Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3219/2025 06.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli **********2573 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli **********2573 nömrəli qərarın ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2025-ci il tarixli **********2573 nömrəli qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu, Kəlbəhüseynli kəndində qeydiyyatda olmaqla yaşayır. ünvan 1ndə özünə məxsus obyektə açarların təmir edilməsi işi ilə məşğul olur. Adına rəsmi olaraq VÖEN açdırmış və ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir. Aylıq vergi ödənişi nə qədər olursa onuda ödəyir. İddiaçı ümumiyyətlə obyektini açdıqdan sonra orta təhsilli olduğu üçün vergi ödənişindən və VÖEN-nin necə açılmasından məlumatı olmamışdır. Əraziyə baxan isnpektor Aqil adlı şəxs obyektə yaxınlaşaraq obyektinə kassa aparatının qoyulmasını bildirmişdir. İddiaçı dərhal vergi idarəsinin Masallı şöbəsinə yaxınlaşaraq lazımi işləri görərək obyektinə kassa aparatı, öz adına VÖEN açdırmış. İşlədiyi müddətdə də vergi ödənişlərini mütəmadi ödəmişdir. O, bütün bunları vergi inspektorunun göndərişləri ilə etmişdir. xx.xx.2024-cü il tarixdə tanımadığı iki nəfər obyektinə yaxınlaşaraq ondan pult batareyası almışlar, ödənişi kartla etmək istədikdə aparatının olmadığını bildirmiş, nağd şəkildə ödəniş etmişdirlər. Sonradan özlərini təqdim edərək vergi əməkdaşları olduqlarını, üzərində kamera olduğunu, prosesləri fasizləsiz video görüntü ilə çəkdiklərini qeyd etmişlər. Həmçinin barəsində şikayət olduğunu və şikayət əsasında ona yoxlama açdıqlarını bildirmişlər. Etiraz etsədə heç bir nəticəsi olmamış, adına xx.xx.2025-ci il tarixli **********2573 saylı qərar əsasında 1000 manat cərimə yazmışlar. Qərarın qanunsuz olduğunu aşağıdakı fikirləri ilə izah edir: onun işi xidmət sahəsidir, yəni avtomobillərin açarlarını təmir edir. Demək olar ki, satış yoxdur, pult daşı, avtomobil işıqları və digər təmirə aid əşyalar obyektində olmuşdur. Onun kimi xırda mağazalara qanuna əsasən post terminal quraşdırılması məcburi deyil. Lakin qanundan və məcəllədən xəbəri olmayan inspektorların ona əsassız cərimə yazdıqlarını qeyd etmişdir. Qanuna əsasən rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektlərinə Posterminallar quraşdırılır. Onun isə rüb üzrə dövriyyəsi 1550 manat təşkil edir. Yəni Pos-terminalın onun obyektində quraşdırılması məcbur deyil. Hesab edir ki, ona yazılmış qərar qanunsuzdur və ləğv edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair Vəsatəti: Məlumat üçün bildirilir ki, İddiaçı inzibati şikayətində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən sahibkarlıq fəaliyyəti göstərildiyi ünvan 1 ünvanda yerləşən avtotəmir sexində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı “Avtotəmir sexi” adlı obyektdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq POSterminalların quraşdırılması məcburi olan obyektlərdə Pos-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdə nəzarət-kassa aparatının və POSterminalın quraşdırılmadığ aşkar olunaraq, müvafiq akt tərtib olunduğunu və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********2573 nömrəli qərarı ilə ona əsassız olaraq 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edildiyini bildirərək, həmin maliyyə sanksiyasının ləğv edilməsini xahiş etmişdir. Məlum olmuşdur ki, vergi ödəyicisi tərəfindən 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2025-ci il tarixli **********2573 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə müraciət edilmiş və həmin məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(120)-3219/2025 nömrəli sərəncamı ilə iddia ərizəsi icraata götürülmüşdür. Sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti olan müvafiq nömrəli qərarlar elektron üsulla iddiaçının elektron qutusuna göndərilmişdir. Qərarın iddiaçıya çatması (təqdim olunması) ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirlər: xx.xx.2025-ci il tarixli **********2573 nömrəli Qərar iddiaçıya e-qutu vasitəsilə xx.xx.2025-ci il tarixdə, saat 11:31:47-də göndərilmiş, eləcə də poçt vasitəsilə xx.xx.2025ci il tarixə göndərilmiş və poçtdan geri qaytarılmışdır. (Nəzərə alsaq ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0-4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 13 noyabr tarixli qərarında göstərildiyi kimi: iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarının intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müdafiəsi baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarırdı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki hüquqa əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eləcə də, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə məhkəmədə baxılan işlərlə bağlı olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün verilməsi barədə yazılı qərardadlarla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətlər etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmə ilk növbədə iddianın həmin iddia təbii üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab vermək olub-olmamasını, qanunvericikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulan iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmrəngliyin yol verilməzliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilmləsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun mənşəyinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanununun düzgün həlli baxımından mübahisə predmetinin iddia müddəti daxil edilmədən düzgün vaxtında həll edilməsi mühüm əhəmiyyət kəsb edir (H.Həşimov tərəfindən şikayət üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəliovun şikayəti üzrə 16 yanvar 2011-ci il tarixli qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarının intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına xidmət edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunan mübahisə predmeti barədə qərarların yuxarıda göstərilən tarixlərdə oxunduğunu nəzərə alsaq, iddianın təqdim edilməsi üçün təyin olunan 30 gün müddətin ötürülməsi fakti bir mənalı şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqları toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə məlumat vermək mümkün olduğu andan hüquqi qüvvəyə minmiş hesab edilir və ona qarşı müvafiq müddətin həmin vaxtdan etibarən hesablanması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddia ərizəsində və iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən vergi borcunun silinməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********2573 saylı qərara münasibətdə iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. Cavabdeh tərəfindən təqdim olunan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli, **********2573 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, iddiaçı iddia ərizəsini xx.xx.2025-ci ilə tarixdə poçta təqdim etmiş, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə Şirvan İnzibati Məhkəməsinə daxil olmuş, 30 (otuz) günlük müddət ötürülməmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Faktiki sübutlar: İş materiallarında olan: AZE seriyalı, ******** nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci ildə Masallı rayonu, Kəlbəhüseynli kəndində anadan olmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-13/2-9921/2025 nömrəli Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında məktubdan görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli DVX seriyalı 004141 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında çıxarılmış xx.xx.2025-ci il tarixli **********2573 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” Qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırıkması barədə” Tələbnamə iddiaçıya göndərilmişdir. Maliyyə sanksiyasının qısa müddət ərzində büdcəyə ödənilməsinin təmin edilməsi tövsiyə olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli, **********2573 nömrəli Qərarın surətindən görünür ki, İddiaçı barəsində keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2024-cü il tarixli 004141 nömrəli akt(lar)ına, eləcə də Yoxlama ilə əlaqədar digər zəruri sənədlərə baxaraq İddiaçı Azərbaycan Respublikası VM-nin 50.1.14-cü maddəsinə əsasən POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılması hallarına nəzarət edilməsi və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********2574 nömrəli Tələbnamədən görünür ki, X1 büdcəyə ödənilməli olan 1000 manat vəsait xx.xx.2025-ci il tarixə kimi Masall YXO-nun AZ90CTRE******************** nömrəli hesaba ödənilməsi tələb olunur. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 039881 nömrəli, 19 dekabr 2024-cü il tarixli AKT-ın surətindən görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı məxsus Masallı şəhəri, Seybətin ünvanında yerləşən Avtotəmir sexi NKA-dan xx.xx.2024-cü il tarixdə saat 16:50-də müştəri tərəfindən alınmış dəyəri 3.0 (üç) manat olan 1 ədəd “PHİLİPS” adlı batareya alınmışdır. Alış müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Tərəflərindən həmin obyektdə NKA-nın quraşdırılmadığı tərəflərindən müəyyən olunmuşdur. Vergi ödəyicisi həm avtomobil pultlarının təmiri və həm də pult, açar, batareya və s. məhsulların satışı ilə məşğul olur. Xidmət sahəsi qəbz tələb olunur və vergi ödəyicisinin heç bir qəbzin olmadığı bildirdi. Obyektdə nə qəbz, nə də NKA olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmamışdır. Nəticədə İddiaçı VÖEN ********** qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Obyektdə həm təmir, həm də satış olduğu üçün NKA quraşdırılması tövsiyyə olunmuşdur. Nəzarət kitabçası təqdim olunmadı qeyd edilmişdir. Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2-ci bəndinə əsasən riskli vergi ödəyicisinin meyarları aşagıdakılardır: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; -2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; -2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; -2.1.6. bu Meyarların 2.1.1 -2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; -2.1.7. bu Meyarların 2.1.1 -2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarəti həyata keçirilə bilər. Bundan başqa, operativ vergi nəzarəti tədbiri zamanı müştəri qismində tədbiri həyata keçirən vergi əməkdaşı iştirak etmişdir. Bununla bağlı qeyd olunur ki, vergi orqanının əməkdaşı nəzarəti həyata keçirən vəzifəli şəxsdir və vergi ödəyicisini məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını və qərəzsiz olmasını birinci növbədə təmin etməli, onun qərəzsizliyinə şübhə yarada bilən hərəkətlərdən çəkinməlidir. İşin araşdırılmış digər halı ilə yanaşı qeyd olunan hal da bir daha deməyə əsas verir ki, cavabdehin iddiaçının maliyyə sanksiyasına məruz qalması ilə bağlı gəldiyi nəticə obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, **********2573 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən inzibati icraat aparılan zaman iddiaçının izahatı alınmamış, kassa aparatının olub-olmaması ilə bağlı iddiaçı ilə hər-hansı bir danışıq aparılmamış, bunun səbəbləri aid edilməmişdir. Akt tərtib edilən zaman iddiaçının iştirakını təmin edilməsi üçün hər hansı tədbir görülməsi və iddiaçının Akt-ı imzalamaqdan imtina etməsinin səbəbləri müəyyən edilməmişdir. Ümumiyyətlə Nəzarətkassa aparatlarının hənsı səbəbdən işlək olmamasını iş materialları müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının: 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanı tərəfindən operativ vergi nəzərəti həyata keçirilən zaman müvafiq qərarda qeyd edildiyi kimi, iddiaçıya məxsus NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparılıb-aparılmaması halı müəyyənləşdirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının barəsində xx.xx.2025-ci il tarixli, **********2573 nömrəli qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinad etmiş, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsini qərara almışdır. İş materialları ilə müəyyən edilir ki, İddiaçı fəaliyyəti xidmət sahəsi olmuşdur. Avtomobillərin açarlarını təmir edir. İddiaçı tərəfindən xidmət göstərilməli olduğu təqdirdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 039881 nömrəli, 19 dekabr 2024-cü il tarixli AKT-ın surətindən görünür ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı məxsus Masallı şəhəri, Seybətin ünvanında yerləşən Avtotəmir sexi NKA-dan xx.xx.2024-cü il tarixdə saat 16:50-də müştəri tərəfindən alınmış dəyəri 3.0 (üç) manat olan 1 ədəd “PHİLİPS” adlı batareya alınmışdır. Alış müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Tərəflərindən həmin obyektdə NKA-nın quraşdırılmadığı tərəflərindən müəyyən olunmuşdur. Vergi ödəyicisi həm avtomobil pultlarının təmiri və həm də pult, açar, batareya və s. məhsulların satışı ilə məşğul olur. Xidmət sahəsi qəbz tələb olunur və vergi ödəyicisinin heç bir qəbzin olmadığı bildirmişdir. Obyektdə nə qəbz, nə də NKA olmadığı üçün həmin məbləği bərpa etmək mümkün olmamışdır. Nəticədə İddiaçı VÖEN ********** qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının istismarı Qaydaları”nın 8.3.16 bəndinin tələblərini pozmuş və buna görə də İddiaçı barəsində Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Obyektdə həm təmir, həm də satış olduğu üçün NKA quraşdırılması tövsiyyə olunmuşdur. Nəzarət kitabçası təqdim olunmamışdır. Cavabdeh orqanın tərtib etdiyi sənədlərlə müəyyən edilir ki, iddiaçıya məxsus xidmət sahəsində pult daşı, avtomobil işıqları və digər təmirə aid əşyaların aşkar olması qeyd olunmuşdur. Avtotəmir sexində keçirilən operativ vergi nəzarəti tədbiri zamanı “Avtotəmir sexi” adlı obyektdə həm təmir, həm də satış olduğu üçün NKA quraşdırılması tövsiyyə olunmuşdur. Cavabdeh inzibati orqan vergi ödəyicisinin həm avtomobil pultlarının təmiri və həm də pult, açar, batareya və s. məhsulların satışı ilə məşğul olduğu qeyd etsədə təmir sexində hansı növ satış həyata keçirilməsini sübut edə bilməmişdir. İddiaçı məhkəmə iclası zamanı ifadəsində bildirmişdir ki, vergi orqanının əməkdaşları ona məxsus xidmət sahəsində avtomobilə dair pultun təmir edilməsini xahiş etmişdirlər və həmin xidmətin daxilində pulta texniki xidmət göstərilməsi ilə əlaqədar batereyada nasazlıq olduğu üçün batareya yenisi ilə əvəz olunmuşdur. Pulta texniki baxış keçirilən zaman batareyanın zəif olması müəyyən edilidiyi üçün batareyanın dəyişdirilməsi texniki xidmətə daxil edilmişdir. Pərakəndə qaydada hər hansı batareya satışını həyata keçirmədiyini qeyd etmişdir. Həmin batareyanı isə yaxınlıqda xidmət göstərən marketdən alaraq pulta daxil etdiyi bildirmişdir. Qeyd olunur ki, mövcud qanunvericilik operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarını yuxarıda qeyd olunan dəqiq və konkret faktlardan asılı etmişdir. Hazırki iş üzrə sahibkarlıq subyektində yoxlamanın keçirilməsinin səbəbi müvafiq qərarda qeyd edilməmiş, ümumiyyətlə **********2573 nömrəli, xx.xx.2025-ci il tarixli qərarın qəbul edilməsini zəruri edən hallarlın təsdiqi əsaslarını şərh etməmiş, müvafiq sübutları və etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-2445/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********2573 nömrəli, xx.xx.2025-ci il tarixli Qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2573 nömrəli, xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-3219/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3219/2025
06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver