak etmişdir. Lakin mədəsində problem olduğu üçün Şirvan şəhərinə qayıtmışdı. Müalicə aldıqdan sonra Şirvan hərbi komissarlığına gələrək Şahlar və digər döyüşçü yoldaşları ilə birlikdə Gədəbəyə getmişdilər. 1992-ci ilin avqust ayında yenidən mədəsindəki problemlə bağlı Şirvana qayıtmışdı. Şirvanda iki ay müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıdanda onun tərxis olunduğunu bildirdilər. Həmin vaxt Şahların və onunla birlikdə gedən döyüşçü yoldaşlarının da tərxis olunduğunu eşitdi. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə əsasən hərbi qulluqçular müharibə veteranı adı və müvafiq vəsiqə verilməsi üçün hərbi biletlərini hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim etməlidirlər. İddiaçının 01 iyul 1992-ci il tarixdən 30 avqust 1992-ci il tarixədək 1-ci Ordu Korpusunun tərkibində Gədəbəy və Ağstafa rayonları uğrunda gedən döyüşlərdə iştirak etməsinə dair hərbi biletində qeydlər aparılsa da, eləcə də məhkəmə iclasında şahidlər onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini bildirsələr də, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində N №-li hərbi hissə komandirinin iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivində iddiaçının hərbi xidməti barədə məlumat aşkar olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə nzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin prosessual xərclər də göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci)–yəni hazırkı iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiası təmin edilməsin. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar