Məhkəmə qərarları › İş №2-1(120)-318/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-318/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-318/2023 17.01.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 17 yanvar 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara şəhəri, Heydər Əliyev prospekti, 169A ünvanda yerləşən mülkiyyətində ümumilikdə olan 0.0454 ha həyətyanı torpaq sahəsində eskiz layihə sənədləri üzrə inşa etdiyi iki mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüququnun qeydə alınması, həmin əmlaka Reysterdən çıxarışın və Texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçının nümayəndəsi məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Astara şəhəri, Heydər Əliyev prospekti, 169A ünvanda yerləşən mülkiyyətində olan ümumilikdə 0.0454 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında ümumillikdə 0.0454 ha həyətyanı torpaq sahəsi mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsində eskiz layihə sənədləri üzrə iki mərtəbəli qeyri-yaşayış binası inşa etmişdir. Tikinti işləri başa çatdığı üçün 07 iyul 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edib inşa etdiyi qeyriyaşayış binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfındən xx.xx.2021-ci il tarixli, **********36 nömrəli bildirişləri ilə mübahisə edilən qeyriyaşayış binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Bildirişdə əsas olaraq göstərilmişdir ki, eskiz layihə faktiki vəziyyətə uyğun deyil, yəni eskiz Layihə qeyi-yaşayış binasına dair tərtib olunduğu fərdi yaşayış binası kimi icrası mümkün deyildir. O, əslində inşa etdiyi qeyri-yaşayış binasına dair tərtib olunduğu fərdi yaşayış binası kimi icrası mümkün deyildir. O, əslində inşa etdiyi qeyri-yaşayış binası kimi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmişdir. Buna baxmayaraq yenidən xx.xx.2022-ci il tarixdə qeyri-yaşayış binasına dair Reyestridən Çıxarışın və Texniki Pasportun verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi idarəsinə müraciət etmişdir. Tərəfındən sənədlər təqdim edilməsinə baxmayaraq cavabdeh sözügedən Daşınmaz Əmlaka Reyestrindən Çıxarış və Texniki Pasportun verilməsindən xx.xx.2022-ci il tarixli, **********02 nömrəli məktubları ilə yayınmışlar. Beləliklə hesab edir ki, cavabadeh tərəfındən eskiz layihə sənədləri üzrə inşa etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Astara şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən, mülkiyyətdə olan 0.0454 ha həyətyanı torpaq sahəsində təsdiqlənmiş layihə sənədləri əsasında iddiaçı tərəfindən inşa edilmiş ona məxsus fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2021-ci il 07 iyun tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəflərindən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş layihə üzrə inşa edilmiş fərdi yaşayış evi naturada qeyriyaşayış binası kimi inşa edildiyindən, ilkin sənədlərin qeyri-yaşayış binasına dair heç bir hüquqi əsası olmamışdır. Bu səbəbdən təqdim olunmuş layihə ilə faktiki yerində olan vəziyyət arasında uyğunsuzluq yaranmışdır. Belə ki, təsdiqlənmiş layihə üzrə fərdi yaşavış evinin inşa edilməsi barədə qeyd olunmasına baxmayaraq, faktiki yerində inşa edilmiş tikili qeyri-yaşayış binası kimi tikilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Xidmət orqanı olaraq bildirirlər ki, həmin fərdi yaşayış evi üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə (istismara icazə sənədi tələb olunan tikili olduğundan: AR Şəhərsalma və Arxitektura Komitəsinin tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsi qeyd olunmaqla tərtib olunmuş şəhadətnamə, tikinti obyektinin istismarına icazə sənədi və AR FHN-nin aidiyyəti qurumu tərəfindən təsdiqlənmiş istismara hazırlıq aktı) iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 17 avqust 2021-ci il tarixli “İmtina” bildirişi göndərilmişdir. Belə ki, Ərazi İdarəsi iddiaçı tərəfindən ona məxsus fərdi yaşayış evinə dair müvafiq qeydiyyatın aparılması proseduru ilə əlaqədar etdiyi müraciətdən imtina etmişdir, lakin hazırki iş üzrə iddiaçı şəxs tərəfindən ona məxsus qeyri-yaşayış binası üzərində müvafiq qeydiyyatın aparılması öhdəliyinin üzərilərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi X2 gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Astara şəhəri, Heydər Əliyev prospekti, 169A ünvanında yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətinizdə olan ümumilikdə 0.0454 ha həyətyanı torpaq sahəsində təqdim olunmuş eskiz layihə sənədləri üzrə tərəfinizdən inşa edilən iki mərtəbəli fərdi yaşayış evinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, həmin 0.0454 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair Ərazi İdarəsinə təqdim etdiyiniz eskiz layihə ilə faktiki vəziyyət arasında müəyyən uyğunsuzluqlar mövcuddur. Belə ki, faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, reallıqda tərəfinizdən təqdim olunmuş eskiz layihə faktiki vəziyyətə uyğun deyil, eskiz layihə qeyri-yaşayış binasına dair tərtib olunduğu üçün fərdi yaşayış kimi icrası mümkün deyil. Bu baxımdan həmin təsdiqlənmiş eskiz layihə sənədləri üzrə göstərilən məlumatlarla faktiki vəziyyət arasında uyğunsuziuq yaranmışdır. Qeyd olunan səbəblərdən həmin fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması təmin olunmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq sizin adınıza mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Bundan əlavə, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: qeyri-yaşayış binasına dair Reyestrdən çıxarışın və Texniki pasportun verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kədastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanladığınız 13 yanvar 2022-ci il tarixli ərizəyə tərəfimizdən baxılmışdır. Həmin ərizə ilə əlaqədar olaraq bildirirlər ki, Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən və Sizə məxsus olan qeyri-yaşayış binasına dair Reyestrdən çıxarışın və Texniki pasportun verilməsindən ötrü sözügedən daşınmaz əmlaka dair ilkin hüquqmüəyyənedici sənədlərin əsli 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon şöbəsinə tərəfinizdən təqdim olunmalıdır. Qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatı barədə ərizəniz Astara rayon şöbəsi tərəfindən icraata qəbul edildikdən sonra həmin binanın iştirakınızla müayinəsi və ilkin hüquqmüəyyənedici sənədlərin ekspertizasından sonra daşınmaz əmlaka dair Reyestrdən çıxarışın və Texniki pasportun verilməsi məsələsinə qanunamüvafia qaydada baxılacaqdır. Odur ki, 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim etdiyiniz sənədlər Sizə qaytarılır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* saylı Çıxarışın surətindən görünür ki, Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 37 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,0154 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 114 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.03 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0154 hektar torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.03 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0154 hektar torpaq sahəsinin faktiki koordinatları üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - İddiaçı tikdirdiyi qeyri-yaşayış binası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.03 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0.0154 hektar torpaq sahəsinin ərazi hüdudları daxilində yerləşirmi? - İddiaçı tərəfindən Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binasının eskiz layihəsi tikinti və şəhərsalma normalarına uyğundurmu? - İddiaçı tərəfindən Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binası eskiz layihəyə uyğun inşa edilmişdirmi? Qeyri-yaşayış binasının eskiz layihəsi ilə faktiki vəziyyət arasında hər hansı müəyyən uyğunsuzluqlar mövcuddurmu? - İddiaçı tərəfindən Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyriyaşayış binası başqa şəxslərin hüquqlarını pozurmu və başqa şəxslərin mülkiyyətindən maneəsiz istifadəyə məhdudiyyət yaradırmı? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/3698 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: Qərardadın birinci və üçüncü sualları üzrə: - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,03 hektar torpaq sahəsinin və **********46 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0154 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahələrinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, iddiaçıya məxsus qeyri-yaşayış binasının həmin torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: - rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,03 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,0154 hektar torpaq sahəsinin faktiki koordinatlarının üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilir. Qərardadın dördüncü və beşinci sualları üzrə: - İddiaçı tərəfindən Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının iş materiallarında olan eskiz layihəyə uyğun inşa edildiyi, eskiz layihəsi ilə faktiki vəziyyət arasında hər-hansı uyğunsuzluğun olmadığı müəyyən edilir. Qərardadın altıncı sualı üzrə: - iddiaçıya məxsus qeyri-yaşayış binasının **********90 reyestr nömrəli və **********46 reyestr nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0,0454 (0,03+0,0154) hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış binasının başqa şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə görə (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilən tikililərə dair) tikintisnə icazə tələb olunan tikinti obyekti üçün – torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib ediklməsini və verilməsini təmin etmık Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı ünvan 4 ünvanda yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan ümumillikdə 0.0454 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasında bildirmişdir ki, Sənədlərin qanunamüvafiqliyi tərəflərindən araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) nəticəsi olaraq məlum olmuşdur ki, hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunmuş layihə üzrə inşa edilmiş fərdi yaşayış evi naturada qeyri-yaşayış binası kimi inşa edildiyindən, ilkin sənədlərin qeyri-yaşayış binasına dair heç bir hüquqi əsası olmamışdır. Bu səbəbdən təqdim olunmuş layihə ilə faktiki yerində olan vəziyyət arasında uyğunsuzluq yaranmışdır. Belə ki, təsdiqlənmiş layihə üzrə fərdi yaşavış evinin inşa edilməsi barədə qeyd olunmasına baxmayaraq, faktiki yerində inşa edilmiş tikili qeyri-yaşayış binası kimi tikilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilənlər, məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza ilə təsdiqini tapmamışdır. Belə ki, iş üzrə məhkəmə qərardadı ilə keçirilmiş ekspertiza rəyindən göründüyü kimi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş **********90 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,03 hektar torpaq sahəsinin və **********46 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,0154 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmiş, həmin torpaq sahələrinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, iddiaçıya məxsus qeyri-yaşayış binasının həmin torpaq sahələrinin hüdudları daxilində yerləşdiyi, İddiaçı tərəfindən Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış binasının iş materiallarında olan eskiz layihəyə uyğun inşa edildiyi, eskiz layihəsi ilə faktiki vəziyyət arasında hər-hansı uyğunsuzluğun olmadığı, eləcə də iddiaçıya məxsus qeyri-yaşayış binasının **********90 reyestr nömrəli və **********46 reyestr nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətində olan 0,0454 (0,03+0,0154) hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsini nəzərə alaraq, həmin qeyri-yaşayış binasının başqa şəxslərin mülkiyyətindən istifadəyə məhdudiyyət yaratmadığı müəyyən edilmişdir. Sözügedən qeyri-yaşayış binasının şərq tərəfindən 5,0 metr aralıda 10KV-luq elektrik xətti keçməklə mühafizə zolağında yerləşməsinə gəldikdə isə iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarxili, 01/133 saylı arayşından görünür ki, Astara şəhəri, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binasından 5 metr aralı 10 KV-luq İ şəhər hava xəttinin keçməsinə baxmayaraq DƏDRX-dan qeydiyyatın aparılmasına etiraz etmirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı məxsus Astara şəhəri, Heydər Əliyev prospketi, 169A ünvanda yerləşən mülkiyyətində olan ümumilikdə 0.0454 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcuddur və bununla bağlı imtina üzrə qeydiyyatı aparan orqan kimi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin mövqeyi əsaslı sayıla bilməz. Odur ki, İddiaçı Astara şəhəri, Heydər Əliyev prospektində inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Astara şəhəri, Heydər Əliyev prospketi, 169A ünvanda yerləşən mülkiyyətində olan ümumilikdə 0.0454 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Astara şəhəri, Heydər Əliyev prospekti, 169A ünvanda yerləşən mülkiyyətində olan ümumilikdə 0.0454 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli qeyri-yaşayış binasına dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar