Məhkəmə qərarları › İş №2-1(120)-3281/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3281/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3281/2025 17.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinə qarşı “İddiaçı olan xəstəliklərin nəzərə alınaraq çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə qərarının tərtib edilməsi məqsədilə yenidən tibbi müayinənin keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş özü İddiaçı barəsində yekun tibbi müayinəyə dair müvafiq yoxlamaların və müayinələrin keçirilməsinin təmin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iddiaçı ərizə ilə müraciət edərək, məhkəməyə ünvanladığı xx.xx.2025ci il tarixli dəqiqləşdirmə barədə ərizənin baxılmadan saxlanılmasını, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi ilə əvəz edilməsini və iddia tələbinin dəyişdirilərək (dəqiqləşdirərək) “İddiaçı olan xəstəliklərin nəzərə alınaraq çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə qərarının tərtib edilməsi məqsədilə yenidən tibbi müayinənin keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilməyini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi ilə əvəz edilməsi, iddia tələbi dəyişdirilərək İddiaçı olan xəstəliklərin nəzərə alınaraq çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə qərarının tərtib edilməsi məqsədilə yenidən tibbi müayinənin keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara almışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olmuş, Qardaşı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində şəhid olmuşdur. 2020-ci ilin yanvarında hərbi xidmətə çağrılmış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsindən keçmiş və sağlamlığı yerində olmadığı üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən hərbi Komissiyaya göndərilmişdir. Bu göndəriş əsasında AR-nın Səhiyyə Nazirliyinin cərrahiyyə şöbəsinə yoxlanılmadan keçmiş, belinidə əyrilik olduğu üçün hərbi xidmətə yararsızlıq barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü ildə yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində hərbi həkim komissiyasından keçəndə X2 hərbi xidmətə yararlı yazılmışdır. Bunun əsasında da hərbi hissəyə qanunsuz olaraq təhkim edilmişdir. Ona görə də bu qərarla razılaşmamış, müaynələri davam etməlidir. Apellyasiya ərizəsi verərək yenidən müayinədən keçirilməyini xahiş etmiş, şikayəti əsasında yenidən yoxlama aparılmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyində yaradılan çağırışçıların şəhadətləndirilməsi üzrə yekin tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verdiyi şikayətlərə baxan apelyasiya şurası xx.xx.2025-ci il tarixli, 04/2025 nömrəli protokoldan çıxarışla qərara alınmışdır ki, onun barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsində belində əyrilik olduğu üçün hərbi xidmətə yararsızlıq barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü ildə yenidən ona bir dəfə müayinəedərək səhv qərar vermişdir. Bu qərardan yuxarı orqana şikayət vermiş ki, onun başqa müayinələri də vardır. Lakin, Apellyasiya Şurası onun hüquq və mənafelərini təmin etməyən qərar qəbul etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabiliytasiya Agentliyində yaradılan çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə düzgün aparılmamışdır. Verdiyi şikayətə baxan apellyasiya şurası düzgün araşdırma aparmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi tərəfindən belində əyrilik olduğu üçün hərbi xidmətə yararsızlıq barədə xx.xx.2021-ci il tarixdə rəy verilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü ildə yenidən hərbi həkim komissiyası ziddiyyətli olaraq xx.xx.2024-cü ildə yenidən X2 hərbi xidmətə yararlı yazmışdır. Hansı ki, əlavə müayinələri davam etməlidir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsi iddia tələbinə münasibət barədə məktubla bildirmişdir ki, çağırışçı xx.xx.2002-ci il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə ilkin hərbi qeydiyyata alınmışdır. Çağırışçı 2020-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar olaraq Biləsuvar rayon çağırış komissiyasında şəhadətləndirilən və öyrənilən zaman səhhətindən şikayət etdiyindən əlavə müayinə edilməsi üçün xx.xx.2020-ci il tarixli 16 nömrəli göndərişlə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitununa göndərilmişdir. Çağırışçı İddiaçı barədə Elmi-tədqiqat Travmatologiya və Ortopediya İnstitunundan verilən xx.xx.2020-ci il tarixli 6007 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında ona "Onurğanın aşağı döş yuxarı bel tipli ikinci dərəcəli skolozu, funksiyanın cüzi pozulması” diaqnozu qoyulmuşdur. Həmin diaqnoza əsasən o, rayon çağırış komissiyası tərəfindən, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim eskpertizası haqqında Əsasnamənin “66 c” maddəsinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Həmin diaqnozu Mərkəzi hərbi həkim komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Əlavə olaraq məlumat verirəm ki, çağırışçı İddiaçı 2024-cü ilin çağırışına hazırlıqla əlaqədar olaraq Biləsuvar rayon çağırış komissiyasında şəhadətləndirilən və öyrənilən zaman səhhətindən şikayət etdiyindən əlavə müayinə edilməsi üçün xx.xx.2024-cü il tarixli 156 nömrəli göndərişlə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Çağırışçı İddiaçı barədə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından xx.xx.2024-cü il tarixli 140 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında çağırışçıya "Sol tərəfli bel tipli ikinci dərəcəli skoliozu, funksiyanın cüzi pozulması” diaqnozu qoyulmuşdur. Həmin diaqnoza əsasən o, rayon çağırış komissiyası tərəfindən, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi-həkim eskpertizası haqqında Əsasnamənin “59 c” maddəsinə əsasən "dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Çağırışçı İddiaçı barədə məlumatlar müvafiq qaydada Xidmətin VEİS-nə işlənilmiş, barəsində yekun rəy verilməsi üçün xx.xx.2025-ci il tarixdə ƏSSMN-nin DTSERA-na təqdim edilmişdir. DTSERA-nın təyin etdiyi yararlılıq hissəsində çağırışçıya "A-3” rəyi verilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmiş və MHHK sədrinin rəyi hissəsində yararlılıq kateqoriyası "A-3 müddətli həqiqi hərbi xidmətə yararlı” hesab edilmişdir. İddiaçı Natiq oğlu DTSERA-nın Apellyasiya şurasına verilmiş qərardan şikayət etmiş, lakin Apellyasiya şurası onun barəsində verilən qərarı qüvvədə saxlamışdır. Çağırışçı İddiaçı xx.xx.2025-ci il tarixdə şöbəyə dəvət edilərək barəsində verilmiş qərarla tanış edilmiş və çağırış vərəqi verilmişdir. Cənab Xidmət rəisinin müvafiq sərəncamına əsasən çağırışçı FHN komandasına təyin edilmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq müddətli həqiqi hərbi xidmətə göndərilmənin son tarixi olan 30 aprel tarixinədək şöbəyə gəlməyərək çağırışdan yayınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədiklərini, iddianın tələbinin təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurasının iclasının 05 mart 2025-ci il tarixli, 04/2025 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı (FİN: xxxxxxx) barəsində yekun tibbi müayinəyə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Apellyasiya Şurasının katibliyinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 1-N-77/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində həyata keçirilmiş yekün tibbi müayinəyə dair qəbul edilmiş qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan verilən şikayətlərə baxan Apellyasiya Şurasına verilmiş şikayətlə bağlı Apellyasiya Şurası tərəfindən qəbul edilmiş qərar (Apellyasiya Şurasının iclas protokolundan çıxarış) məlumat üçün göndərilmişdir. Apellyasiya Şurasının qərarından qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ vardır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Elmi-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli T 533/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, - İş materiallarında İddiaçı ilkin “X4 Aktı” olmadığından ona hansı xəstəliklə əlaqədar, əsasən də “Skolioz” xəstəliyi ilə əlaqədar möhlət verilib-verilməməsi barədə fikir söyləmək mümkün olmadı. - Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə bel fəqərələrinin KT müayinəsində Thll-Thl2, Thl2-Ll, L4-L5 səviyyədə fəqərələrin tamamlayıcı lövhələrində Şmorl düyünü, L5-S1 fəqərəarası diskdə arxa 3,5mm protruziya, L5- S1 diskdə sinirin kompitessiyası qeyd olunur. - Lakin vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən Bera testindən keçmək üçün “Respublika Klinik Xəstəxanası” phş-in otorinolarinqologiya şöbəsinə göndərilmiş və ona testdən keçirildikdən sonda “Sol tərəfli 3-cü dərəcəli xroniki qarışıq ağır eşitmə, sağ tərəfli 1-ci dərəcəli xroniki qarışıq ağıreşitmə” diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı “Respublika Klinik Xəstəxanası” phş-də xx.xx.2025-ci il tarixdə stasionara müraciət etmiş və XBT kodu üzrə F43-ağır stress reaksiya pozğunluğu, F41.2həyəcan, depressiv pozuntu, Ç90-vegetativ damar distoniyası” diaqnozu müəyyən edilmişdir. - Qeyd edilən xəstəliklərlə əlaqdar vətəndaş İddiaçı xidmətə yararlı olub-olmaması Hərbi Həkim Komissiyasının ekspertlərinin səlahiyyətlərinə aid olduqlarından bununla əlaqədar fikir söyləmək mümkün olmadı. Əsaslandırıcı hissə: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən, İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən, Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən, Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarı 15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülür. 15.1-1. Narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilməsi təmin edilir. 15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. 15.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilir. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndirilir. 15.2-2. Tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilirlər. 15.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən bu Qanunun 15.2.2 – 15.2.5-ci maddələrində nəzərdə tutulmuş qərarların verilməsi üçün yekun tibbi müayinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Yekun tibbi müayinənin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci və 19-cu bəndlərini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-İVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək və müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədi ilə qərara alıram:

5. Müəyyən edilsin ki: 5.1. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2ci, 2.0.15-ci maddələrində, 3.5-ci maddəsinin birinci cümləsində, 6.1-ci maddəsində (ikinci halda), 6.2-ci maddəsinin birinci (hər iki halda) və üçüncü cümlələrində, 6.2-1-ci maddəsinin birinci cümləsində, 6.2-2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 6.5- ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 7.3-cü maddəsinin ikinci cümləsində, 8.6-cı maddəsində (birinci halda), 12.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 12.4-cü (birinci halda) və 12.4-1-ci (hər iki halda) maddələrində, 15.1-ci maddəsinin birinci və dördüncü cümlələrində, 15.2-1-ci maddəsinin birinci cümləsində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 17.1.4-cü (hər iki halda), 21.3-cü, 21.6- cı, 21.8-ci, 21.9-cu, 31.1-ci, 33.4-cü, 34.5ci (ikinci halda), 35.2-ci maddələrində, 39.2-ci maddəsinin birinci cümləsində (hər iki halda), 40.1-ci, 45.4-cü maddələrində, 45.5-ci maddəsinin ikinci (ikinci halda) və üçüncü (ikinci halda) cümlələrində, 45.7-ci maddəsində, 49.5-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 49-cu maddəsinin “Qeyd” hissəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 5.13. həmin Qanunun 6.2-1-ci maddəsinin birinci cümləsində, 8.6-cı maddəsində, 15.2-1ci və 15.3-cü maddələrinin birinci cümlələrində, 17.1.4-cü maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qismində, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”: İİ-1. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması 2-1.16. Tibbi qiymətləndirmə komissiyası yekun tibbi müayinəni apararaq bu Əsasnamənin 2-1.3-cü bəndində nəzərdə tutulan göndərişdə (forma 44) aparılmış müvafiq müayinə nəticələrini qeyd etməklə, aşağıdakı qərarlardan birini qəbul edir: - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi eyni kateqoriya üzrə təsdiqlənir; - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi fərqli kateqoriya üzrə təsdiqlənir (bu halda müvafiq əsaslandırıcı tibbi izah da qərara əlavə olunur); - həmin göndərişdə göstərilən yararsızlıq səbəbi heç bir kateqoriya üzrə öz təsdiqini tapmır. 2-1.17. Bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar MEİS-də elektron sənəd formasında formalaşdırılır və Tibbi qiymətləndirmə komissiyasının sədri və üzvləri tərəfindən onların elektron imzası ilə təsdiq olunmaqla rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən çağırışçının şəhadətləndirilməsi üzrə qərarın qəbul edilməsi üçün altsistemə daxil edilir. 2-1.18. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu Əsasnamənin 2-1.16-cı bəndinə əsasən qəbul edilən müvafiq qərar barədə çağırışçını dərhal bu Əsasnamənin 2.7-ci bəndində nəzərdə tutulmuş qaydada onun elektron kabineti vasitəsilə məlumatlandırır. 2-1.19. Çağırışçının şəhadətləndirilməsi üzrə yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarlardan çağırışçı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan Apellyasiya Şurasına (bundan sonra –Şura) və ya məhkəmə qaydasında şikayət verilə bilər. Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

2. Müəyyən edilsin ki: 2.1. yekun tibbi müayinə Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) tərəfindən hərbi həkim komissiyalarının tibbi müayinə nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinəsi əsasında aparılır; 2.2. yekun tibbi müayinə ilə bağlı məlumatların toplanılması və həmin müayinənin nəticələrinin rəsmiləşdirilməsi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) üzərindən həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla altı ay müddətində: 3.1. müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. bu Fərmanın 1-ci və 2-ci hissələrindən irəli gələn maliyyələşməni təmin etsin; 3.3. Agentliyin inzibati bina ilə təmin edilməsi üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Nazirlik: 4.1. 2024-cü il iyulun 1-dək altsistemin təkmilləşdirilməsini təmin etsin; 4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. Məhkəmə iddiaçının hüquqi marağının onun sağlamlığı üzrə bir çox xəstəliklərin olması, lakin cavabdeh orqanın yalnız bir xəstəlik üzrə müayinələrin aparması olmuşdur. Belə olan halda tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin tələbləri üzrə həmin hissədə şin hallarına obyektiv qiymət verilməsi məqsədi ilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Elmi-Təcrübi və Tədris Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli T 533/2025 nömrəli ekspert rəyində qeyd edilir ki: - İş materiallarında İddiaçı ilkin “X4 Aktı” olmadığından ona hansı xəstəliklə əlaqədar, əsasən də “Skolioz” xəstəliyi ilə əlaqədar möhlət verilib-verilməməsi barədə fikir söyləmək mümkün olmadı. - Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə bel fəqərələrinin KT müayinəsində Thll-Thl2, Thl2-Ll, L4-L5 səviyyədə fəqərələrin tamamlayıcı lövhələrində Şmorl düyünü, L5-S1 fəqərəarası diskdə arxa 3,5mm protruziya, L5- S1 diskdə sinirin kompitessiyası qeyd olunur. - Lakin vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə tibbi müayinədən keçirilərkən Bera testindən keçmək üçün “Respublika Klinik Xəstəxanası” phş-in otorinolarinqologiya şöbəsinə göndərilmiş və ona testdən keçirildikdən sonda “Sol tərəfli 3-cü dərəcəli xroniki qarışıq ağır eşitmə, sağ tərəfli 1-ci dərəcəli xroniki qarışıq ağıreşitmə” diaqnozu qoyulmuşdur. - Vətəndaş İddiaçı “Respublika Klinik Xəstəxanası” phş-də xx.xx.2025-ci il tarixdə stasionara müraciət etmiş və XBT kodu üzrə F43-ağır stress reaksiya pozğunluğu, F41.2həyəcan, depressiv pozuntu, Ç90-vegetativ damar distoniyası” diaqnozu müəyyən edilmişdir. İnzibati Prosessual Məcəlləsinin 29-1 -ci maddəsinə əsasən inzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Mülki Prosessual Məcəllənin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə sübut qismində əlavə edilən iş materiallarını tədqiq edərək və işin hallarına qiymət verərək hesab edir ki, iddiaçıda bir çox xəstəliyin olması müşahidə edilmişdir ki, həmin xəstəliklər üzər müayinə aparılmadan, həmin xəstəliklərin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində, həmçinin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşüb-düşmədiyini müəyyən etmədən cavabdeh inzibati orqanın hərbi xidmətə yararlılıq barədə qərar verməsi və çağırışçılar sırasına daxil etməsi irəlidi iddiaçının hüquq və azadlıqlarının bərpa oluna bilməyəcək şəkildə pozulmasına səbəb ola bilər. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 40-44-cü və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı olan xəstəliklərin nəzərə alınaraq çağırışçıların şəhadətləndirilməsi üzrə yekun tibbi müayinə qərarının tərtib edilməsi məqsədilə yenidən tibbi müayinənin keçirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar