Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3263/2023 14.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “İddiaçı barəsində ölüm haqqında ilkin tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı “xx.xx.1989-cu il tarixdə ölümünə dair Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində xx.xx.1989-cu il tarixdə qeyd edilmiş 16 №-li aktın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək və iddianın dəyişdirilərək, “İddiaçı barəsində ölüm haqqında ilkin tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, valideynləri Babaşov Sahibəddin Ədil oğlu ilə Babaşova Rəsmiyyə Niftalı qızının nikahlarından xx xxxxxx 1986-cı il tarixdə Masallı rayonu Xırmandalı kəndində doğulmuşdur. 18 yanvar 2008-ci il tarixdə Masallı rayonu Təklə kənd sakini X1 ilə nikahları rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşdur. Əvvəlki soyadı “Babaşova” olmuş, nikah qeydindən sonra isə “Süleymanova” soyadını qəbul etmişdir. Bu yaxınlarda daşınmaz əmlakla bağlı notariat əməliyyatı apararkən onun ölümümə dair Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində 12 iyun 1989-cu il tarixli, 16 nömrəli akt qeydi tərtib edilmişdir. Halbuki sağam və Təklə kəndində yaşayır, atası 2000-ci ilin oktyabr ayında vəfat etdiyindən 18 yaşınadək ailə başçısını itirməyə görə ona müavinət təyin edilmiş, Xırmandalı kəndində orta məktəbi bitirib atesstat almışdır. Müddət keçməsi ilə bağlı bir neçə dəfə şəxsiyyət vəsiqəsi dəyişmişdir. Ailə qurduqdan sonra 3 övladı olmuşdur ki, həmin uşaqların doğum sənədlərində də ana qrafasında onun adı qeyd edilmişdir. Lakin Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində 10 iyun 1989-cu il tarixdə ölümünə dair 12 iyun 1989-cu il tarixli, 16 nömrəli akt qeydi tərtib edildiyindən adına əmlak hüquqlarının qeydiyyata alınması, əmlakım üzərində sərəncam verməyi mümkün deyildir. Bu isə onun hüquqlarını pozulmasına səbəb olur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Masallı rayonu, Təklə kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1986-cı il tarixli, Xİ-ЖГ 256178 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1986-cı il tarixdə doğulmuş, valideynləri qrafasında atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızı göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 004175 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı ümumi xəstəlikdən ikinci qrup əlildir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-1420/2023 nömrəli məktubundan görünür ki, haqqında səhvən tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv olunması barədə ərizəsinə baxılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Masallı rayon Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Babaşova (Süleymanova) Gülnarə Sahibəddin qızının xx.xx.1989-cu ii tarixdə Masallı rayonu Xırmandalı kəndində ölməsi haqqında 16 saylı akt tərtib olunmuşdur. Ölüm haqqında ilkin tərtib edilmiş akt qeydinin ləğvi məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydiyyatının ləğv olunması məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalırını müəyyən edən Əsas Müddəalar’ın 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə verilir. Odur ki, Masallı rayon Xırmandalı ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğvi üçün məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-1421/2023 nömrəli arayışından görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1989cu ildə ölmüşdür. Ölüm haqqında xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydi tərtib edilmişdir. Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində ölümü qeydə alınmışdır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-1422/2023 nömrəli arayışından görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1986cı ildə Masallı rayonu Xırmandalı kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1986-cı il tarixdə Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində 20 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızıdır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-1437/2023 nömrəli arayışından görünür ki, X1 və Babaşova Gülnarə Sahibəddin qızının nikahı haqqında xx.xx.2008-ci il tarixdə 02 nömrəli akt qeydi tərtib olunmuşdur. Masallı rayon Təklə ərazi nümayəndəliyində nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 651 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Masallı rayonunun Təklə kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-469/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1986-cı il tarixli, 19 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Elnarə Sahibəddin qızı xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızı kimi qeyd edilmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-469/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1986-cı il tarixli, 20 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızı kimi qeyd edilmişdir. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-469/2023 nömrəli məktubuna əlavə edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1989-cu ildə ölmüşdür. Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində ölümü qeydə alınmışdır. İş materiallarında olan Masallı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-16-5/8-468/2023 nömrəli məktubundan görünür ki, İddiaçı ölüm haqqında akt qeydinin ləğv edilməsi haqqında Masallı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və müəyyən edilmişdir ki, xx.xx.1989-cu il tarixdə Masallı rayon Xırmandalı ərazi nümayəndəliyi tərəfindən Babaşova (Süleymanova) Gülnarə Sahibəddin qızının xx.xx.1989-cu il tarixdə Masallı rayonu Xırmandalı kəndində ölməsi haqqında 16 saylı akt tərtib olunmuşdur. Masallı rayon Xırmandalı ərazi nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum və ölüm haqqında akt qeydləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.1986-cı il tarixdə ana Babaşova Rəsmiyyə Niftalı qızından əkiz- Gülnarə və Elnarə adlı uşaqlar doğulmuşdur. Elnarə xx.xx.1986-cı ildə (akt № 30 xx.xx.1986), Gülnarə isə xx.xx.1989-da (akt № 16 xx.xx.1989), Elnarə isə xx.xx.1986-cı ildə (xx.xx.1986, akt № 130) ölmüşdür. Ona izah edilmişdir ki, ölüm haqqında ilkin tərtib edilmiş akt qeydinin ləğvi məhkəmənin səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydiyyatının ləğv olunması məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalırını müəyyən edən Əsas Müddəalar"ın 26-cı bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə verilir. Odur ki, ölüm haqqında akt qeydinin ləğv olunması haqqında onun ərizəsini təmin etmək mümkün olmamışdır. Vətəndaşa müraciəti ilə bağlı ətraflı cavab verilmiş və cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüqüqunun olması izah edilmişdir. Masallı rayon Qeydiyyat şöbəsi iş yükünün çoxluğunu nəzərə alaraq iş üzrə məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir və həmçinin Masallı rayon Qeydiyyat şöbəsi ərizəçinin tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2-ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1-ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, akt qeydinin ümumiyyətlə ləğv edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydinin ləğv edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvlərə yol verilib-verilməməsini və ya iddiaçının adına başqa doğum akt qeydinin olub-olmamasını müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” haqqında Qanunun:
8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.3. Ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 8.6. Ölüm, ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edənƏsas Müddəalarının:
23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər. İnzibati icraat haqqında Qanunun: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi onun adına Azərbaycan Respublikasında tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsidir, belə ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, bu haqda xx.xx.1986-cı il tarixdə Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində 20 nömrəli doğum haqqında akt qeydi aparılıb. Valideyinləri atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızıdır və bu halı təsdiq edən doğum haqqında şəhadətnaməni məhkəməyə təqdim etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1986-cı il tarixli, 19 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Elnarə Sahibəddin qızı xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızı kimi qeyd edilmiş, xx.xx.1986-cı il tarixli, 20 nömrəli doğum haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1986-cı il tarixdə anadan olmuş, atası Babaşov Sahibəddin Ədil oğlu, anası Babaşova Rəsmiyyə Niftalı qızı kimi qeyd edilmiş, xx.xx.1989-cu il tarixli, 16 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, Babaşova Gülnarə Sahibəddin qızı xx.xx.1989-cu ildə ölmüşdür. Masallı rayonu Xırmandalı kənd ərazi nümayəndəliyində ölümü qeydə alınmışdır. Belə ki, ölümün qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında ölümün qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. İş materiallarına əsasən sənəd üzərində iddiaçı Süleymanova (Babaşova) Gülnarə Sahibəddin qızı barəsində ölüm akt qeydi tərtib edilsə də, vətəndaş hal-hazırda həyatdadır. Qeyd edilən hal vətəndaşın konstitusion hüquqlarının məhdudlaşdırılmasına və kobud şəkildə pozulmasəna səbəb olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Masallı rayon Xırmandalı kənd icra nümayəndəliyində Süleymanova (Babaşova) Gülnarə Sahibəddin qızının soyadı, adı və ata adı ilə tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Süleymanova (Babaşova) Gülnarə Sahibəddin qızı barəsində ölüm haqqında ilkin tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. iddiaçı Süleymanova (Babaşova) Gülnarə Sahibəddin qızı barəsində ölüm haqqında ilkin tərtib edilmiş xx.xx.1989-cu il tarixli, 16 nömrəli akt qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov