Məhkəmə qərarları › İş №2-1(120)-3285/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-3285/2024

25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-3285/2024 25.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə qarşı “qızı xx.xx.2006-cı il təvəllüdlü İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürərək iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Gəncə İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(114)-1692/2024 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iddiaçı Nümayəndə övladı İddiaçı tərəfindən yazılmış ərizəni təqdim edərək iddiaçı kimi X4 tanınmasını və iddia tələbinin dəyişdirilərək “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etdiyini bildirmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Nümayəndə əsl iddiaçı “İddiaçı ilə əvəz edilmiş, iddia tələbi dəyişdirilərək “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə 1992-ci ildə ərazilərin işğalı ilə əlaqədar məcburi köçkün kimi Beyləqan rayonu Təzəkənd kəndində məskunlaşmışdır. Dövlət tərəfindən 2016-cı ildə Xocavənd rayonunda tikilən 320 ailəlik Xocavənd qəsəbəsində ev verilmiş və ailəsi ilə birlikdə həmin evə köçürülmüş, 2003-cü ildə Beyləqan rayon Bolsulu qəsəbə sakini X6 ilə ailə həyatı qurmuş, xx.xx.2006-cı ildə onların İddiaçı adında qızları anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə məcburi köçkünlər üçün tikilmiş evdə yaşayırlar. Dövlət tərəfindən torpaqlarında evlər tikiləndən sonra onlar ailəlikcə öz torpaqlarına köçəcəklər. Onlara dövlət tərəfindən tikilmiş 320 ailəlik qəsəbədə ev verilərkən ailə üzvlərinin sayına uyğun ev verilmişdir. Öz torpaqlarına köçürülərkən də ailə üzvləri nəzərə alınacaqdır. Faktiki olaraq qızı İddiaçı onlarla məcburi köçkün evində qalmaqla məcburi köçkün həyatı yaşayır. Onun anasının məcburi köçkün olmaması onun həyatını dəyişmir. Qızı onunla bir yerdə qeydiyyatdadır. Harda doğulmasından aslı olmayaraq, eyni zamanda anasının statusundan aslı olmayaraq onun qızıdır və ailənin bir üzvüdür. Ailəsinin bir üzvü kimi qızı İddiaçı də onunla birlikdə dövlət tərəfindən verilən bütün yardımları, o cümlədən çörək pulunu almışdır. Əgər o məcburi köçkün sayılmırsa nəyə görə ona dövlət tərəfindən çörək pulu verilmişdir. İddiaçı məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin müraciətinə imtina gəlmişdir. Səbəb isə onun anasının yerli vətəndaş olması göstərilmişdir. Qızı anası ilə birlikdə məcburi köçkün evində yaşayır, anasının yerli vətəndaş olması onun həyatını dəyişmir. O anasının ata evində deyil, dövlətin verdiyi məcburi köçkün evində yaşayır. Belə olduğu halda o da məcburi köçkün statusuna malik olmalıdır. Cavabdeh qızına məcburi köçkün statusu verilməsindən imtina etdiyinə görə fakt məhkəmə qaydasında təsdiq olunmalı və cavabdehin üzərinə ona məcburi köçkün statusu verilməsi öhdəliyi qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı Nümayəndə “övladına məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, xx.xx.2006cı il təvəllüdlü İddiaçı anası X2 qeydiyyatı Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Bolsulu qəsəbəsində olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində' köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində.köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir; Nümayəndə ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır; İddiaçı anası X6 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir; X1 rayonu, Təzəkənd ərazi dairəsi, Bolsulu qəsəbəsi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı anası X2 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, “Beyləqan rayonu” olduğundan, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün statusu və onü təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı yarımbəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi”nə dair iddia tələbini əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İddiaçı xx.xx.2024-cü tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materialları aşağıdakı materiallardan ibarət olmuşdur: İşdə olan xx.xx.2006-cı il tarixli, AZ-T 226927 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Beyləqan rayonunun Bolsulu qəsəbəsində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin dekabr ayının 01 günündə 39 nömrə ilə qeyd edilmişdir. Atası Nümayəndə anası isə X3r. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuş, Beyləqan rayonunun Bolsulu qəsəbəsində qeydiyyatdadır. İşdə olan AA seriyalı 233214 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Nümayəndə Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 3-36-3/2-T-107xx-xx/2023/7907 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı anası X2 qeydiyyatı Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Bolsulu qəsəbəsində olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-36-3/2-363/2024 nömrəli məktubundan görünür ki, Nümayəndə Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə Beyləqan rayonunda məcburi köçkünlər üçün salınmış 320 ailəlik qəsəbədə 119 saylı evdə məskunlaşmışdır. İşdə olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1-8- 10/2-1204/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş 2024-cü il 31 may tarixli 3-36/2-187/2024 nömrəli məktubunda Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşelli kəndlərindən, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yağlıvənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zərgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdmahmudlu, Alıxanlı və Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndlərindən olan məcburi köçkünlər artıq 1994-cü ildə və ondan sonrakı illərdə yaşadıqları yerlərə qayıtdıqlarına, eləcə də kənd sakinlərinin faktiki olaraq orada yaşadıqları və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş vermədiyinə görə, 2024-cü ilin 1 may tarixindən Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 14-cü maddəsinə və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən onların məcburi köçkün statusunun ləğv edildiyi və sosial müdafiə tədbirlərinin verilməsinin dayandırıldığı bildirilir. Adları çəkilən yaşayış məntəqələrindən olan şəxslərin məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin verilməsi predmetli iddialarına baxılarkən qanunvericiliyin qeyd olunan tələblərinin diqqətdə saxlanılması tövsiyə edilir. İşdə olan Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyəti başçısının müavininin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-31/2/-204/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdam rayonunun Gülablı kənd inzibati erazi dairəsi üzrə nümayəndəliyinin 30 iyul 2024-cü il tarixli, 16 nömrəli arayışına əsasən Nümayəndə məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilir, lakin övladı Tağıyeva X8 rayonunda daimi qeydiyyatda olduğuna görə ona müavinət ödənilmir. İşdə olan Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-36/2-279/2024 nömrəli məktubundan görünür ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan ordusu tərəfindən işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması nəticəsində soydaşlarımızın öz ata-baba yurdlarına qayıtmalarına şəraitin yaranması ilə yanaşı, təmas xətti tamamilə ləğv edilmişdir. 1993-1994-cü illərdə işğaldan azad olunmuş ərazilər, həmçinin Ermənistan Silahlı Qüvvələrinin yerləşdikləri mövqelərə, yəni təmas xəttinə yaxın ərazidə yerləşdiyindən, burada yaşayan insanların çətin və təhlükəli şəraitdə yaşamaları nəzərə alınaraq, onların qaydada məcburi köçkünlər üçün nəzərdə tutulmuş imtiyaz və güzəştlərdən istifadə edilməsinə dövlət tərəfindən xüsusi qaydada şərait yaradılmışdır. Lakin 2020-ci il tarixdə ikinci Qarabağ Müharibəsində qazanılmış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində təmas xətti tamamilə ləğv edilmiş və əhalinin təhlükəsiz yaşaması və fəaliyyət göstərməsi təmin edilmişdir. Həmin ərazilər işğaldan azad olunduqdan sonra kənd sakinləri faktiki olaraq orada yaşamış və onların daimi yaşayış yerlərini tərk edərək məcburi köçkün düşmə faktı baş verməmişdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 14cü maddəsinə əsa'sən. şəxs əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə və bu mümkün olmadıqda. dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə məcburi köçkün statusunu itirir. “Məcburi köçkünlərn və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində, məcburi köçkünlərə bərabər tutulan şəxslərin isə əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı və ya daimi məskunlaşdıqları vaxtadək qüvvədədir. Ağdam rayonunun Təzəkənd, Orta Qərvənd, Ayaq Qərvənd, Əhmədağalı, Çıraqlı, Kolqışlaq və Mirəşelli kəndləri, Füzuli rayonunun Horadiz şəhəri və Əhmədalılar, Mirzənağılı, Qazaxlar, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Kərimbəyli, Aşağı Yayivənd, Böyük Bəhmənli, Bala Bəhmənli, Mahmudlu-1, Araz Dilağarda, Araz Zəıgar, Əhmədbəyli, Mahmudlu-2, Qarabağ, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Kürdməhmudlu, Alıxanlı kəndləri, Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi 1994-cü ildə işğaldan azad edilmişdir. Hazırda həmin şəxslər 1994-cü ildə və ondan sonrakı illərdə yaşadığı yerə qayıtdıqlarından, 2024-cü il 1 may tarixindən qeyd olunan normativ hüquqi aktların tələblərinə əsasən, onların məcburi köçkün statusu ləğv edilmiş və sosial müdafiə tədbirlərinin göstərilməsi dayandırılmışdır. Adları çəkilən yaşayış məntəqələrindən olan şəxslər məcburi köçkün statusunun və sosial müdafiə tədbirlərinin göstərilməsi üçün məhkəmə orqanlarına iddia ərizələri ilə müraciət etmiş, birinci instansiya məhkəmələri tərəfindən iddialar təmin olunmuş, həmin məhkəmə işləri üzrə tərəfimizdən apellyasiya və kassasiya şikayətləri verilmişdir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinə və apellyasiya instansiya məhkəmələrinə bu barədə məlumatlar təqdim edilmiş və nəzərə alınmışdır. Yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinə uyğun olaraq, həmin ərazilərdən olan şəxslərə məcburi köçkün statusu və sosial müdafiə tədbirlərinin göstərilməsi ləğv edildiyindən, Şirvan inzibati Məhkəməsinin icraatında olan həmin məhkəmə prosesləri üzrə yuxarıda qeyd edilən məlumatların nəzərə alınmasını xahiş emişdir. Əvvəla, məhkəmə vurğulamağı zəruri hesab edir ki, iddiaçının qeydiyyat ünvanı Beyləqan rayonudur və cavabdeh olan orqanın səlahiyyətləri birdən çox məhkəmənin yurisdiksiyasına aiddir, iddiaya baxılması hazırki məhkəmənin səlahiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının cavabdeh inzibati orqana qarşı tələbi “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-ci bəndinin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. İddiaçının anası X2 qeydiyyatı Beyləqan rayonu, Təzəkənd ərazi dairəsi, Bolsulu qəsəbəsində olduğundan övladına məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Məhkəmə qeyd edir hazırki iddia tələbinin mahiyyətinin və imtina məktubunun əsaslı olub-olmamasına qiymət verilməsi üçün aşağıdaki göstərilən əsaslara münasibət bildirir:

1. İddiaçının atasının məcburi köçkün statusuna malik olması;

2. İddiaçı tərəfindən dövlətin təyin etdiyi yardımların alınmasıdır. Məhkəmə ilkin olaraq iddiaçının atasının məcburi köçkün statusuna malik olmasına münasibət bildirir. Belə ki, cavabdeh tərəfindən təqdim olunan yazılı etirazın əsaslarından və məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Nümayəndə (iddiaçının atası) məcburi köçkün statusu olmuş və onu təsdiq edən AA № 233214 seriya nömrəli vəsiqə aşkar olunaraq iş materiallarına əlavə edilmişdir. Belə ki, Nümayəndə (iddiaçının atası) məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il qərarına əsasən verilmişdir. Son olaraq nəzərə alınmalıdır ki, iddiaçının doğulduğu anda ona aylıq müavinətin verilməsi, onun valideyinlərindən birinin (hazırki halda Nümayəndə) məcburi köçkün statusuna malik olmasını göstərir. Başqa sözlə desək inzibati orqan iddiaçıya aylıq müavinət təyin edərkən onun atasının məcburi köçkün statusuna malik olmasını ödənişləri həyata keçirərək təsdiq etmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının atası Nümayəndə məcburi köçkün statusuna malik olması bir çox əsaslar ilə təsdiq olunur. Qeyd edilən hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Belə ki, Nümayəndə (iddiaçının atası) məcburi köçkün vəsiqəsi Azərbaycan Respublikası Qaçqınlar və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2011-ci il qərarına əsasən verilmişdir. Məhkəmə iddiaçı tərəfindən dövlətin təyin etdiyi yardımların alınmasına münasibət bildirir. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün" statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Tətbiq edilən və yuxarıda sadalanan normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla, sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət – dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Təlimatın 4-cü hissəsinə əsasən yemək xərci üçün aylıq müavinət aşağıdakı məcburi köçkün statusu almış şəxslərə verilir: 4.3. Valideynlərindən atası (ailə başçısı) “məcburi köçkün” statusuna malik olan uşaqlara. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.6-cı maddəsinə əsasən valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara aylıq müavinət şamil edilmir. Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Məhkəmə qeyd edir ki, bu Qaydalar sonradan qəbul edilmiş və iddiaçının vəziyyətini ağırlaşdırmışdır. İddiaçının doğulduğu vaxt qüvvədə olan hüquqi aktlarda belə bir tələb mövcud olmamış, o, məcburi köçkünlərə verilən güzəşt və təminatlardan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qazanılmış hüquqlara münasibətdə bu qaydada yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələblərindən də irəli gəlir. Həmin normaya görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçıya məcburi köçkün statusu almış şəxs kimi müavinət ödənildikdən sonra qanunvericilikdə baş vermiş onun hüquqi vəziyyətinin ağırlaşmasına səbəb ola bilən hallar iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-652/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yuxarıda göstərilmiş qanunun normalarına uyğun olaraq məcburi köçkün statusunun alınmasının nəticəsi kimi dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququnu iddiaçı qazanmışdır. Bu hüququn tərkib hissəsi kimi şəxsə yemək xərci ilə bağlı aylıq müavinətin verilməsi nəzərdə tutulmuş və bu məsələlər istinad olunmuş Qaydalarda tənzimlənmişdir. Hər iki hüquqi aktın yuxarıda istinad edilmiş əlaqəli təhlili isə o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq yemək xərcini alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir.” Göründüyü kimi oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı maddəsi sonradan qəbul edildiyindən, həmin Qaydalarin qəbul edildiyi tarixdən əvvəl doğulan vətəndaşlara münasibətdə vəziyyətini ağırlaşdırdığı səbəbi ilə geriyə tətbiqi edilə bilməz. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar