Məhkəmə qərarları › İş №2-1(120)-322/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-322/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-322/2021 22.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialına qarşı «yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X17 Masallı rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnziabti Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(120)-322/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X17 Masallı rayon filialına qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati mübahisə üzrə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialının əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında və digər sənədlərdə qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının 1974-01.03.1995-ci illər üzrə sabiq “Dimitrov” adına sovxozdakı iş stajı barədə 27.02.2020-ci il tarixli, 99/1 saylı arayışında adının Şakubə, Şəkubə və Şükufə kimi qeyd edilməsini, həmçinin əmək kitabçasında “xxxx” kiçik müəssisəsinin (“xxxx” kiçik müəssisəsinin sosial sığorta ödəyicisi kimi 1994-cü ilin İ-Xİİ ayları üzrə, 1995-ci ilin İ-İİİ ayları üzrə, 1996-cı ilin Vİİ-Vİİİ-İX ayları üzrə Fondun Masallı rayon şöbəsində qeydiyyatı olmuşdur) hüquqi ünvanının və həmin müəssisələrin sənədlərinin harada saxlanılmasının məlum olmaması səbəbindən iş stajının yoxlanılmasının mümkün olmamasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X11 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini, cavabdehin imtina məktubunu, Masallı rayon İcra Hakimiyyətinin başçısının Qəriblər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 31.08.2020-ci il tarixli, 403 nömrəli arayışını, Masallı rayon Qeydiyyat şöbəsinin 17.07.2020-ci il tarixli, 1249 nömrəli arayışını, Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99, 99/1 nömrəli arxiv arayışlarını əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş Masallı rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli məktubunun və 25 avqust 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli qətnaməsinin, Masallı rayon Dövlət arxivinin 02 dekabr 2020ci il tarixli, M-444 nömrəli məktubuna əlavə olunmuş arxiv kitabından çıxarışların, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 8 saylı regional ərazi filialının 17.12.2020-ci il tarixli, **********5 nömrəli məktubunun, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 16.12.2020-ci il tarixli, 01/3-320 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 dekabr 2020-ci il tarixli, **********850700 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 21 dekabr 2020-ci il tarixli, **********355900 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, onun 02 may 2020-ci ildə 61 yaş 6 ayı tamam olduğundan həmin vaxtdan pensiya təyin olunması üçün yaş həddinə çatmış və 25 ildən artıq sığorta stajına malik olmuşdur. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması yəni, 04.06.1974-01.09.1974, 22.04.1975-06.04.1995-ci illər üzrə sabiq “Dimitrov” adına sovxozda işləməsi Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99 nömrəli və 99/1 nömrəli arxiv arayışları ilə, həmçinin Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99 nömrəli və 99/1 nömrəli arxiv arayışlarının iddiaçıya məxsus olması Masallı rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli məktubu və 25 avqust 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli qətnaməsi ilə, 28.04.1995- 22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işləməsi NT-İ ******* nömrəli əmək kitabçası, həmçinin məhkəmənin sorğuları əsasında göndərilmiş sənədlər ilə təsdiq olunur. Məhkəmə ilk öncə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən 28.04.1995- 22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsindəki əmək fəaliyyəti ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işlədiyi əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələrin mövcud olması, iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi və əmək haqqı alması halı müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 11.12.2020-ci il tarixli, **********862900 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin X3 inzibati işinin araşdırılması ilə əlaqədar “Atatürk Eyn” km-nin vergi orqanında qeydiyyatı və dövlət büdcəsinə ödənilmiş vəsaitləri barədə müraciətinizə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, “Atatürk Eyn” km 12.01.1998-ci il tarixli dövlət qeydiyyata alınaraq doqquz rəqəmli VÖEN-lə (6********) qeydiyyata alınmışdır. Vergi ödəyicilərin 2004-cü il tarixdə inventarlaşdırılması ilə əlaqədar on rəqəmli VÖEN alınması üçün adı çəkilən hüquqa şəxs tərəfindən vergi orqanına müraciət edilməmişdir. Qeyd olunanlarla bağlı həmin müəssisənin dövlət büdcəsinə ödənilən vəsait və təqdim edilmiş bəyənnamələr barədə heç bir məlumat aşkarlanmamışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 16 dekabr 2020-ci il tarixli, 01/3-320 nömrəli məktubunda qeyd edilmişdir ki, bildiririk ki, “Atatürk Eyn” KM Dövlət Statistika Komitəsində 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində 28 iyun 1996-cı il tarixdən 03 aprel 2000-ci il tarixədək qeydiyyatda olmuşdur. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi və ya fiziki şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunması, bunların heç biri olmadığı halda isə hüquqi və fiziki şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 21.12.2020-ci il tarixli, **********850700 nömrəli məktubunda qeyd edilmişdir ki, “Atatürk EYN” KM-nin vergi ödəyicisi kimi qeydiyyatda olub-olmaması barədə müraciətinizə 6 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Məktubun icrası ilə əlaqədar olaraq bildidirik ki, “Atatürk EYN” kiçik müəssisəsi 21.02.1992-ci il tarixdə ********* nömrəli VÖEN-lə vergi ödəyicisi qeydiyyata alınmış, vergi ödəyicilərinin inventarlaşdırılması ilə əlaqədar 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməmişdir. Vergi ödəyicisinin fəaliyyəti, vergi və dövllət sosial sığorta ösənişləri, eləcə də təqdim etdiyi bəyyannamələr barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində olan məlumat bazasında məlumatlar aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə göndərdiyi 21.12.2020-ci il tarixli, **********355900 nömrəli məktubunda qeyd edilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sorğunuzla əlaqədar bildirir ki, dövlət reyestrində “xxxx” Kiçik Müəssisəsinin 21.02.1992-ci il tarixdə Ədliyyə Nazirliyində U-5/172 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. “xxxx” Kiçik Müəssisəsi 2004cü ildən hazırki dövrədək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Eyni zamanda iddiaçının 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş şahid X16 oğlunun ifadəsi ilə də təsdiq olunur. Şahid X1 Şakübə Ağakişi qızını tanıdığını, heç bir qohumluq əlaqəsinin olmadığını, həmin müəssisənin 1990-cı illərdən fəaliyyət göstərdiyini, iddiaçının onun işçisi olduğunu, həmin müəssisədə xalça toxumaqla məşğul olduğunu, işçilər əmək haqqlarını toxuduqları xalçanın hər kv.m görə aldıqlarını, 70-ə yaxın işçisinin olmasını, işçilərinin işə gedib-gəlməsi üçün 2 ədəd avtobus aldığını, əmək haqqı və əmrlər kitabının arxivə təhvil verilmədiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və əmək haqqı alması, o cümlədən müəssisənin fəaliyyətinin olması tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən və şahid ifadəsindən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı həmin müəssisədə işləmiş və əmək haqqı almış sadəcə olaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən iddiaçının əmək fəaliyyətinə dair əmr kitabları, əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsindəki iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Cavabdeh iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsini əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işləməsi onun əmək kitabçasında qeyd olunduğu və şahid ifadələri ilə təsdiq olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.03.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddiaçının mübahisə edilən 04.06.1974-01.09.1974, 22.04.1975-06.04.1995-ci illər üzrə sabiq “Dimitrov” adına sovxozdakı əmək fəaliyyəti ilə bağlı aşağıdakıları bildirir: Belə ki, işdə olan Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 04.06.1974-cü il tarixli, 178 saylı əmrlə, 04.06.1974cü ildən 01.09.1974-cü ilə kimi olmaqla, sabiq Dimitrov adına çayçılıq-südçülük sovxozuna fəhlə qəbul edilmişdir. 22.04.1975-ci il tarixli, 97/2 saylı əmrlə, Dimitrov adına çayçılıq-südçülük sovxozuna fəhlə qəbul edilmişdir. 28.09.1992-ci il tarixli, 207/1 saylı əmrlə, 6 saylı çayçılıq briqadasına keçirilmiş, 06.04.1995-ci il tarixli, 55-6ç-27 saylı əmrlə, sovxozun ləğvi ilə əlaqədar, işdən azad edilmişdir. İşdə olan Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99/1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974-cü ildə, 1975-1995-ci illərdə, sabiq Dimitrov adına çayçılıq-südçülük sovxozunda işlədiyi müddətdə əmək haqqları almışdır. İşdə olan Masallı rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(050)- 1798/2020 nömrəli qətnaməsindən görünür ki, ərizəçi sabiq “Dimitrov” adına çayçılıqsüdçülük sovxozunda işləməsinə dair əmək haqqı cədvəllərində adının düzgün qeyd edilməməsi müəyyən edilməsi, həmin sovxozda 1976-cı ildən 1983-cü ilə kimi X4, 1984cü ildən 1991-ci ilə kimi X5, 1993-cü ildən 1995-ci ilə kimi X6 adlarına verilmiş əmək haqqı cədvəllərinin və X5 adına olan 1992-ci ilin növbəti əmək məzuniyyəti əmrinin İddiaçı məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Masallı rayon Məhkəməsinin göndərdiyi 27 noyabr 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli məktubundan görünür ki, Masallı rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli, 2(050)-1798/2020 nömrəli qətnaməsi 28 sentyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi 17.12.2020-ci il tarixli, **********5 nömrəli məktubunda qeyd edilmişdir ki, nazirliyin tabeliyində Fondun 8 saylı regional ərazi Filialı Sizin ünvanladığınız 28.10.2020- ci il tarixli, 2-1 (120)-1721/2020 saylı icraatınızda olan işlə əlaqədar olaraq vətəndaş İddiaçı yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilməsi ilə bağlı aşağıdakı məlumatları təqdim edirik. Vətəndaş İddiaçı əmək pensiyası ilə bağlı təqdim etdiyi 27.02.2020-ci il tarixli, 99 saylı arxiv arayışına əsasən 178 saylı əmrlə 04.06.1974-cü il tarixindən 01.09.1974-cü il tarixinədək sabiq “Dimitrov” adına sovxozunda işləməsi, 99/1 saylı arxiv arayışına əsasən isə 22.04.1975-ci il tarixli 97/2 saylı əmrlə “Dimitrov” adına çayçılıq-südçülük sovxozuna fəhlə qəbul edilməsi və 06.04.1995-ci il tarixli 55-6ç-27 saylı əmrlə sovxozun ləğvi ilə əlaqədar işdən azad edilməsi Filialımız tərəfindən müəyyən edilmişdir. 1974.06.04 - 1974.09.01 1995.12.02 1975.04.22 - 1995.03.01 1975.10.26 1975.10.26 - 1995.12.02 20.01.06 Arxiv arayışlarına əsasən vətəndaş İddiaçı 20 il, 1 ay, 6 gün iş stajı vardır. Vətəndaş İddiaçı fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində hec bir məlumata rast gəlinməmişdir. Vətəndaş İddiaçı əmək kitabçasında onun 28.04.1995-ci il tarixindən 22.12.2000ci il tarixinədək “xxxx” kiçik müəssisəsində işləməsi barədə qeyd olunmasına baxmayaraq müəssisənin hüquqi ünvanının məlum olmaması və sənədlərinin Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən “xxxx” kiçik müəssisəsində işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, “xxxx” kiçik müəssisəsi sosial sığorta ödəyicisi kimi 1994-cü ilin l-Xİİ ayları üzrə, 1995-ci ilin l-lll ayları üzrə, 1996-cı ilin Vİİ-Vİİİ-İX ayları üzrə Fondun 8 saylı regional ərazi Filialında qeydiyyatı olmuşdur. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının məhkəməyə göndərdiyi 11 mart 2021-ci il tarixli, **********4 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Masallı rayon filialına (hal-hazırda 8 saylı regional ərazi filialı) qarşı “işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi aşağıdakı faktiki və hüquqi əsaslara görə təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” qanunun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin qanunun 1.0.2-ci maddəsində qeyd olunur ki, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1,1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş- sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Beləliklə, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Beləliklə, iddiaçı 04.06.1974-cü il tarixdən 01.03.1995-ci il tarixədək sabiq “Dimitrov adına sovxoz”da və 28.04.1995-ci il tarixdən 22.12.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində işlədiyini iddia edir. Arxiv arayışlarına əsasən iddiaçının 20 il 1 ay 6 gün is stajı vardır. Lakin iddiaçının fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə Filial tərəfindən aparılan araşdırma nəticəsində heçbir məlumata rast gəlinməmişdir. Həmçinin iddiaçının əmək ktabçasında onun 28.04.1995-ci il tarixdən 22.12.2000-ci il tarixədək “xxxx” kiçik müəssisəsində işləməsi barədə qeyd olmasına baxmayaraq müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi səbəbindən “xxxx” kiçik müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınmamışdır, Həmçinin iddiaçının, həqiqətən də, real olaraq işləməsini müəyyən etmək üçün iddia edilən dövrlərin əmək kitabçasında qeyd edilməsi ilə yanaşı, qeyd olunan illərə dair isə daxil olma, isdən çıxma əmrləri, əmək haqqı cədvəllərinin də olması zəruridir. Lakin iddiaçı tərəfindən bu illərdə həmin sənədlərin təqdim olunmaması iddiaçının işləməsini ciddi sübhə altına alır. Bununla da, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınması mümkünsüzdür. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmədən İddiaçı cavabdeh DSMF-nin 8 saylı regional ərazi filialına qarşı “işlədiyi illər sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99 nömrəli və 99/1 nömrəli arxiv arayışlarını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Masallı rayon Dövlət Arxivinin 27.02.2020-ci il tarixli, 99 nömrəli və 99/1 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 10.02.2021-ci il tarixli 2-1(102)-101/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının işlədiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi və yaxud kolxozda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi, həmçinin arxiv arayışlarında adının düzgün yazılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçının 04.06.1974- 01.09.1974, 22.04.1975-06.04.1995-ci illər üzrə sabiq “Dimitrov” adına sovxozda və 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işləməsi ilə bağlı əmək stajı sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 04.06.1974-01.09.1974, 22.04.1975-06.04.1995-ci illər üzrə sabiq “Dimitrov” adına sovxozda və 28.04.1995-22.12.2000-ci illərdə “xxxx” kiçik müəssisəsində işlədiyi iş stajı sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən (02.07.2020-ci ildən) yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 8 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar