Məhkəmə qərarları › İş №2-1(120)-318/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-318/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-318/2022 21.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi gündən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialına qarşı müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi gündən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə müraciət edərək, iddia tələbinin təmin edilməsi qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə Müdafə Nazirliyi tərəfindən ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Qeyd edir ki, bu dublikatdır, şəxsiyyət vəsiqəsini 1999-cu ildə itirmiş, köhnə olan 1989-cu ildə verilmişdir. Məlumat üçün bildirir ki, xx.xx.2005-ci ildən xx.xx.2020-ci ilədək Əfqanıstan müharibə veteranlarına verilən müavinət almamışdır. Hal-hazırda xəstədir, 1-ci tip şəkərli diabet (insulindən asılı diabet), işləmir. Ona görə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda göstərmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon Şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2019-cu il tarixli, 89 saylı arayışa əsasən İddiaçı 13 noyabr 1987-ci il tarixdən 27 dekabr 1989-cu ilədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində Əfqanıstan Demokratik Respublikasında gedən döyüşlərdə iştirak etmişdir. Daha sonra idddiaçıya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 30 yanvar 2020-ci il tarixli M/V 01058 nömrəli veteran vəsiqəsi verilmiş və həmin vaxtdan müddətsiz olaraq Prezident təqaüdü təyin edilmişdir. İddiaçı 11 fevral 2021ci il tarixdə 7 saylı RƏF-ə müraciət edərək ona veteran vəsiqəsini aldığı 30 yanvar 2020-ci il tarixədək ödənilməmiş sosial müavinətin ödənilməsini xahiş etmişdir. Filial tərəfindən iddiaçıya ünvanlanmış 26 iyun 2020-ci il tarixli **********3 nömrəli məktuba əsasən, müharibə veteranlarına 80 manat məbləğində Prezident təqaüdünün təsis edilməsi ilə əlaqədar iddiaçıya veteran vəsiqəsini aldığı gündən (30 yanvar 2020-ci il tarixdən) 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüd qanunamüvafiq qaydada təyin edilmiş və hazırda iddiaçıya ödənilməkdədir. Əlavə olaraq iddiaçıya bildirilmişdir ki, təqaüdün keçmiş dövr üçün təyinatı və ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Daha sonra iddiaçı Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 10 sentyabr 2021-ci il tarixli iddia ərizəsində qeyd etmişdir ki, 30 yanvar 2020-ci il tarixdə verilən veteran vəsiqəsi dublikatdır. Bu faktın yoxlanılması məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 05 oktyabr 2021-ci il tarixli **********3 nömrəli sorğu göndərilmişdir. Həmin sorğuya 26 oktyabr 2021-ci il tarixli 4536№-li cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçıya Əfqanıstan müharibəsi iştirakçısı kimi 21 aprel 1991-ci il tarixdə 137 nömrəli veteran vəsiqəsi verilmişdir və 30 yanvar 2020-ci il tarixdə verilən veteran vəsiqəsi dublikatdır. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının 2.1.1 -ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Vətəndaşın veteran vəsiqəsi olmadığı dövrdə, yəni xx.xx.2020-ci il tarixdən əvvəlki dövrdə sözügedən sosial müavinətə hüququ amamışdır. Həmçinin qeyd edilməlidir ki, veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Buna müvafiq olaraq, hazırki iş üzrə iddiaçının Əfqanıstan müharibəsində iştirak veteran statusu almaq hüququnun 1988-1989-cu il tarixlərdən yaranması işin mübahisələndirilməyən halıdır. Lakin müharibədə iştirak etməsi iddiaçının sosial müavinət alması üçün deyil, ona veteran vəsiqəsinin verilməsi üçün hüquqi əsasdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla üçün ödəmələrin aparılması yolverilməzdir. 01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almacı hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. İddiaçının hazırki veteran vəsiqəsini 2019-cu ilin aprel ayından sonra 30 yanvar 2020-ci il tarixdə alındığı üçün onun sosial müavinət deyil, Prezident təqaüdü almaq hüququ yaranmışdır. Prezident təqaüdü ilə bağlı olaraq da hər hansı əvvəlki 3 illik ödəniş tələbi nəzərdə tutulmamışdır. İddiaçıya vəsiqəsini aldığı tarixdən etibarən Prezident təqaüdü təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçının ilkin 21 aprel 1991-ci il veteran vəsiqəsinə gəldikdə isə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1,-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra (01 yanvar 2006-cı il) onu almaq hüququ yaranan gündən təyin edilir. Cavabdehin Şirvan inzibati Məhkəməsinə ünvanladığı 30 sentyabr 2021 -ci il tarixli **********5 nömrəli məktuba əsasən, iddiaçıya müharibə veteranlarına təyin olunan Prezident təqaüdündən başqa heç bir növdə sosial müavinət və pensiya təyin edilməmişdir. Yuxarıda qeyd olunan “Sosial müavinətlər haqqında” Qanunun 9.1,-ci maddəsi özündə vətəndaşa ödənilməkdə olan aylıq sosial müavinətin geriyə üç il ödənilməsini ehtiva edir. İddiaçı isə ilk vəsiqəsini aldığı tarixdən veteranlar üçün nəzərdə tutulan sosial müavinətin təyin olunması üçün cavabdehə müraciət etməmişdir. Bu səbəbdən də iddiaçıya sosial ödəniş növü kimi müavinət deyil, ikinci vəsiqəsini aldığı tarixdən (xx.xx.2020-ci il) birbaşa Prezident təqaüdü təyin edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Cavabdehin imtinanın məzmununa uyğun yazılı etirazı xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə şifahi məhkəmə baxış iclası xx.xx.2022-ci il tarixə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən Məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır.. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. - AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1969-cu il təvəllüdlüdür, Lənkəran rayonu, Havzava kəndində qeydiyyatdadır. - Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixində MA/(Müharibə veteranı) 01058 nömrəli vəsiqəsinə əsasən ona xx.xx.2020-ci il tarixdən Azərbaycan Respubliksının “Müharibə veteranı” kimi müavinət təyin edilmişdir. Müharibə veteranları üçün nəzərdə tutulmuş təqaüdün xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün hesablanaraq ödənilməsi Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının imkanı xaricindədir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin MV seriyalı 01058 saylı vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən müharibə veteranı adı və vəsiqəsi verilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli məktubu ilə Xidməti Aparatın nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdə verilmiş MV-01058 nömrəli dublikat vəsiqəyə əsas olan sənədlər təqdim edilmişdir. Məktuba əlavə edilmiş İddiaçı tərəfindən verilmiş ərizəyə əsasən, “Əfqanıstan müharibəsi iştirakçısı” vəsiqəsini itirdiyi üçün yeni vəsiqənin verilməsindən ötrü toplanmış sənədləri təqdim etmişdir. - Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı təqdim etdiyi sənədlərə əsasən xx.xx.2020-ci il tarixindən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü növü üzrə Prezident təqaüdü təyin edilmişdir. Vətəndaşa müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü növü üzrə Prezident təqaüdündən başqa heç bir növ sosial müavinət və pensiya təyin edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarına əsasən, vətəndaş Quliyev X2 Demokratik Respublikasında gedən döyüşlərdə iştirak etdiyi üçün, Müdafiə Nazirliyinin komissiyası nə Əfqanıstan veteranı verir, nə də uçotunu aparır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən, İddiaçı xx.xx.1991-ci il tarixdə A 471387 nömrəli vəsiqə verilmişdir. Həmin vəsiqəni itirdiyinə görə xx.xx.2020-ci il tarixdə MV-01058 nömrəli dublikat vəsiqə verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubuna əsasən, X1 Sisteminin Sosial Ödənişlər altsisteminə əsasən İddiaçı xx.xx.2020-ci ilədək hər hansı müavinət təyin edilməsi barədə məlumat aşkar edilmişdir. Beləliklə, Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, müharibə veteranıdır. İddiaçıya xx.xx.2020-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verildikdən sonra iddiaçı qanunla müəyyən edilmiş imtiyazlardan istifadə etmək hüququnu həyata keçirmək üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən – xx.xx.2020-ci ildən iddiaçının qeyd edilən təqaüdünü almaq hüququnun yarandığını bildirərək, xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün müavinətin hesablanıb ödənilməsi barədə iddiaçının müraciətini təmin etməmişdir. Hazırda iddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ona ödənilməyən müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi gündən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı “Əfqanıstan müharibəsi iştirakçısı” vəsiqəsini əldə etmiş, sonralar vəsiqəni itirdiyi üçün yeni vəsiqənin verilməsi üçün müraciət etmiş və ona MV-01058 nömrəli dublikat vəsiqə verilmişdir. İddiaçı xx.xx.2020-ci ilədək müharibə veteranı üçün qanunvericiliklə nəzərdə tutulmuş müavinət verilməmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1 -ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın da dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə "Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq"və "hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mövqeyinə uyğun olaraq Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. xx.xx.2019-cu il tarixindən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə isə “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun Prezident təqaüdünün təyin edildiyi vaxtdan əvvəlki üç ilə görə sosial müavinətlərin birdəfəlik ödənilməsini tələb etməyi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir(52-ci maddə). Bütün qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi gündən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi gündən əvvəlki 3 il üçün hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar