Məhkəmə qərarları › İş №2-1(120)-3191/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3191/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3191/2024 04.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon Polis Şöbəsinə qarşı “həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Laçın rayon Polis Şöbəsinə qarşı “həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6372/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 sentyabr 2003-cü tarixdə Laçın Rayonu Təzəkənd kənd sakini X6 ilə nikaha daxil olmaqla ailə qurmuş, əri X1 Rayonu Təzəkənd kəndində pasport qeydiyyatındadır. İddiaçı isə ünvan 1 ünvanda qeydiyyatda qalmışdır. X3 ilə birlikdə Laçın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onun qeydiyyatda olduğu Laçın Rayonu Təzəkənd kəndinə ərinin yaşadığı ünvana qeydiyyata götürülməyini xahiş etmişdir. Lakin Laçın Rayon Polis Şöbəsinin 313-94/2-2- 67xx/xx/2023 saylı, 17 noyabr tarixli cavab məktubunda bildirmişdir ki, “işğaldan azad olunmuş rayonlarda qeydiyyata düşmə və çıxma Azərbaycan Respublikası DİN tərəfindən müvəqqəti olaraq dayandırıldığı üçün onun həyat yoldaşının ünvanına qeydiyyata alınmağı mümkün deyildir”. Lakin Laçın Rayon Polis Şöbəsinin 313-94/2-2-67xx/xx/2023 saylı, 17 noyabr tarixli imtinası qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Laçın rayon Polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Laçın rayon Polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 İddiaçı onun qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İşdə olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İşdə olan AZE 16163875 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, X1 rayonu, Təzəkənd kəndində qeydiyyatdadır. İşdə olan xx.xx.2003-cü il tarixli, AZ-İ 070213 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə İddiaçı xx.xx.2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2003-cü ilin 03 sentyabr ayının 15 günündə 1880 nömrə ilə qeyd edilmişdir. İşdə olan AA seriyalı 410838 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X5 Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən məcburi köçkün statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Laçın rayon Polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-94/2-2-67xx/xx/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-ci il tarixdə Laçın rayon polis şöbəsinə daxil olan müraciətinə cavab olaraq bildiririk ki, işağldan azad olunmuş rayonlarda qeydiyyata düşmə və çıxma Azərbaycan Respublikası DİN tərəfindən müvvəqqəti olaraq dayandırıldığı üçün onun həyat yoldaşının ünvanına qeydiyyata alınmağı mümkün deyil. Sözügedən məsələ ilə bağlı məhdudiyyət aradan qalxdıqdan sonra həyat yoldaşının ünvanına qeydiyyata alınmağı ilə bağlı aidiyyəti üzrə müraciət edə bilər. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Laçın rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-94/2-3292/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası vətəndaşlarının işğaldan azad edilmiş şəhər və rayonlara qeydiyyata alınması müvəqqəti məhdudlaşdırılmışdır. Qeyd olunan məhdudiyyət aradan qaldırıldıqda göstərilən məsələlər üzrə vəsatətlərə baxsılacaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər (maddə 1). Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan 3 gün ərzində müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur) tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər (maddə 5). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür (maddə 9). Məhkəmə müəyyən etdi ki, İddiaçı həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Laçın rayon Polis şöbəsi işağldan azad olunmuş rayonlarda qeydiyyata düşmə və çıxma Azərbaycan Respublikası DİN tərəfindən müvvəqqəti olaraq dayandırıldığı üçün onun həyat yoldaşının ünvanına qeydiyyata alınmağı mümkün olmadığından imtina edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi vacib olan sənədlərdən hesab olunur. Hazırki halda iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və yaşayış sahəsi verən şəxsin ərizəsidir. Lakin yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və mənzilin sahibinin ərizəsi iddiaçı tərəfindən cavabdeh inzibati orqana təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, məhkəmə tərəfindən aparılan tam araşdırma nəticəsində iddiaçının yaşayış yeri üzrə qeydiyyatda düşmək istədiyi ünvanın hal-hazırda mövcud olmadığı müəyyən edilir. Tələb üzrə əsas arqument həyat yoldaşının qeydiyyatının Laçın rayonu Təzəkənd kəndi olmasıdır. Lakin İş materiallarına əlavə edilən arayışa əsasən həyat yoldaşı X4 qeydiyyatının Laçın rayonu Təzəkənd kəndi olmasına baxmayaraq Sabunçu rayonu ərazisində məskunlaşdığı və ailə üzvləri, eləcə də İddiaçı ilə birlikdə həmin ünvanda yaşadığı müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxs izahatlarında Laçın rayonu Təzəkənd kəndinə bu günə kimi geri dönmədiklərini, hal-hazırda həmin ünvanda fərdi yaşayış evinin olması və ya həmin ünvanda yaşayışın olması barədə məlumatlaının olmadıqlarını bildirmişdirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Hazırki iş üzrə isə İddiaçı qeydiyyata düşmək istədiyi Laçın rayonu Təzəkənd kəndi ünvanında yaşamadığı, yaşayış yerinin isə Bakı şəhəri olduğu müəyyən edilir. Odur ki, məhkəmənin gəldiyi nəticəyə görə, cavabdeh Laçın rayon Polis Şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Laçın rayon Polis Şöbəsinə qarşı “həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Laçın rayon Polis Şöbəsinə qarşı “həyat yoldaşı X4 qeydiyyatda olduğu Laçın rayonu Təzəkənd kəndində daimi qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar