Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-3255/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabirabad Regional Cavabdehat şöbəsinə qarşı X4 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabirabad Regional Cavabdehat şöbəsinə (bundan sonra mətndə Sabirabad Regional Cavabdehat şöbəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə doğulmuş övladına doğum haqqında şəhadətnamənin verilməsi və şəhadətnamədə uşağın atasının adının X5 qeyd olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Lakin bir ildən sonra ailə münasibələrinə son qoyulmuş və xx.xx.2024-cü il tarixdə nikahları rəsmi qaydada ləğv olunmuşdur. X4 ilə ayrı yaşadıqdan sonra X8 ilə tanış olmuş və onunla nikahdankənar ailə münasibətində olmuşdir. Bu münasibət nəticəsində xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa xəstəxanasında övladları doğulmuşdur. Lakin sağlamlıq problemləri səbəbindən övladının doğum haqqında şəhadətnaməsinin alınması üçün müvafiq inzibati orqana vaxtında müraciət edə bilməmişdir.Bir müddət sonra hazırkı iddia tələbi ilə bağlı rəsmi qaydada cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin olunmasından imtina olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixli məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehə və üçüncü şəxslərə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər və üçüncü şəslər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqanın və üçüncü şəxslərin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) məhkəməyə təqdim olunmamışdır. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbi üzrə izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 izahatında mübahisənin məhkəmənin mülahizəsinə əsasən həll olunmasını xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi təsnif olunmuşlar. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2024-cü il tarixdə doğulmuş qız uşağı barəsində Sabirabad Regional “ASAN xidmət” mərkəzi tərəfindən şəhadətnamə verilməsi və veriləcək şəhadətnamədə uşağın atası qismində X6 qeyd olunmasına nail olmaqdan ibarətdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il təvəllüdlü qız uşağı onunla X6 övladlarıdır. Belə olan halda, iddiaçı hesab etmişdir ki, ata qismində X11 qeyd olunmaqla doğum haqqında şəhadətnamənin verilməməsi ilə onun hüquqları pozulmuşdur. Prosessual qanunun tələbinə görə,inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati mübahisə üzrə iddia isə onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9-cu bənd) Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə hesab edir ki, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı deyil. Belə ki, 5 saylı Bakı Cavabdehat Şöbəsi tərəfindən verilmiş AZ-İ 458297 №-li, xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 ilə İddiaçı arasında olan nikah tərəflərin razılığa əsasən xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Məhkəmənin müvafiq sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X2 3-16-5/2- 24262/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X8 ilə xx.xx.1995-ci il təvəllüdlü X3 nikahının xx.xx.2022-ci ildə 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində, həmin nikahın pozulması isə xx.xx.2025-ci ildə 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Bu nikahdan onların xx.xx.2023-cü il təvəllüdlü X9 adlı övladı doğulmuşdur. İddiaçının hazırkı iddia tələbinə Sabirabad Regional Cavabdehat şöbəsi tərəfindən verilmiş 3-16-5/8-15-187/2025, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonunda doğulmuş övladının doğum haqqında şəhadətnaməsində atası kimi X1 deyil X8 qeyd olunaraq uşağa doğum haqqında şəhadətnamə verilməsi barədə xx.xx.2025-ci il tarixli ərizəsinə baxılmışdır. xx.xx.2022-ci il tarixində X4 ilə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2024-cü il tarixində 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi onun nikahının pozulmasını dövlət qeydiyyatına almışdır. Nikah pozulduğu vaxtdan 4 ay 16 gün sonra yəni xx.xx.2024-cü il tarixində uşaq dünyaya gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 170-ci maddəsinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət Qaydası”nın 2.15-ci maddəsinə əsasən Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra doğulmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideyinləri nikhada olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. xx.xx.2024cü il tarixində doğulmuş qız uşağı rəsmi nikahın pozulmasından 10 ay vaxt keçmədən doğulduğu üçün uşağın atası kimi X4 qeyd edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. İşin araşdırılan hallarından müəyyən olunur ki, hazırda iddiaçı xx.xx.2024-cü il tarixdə doğulmuş qız uşağına veriləcək doğum haqqında şəhadətnamədə uşağın atası qismində X11 qeyd olunmasının cavabdehə həvalə olunmasını tələb etdiyi uşaq X4 ilə rəsmi nikahda olduğu vaxtda doğulmuşlar. Belə olan halda məhkəmə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında “atalığın müəyyən olunması” barədə iddia tələbi vasitəsilə iddiaçının yuxarıda adı çəkilən uşağın atasının X8 olması müəyyən olunduqdan sonra, onun tərəfindən hazırkı tələblə əvvəlcə inzibati orqana, sonuncu tərəfindən müraciəti təmin olunmadığı halda isə inzibati məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ yaranmış olacaqdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə qanunla nəzərdə tutulmuş qaydada İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilərək, izah edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum 12 aprel 2019-cu il 3 №-li Qərarının 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 9.2-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sabirabad Regional Cavabdehat şöbəsinə qarşı X4 və X8 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva
Məhkəmə qərarları › İş №2-1(120)-3255/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-3255/2025
02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver