Məhkəmə qərarları › İş №2-1(120)-3254/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3254/2024

19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3254/2024 19.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamın ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci il tarixli, 38 nömrəli Sərəncam və 20 may 2021 -ci il tarixli, 17 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (2004 №-li hərbi hissə) dislokasiya ərazisinə aid 0.015 ha torpaq sahəsi araşdırılma aparılmadan Regional Vəkil Qurumu üçün inzibati binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir.Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin (o vaxtkı adı ilə N №-li hərbi hissə) 1966-cı il tarixli baş planına (qoşmaya əlavə olunur) əsasən, Lənkəran şəhəri, Ş.Axundov küçəsində yerləşən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrılmış 0.015 ha torpaq sahəsi Dövlət Sərhəd Xidmətinin balansındadır.Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının yaxın gələcəkdə mənzil şəraitinin yaxşılaşdırılmasına ciddi maneələr yarada biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına münasibətdə yuxarıda adıçəkilən Sərəncam və onun hüquqi nəticələrinin ləğv edilməsi əks təqdirdə həmin Sərəncam, Müqavilə və digər hüquq müəyyənedici sənədlərin rəsmi qaydada Dövlət Sərhəd Xidmətinə təqdim olunması barədə 12 yanvar 2024-cü il tarixdə 3-38-16/2-260/24 №-li məktubla Lənkəran rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. 22 fevral 2024-cü il tarixdə AR Dövlət Sərhəd Xidmətinə rəsmi qaydada Lənkəran şəhər İcra Hakimiyyətinin 19 fevral 2024-cü il tarixli 5-2-1/2-177/2024 №-li imtina məktubu daxil olmuşdur. Qeyd olunan halların aradan qaldırılması məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli məktublarla hüquqi yardımlar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 hüquqi yardım məktublarında qeyd edilənlərlə razı deyil, iddia tələbimi müdafiə edir, mübahisələndirilən torpaq sahəsi 1989-cu il tarixdən rəsmi sənədlərlə Sərhəd Xidmətinə aid olmuşdur, cavabdeh orqan tərəfindən isə araşdırma aparılmadan torpaq sahəsi 2021-ci il tarixdə Vəkillər Kollegiyasına verilmişdir, məhz məhkəmə qaydasında bu mübahisələrə baxılmalıdır. Onlar 2021-ci il tarixdə qəbul edilmiş sərəncamdan sonralar məlumatlı olmuşlar. Tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhərinin Ş.Axundov küçəsində dövlət mülkiyyətinə aid 0.015 ha torpaq sahəsi Regional Vəkil Qurumu üçün inzibati binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına 49 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 17 nömrəli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası arasında Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 nömrəli sərəncamına əsasən 49 il müddətinə 150,0 kv.m torpaq sahəsi sahibkarlıq məqsədi ilə verilmişdir. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verimiş xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Şirəli Axundov küçəsində yerləşən 0.015 ha torpaq sahəsi xx.xx.2021-xx.xx.2070-ci il tarixədək Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən 49 il müddətinə Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 nömrəli sərəncamına əsasən icarə müqaviləsi başlanmış, icarə müqaviləsi əsasında Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının adına daşınmaz əmlakın dövlət reyestrdə 246 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-2-1/2-177/2024 nömrəli məktubundan görünür ki, 12 yanvar 2024-cü il tarixli 3-38-16/2-260/24 nömrəli məktubda Dövlət Sərhəd Xidmətinin X2 sərhəd dəstəsinin (2004 №-li hərbi hissə) yerləşdiyi və xidmət apardığı ərazinin müdafiə və təhlükəsizlik təyinatlı torpaq kateqoriyasına aid edilməsi və həmin ərazinin Regional Vəkil Qurumu üçün inzibati binanın tikintisi məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına 49 il müddətinə icarəyə verilməsi ilə bağlı qəbul olunmuş inzibati akt barədə məlumat əldə etdiyi və həmin aktın təqdim edilməsini xahiş etmişdir. Sözügedən torpaq sahəsinin iddia etdiyi kateqoriyaya aid edilməsindən öncə dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, hüquqi statusu, təyinatı və mülkiyyəti müvafiq icra hakimiyyəti orqanında tanındıqdan sonra torpağın təyinatı ilə bağlı tələb irəli sürülə bilər. İnzibati orqan inzibati aktın qəbul edilməsi ilə bağlı maraqlı şəxslərə və onların nümayəndələrinə məlumat verməyə borcludurlar. Lakin həmin torpaq sahəsi ilə bağlı siz maraqlı şəxs qismində tanındıqdan sonra sizə inzibati aktla bağlı məlumat verilə bilər.İddia etdiyiniz torpaq sahəsinin təyinatı, sərhədləri, hüquqi statusu və mülkiyyəti barədə məlumat əldə olunmasından ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilə bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddiada inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasının əsaslandırıldığı hallarda iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə ….cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ... yoxlamalıdırlar (2.3-cü bənd). Bu zaman məhkəmələr müdafiə edilən istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. (5.2-ci bənd). Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinə inzibati mühakimə icraatı qaydasında baxılması Azərbaycan Respublikası İPM-nin 2 və 35-ci maddələrinin tələblərinə uyğun deyildir. Belə ki, mübahisənin hər iki tərəfində inzibati orqan çıxış edir. Həmin orqanların heç biri ayrı-ayrılıqda onun hüquqlarının digər inzibati orqan tərəfindən pozulduğunu məhkəmədə mübahisələndirə bilməz. Çünki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı-ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir və pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur (bax: “İnzibati icraat haqqında” Qanunun 4-cü maddəsi). Başqa sözlə, olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Həm də, ən azından ona görə ki, “İnzibati icraat haqqında” Qanunun və İPM-in qəbul edilməsinin (yeni icraat qaydasının müəyyən edilməsinin) məqsədi inzibati orqanların öz aralarında yaranan münasibətləri tənzimləmək deyil, inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərini tənzimləmək, inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaq (bax: “İnzibati icraat haqqında” Qanunun preambulası), inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələri həll etməkdir. Bu qənaət, həmçinin aşağıdakılardan irəli gəlir: “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İddiaçı 2021-ci il tarixdən mübahisəli inzibati aktdan məlumatlı olduğundan və prosessual müddətin axımını həmin sərəncamdan məlumatlı olduğu vaxtdan hesablandığından, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş olur. Belə olan halda iddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin qaldırdığı iddia mümkün sayıla bilməz. Bununla əlavə hətta iddiaçı həmin sərəncamı mübahisələndirmək üçün qanunvericiliklə müəyyən edilmiş müddəti də ötürmüşdür. Başqa sözlə iddiaçı inzibati icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mübahisələndirdiyi Lənkəran rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamından 3 ilə yaxın vaxt keçdikdən sonra müraciət etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmə icraatına daxil olmuşdur. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisə predmeti olan Lənkəran rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamının iddiaçının subyektiv hüququnun pozub-pozmaması ilə bağlı məsələlərin araşdırılmasını zəruri hesab etməmişdir. Çünki, həmin inzibati aktdan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddət ötürüldüyündən yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə hazırkı iddia mümkün sayılmayacaqdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2021-ci il tarxli, 38 saylı sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar